Mədəniyyət

“Yeddi oğul”un “Uzundraz” Qasımı: "Mənə dedi ki, səni iti qovan kimi qovacam" - MÜSAHİBƏ

18 May 2015 15:40
0 Şərh     Baxış: 3 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gəray bəy oturub indi Qan Çanağında, iki əlini dirəyib ağzına, bar-bar bağırır ki, hanı o kor Mədətin oğlu uzundraz Qasım? Gəlsin, Peykanlıya mədəniyyət yaysın, yoxsa bağrım çatlar..." 

Peykanlıya mədəniyyət yayan o oğlanın indi nə az, nə çox - düz 71 yaşı tamam olur. Tanınmış rejissor və aktyor Əbdül Mahmubəyovu deyirəm. Milli.Az xəbər verir ki, Azərbaycan kinosuna "Qaçaq Nəbi", "Gecə qatarında qətl" kimi filmlər bəxş edən, eyni zamanda maraqlı obrazlar yaradan Şeyx Əbdül ad günü təəssüratlarını publika.az-la bölüşüb. 

- Əbdül müəllim, 71 yaşınız tamam oldu, maşallah. Amma bu yaşla xarici görünüşünüz və ruhunuz heç uyğun gəlmir. Bəlkə, bizə bunun sirrini açasınız...

- Bunun üç səbəbi var. Birincisi, İlahinin mənə lütfüdür, ikincisi, genetikdir, nəsillikcə cavan görünürük, üçüncüsü də, ruhun təmizliyi. Baxmayaraq ki, ətrafımda ürəyimi bulandıran və öz çirkinliyi ilə ruhumu korlamağa çalışan adamlar olub, amma mən heç vaxt onlara iç dünyama soxulmağa imkan verməmişəm. Yaltaqlıq, məddahlıq nədir, bilməmişəm.
 
- Üç səbəbi söylədiniz, amma əsas səbəbi, məncə, unutdunuz... Bəlkə, elə sizi belə cavan saxlayan xanımınızdır?

- Bunu danmaq olmaz. Kim deyirsə ki, evdə idarəçilik arvadın əlində deyil, vallah-billah gopa basır. O adamların səmimiyyətinə inanmayın. Arxasında mükəmməl qadın dayanan kişi cəmiyyətdə güclü olur.
 
- Amma boynunuza alın ki, mən xatırladandan sonra xanımınız yadınıza düşdü ha!

- Səs salma, arvad duyuq düşər.
 
- Yaxşı, onda deyin görək, xanımınız ad gününüzdə sizə hədiyyə bağışladı?

- İnan ki, mənim üçün mənəvi şeylər maddiyyatdan üstündür. Bu uşaqlar, nəvələr olmasaydı, heç vaxt maddiyyata görə narahatlıq hissi keçirməzdim. Amma nəvəmə necə deyim ki, sənə konfet almağa pulum yoxdur. O da düşünsün ki, babam kasıbdır. Sağ olsun, dostlarım heç vaxt məni sıxıntı çəkməyə qoymayıblar.
 
- Kimlərlə dostluq edirsiniz ki?

- Alim Qasımov, Fuad  Poladov, Rasim Balayev, Fəxrəddin Manafov, Ənvər Həsənovla. Sənətə aid olmayan başqa dostlarım da var.
 
- Əbdul müəllim, eşitdiyimizə görə, cavan vaxtlarınızda aktyorlar arasında ən dəbli geyinən siz olmusunuz...

- Elə indi də belədir (gülür). Mən bəy nəslindənəm və bəy qızı olan nənəm həmişə bizə deyirdi ki, geyiminizə, üst-başınıza fikir verin, adam içinə çıxırsınız. Bu söz mənim qulağımda sırğa kimi qalıb. Müəllimim Ədil İsgəndərov elə bilirdi, mən raykom oğluyam. Çünki Bakıda heç kimdə olmayanda cins şalvarı, dublyonkanı mən geyinirdim, "norka" papağı mən qoyurdum.
 
- Belə varlıydınız ki?

- Yox e, nə var, nə dövlət. O vaxt bir tələbə yoldaşımla birgə gecələr "Dəyirman"da un boşaldıb pul alırdım. Bir gecədə 60 tonluq yükü boşaldırdım, əvəzində 100 manat verirdilər. Həftədə bir-iki dəfə 100 manat, gör nə qədər pul edir. O pullara özümə dəbli geyimlər alıb, şellənirdim özüm üçün. "Krutoy" oğlan idim e, qabağımda heç kim dayana bilmirdi. Özü də o vaxtlar indiki kimi bolluq deyildi e, xarici mallar defisit idi, "altdan" satırdılar. Bir də özümə pal-paltarı daha çox Rusiyadan alıb gətirirdim. Müslüm Moqamayev də Bakıya gələndə mənə  bahalı köynəklər, qalstuklar alıb gətitirdi.
 
- Onunla münasibətiniz vardı?

- Əlbəttə, onunla dostluq edirdim. Onu da deyim ki, o vaxt Kinostudiyanın aktyorları çəkiliş üçün tez-tez Rusiyaya gedirdik. Mən də burda yığdığım pullarla özümü verirdim pal-paltar mağazalarına. Tərifləmək olmasın, belə yaraşıqlı olmağım da dadıma çatırdı, özümü verirdim rus qızlarının yanına, qılıqlarına girib dostlaşırdım. Təzə mal gələn kimi mənə satırdılar.
 
- Hə, elə onu soruşacaqdım, ətrafınızda xanımlar çox idi?

