Mədəniyyət

Dünyadan küsülü köçən Həsənağa... - VİDEO - FOTO

26 Aprel 2015 11:23
1 Şərh     Baxış: 5 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Aşıq, Şəkər bəy bunun beşiyinin başında sənə nə çaldırardı?"...

Onun səsində canlanan bu sualın arxasında nələr, nələr vardı...

Allah ondan nəinki səsi, heç nəyi əsirgəməmişdi. Bir aktyora nə lazımdırsa, hamısını ona vermişdi - xarizma, əzəmətli səs, qeyri-adi istedad, boy-buxun... Amma bu dünyadan o da küsülü getdi...

Onun timsalında milli kinomuzun və səhnəmizin ən parlaq obrazlarını görüb sevmişik. Ömrünün qalan hissəsini kinolarda, tamaşalarda davam etdirən bənzərsiz aktyor Həsənağa Turabovun aprelin 24-də doğum günü idi. Oynadığı rolları sadalamaq istəmirəm, çünki Turabov o sənətkarlardandır ki, uşaqdan-böyüyə hər kəs onu da, oynadığı rolları da gözəl xatırlayır. Bunun üçün heç filmin adını bilməyə ehtiyac yoxdur. Təkcə ismi kifayətdir - Həsənağa Turabov. Publika.az bu günü onu yaxın dostu, Əbdül Mahmudbəyovla yad edəcək. 

- Əbdül müəllim, Həsənağa Turabovun yoxluğunu hiss edirsiniz?

- Biz ona "Həsən" deyə müraciət edərdik, Həsənağa yox. Həsənin itkisi təkcə ailəsinin, dostlarının itkisi deyil, o, bütövlükdə xalqın itkisi sayılır. Mən bir dost itirmişəm, amma kinomuz, teatrımız onun timsalında nəhəng bir aktyorunu itirib.

- Həsən Turabovu bir aktyor kimi hamımız tanıyırıq. Maraqlıdır, bir insan kimi necə idi? Bir az ondan danışın...

- Həsən, el diliylə desəm, ağırtaxtalı kişilərdən idi. Zəhmli-zabitəli adam idi. Onunla münasibətdə heç kim həddi aşa bilməzdi. Turabov buna imkan verməzdi. Buna görə də hər kəs ona hörmətlə yanaşırdı. Amma biz dostları bilirdik ki, Həsən zabitəli olduğu qədər də ürəyiyuxadır. Adi bir sözdən, adi bir xəbərdən çöhrəsinə elə bir təbəssüm yayılırdı ki, elə bilərdin balaca bir uşaqdır. Gözlərini qıyıb gülümsəməyində elə bir şirinlik vardı ki... Hirslənəndə qaşını dartıb sərt baxışlarla adamı süzərdi. Çox qürurlu kişi idi. Çox da sakit görünərdi. İçində, bəlkə də, fırtınalar qopardı, amma heç vaxt onu üzündə, hərəkətlərində büruzə verməzdi.

- Siz onunla bir neçə filmə çəkilmisiniz, eyni zamanda özünüzün də rejissorluğunuzla ekranlaşdırılan "Gecə qatarında qətl", "Qaçaq Nəbi" filmlərində Həsənağa Turabova baş rollar vermisiniz... Maraqlıdır, belə zəhmli, qürurlu, söz götürməyən aktyor çəkiliş meydançasında necə idi, rejissorlarla yola gedirdimi?

- Həsən çəkiliş meydançasında nizam-intizamı çox sevərdi. Zəhmətkeş aktyor idi və bir rol üzərində çox əziyyət çəkirdi. Çəkilişlərdə, fasilələrdə belə heç yerə getmirdi. Rejissor deyirdi ki, get, yemək ye, çay iç, dincəl, onsuz da fasilədir. Buna baxmayaraq, Həsən yenə ehtiyat edirdi ki, birdən nəsə lazım olar, çəkiliş başlanar, sonra ləngiyər. Çox məsuliyyətli aktyor idi. Təbii ki, rejissorlar qarşısında tələbləri də olurdu. Tələb deyəndə ki, öz fikirlərini açıq şəkildə bildirirdi. Rolu necə görürdüsə, elə də oynamaq istəyirdi. Buna nail olurdu da. Çünki o, rejissoru inandırmağı bacarırdı. Bunu sözlə başa salmırdı, oynayırdı və inandırırdı. Rejissorlar da onun improvizələrini nəzərə alırdılar və nəticədə uğurlu bir ekran işi ərsəyə gəlirdi. Həsəni çox vaxt dramatik rollara dəvət edirdilər, amma o ampluasız aktyor idi. Xarakterik rolların öhdəsindən məharətlə gəlirdi.

