Mədəniyyət

Aktrisa Ləman İmanova: "Avtoşluq edirdim" - FOTOSESSİYA

1 İyul 2015 00:03
3 Şərh     Baxış: 10 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Ləman İmanovanın Milli.Az-a müsahibəsi

- Ləman xanım, sizi daha çox filmlərdən və seriallardan tanımışıq. Amma sözün düzü, teatrda çalışdığınızı bu günlərdə bilmişəm. Neçə ildir ki, teatrdasınız?

- 2005-ci ildən Akademik Milli Dram Teatrında çalışıram. Daha əvvəl isə Bakı Bələdiyyə Teatrında işləmişəm. Bələdiyyə Teatrına məni Gülsabah Quliyeva dəvət etmişdi. O məni sənət müəllimimizin "Unuda bilmirəm" adlı tamaşasında Nərmin rolunda görmüşdü. Bələdiyyə Teatrına gəlişimin səhəri Amaliya xanım Sofoklun "Elektra" əsərində Elektra obrazını mənə həvalə etdi. Ümumiyyətlə, bu teatrda çalışdığım müddətdə Amaliya xanım mənə çox dəstək oldu.

- Teatra gəldiyiniz günün səhəri baş rol almağınız sizi, yəqin ki, ətrafdakıların qısqanc münasibəti ilə üz-üzə qoymuşdu...

- Əlbəttə (gülür). Amma bir o qədər də yox. O teatrda kollektiv çox mehribandır, indiyə qədər oradakı sənətçilərlə münasibətim var.

- Aktrisa serialdan tanındığı qədər teatrdan tanınmır. Yəqin ki, mənimlə razılaşarsınız.

- Bəli, sizinlə razıyam. Televiziyada auditoriya çox böyükdür, amma teatrda yox. "Bacanaqlar" serialı məni daha çox tanıtdı. Mən çox film və seriallarda çəkilmişəm, amma bu serial davamlı olduğu üçün hamı məni Vəfa kimi tanıyırdı. 3 il, 150 seriya mən "Bacanaqlar" serialında çəkilmişəm.

- Serialdan niyə ayrıldınız?

- Dəyişikliklər nəticəsində serialdan ayrıldım. Serial hələ də davam edir, amma bütün heyət dəyişib. Çox mehriban kollektiv idi, 3 il az deyildi. Hərdən çox darıxıram. Kollektivlə çox doğmalaşmışdıq (kövrəlir). Bu serialdan ayrılanda əvvəl-əvvəl çox pis olurdum. Sonradan digər seriallarda çəkildim və o serialların mühitinə və kollektivinə alışdım.

- Amma hamı sizi "Vəfa" kimi yadda saxlamadı.

- Bəli, razıyam. Ümumiyyətlə, tamaşaçılar bir aktrisanı, yaxud aktyoru necə tanıyırlarsa, başqa ampluada qəbul etmək onlara çətin olur.

- Aldığınız qonorar sizi qane edirdi?

- Nə qədər pul aldığım sirr qalsın. Amma ümumilikdə Azərbaycanda qonorar çox azdır. Aktyora çox az gəlib çatır.

- Gülşad Baxşıyeva bu yaxınlarda müsahibəsində rejissorların aktyorların qonorarından kəsib, özlərinə maşın, ev aldıqlarını bildirdi. Bu reallıqdır. Haqqınızı yediklərini düşünürsünüz?

- Xeyr, bu baxır rejissorun insafına. Sonuncu çəkildiyim "Tufanlı səma" serialının rejissoru Sain Qəhrəmanın maşını yoxdur, heç serialdan sonra da almadı (gülür). O ki qaldı "Bacanaqlar"a... Bu serialda hər şey açıq-aşkar idi. Nə pul gəlirdisə halallıqla aramızda bölünürdü. Digər aktrisaları deyə bilmərəm, amma mənimlə nə qədər qonorar danışılmışdısa, hamısını almışam.

- Qismətlə sizin eyni serialda səmimi səhnələriniz var idi. Həyat yoldaşınız qısqanmırdı?

- Bu serialda bir o qədər də səmimi səhnələr yox idi. O barədə ciddi insanlardır. Ona görə də orada çalışmaq daha rahat idi. Əlbəttə ki, həyat yoldaşım qısqancdır, çalışırıq bu barədə problem yaşamayaq. Həyat yoldaşımı bəzən çəkiliş meydançasına da çağırıram ki, narahat olmasın. Sevən insan qısqanmalıdır. O qısqansa da, büruzə verməməyə çalışır (gülür). Həm də artıq 7 ildir birlikdəyik, kifayət qədər bir-birimizi tanıyırıq.

- Tanışlıq tarixçəniz maraqlıdırmı?

- Bir rəfiqəmin nişanlısının dostu idi, təsadüfən görüşdük (gülür). Məni ilk görəndə ayağı burxuldu, düz yerdə az qaldı yıxılsın (gülür).

- Yəqin, xəyallarındakı insan olmusuz. Yuxusu çin çıxdığı üçün də sevinib və ayağı burxulub.

- Bəli, yəqin, sevinib (gülür). O mənə çox diqqət göstərirdi. 6 ay, demək olar ki, bir gündən bir mənə gül dəstələri hədiyyə edirdi. Çox romantikdir. Əsas odur ki, yaxşı insandır.

- Neçə övladınız var?

- 3 yaşlı bir qızım var. Allah bütün balaları saxlasın, olmayanlara qismət etsin.