- Sözün düzü, xanım dostlarım çox idi. Dilim şirin idi, özüm də boylu-buxunlu, geyimli-gecimli. Hətta mənə gözü düşən, mənimlə ailə qurmaq istəyən qızlar da vardı,  mənsə onlara maraq göstərmirdim. Çünki eləsi vardı tanıdığım oğlanın sevgilisi idi, yaxud da dostu. Mən onlara fikir versəydim, nakişilik etmiş olardım. Ümumiyyətlə, evlilik barədə düşünmürdüm. Düz 34 yaşımda evləndim.
 
- Bəs necə oldu ki, xanımınız saqqızınızı oğurladı?

- Qız mənim tələbəm olub. Elə ilk gündən arxada oturub məni heyranlıqla izləyən qızın baxışlarından tutmuşdum ki, mənə vurulub. Amma evlənmək ağlımdan keçmirdi. Bir gün dedilər ki, kinostudiyanın bir qrup işçisinə ev verilib. Kinostudiyanın da direktoru mənim müəllimim Ədil İsgəndərov idi. Ədil müəllim məni çağırdı ki, qada, sənə üçotaqlı ev vermək istəyirəm, çünki ailəli adamsan. Qayıtdım ki, Ədil müəllim, mən subayam. Qəzəbləndi ki, necə yəni subaysan, mən səni evli kişi kimi tanıyırdım. Dedim ki, indi qismət belə gətirib, neyləyim. Əsəbiləşdi və dedi ki, bir həftəyə qədər evlənməsən, nə sənə ev verəcəm, nə də işdə saxlayacam. İti qovan kimi səni qovacağam, ailəsiz, sərgərdan aktyor mənə lazım deyil. Ürəyini boşaldandan sonra üzünü Həsənağa Turabova tutub dedi ki, Həsən, bir həftəyə bunu evləndir. Həsən də qaşını çatıb, məndən soruşdu ki, ə, gözaltın-zadın var? Qəfildən yadıma dərs dediyim qız düşdü. Variantım yox idi, əgər evlənməsəydim, işimi də itirəcəkdim, ev də əlimdən çıxacaqdı. Onda da indiki kimi deyildi, ev almaq hər oğulun işi deyildi. Elə kinostudiyadan çıxıb gəldim qızın yanına, birbaşa mətləbə keçdim. Dedim ki, səni alıram, mənə ərə gələrsən? Qızın gözləri parıldadı, amma inanmadı. Elə bildi ki, zarafat edirəm. Deyəndə ki, məsələ ciddidir, razılaşdı. Sən demə, çoxdan ürəyi gedirmiş məndən ötrü. Bir həftəyə nıkah olmalıydı ki, mənə ev versinlər. Onda da altı ay cütlüklərə vaxt verilirdi. Qaldıq belə ki, necə eləyək. Dostlarımız Həsən Turabov, Ceyhun Mirzəyev, Şahmar Ələkbərov, mən və bir də bu qız, yığışıb getdik nıkah idarəsinə. Həsən əvvəlcə içəri keçib rəhbərliklə danışdı ki, onu yola gətirsin və bu işi tezləşdirsin. İdarənin rəhbəri də Firuzə adlı bir qadın idi. O, hamını otaqdan çıxarıb qızı içəri çağırdı. Sonradan bildik ki, o, qızı sorğu-suala çəkib. Deyib ki, ay qız, bunlar artist tayfasıdır, onlara etibar yoxdur. Qız da deyib ki, yox e, söhbət ciddidir, mən Əbdülə ərə getmək istəyirəm. Ondan sonra nikah kəsildi və mənə də birotaqlı ev verdilər.
 
- Bu qədər qızın arasında o qızı seçdiniz. Ən çox hansı cəhəti sizi cəlb elədi ki?

- Həm qəşəng qız idi, həm də çox sakit və təmkinli olmağı xoşuma gəlmişdi. Elə indi də elədir, təmkini ilə həmişə mənim çılğınlığımı balanslaşdırıb.
 
- Övladlarınız sənətinizi davam etdirmir ki?

- Yox, nə Babək istədi, nə də Həcər.
 
- İkisi də tarixə düşmüş adlardır. Özünüz qoymusunuz?

- Hə, arzum olub ki, oğlum olsa, adını Qaçaq Nəbi, qızım olsa, Həcər qoyum. Mən film çəkilişi ilə bağlı başqa ölkədə idim, xəbər aldım ki, qızım olub, adını Həcər qoyublar. Oğlumun da adını qardaşım qoydu, etiraz etmədim.
 
- Əbdül müəllim, həm aktyor kimi fəaliyyət göstərmisiniz, həm də rejissor... İndiyə qədər ürəyinizdə qalan bir rol olubmu?

- Açığı mən rejissorluğa daha çox üstünlük verdiyim üçün aktyor kimi o qədər də çox filmlərə çəkilməmişəm. Amma oynadığım rollar ürəyimcə olub. "Nəsimi"də Dərviş ruhuma çox yaxındır. "Yeddi oğul istərəm" filmində oynadığım Uzundraz Qasıma görə çox sevildim. Hətta uzun müddət məni Uzundraz Qasım kimi çağıranlar da oldu.
 
- İncimədiniz ki, bundan?

- Yox, niyə inciyim ki?
 
- Bəs çəkmək istədiyiniz filmlər varmı?

- Ağaməhəmməd şah Qacar və Şah İsmayıl Xətainin həyat yolunu əks etdirən filmlər çəkmək arzusundayam.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.