- Eşitdiyimizə görə, onu "Qaçaq Nəbi" filminə çəkəndə bəziləri etiraz edib ki, "Qaçaq Nəbi" obrazı üçün Həsən Turabov çox qocadır...

- Bəzi ağzıgöyçəklər çox söz danışdılar. Amma elə "Qaçaq Nəbi" də həyatda cavan oğlan olmayıb. Əslində, bu filmin çəkilməsində Həsənin böyük rolu olub. Həmin vaxt Ədil İsgəndərovu kinostudiyadan işdən çıxarmışdılar. Onun tələbəsi olduğum üçün mənə də filmi çəkməyə icazə vermirdilər. Həsən o vaxt kino işlərinə nəzarət edən mötəbər şəxslərin yanına gedib icazə aldı. Onun xahişi ilə mən bu filmi çəkməyə nail oldum.

- Düşmənləri, gözügötürməyənləri vardımı?

- Teatrda, kino aləmində olasan, istəməyənin, paxıllıq edənin olmaya? O da ola Həsən kimi nüfuzlu bir aktyorun. Onun yerində olmaq istəyən nə qədər həmkarımız vardı... Açıq mübarizə aparmasalar da, ayağının altını qazırdılar. Həsən özü də bunu bilirdi, amma üzlərinə vurmurdu. O, ziyalı bir adam idi, səviyyəsini qoruyurdu. Amma kimsə kefinə toxunanda o saat üzündə hiss olunardı. Qaşını dartıb deyərdi ki, ə, buna bax e, əclaf... O saat bilərdik ki, kimsə qanını qaraldıb.

Ancaq sevənləri istəməyənlərdən çox idi. Vəzifəli şəxslər, məmurlar ona hörmət edirdilər. Bir işimiz düşən kimi qaçırdıq üstünə ki, filankəsə zəng elə, filankəsə məni tapşır. Bir zəngi kifayət idi, dərhal iş həll olunurdu. Amma xahiş etməyi, ağız açmağı xoşlamırdı. Ancaq dostlarından da keçə bilmirdi. Heç özünə, uşaqlarına görə kiməsə xahiş etməyi özünə sığışdırmazdı.

- Akademik Milli Dram Teatrında direktor işlədiyi zamanlar da, deyəsən, bir neçə aktyorla münasibəti pis olub?

- Bəzi aktyorlarla münasibəti soyuq idi. Bildiyimə görə, ömrünün axırına qədər də küsülü olublar.

- Fuad Poladovla?

- Və daha neçələri... Bu barədə danışmayaq, çünki hər şey keçmişdə qalıb.

- Turabovun əyləncəsi, hobbisi vardımı?

- (gülür) Şahmat oynamağı çox sevərdi və həmişə də uduzardı. Məni çağırırdı ki, gəl, şahmat oynayaq. Hər dəfə də uduzurdu, amma özünü elə aparırdı ki, guya uduzan o yox, mənəm. Deməli, uduzan kimi pərtliyini göstərməmək üçün başlayırdı fit çalmağa. Özü də çox pis musiqi duyumu vardı. Deyirdim ki, bu, hansı mahnıdır? Deyirdi ki, "Cücələrim". Başqa bir qəribəliyi də vardı. Hər gün iki qutu siqaret alırdı. Hər siqareti bir qullab alıb tullayırdı. Hələ görməmişdim ki, Həsən bir siqaretə ikinci qullabı vursun. Soruşanda ki, bu siqaretlərə  heyfin gəlmir? Axı pul verib almısan? Deyirdi ki, əşi, məni darıxdırır, axıra qədər çəkə bilmirəm. Vərdiş eləmişdi buna.

