Mədəniyyət

Aktrisa Günel İmanova: "Teatrda fahişə rolunu oynayaram, amma filmdə yox" - FOTOSESSİYA

2 İyul 2015 00:10
3 Şərh     Baxış: 8 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Günel İmanovanın Milli.Az-a müsahibəsi

- Günel xanım, sizin yaşda birinin Akademik Milli Dram Teatrında işləməsi, həqiqətən də, uğurdur. İstərdim, bu sənət ocağına gəlişinizdən danışasınız.

- 3 ildir ki, müqavilə ilə teatrda çalışıram. Bu teatrda məni köhnə truppa müdiri Elnur Məmmədov işə götürüb. İncəsənət Universitetində Azad Şükürov, Esmiralda Osmanovadan dərs almışam. Amma bütün bunlara baxmayaraq aktrisa kimi püxtələşməyimdə aktyor Pərviz Məmmədrzayevin böyük əziyyəti var. İlk dəfə bu teatrda "Danışan gəlincik" tamaşasında Şahzadə xanım rolunu oynamışam. Sonradan "Qaraca qız" tamaşasında Ağca xanım rolunu mənə həvalə etdilər. Hər iki tamaşanın rejissoru Loğman Kərimovdur. Ramiz Novruzun quruluşunda isə "Silindr" tamaşasında gülsatan qız rolunu oynayıram. Sonuncu dəfə isə "Nağıllar aləmi" tamaşasını təhvil verdik. Bu tamaşanın rejissoru isə xalq artisti Bəsti Cəfərova idi. Qeyd edim ki, "Nağıllar aləmi" tamaşası Bəsti xanımın rejissor kimi səhnələşdirdiyi ilk tamaşadır. Hələ qarşımda çox illər var. Bu illər ərzində mənə inanıb rol verən rejissorların ümüdlərini doğruldacağam.

- Gəncsiniz. Ola bilməz ki, teatra ilk gəlişinizdə ayağınızdan çəkənlər olmasın.

- Xeyr, mən bu teatrda intriqalarla rastlaşmamışam. Mənimlə niyə intriqa yaratsınlar ki? Bu bir növ uşağın əlindən oyuncağını almağa bənzəyir.

- İnsan bəzən sakit durduğu yerdə də ona sataşanlar olur.

- Xeyr, mən o cür intriqalara fikir vermirəm. Yadımda da qalmır.

- Demək ki, olub, sadəcə üstündən ötəri keçmisiz...

- Ayağımdan çəkməyiblər, amma mənə sataşanlar olub.

- Günel, aylar öncə səhnədə aktrisaya ayaqqabı atılması olayı olmuşdu. Bu həqiqət idi, yoxsa uydurma?

- Xeyr, aktrisaya ayaqqabı atılması hadisəsi tam uydurma idi. Bu, Bəsti xanımın oynadığı tamaşada var idi. Belə ki, Bəsti xanımı kiçik oğlu çox əsəbləşdirir, o da əsəbləşəndə çıxarıb ayaqqabısını ona atır. Həyatda isə Bəsti xanım heç kimə heç nə atmayıb. Bu sadəcə onun mizanıdır.

- Günel, kövrəksiniz?

- Bəli, duyğusalam. Tez qırılıram, amma heç kimə bildirmirəm. Yaxınlarımın mənə etdiyi pisliklər təsir edir, kənar insanların yox.

- Sevirsiz, yoxsa sevilirsiz?

- Sevdiklərim də, məni sevənlər də çoxdur.

- Ailə həyatı haqda düşünmüsüz?

- Heç vaxt ailə həyatı haqda düşünməmişəm. Çünki yaşım hələ ki, azdır. Ailə həyatı qurmağıma hələ çox var. Evlilik təklifləri də olub, amma bunlar hələ ki, əsas vermir ki, mən ailə qurum. Mən sevginin özünü də sevirəm.

- Aktyor sizə elçi düşsə, ərə gedərsiniz?

- İndiki halda yox, sevdiyim insan olsa, bəli.

- Teatrda eşq yaşayıb evlənən cütlüklərimiz çoxdur.

- Bəli, niyə də olmasın? Nə gözəl hər sevən insana.

- Günel, sizin teatrda "Qatil" tamaşasında açıq-saçıqlıq var idi. Münəvvər xanımın yerinə sizi o tamaşaya dəvət etsələr, o rolu oynayardınız?

- Münəvvər xanım mənim çox sevdiyim bir aktrisadır. Teatrda açıq-saçıq rollarda oynayaram, hətta fahişə rolunu da oynayaram. Təbii ki, bu mənim üçün bir roldur. Çünki aktrisayam, cəmiyyətdə olan çox şeyi göstərməliyəm. Heç bir qınaqdan, yaxud dedi-qodudan qorxmuram.

- Ailə həyatı qurduqdan sonra fikriniz, yəqin ki, dəyişəcək.

- Bunu hələ ki, bilmək olmaz.

- Bəs filmdə?

- Xeyr, filmlərdə açıq-saçıq səhnələrdə heç vaxt oynamaram.

- Niyə?

- Çünki bura Azərbaycandır. Açıq-saçıq səhnələrdə oynasam, yolda mənə söz atacaqlar. Bu da məni rahatsız edəcək.

- Xaricdən dəvət gəlsə, necə?

- Bəli, xarici filmlərdə açıq-saçıq rollar oynayaram.

- Bəs orada küçədə söz atmayacaqlar ki?

- Aramızda mental fərqlər var. Məncə, xaricdə bu tip rollara normal baxırlar.

- Amma həmkarlarınızdan açıq-saçıq serial və filmlərdə oynayanlar var. Görünür, onlar sizdən daha cəsarətlidirlər...

- Kimləri nəzərdə tutursuz?

- Aktrisa-model Aysel Bayramova, Pərvin Abiyeva. Hətta Pərvin Abiyeva çəkinmədən açıq-saçıq fotosessiya da etdirir...

- Adlarını çəkdiyiniz aktrisalarımızın açıq-saçıq filmlərini görməmişəm. Göbəyin çöldə görünməsi açıq-saçıqlıq deyil.

- Günel, siz hansı film və seriallarda çəkilmisiz?

- "Durnalar qayıdanda" serialında baş rolda çəkilmişəm. Bu serialda mən sadə kəndli bir qız rolunu oynayırdım.

- Siz indi çox gəncsiniz. Təbii ki, məşhur olandan sonra imtina edəcəyiniz rollar da olacaq.

- Rejissorlardan təklif alıram, sadəcə ortada maraqlı bir iş yoxdur. Ona görə də gələn təklifləri bəzən qəbul etmirəm.

- Məncə, sizin hələ seçim edən vaxtınız deyil.

- Seçmirəm, sadəcə pul az olanda getmirəm.

- Pul sənətdən daha önəmlidir?

- İndi çəkilən seriallarda sənət yoxdur. Pulu teatrda düşünmürəm, çünki sənət orada var.

- Ekran işi sənət sayılmır? Yoxsa qeyri-peşəkarlıqdan şikayətlənirsiz?

- Xeyr, mən qeyri-peşəkarlıqdan şikayətlənirəm. İnşallah, seriallarımız daha da inkişaf edəcək. İndiki halda özümüzü ucuz satmamalıyıq.

- Gözəlliyiniz üçün çox pul xərcləyirsiniz?

- Xeyr, gözəllik salonunda vaxt keçirməyi sevmirəm.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.