Mədəniyyət

Hacıbaba Bağırovun xanımı: "Qızımı pula görə dünyaya gec gətirmişəm" - FOTO

17 May 2015 09:56
0 Şərh     Baxış: 6 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova "Üç nöqtə" qəzetinə müsahibə verib.

Milli.Az  müsahibəni təqdim edir.

- Hacıbaba müəllim dünyasını dəyişdikdən sonra həyatınız necə keçdi?

- Hacıbaba dünyasını dəyişdikdən sonra mənəvi cəhətdən çox böyük stress yaşadım. Hacının xəstələnməsi ilə dünyasını dəyişməsi çox tez oldu. Buna hazır deyildim. Hacı ilə aramızda yaş fərqi vardı, amma xoşbəxt ailə həyatımızın belə tez qırılmasını heç vaxt düşünməzdim. Hacıgilin ailəsi tərəf uzunömürlü idi, hətta anası Hacı dünyasını dəyişəndən sonra 95 yaşında vəfat etdi. Düzdür, ölüm insan üçün nə vaxtsa olmalıdır. Ancaq qeyd etdiyim kimi Hacının bu qədər tez dünyasını dəyişəcəyini gözləmirdim. O, dünyasını dəyişəndə qızım Şölə iki yaş üç aylıq idi. Hacı məni hər zaman bütün problemlərdən uzaq saxlamışdı və onu itirdikdən sonra həyat həm maddi, həm də mənəvi cəhətdən çox çətin oldu. Bir anda özümü yalnız bir səhrada hiss etdim. Onu da deyim ki, Hacının qırxından beş gün sonra Gülşən dünyasını dəyişdi. İnandırım ki, onun ölümü Hacıdan sonra ikinci zərbə oldu və çox üzüldüm. Gülşən ilə çox yaxın rəfiqə olmuşduq. Hacıdan iki il əvvəl 30 yaşında cavan qardaşımı itirmişdim. Bu faciə və stressləri dalbadal yaşadım. Sanki, yaxınlarımın üstünə günü-gündən ildırım çaxdı. Bu günə qədər bir çox yaxınlarımı itirmişəm. Onların arasında atam və başqa əzizlərim də var. Həyatımda qardaşım, Hacı və atam ən böyük itkilərim oldu. Hacıdan söhbət gedirsə, o, dünyasını dəyişdikdən sonra mənə ana, qadın kimi də çətin oldu. Övladımın qarşısında da illərlə aciz qaldım. Xüsusilə diqqətə, sevgiyə, qayğıya öyrəşən qadın üçün yoldaşını itirmək çox çətin olur. Bəzi qadınların həyat yoldaşları sərxoşluq, əyyaşlıq, avaraçılıq edir və onlar həyat yoldaşlarını itirdikdə heç bir şey dəyişmir. Amma mən bir anda diqqətimi, qayğımı, sevgimi və hər şeyi itirdim. Düşünürəm ki, Hacını itirməklə övladıma pislik etdim. İki yaş üç aylıq uşaq üçün çətin idi. Uşaq yeni dil açırdı, hər dəfə qapı döyüləndə deyirdi ki, atam gəldi. Bu, mənə bir ana kimi çox təsir edirdi. Hərdən düşünürdüm ki, övladımı öz həyatıma qurban verdim. Amma bu gün fikirləşirəm ki, nə yaxşı belə güclü insanla ailə qurdum və dahi şəxsiyyət və gözəl bir insandan dünyaya uşaq gətirdim. İnsan həyatında genlərin çox böyük rol oynadığına inanıram. Hacını itirdikdən sonra övladımda ondan keçən xüsusiyyətləri, xasiyyəti, hərəkətləri görürəm. O, çox kövrək və təmiz qəlbi insan idi. Hətta Hacının o xasiyyəti də Şöləyə keçib. Yaşının az olmasına baxmayaraq savadlı qızdır. Deyirlər yaşlı insanların uşaqları daha ağıllı və zəkalı olurlar. Allah peşman eləməsin, ən əsası heç bir anaların zəhməti yerdə qalmasın. Hacıdan sonra imkanım daxilində özümə qıymadığımı övladım üçün edirəm. Deməsinlər ki, atasızdır və eləcə də kiminsə yanında boynubükük dayanmasını imkan verməmişəm. Bacardığım qədər tərbiyə, təhsil verməyə çalışıram. Fransız liseyində oxuyur, əlaçıdır. İngilis və fransız dilini mükəmməl bilir. Bacarıqlıdır və çox gözəl rəsm əsərləri var. Övladımdan çox razıyam və buna görə də Allahıma şükür edirəm. Bundan sonra da həyatımı, bütün sevgimi övladıma və anama vermişəm və verəcəm.
 
