Mədəniyyət

Aktrisa İlahə Həsənova: "Məni Günay Baxşəliyevaya bənzədənlər var" - FOTOSESSİYA

22 May 2015 00:15
6 Şərh     Baxış: 11 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa İlahə Həsənovanın Milli.Az-a müsahibəsi

- İlahə xanım, ilk addımlarınızı Akademik Milli Dram Teatrında atmağınız həqiqətən də təqdirəlayiq bir haldır. Neçə ildir, bu teatrda çalışırsız?

- Artıq 5 ildir ki, "Azdrama"da çalışıram. Universitetdə xalq artisti Ağakişi Kazımov və Vaqif İbrahimoğludan dərs almışam. Teatrda işləməyi özüm istəmişəm. Teatra gələrkən də heç bir çətinliklə rastlaşmamışam. Şanslıyam, deyəsən (gülür).

- İlk böyük rolunuzu hansı tamaşada oynamısız?

- Teatrı çox sevirəm, aktrisa kimi yox, tamaşaçı kimi deyirəm. "Teleskop" tamaşasındakı qadın rolu ilk böyük işim olub. Məncə, bu pis addım deyildi. İşimə olan hörmətim rollarımın öhdəsindən asanlıqla gəlməyimə imkan yaradır.

- Sizi sənətdən küsdürən yeganə səbəb nə ola bilər?

- Kənardan heç nə. Özümə inamım azalsa, yəqin ki, sənətdən küsərəm. Amma şükürlər olsun ki, hələ bu hal ilə rastlaşmamışam.

- Film karyeranızda uğur əldə etmisiniz?

- 2 tammetrajlı və 1 qısametrajlı filmə çəkilmişəm. Qısametrajlı filmi hələ ki, görməmişəm, çünki montaj prosesi bitməyib. Amma tammetrajlı və ruhuma yaxın bir filmdə çəkilmək istərdim. Əsas odur ki, filmi istedadlı rejissorlar çəksinlər. Kommersiya filmi pis deyil, amma mənim kino düşüncəm deyil.

- "Kuraj ana və uşaqları" tamaşasında lal qız rolunda çıxış etmisiniz. Bildiyim qədərilə bu rola digər teatrdan aktrisa cəlb olunmuşdu...

- Bəli, düz qeyd etdiniz, bu rola digər teatrdan aktrisa dəvət olunmuşdu. Həmin aktrisa ilə birlikdə biz eyni rolu məşq edirdik. Sonradan o aktrisa məşqə gəlmədi. Bilmirəm, niyə. Həmin aktrisa ilə münasibətim bu gün də yaxşıdır.

- Tamaşaçı kimi kənardan özünüzə çox baxırsız?

- Xeyr, heç özümə baxa bilmirəm (gülür).

- Olubmu ki, danışmadığınız həmkarınız ilə tərəf-müqabil olmusuz? Reaksiyanız necə olub ona?

- Bəli, olub ki, danışmadığım həmkarım ilə eyni tamaşada oynamışam. Həyatda onunla danışmaya bilərəm, amma bunun səhnəyə heç bir adiyyatı yoxdur.

- Teatr, həqiqətən də, intriqa məkanıdır?

- Söz-söhbət hər yerdə olur. Sadəcə teatrı intriqa məkanı kimi çox şişirdiblər. Bəlkə də, mifləşdirmək istəyirlər. Əslində bu cür deyil.

- Rejissorun aktyora istiqamət verməsi vacibdirmi?

- Aktyorlar rejissorlardan, rejissorlar isə aktyorlardan şikayətlənirlər. Məncə, aktyora istiqaməti məhz rejissor verməlidir. Aktyor isə ağıllı tamaşaçı yetişdirməlidir. Rejissor var, amma rejissor-pedaqoq yoxdur. Aktyor bəs necə yetişsin?

- Teleaparıcı Günay Baxşəliyevaya çox bənzəyirsiz... Bunu sizə deyiblərmi?

- Bəli, məni Günay Baxşəliyevaya bənzədənlər var. Amma mən özüm bənzətmirəm. Günay çox gözəl qızdır.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.