Mədəniyyət

Aktrisa Kəmalə Hüseynova: "Mənim teatrım pis vəziyyətə düşübsə, elə sizin ucbatınızdan düşüb" - FOTOSESSİYA

29 May 2015 00:10
3 Şərh     Baxış: 6 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Kəmalə Hüseynovanın Milli.Az-a müsahibəsi.

- Kəmalə xanım, bu gün sizin ad gününüzdür. Sizi bu münasibətlə təbrik edirəm. İstərdim teatrdakı son yeniliklərinizdən danışasınız...

- Təbrik üçün təşəkkür edirəm. O ki qaldı yeniliklərə... Teatrda yeni tamaşanın məşqlərinə başlamışdıq, elə ad günümdə tamaşanı təhvil verdik. Hüseynbala Mirələmovun "Miras" əsərini teatrımızın baş rejissoru Bəhram Osmanov tamaşaya hazırladı. Bu tamaşada mən baş rol olan Zərnişanı oynayıram. Hadisə bir ailədə baş verir. Zərnişanı övladı tərk edib Amerikaya gedir. Həmin qadın da ərini təhrik edir ki, hər şeyimizi satıb Amerikaya gedək. O, oğlunun yanına getmək üçün hər şeyə hazırdır. Hətta qayınatasının evini də ondan xəbərsiz satır. Tamaşada rolları Qurban İsmayılov, Şövqi Hüseynov, Nəsibə Eldarova, Şəfəq Əliyeva, Rahib Əliyev, Vüsal Mehrəliyev oynayırlar...

- Bu tamaşadakı rolunuz ilə "Müharibə" tamaşasındakı qadın obrazını necə fərqləndirə bilərsiz?

- Əvvəla onu deyim ki, bu, tamaşalar fərqlidir. Bu tamaşada qoyulan problem də tamamilə fərqlidir. Teatr həyatımda ilk dəfədir ki, belə bir qadın obrazı oynayıram. Mən drammatik aktrisayam.

- Kəmalə xanım, psixoloji vəziyyətdən dərhal çıxırsınız, yoxsa sizə zaman lazım olur?

- Bəli, psixoloji vəziyyətdən gec çıxıram. Amma bu tamaşada belə durumlar olmayacaq. Çünki bu daha çox yüngül məişət problemi olan bir tamaşadır.

- Seriallarda sizi görmürük...

- Rejissor Rövşən İsaqın yeni çəkiləcək serialında baş rola təsdiqlənmişəm. İnşallah, yaxın günlərdə çəkilişlərimiz başlayacaq. Yəqin ki, ekran işi payız aylarında artıq efirlərə çıxacaq.

- Kəmalə xanım bir aktrisa kimi teatrlarda hansı yeniliyin olmasını istərdiniz? Məsələn, tamaşalar açıq səma altında göstərilsin və s...

- Biz, hələ ki, tamaşaçını teatra dəvət etməklə məşğuluq. Qışda və yayda auditoriyamızı normal doldura bilmirik, mən bilmirəm bu, açıq səmada necə olacaq? Amma niyə görə də olmasın?Təbii ki, çox maraqlı olar. Açıq səma altında tamaşa göstərilsə, inanıram ki, effekti 2 dəfə çox olar. Bir aktrisa kimi teatrda sənət baxımından elə də bir yenilik gözləmirəm. Çünki o vaxtı teatrlarımız üçün Cəfər Cabbarlı yazırdısa, bu gün teatrın yükünü çiynində apara biləcək, dram əsərləri yaza biləcək yazarlarımız yoxdur. Amma bütün bunlara baxmayaraq ən yaxşı tamaşalarda oynamağa çalışırıq. Çalışıram ki, heç vaxt tamaşa oynayım deyə tamaşa oynamayım. Bəzən məni yolda saxlayıb deyirlər ki, sizin filan tamaşanıza baxmışıq, çox gözəl idi. Bilirsinizmi bu söz aktrisanı necə xoşbəxt edir?

- Müasir teatr bilicilərindən biri deyib: "Biz bugünkü gündə yalnız ağıllı tamaşaçı yetişdirə bilirik, aktyor, hələ ki, yox". Bu sözlə razısınızmı?

- Bilmirəm bu sözü kim deyib, amma onunla razı deyiləm. Əgər bu günləri hansısa tetarşünas bunu deyirsə, onun qarşısında bu qədər aktrisa, aktyor ağıllı deyilsə, o, teatrşünas ola bilməz. Qonşu ölkələrin teatrlarına baxanda bizim o qədər də teatral tamaşaçımız yoxdur. Ola bilər ki, ağıllı aktrisa yoxdur. Həqiqətən də, yoxdursa, elə mənim teatrşünasım da mənim səviyyəmdədir. Mənim teatrım pis vəziyyətə düşübsə, elə sizin ucbatınızdan düşüb. Çünki pislər siz yazmadıqca, siz tənqid etmədikcə çoxalıb. Tamaşa pisdirsə, aktyor-aktrisa ağıllı deyilsə, elə siz də bizim günümüzdəsiz. Əgər bu sözü deyirlərsə...