- Arzu xanım, xaraktercə güclü xanımsınızmı?

- Yəqin ki güclüyəm ki, bu qədər hadisələrin öhdəsindən gələ bilirəm. Həm qadınam, anayam, həm də övladam. Deyilənlərə görə, hər üçünün öhdəsindən gələ bilirəm. Amma güclü olmaq istəmirəm, yorulmuşam. Güclü olmaqdansa, qadının zəif deyil, zərif olmasına üstünlük verirəm, qadın qadın olmalıdır. Hər ailədə kişi, ailə başçısı lazımdır. Həyatımda güclü bir ailə başçısı, gözəl bir insan olub. Xoşbəxt olduğum illəri xatırlayıram. Artıq 45 yaşım var və bu 45 ildə ən xoşbəxt olduğum anlar Hacı ilə yaşadığım illər olub. İnanmıram ki, bundan sonra yaşadığım xoşbəxtliyi, səadəti mənə kimsə verə bilsin, anamı və övladımı çıxmaq şərtilə. Həyatımdan razıyam, deyim ki, narazıyam, bu yalan olar. Hər yaşadığım günə görə Allaha şükür edirəm. Şükür edirəm ki, səhər açılanda anam, övladım yanımdadır, xəstəxanalarda deyilik, yeməyə bir tikə çörəyimiz var. Ondan böyük həyatda nə ola bilər ki. Həyatda problemsiz insan yoxdur və düşünürəm ki, problemsiz insan anormal insandır. Hər insanın özünə görə qayğıları var. Bəlkə mənim bəzilərindən çox, bəzilərindən isə az problemim var.  Allahdan arzum odur ki, övladıma çəkdiyim əziyyəti yerdə qoymasın, onun xoş günlərini qismət etsin. Bir də Allah anama nəvə toyu qismət eləsin. Hər zaman mənə sual verirlər ki, yenə dünyaya gəlsəydiniz Hacı ilə evlənərdinizmi? Bəli, yenə də evlənərdim, hətta əlimdə imkanım olsaydı, 18 yaşım olanda Hacı ilə evlənərdim. Həyatda Hacıya gec rast gəldiyimə və bir qadın kimi gec xoşbəxt olmağıma görə peşmanam. Bu gün Hacı həyatımızda yoxdur, Allahın yazısıdır, qismətidir.  Amma yenə də hər yaşadığım günə şükür edirəm. Allah mənə anamı, övladımı çox görməsin.
 
- Hacıbaba Bağırov tanınmış bir aktyor olub.  Elə bir insanın həyat yoldaşı olmaq sizin üçün nə dərəcədə asan və ya çətin oldu?

- Həm asan, həm də çətin oldu. Ona görə çətin idi ki, o, böyük sənətkar idi və məni onun sənətinə, Hacıya görə tanıyıblar. Hər zaman fikirləşirəm ki, Hacının adına uyğun hərəkət etməliyəm. Bu gün o həyatda olmasa da, onun insanlığına, şəxsiyyətinə uyğun addım atıram. Hətta övladıma da demişəm ki, məktəbdə 10 qız özünü pis apara bilər, onları tanımırlar. Məktəbi bitirdikdən sonra onların hərəkəti heç kimin yadına düşməyəcək. Amma həmişə deyəcəklər ki, bu məktəbdə Hacıbabanın qızı oxuyub necə də tərbiyəli qız idi. Sən Hacınının qızısan və atanın adını daşıyırsan. Ona görə də hər hərəkətinə fikir verməlisən.
 