- Ləman xanım, "Azdrama"da niyə tez-tez qalmaqal baş verir? Yoxsa teatrın adı çıxıb?

- Sənət olan yerdə həmişə intriqa olur. Amma rəqabət gərək sağlam olsun. Hər bir teatrda söz-söhbət olur, amma bizim teatrın adı çıxıb.

- Bir aktrisa kimi ən böyük arzunuz nədir?

- İstərdim ki, "Möhtəşəm yüz il" kimi bir serialda çəkilim. Mən hər şeyi şansla bağlayıram. Sənətkarın gərək şansı olsun. Şans olmayanda çox çətin olur. Sənətdə təkcə istedadla qabağa getmək olmur. Allah tərəfindən seçilənlərdən olmalısan. Əgər sənin yolunu Allah açırsa, heç kim bağlaya bilməz. Azərbaycanda istedadlı insanlar çoxdur, amma necə deyərlər, hər oxuyandan Molla Pənah Vaqif olmaz. Gərək qismətində olsun hər şey.

- Ləman xanımın qismətinə həyatda nə yazılmayıb?

- Hələ vaxta çox var. Bu suala 15 il sonra cavab verərəm (gülür).

- Adətən, evdə ata, yaxud qardaş aktrisa olmağa icazə vermir. Siz bu kimi hallarla rastlaşmısız?

- Xeyr, evdə bu hallarla rastlaşmamışam. Çünki heç vaxt aktrisa olmaq istəməmişəm. Teleaparıcı olmaq istəyirdim, aktrisa oldum (gülür).

- Sizcə, film və seriallara intim səhnələr lazımdırdmı?

- Xeyr, lazım deyil. Açıq-saçıqlıqı sevmirəm, kiməsə məsləhət də görmürəm. Onunla reytinq yığanları da qınayıram.

- Ümumiyyətlə, bu tipdə olan filmə sizə dəvət gəlib?

- Xeyr, dəvət gəlməyib.

- Bəs çoxlu pul təklif etsələr?

- Xeyr, heç vaxt qəbul etmərəm. Hər şey pulla ölçülmür.

- Bəzi gənc aktrisalar gündəmi zəbt etmək üçün açıq-saçıq fotosessiyalar etdirir, müsahibələr verir, qara piardan istifadə edirlər. Sizcə, bu aktrisaya yaraşan bir işdir?

- Bu cür hallar aktrisaya yaraşmır. Nəsibə Zeynalovanı, Firəngiz Mütəllimovanı hansısa açıq-saçıq filmdə görmüsüz? Ən çox sevilənlər də onlardır. Sevilmək qara piarla, açıq-saçıq fotosessiyalarla olmur.

- Yəqin, zəmanə bunu tələb edir...

- Mən pis baxıram, yəqin zəmanəyə uyğun adam deyiləm (gülür).

- Küsəyən insansız?

- Belə də, çox yox. Amma hərdən küsürəm. Daha çox yaxınlarımdan küsürəm. Uman yerdən küsərlər.

- Küsüb, barışmaq istədiyiniz insan varmı?

- Küsülü qala bilmirəm, çünki kinim yoxdur. Pisliyi tez unuduram.

- Əlinizin duzu varmı?

- Xeyr, əlimin duzu yoxdur. Amma ətrafımda yaxşı insanlar çoxdur. İnsan gərək özü yaxşı olsun ki, ətrafındakı insanlar da onu əks etdirsin.

- Sizi nə özünüzdən çıxara bilər?

- Haqsızlığı heç götürmürəm. Mənə qarşı çox haqsızlıqlar olub. Bir də kimisə təkləyəndə həmişə tərəf dururam.

- Haqsızlığı kimlərdən görmüsüz?

- Rejissorlardan.

- Niyə?

- Həyatdır da, hər şey olur. Əsas odur ki, ailəm və həyatda ən dəyərli hədiyyəm Ayselim var. Bu mənə bəsdir. Qalan hər bir şey qismətdir, qismətində varsa, hər şey olacaq.

- Hansı aktyorumuz ilə tərəf-müqabili olmaq istərdiniz?

- Uşaqlıqdan xalq artisti Fuad Poladova pərəstiş edirəm. Bir aktrisa kimi onunla işləmək mənə maraqlı olardı.

- Avtomobiliniz varmı?

- Bəli, avtomobilim var. Avtomobil həvəskarıyam.

- Yol hərəkəti qaydalarını tez-tez pozursuz?

- "Avtoşluq" edirdim, qızım olandan sonra tərgitdim (gülür). Yol polislərimiz mənə çox hörmət edirlər, çox sağ olsunlar. Heç vaxt nahaqdan mənim maşınımı saxlamayıblar.

- Pəhriz saxlayırsız? Yoxsa buna ehtiyac bilmirsiz?

- Pəhriz saxlamağa çalışıram, amma dondurmanı çox sevirəm. Amma bilirəm ki, pəhrizə ehtiyac var.

- Həmkarlarınızdan bu haqda sizə təpki olub?

- Xeyr, kimin nəyinə lazım? (gülür).

- Hamı ilə bu cür səmimisiz?

- Ümumiyyətlə, səmimi insanam, özündən razı olanları da sevmirəm.

- Teatrınızda elələri çoxdur?

- Çox da olmasa, var.

- Münasibətiniz necədir onlarla?

- Çalışıram o cür insanlardan uzaq durum.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.