- Daxili aləm sizin üçün daha önəmlidir, yoxsa görünüş?

- Əlbəttə ki, daxili aləm.

- Plastik əməliyyat etdirmisiz?

- İndiyə kimi heç bir dəfə də olsun əməliyyat etdirməmişəm. Amma elətdirərəm, elətdirəcəyəm də.

- Ehtiyac varmı?

- O məqamı mənə artıq güzgü deyəcək. Yavaş-yavaş deyir də. Yaxın günlərdə olmasa da, yaxın zamanlarda xırda-para əməliyyat etdirəcəyəm.

-Saçlarınızı qısa kəsdirməyi düşünmürsünüz? Hər il eyni imicdə olursunuz...

- Uzun saçlarımla heç bir çətinlik çəkmirəm. Saçlarım mənə böyük enerji verir. Heç vaxt mən onları qısalda bilmərəm. Onlar mənə daha da çox əhval-ruhiyyə verir.

- Avtomobili daha çox qadınlar diqqətli idarə edir, yoxsa kişilər? Kişilər həmişə avtomobil idarə edən qadınların diqqətsizliyindən şikayətlənirlər...

- Ona görə də bu qədər insanları vurub öldürürlər?

- Qadınlar qəza törətmir ki?

- Çox nadir hallarda qadınlar qəza törədir. Sürücü qadınlarımız azdır. Nə qədər də olmasa, qadınlarda bir az qorxu var. Əgər yolda 90 sürəti qoyublarsa, heç vaxt 90-dan yuxarı qalxmıram. Hətta çalışıram 80 sürətlə gedim. Hər gün televizoru açanda 10-15 dənə ölü, 30-35 dənə də yaralı görürük. Hamısı da kişi sürücülərin ucbatından. Heç bir hadisəni cinsə ayırmaq olmaz. Baxır sükanın arxasında hansı şəxsiyyət oturub.

- Sonuncu dəfə nə vaxt ictimai nəqliyyatdan istifadə etmisiz?

- Çox çətin sualdır (gülür). Çoxdan, lap çoxdan. Bəlkə də 6 il bundan əvvəl.

- 6 il o qədər də çox deyil. Məşhurlar var 25 ildir ki, ictimai nəqliyyatdan istifadə etmirlər... Bəlkə də, yalan uydururlar...

- Bilmirəm, yalan deyirlər, ya doğru. Evim teatra yaxın olduğu üçün mənə maşın lazım deyildi. O vaxtı maşın aldım ki, artıq ona ehtiyac duydum. İndiyə kimi də aldığım maşını sürürəm.

- Kəmalə xanım dublyajdan razısınız? Bir tamaşaçı kimi mən bu gün edilən dublyajdan razı deyiləm...

- Son 2 ildir ki, mən dublyajla çox az məşğul oluram. Son zamanlar heç məşğul olmuram. Dublyajın İncəsənət Universitetində bir məktəbi olmalıdır. Bu günləri dublyaj edən insanlar heç bir dublyaj məktəbi keçməyiblər. Sadəcə, o aktyorlar səsləri ilə seçiliblər... Ən azı 20 dublyaj edən sənətkarımız var. 20 nəfər olduğu üçün də hər dəfə eyni səsləri eşidirik. İnşallah, ümüd edək ki, yaxşı olsun.

- Aktyor teatrı sevməli, yoxsa özünü teatrda sevməlidir?

- Əsfağfurullah! Məni tanıyanlar bilir ki, necəyəm, kimsəylə mənim nə işim var kı? Nə istəyirlər qoy etsinlər, görək axırı necə olacaq?

- Söhbət təkcə sizdən getmir... Ümumiyyətlə dedim...

- Bizdə belə hallar çoxdur. Hətta eşitmişəm ki, rejissorlara deyirlər ki, mənim üçün tamaşa hazırla. Bəlkə də yalandır, mən bilmirəm. Nə qədər özündənrazı olasan ki, gedib rejissora müraciət edəsən. Əgər bu gün mənə qiymət verilmirsə, demək, mənim qiymətim odur. İnsanlar nəyə layiqdirlərsə, onu həyatdan alırlar. İnsan o vaxt qıcıq doğurur ki, o, özünü olduğu yerdən artıqda hesab edir. Fikirləşir ki, mən daha yuxarılarda olmalıyam. Halbuki, olmalı deyil.

- Kəmalə xanım, sonda istərdim ailənizdən danışasınız...

- Çox mehriban və sadə bi ailəm var. Övladlarımın ikisi seçdiyi ixtisaslar üzrə Türkiyədə oxuyurlar. Qızım artıq bu il universiteti bitirib gələcək. Həmişə fikirləşirəm ki, təki onlar üçün yaxşı olsun. Mən darıxmağa da bir az fərqli yanaşıram. Kiçik oğlum da bu il məktəbi bitirdi, o da Türkiyə universitetlərindən birinə hazırlaşır. İnşallah, görək nə olacaq.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.