 - Həyat, yaşam tərzi necə idi? Lüks həyatı sevirdimi?

- Nə danışırsan, nə lüks həyat? Çox sadə insan idi. Aktyorlar arasında ilk dəfə "Mercedes"i o sürdü. Onu da neçə il əlləşib-vuruşub almışdı. Amma o qədər sadə idi ki, bu avtomobili sürməyinə görə bəzən utanırdı. Həmin maşını təzə aldığı vaxtlarda Qusmanın "Qorxma, mən səninləyəm" filminə çəkilirdi. Bir yerdə rayona çəkilişə getmişdik. Yolda mənə dedi ki, bu maşını satıb, "Jiquli" alacağam. Səbəbini soruşanda qayıtdı ki, utanıram, adam var, yeməyə çörək tapmır, amma mən "Mercedes" sürürəm. Çox təvazökar adam idi.

- Eşitdiyimizə görə, "Yeddi oğul istərəm" filmində oynadığı Gəray bəy roluna görə pərəstişkarları ondan inciyibmişlər?

- Yox, insanlar İsmayıl Osmanlıya nifrət eləmişdilər. Hətta yazıq kişi qorxusundan çörək almağa belə gedə bilmirdi. Tək yaşayırdı deyə dükan-bazarlığını özü edirdi. Filmin nümayişindən sonra kişinin üstünə necə basqın etmişdilərsə, qorxusundan heç yerə çıxmırdı. Hətta başını vurub yarmışdılar da. Axırda Həsən Turabov, mən, Ədil İsgəndərov yığışıb getdik televiziyaya ki, çıxış edək, camaata bunun film olduğunu başa salaq. Çünki İsmayıl Osmanlını öldürə də bilərdilər. Biz camaatı efir vasitəsi ilə başa salandan sonra ara sakitləşdi. Amma Həsənə Gəray bəy roluna görə tamaşaçı sevgisi daha da artdı, İsmayıl Osmanlı isə filmdəki Kələntər obrazına  görə nifrət qazandı. Həsən Turabovun yaratdığı Gəray bəy kişilik, mərdlik göstərdiynə görə sevilmişdi. Onu da deyim ki, həmin vaxt filmə başqa aktyorlar çəkmək istəyirdilər. Hətta Rusiyanın tanınmış aktyorlarını Bakıya çağırmaq fikrindəydilər. Kinostudiyanın direktoru Ədil İsgəndərov aktyorlara deyib ki, qada, gedin Həsəni tapıb gətirin, Gəray bəyi o oynayacaq. Elə birinci sınaqda Həsəni Gəray bəy roluna təsdiqləmişdi.  Daha Ədil müəllimin sözünün qabağına söz deyən olmamışdı. Çünki Ədil İsgəndərovun sözü müzakirə olunmurdu, icra edilirdi.

- Həsən Turabovu sevən, ona pərəstiş edən xanımların çox olduğu deyilir...

- Həddindən artıq. Çox xarizmatik kişi idi, diqqət mərkəzində olan insan idi. Görünüşü, əzəmətli səsi, xarakteri... Xanımlar belə kişiləri çox sevir, axı. Üstəgəl də, böyük aktyor olması. Biz dəfələrlə onunla rayonlarda film çəkilişlərində olurduq,  bəzən yer olmadığından aktrisalarla eyni otaqda əynimizi dəyişirdik. Bir dəfə gözünü qaldırıb hansısa qadına baxmazdı. Hətta biz kiməsə baxanda qaşını qaldırıb, tənbeh edərdi. Buna görə ona həmişə öz aramızda "qədeş" deyərdik. Uzaqdan gələndə deyərdik ki, "qədeş gəldi, özünüzü yığışdırın". Onu yalnız ailəsi maraqlandırırdı, uşaqlarına, xanımına bağlı insan idi. Nümunəvi ailə başçısı sayılırdı. Sözü-söhbəti də elə balaları, ailəsi idi. Bir sözlə, abırlı kişi idi.

