Mədəniyyət

Akademik Milli Dram Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

25 May 2015 13:25
0 Şərh     Baxış: 1 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Tatarıstanın Kazan şəhərində keçiriləcək Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında iştirak edəcək. 

1-5 iyun tarixlərində Tatarıstanın Kazan şəhərində baş tutacaq festivalda Tatarıstan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Krım-tatar, Türkiyə, Altay, Saxa, Aktau, Çuvaş, Özbəkistan və Başqırdıstanın teatr kollektivləri iştirak edəcək.

Akademik Milli Dram Teatrı festivalda ölkəmizi "Kitabi Dədə-Qorqud" eposunun "Dirsə xan oğlu Buğac" boyunun motivləri əsasında hazırlanmış "İlahi oyun" tamaşası ilə təmsil edəcək. Qeyd edək ki, sözügedən tamaşa bu günə qədər Konyada keçirilən "Min nəfəs, bir səs" festivalında və Gürcüstanda keçirilən Tbilisi Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub. İnanırıq ki, seyrçini əski türk qəbilələrinin əsrarəngiz dünyasına, miflər aləminin sakral məkanına aparan "İlahi oyun" tamaşası Kazanda da rəğbətlə qarşılanacaq.

Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında "Kitabi Dədə-Qorqud" dastanının müxtəlif boyları əsasında hazırlanan səhnə əsərləri, eləcə də milli və dünya dramaturgiyası nümunələri əsasında hazırlanan tamaşalar təqdim olunacaq. Akademik Milli Dram Teatrının "İlahi oyun" tamaşası 4 iyun tarixində, yerli vaxtla saat 18.30-da K.Tinçurin adına Tatar Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunacaq.

"İlahi oyun" tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, rəqslərin quruluşçusu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovadır. Janrı birhissəli soylama kimi təyin olunmuş tamaşada əməkdar artistlər Vidadi Həsənov (Ozan - Ata), Pərviz Məmmədrzayev (Ozan - Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan - Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.

Həmçinin festival çərçivəsində 5 iyun tarixində "Teatrın inkişaf vektoru: Avropa-Asiya" adlı elmi-praktiki konfrans da keçiriləcək.

Festival çərçivəsində keçiriləcək daha bir tədbir ünlü türk yazarı Haldun Tanerin anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Teatr Əsərləri Müsabiqəsi ilə bağlı olacaq. Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov müsabiqənin münsiflər heyətinin Azərbaycan üzrə nümayəndəsidir.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.