Mədəniyyət

Məsumə Babayeva: "Həmin aktrisa məni itələyib yerimdə durdu" - FOTOSESSİYA

26 May 2015 00:05
2 Şərh     Baxış: 4 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Məsumə Babayevanın Milli.Az-a müsahibəsi.

- Məsumə xanım, sənətinizdə nə kimi yeniliklər var?

- İnşallah, ayın 18-də Türkiyənin Dənizli şəhərində keçirilən 31-ci Beynəlxalq Teatr festivalına gedəcəyik. Bura dünyanın hər yerindən teatr işçiləri gəlirlər. Biz festivala Elçin Hüseynbəylinin "Qaçaq qocalar" əsərinin tamaşası ilə qatılmışıq. Bu əsəri teatrımızın aktyoru, əməkdar artist Nofəl Vəliyev Teatr Xadimləri İttifaqında tamaşaya hazırlamışdı. Tamaşada rolları Kərəm Hadızadə, Nofəl Vəliyev və mən oynayırıq. Elə oldu ki, tamaşanı festivala layiq gördülər. İnanıram ki, festivaldan böyük uğurla qayıdacağıq.

- İşdir, əgər orada sizə filmə, yaxud seriala dəvət gəlsə, qalıb işləyərsiz?

- Mən vətəndən kənarda 7 gündən artıq qala bilmərəm. Əgər çox qalıramsa, oturub uşaq kimi ağlayıram. İşdir, dəvət gəlsə, o şərtlə razı olaram ki, çəkilim və qayıdım. Əks təqdirdə ürəyim partlayar. Belə olan halda isə mənə nə sənət, nə də pul lazımdır.

- Yerli seriallarda modellərin çəkilməsinə necə baxırsınız?

- Əgər rejissora boy-buxun lazımdırsa, bu zaman modeli çəkə bilər. Bizim rejissorların bəhanələri çoxdur. Bəzən aktrisanın çəkisinin artıq olduğunu bəhanə gətirirlər. Amma onlar bilmirlər ki, onun özü də bir xarakterdir. Onlar gedib modeli götürüb aktrisa edir, amma aktrisanı çəkib potensialını artırmırlar.

- Məsumə xanım hansı rolun həsrətindədir?

- Bu yaşımda daha nə rol həsrəti? (gülür). Nə rol versələr, nə məsləhət görsələr, onu da oynayaram. Amma xaraktercə dolğun obrazlar istəyirəm. Heç nəyin həsrətində deyiləm. Bircə onu istəyirəm ki, işləyim, işim olsun, bu yaşımda boş qalmayım. Çünki tamam yaddan çıxmaq istəmirəm.

- Bəzən yaşa dolmuş sənətkarlar gənclərə çox qısqanc münasibət bəsləyirlər. Vaxtında sizə qarşı belə qısqanc münasibətlər olubmu?

- Teatrda vaxtilə o qədər çəkişmələr olub ki, gəl görəsən. Teatra yeni gəlmişdim, elə bilirdilər ki, ağır rolları oynaya bilmərəm. Görəndə ki, işimin öhdəsindən asanlıqla gəlirəm, bu zaman paxıllıqlar başladı. Elə olub ki, rolu mənə veriblər, səhnəyə çıxmağıma dəqiqələr qalmış məni digər aktrisa itələyib, yerimdə durub. Mən də səssiz-səmirsiz gəlib otağımda ağlamışam. Vaxtilə bizi belə sıxışdırıblar. O aktrisa artıq həyatda yoxdur, rəhmətə gedib.

- Sonradan həmin insanla münasibətiniz necə oldu?

- Münasibət olduğu kimi qalırdı. Amma mən o insanla ehtiyatlı davranırdım. Çünki bilirdim ki, o hər an mənə pislik edə bilər. Aktrisa bu zərbələrə hazır olmalıdır. Amma indi şükürlər olsun ki, bizim teatrda intriqa yoxdur.

- Adətən, deyirlər ki, aktrisadan dost, rəfiqə olmaz...

- Həyatda insanın dostu çox olmaz. Mənim 2-3 rəfiqəm var, onlarla da uşaqlıqdan birlikdəyik. Amma biz hamımız teatrda həmkarıq, yoldaşıq. Dost başqa şeydir, hər adamla dostluq etmək olmur. Mən heç vaxt kənarda dost axtarmamışam. Axtarsam, bu yaşımdan sonra tapa da bilmərəm.

- Hansı sənət dostunuzun yoxluğu ilə hələ də barışa bilmirsiz?

- Teatrda rəhmətlik aktrisa Xuraman Hacıyeva ilə yaxın dost olmuşuq. O vaxt biz teatra eyni vaxtda gəlmişdik. Ortada gəzənlər olsa da, biz dostluğumuzu qoruyub saxlaya bilmişdik. Teatrda mənim başqa yaxın dostum olmayıb. Çünki bu gün xoş danışarlar, günahın olsa, sabah tapdalayıb sənin üstündən keçərlər.

- İnsan bəzən özü-özünün dostu olur...

- Mən ümumiyyətlə hər bir şeyi incələməyi xoşlayıram. Öz səhvlərimi özümlə müzakirə edirəm. İnsan özü-özünün dostu olur. Bəzən isə özünlə düşmən də ola bilirsən.

- Məsumə xanımın ən böyük günahı nə olub?

- Ən böyük günahım günahsızlığımdır. Həyatı bu cür yaşadığıma görə peşman deyiləm. İnsan dərdin içində sevinməyi bacarmalıdır. Əgər böyük bir nəslin içindən çıxıb tanına bilmişəmsə, bu artıq mənim uğurumdur. 24 il bir insanla ailə həyatı qurub yaşamışam. Həyat yoldaşım uşaqları mənimlə birlikdə böyüdüb. Bugünkü yaşayışıma görə də peşman deyiləm. Hərənin bir taleyi var, mən həmişə şükür etmişəm.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.