Mədəniyyət

Şeyx Əbdül Mahmudbəyov: "Allah o insanlara layiqli cəzalarını verdi"

21 May 2015 00:15
0 Şərh     Baxış: 4 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor və rejissor Şeyx Əbdül Mahmudbəyovun Milli.Az-a müsahibəsi

- Əbdül müəllim, bu günlərdə yeni bir filmə çəkilmisiniz... İstərdim ki, bu haqda danışaq...

- Mən uzun müddətdir ki, bəlli səbəblərə görə aktyorluqdan imtina etmişdim, amma bu günlərdə kinostudiyanın direktoru Müşfiq Hətəmov zəng edib mənə kinostudiyaya gəlməyimi istədi. Bəlli oldu ki, iki tələbəmiz xaricdə kino təhsili alıb, gəlib və istəyirlər ki, diplom filmlərinə məni çəksinlər. Ssenarini oxudum, həqiqətən, çox xoşuma gəldi. Bu iki filmin ikisində də əsas rollardan birinə çəkildim. Əvvəllər bu diplom filmi kimi nəzərə alınsa da, sonradan materiallar çox olduğundan bu filmlərin hərəsini bir saatlıq film etdilər. Hazırda öz oynadığım rolun dublyajını edirəm. Mən az hallarda filmlərdə özüm-özümü səsləndirmişəm, çünki çəkildiyim filmlərdə rejissor kimi də çalışdığımdan obrazımı səsləndirməyə vaxt olmayıb.

- Siz "Yeddi oğul istərəm" filmində çəkilən yeddi oğuldan birisiz. Bu gün münasibətləriniz nə yerdədir?

- Mənim üçün ölü-diri söhbəti yoxdur. Allah dünyadan köçmüş sənətkarlara rəhmət etsin, onlara həmişə rəhmət oxuyuram. Bu gün yeddi oğuldan təkcə mən, Rafiz Əzimov və Ənvər Həsənov yaşayır. Zəngləşib vaxtaşırı görüşürük. Bu film artıq tarixə yazılıb.

- Bu gün bir o qədər də sizin vaxtilə çəkdiyiniz çətinliklər yoxdur. Çünki hər şey var, yalnız istedadlı gənclər özlərini biruzə vermirlər...

- İndi İncəsənət Universiteti deyilən bir yer var. Mən dəfələrlə demişəm, çörəyi çörəkçiyə vermək lazımdır. Böyük məktəb görməyən, pedaqoji savadı, səviyyəsi olmayan adamların tələbəyə dərs deməyə haqqı yoxdur. Neçə ildir bu universitet fəaliyyət göstərir, amma nəticəsi yoxdur. Bu yaxında həmin universitetin rejissor fakültəsindən iki uşaq məni yolda saxlayıb, hal-əhval tutdu. Rejissor fakültəsinin rəhbərinin adını soruşanda bir qadın adı çəkdilər ki, mən 50 ildir rejissoram, o adda rejissor tanımıram. Heç adı da yadımda qalmadı.

- Çəkilən seriallara münasibətiniz necədir?

- Bu günlərdə zəng edib məni serialda bir rola çəkmək istədiklərini bildirdilər. Dedim ssenarini göndərin oxuyum sizə cavab deyərəm. Dedi ki, nə ssenari? Ssenari yoxdur. Dedim ki, oğlum, elə şey eləmə. Kino əbəbi materialın üstündə qurulan yaradıcı insanların zəhmətidir. Ədəbi materialın yoxdursa, sən necə serial çəkə bilərsən? Mən iş görməyin tərəfdarıyam. Heç nədən heç nə əmələ gəlmir. Hər halda iş görülsə, bu işin içində seçməyə də nəsə tapmaq olar. Professionallıq da buradan yaranır.

- Bu sahədə paxıllıq çoxdur. Bəzən kimisə son dəqiqədə filmdən uzaqlaşdırırlar..

- Çox təəssüflər olsun ki, bu hallar bu gün də var. Mənə qarşı da çox böyük haqsızlıqlar olub. Amma indi onlardan danışmaq istəmirəm. Hər bir haqsızlığın qarşılığını Allah verir. Allah da o insanlara layiqli cəzalarını verdi.

Əli Rəhimoğlu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.