- Qızınız Şölənin gələcəkdə aktrisa kimi fəaliyyət göstərməsini istərdinizmi?

- Yox. Qızımın aktrisa olmasını istəyirəm desəm, yalan olar. Aktyorluq sənətinə pis baxmıram. Sənət, istedad olan yerdə istədin-istəmədin o, bir gün özünü biruzə verəcək. Amma heç vaxt aktrisa olmasını istəmərəm. Azərbaycan incəsənətində, teatr aləmində Hacının adı qızıl hərflərlə yazılıb və əgər onun kimi sənətkar ola biləcəksə, əlbəttə, istəyərəm. Amma sıradan bir aktrisa olacaqsa, yox. Həm də Hacının arzusu var idi ki, qızı həkim olsun. Mən də qızımı həkim kimi görmək istəyirəm, amma bunu yalnız Allah bilir. Hansı sənətdə olur-olsun, adı hər zaman gözəl insanlar içində çəkilsin inşallah.
 
- Qeyd etdiniz ki, Hacıbaba müəllimin vəfatından sonra bir sıra çətinliklər yaşadınız. Bu çətinliklərin öhdəsindən necə gəldiniz?

- Problemlərin öhdəsindən gəlmək üçün çox çətinliklər çəkdim. Ətrafdan hər şey insanlara asan gələ bilər. Valideyn, övlad, ana olmaq çox çətin bir şeydir. Bu gün analarının sözünü dinləməyən övladlar da var. Mən bu gün də evimə nəsə alanda anamla məsləhətləşirəm, çünki anamın sözü mənim üçün çox önəmlidir. Yaxşı ana olmaq, övladına yaxşı tərbiyə vermək asan deyil. Bir övladım var və qızımı pula görə dünyaya gec gətirmişəm. Çünki övladımın hər istəyini təmin etmək istəyirdim. Onu da deyim ki, ailə başçısız ailə saxlamaq çox çətindir.
 
- Hacıbaba müəllim dünyasını dəyişdikdən sonra dostluq etdiyi insanlardan münasibətini saxlayanlar, yaxud da itirənlər oldu?

- Münasibəti kəsənlər oldu, amma davam etdirənlər daha çoxdur və gözəl ailə münasibətlərimiz var. Hər zaman mənə söyləyirlər ki, Hacıya və gözəl xasiyyətinə görə səni çox istəyirik. Hər zaman onlardan və bütün insanlardan hörmət, diqqət görmüşəm. Hörmət o deyil ki, kimsə gəlib nəsə verməlidir, xeyr.  "Allah atasına rəhmət etsin!" deməkləri mənim üçün çox önəmlidir. Bu sözlər hədiyyələrdən, yalan sözlərdən, diqqətdən daha vacibdir.
  Bu gün hər insan üçün rəhmət oxunmur.
 
- Yoldaşınızın vaxtilə rəhbər olduğu Musiqili Teatrın tamaşalarına gedirsinizmi?

- Teatra yaxın günlərə üç dəfə "Bankir adaxlı", "Məşədi İbad", "Toy" tamaşalarına baxmağa getmişəm. Musiqili Teatrın direktoru Əliqismət Lalayev mənə və övladıma çox diqqət göstərir. Hətta tamaşaya gedəndə gəlib bizi qarşılayıb və diqqətlə də yola salıb. Artıq problemlərdən çıxmışam və yavaş-yavaş bayıra və müəyyən yerlərə getməyə çalışıram.
 
- Arzu xanım, ixtisasınız nədir?

- İxtisasca rejissoram. Onu da deyim ki, Hacıdan sonra yaralarım yeni-yeni sağalmağa başlayır. Teatra gedəndə hər şey mənə Hacını xatırladır və çox pis oluram. Əvvəllər Hacı ilə bütün tamaşalara gedirdim, hətta o qrim otağına belə mənsiz getmirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.