- Sirr deyil ki, sənət adamları arasında içkiyə meyllilik həmişə olub. Həsən Turabov necə, içki məclislərini xoşlayırdı?

- Həsən özünü idarə etməyi və özünü aparmağı bacaran insan idi. Dostlarla yığışırdıq, oturub dərdləşirdik, amma içki içən adam deyildi. Məclislərdə bir qədəh içər, ya içməzdi.

- Oğlunun ölüm xəbərini necə qarşılamışdı, yadınızdadırmı?

- Rəhmətlik Daşqın çox qaynar uşaq idi, Həsən onun polis olmasını qətiyyən istəmirdi. Amma Daşqını fikrindən döndərə bilməmişdi. Ölümündən bir gün əvvəl bir yerdə idik. Daşqın Bakıda yaşayırdı, amma rayonda polis müvəkkili vəzifəsini icra edirdi. Şənbə günü idi. Daşqın Həsənlə bizi maşınında çay içməyə apardı. Elə orada dedi ki, ata, mən rayona işimə qayıtmalıyam. Həsən dedi ki, qal, sabah şənbədir, gələn həftə gedərsən. Razı olmadı. Həsən də xoşlamazdı, bir sözünü iki eləsinlər. Buna görə də üz vurmadı. Sən demə, əzrayıl uşağı aparırmış. Bir gün sonra xəbər gəldi ki, bəs, Daşqını güllələyiblər. Demə, Daşqın kəndə gedəndə işıqlar sönübmüş. Bir nəfəri bıçaqlayan nəşəxor evdə gizlənib, polislər onu tuta bilməyiblər. Daşqın silahsız evə girib ki, onu dilə tutub şöbəyə təhvil versin. Çünki rayonda hörməti-izzət sahibiydi. Hətta türmədə yatıb-çıxanlar belə ona hörmət edirlərmiş. Bu uşaq da arxayın olub ki, ona heç vaxt güllə atmazlar. Həmin əclaf da nəşələnibmiş. Qaranlıq olduğundan Daşqını tanımayıb və tüfəngdən atəş açıb. Güllə düz ürəyinə dəymişdi. Elə orada keçinmişdi. Gecə Həsənlə qardaşı Aydın meyidi götürüb şəhərə gətirmişdilər. Onu vuran adam ayılandan sonra başına-gözünə döyürmüş ki, gör, kimi öldürmüşəm?

- Yas mərasmində Turabov özünü necə apardı?

-  Sakit. Sanki onu cərəyan vurmuşdu. Nə dinirdi, nə ağlayırdı, lal kimi durub cənazəni kənardan izləyirdi. Üstündən bir neçə il keçdi, amma Həsən bir dəfə də olsun, Daşqından danışmadı. Heç kim də ürək edib ondan bu barədə bir kəlmə soruşmadı. Həsən içində çəkirdi dərdini. Elə bu dərd onu yıxdı. Sonradan eşitdik ki, hər gün xəlvətcə oğlunun qəbrini ziyarət edirmiş.

- Bəs, Turabovla son görüşünüz nə vaxt olmuşdu?

- Bir gün əvvəl. Aktyorlar evindən gəlirdi, salamlaşdıq, hal-əhval tutduq, ayrıldıq. Son görüş oldu. Həsən, bəlkə də, çox yaşayacaqdı, amma ürəyi dözmədi. Həkimlər deyibmiş ki, şuntlama əməliyyatından sonra on il yaşayacaq, amma heç üç il yaşamadı. Ürək xəstəliyinə də oğlunun ölümündən sonra tutulmuşdu. Qızı danışırdı ki, atası ayaqüstə keçinib. Belə ölümü yalnız Həsənağa Turabov seçə bilərdi. Ölümü ayaqüstə qarşıladı. Eynən Gəray bəy kimi. İndi danışırıq, rəhmətlik gəlib durur gözümün qarşısında, gözəl insan idi, sadiq dost və nəhəng aktyor idi (qəhərlənir).

Böyütmək üçün şəkillərə klikləyin.





Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.