Mədəniyyət

Axundovun ruhu dolaşan məkan - FOTOSESSİYA

28 Fevral 2015 16:28
0 Şərh     Baxış: 2 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tiflisdə "Müsəlman məhləsi"-ndə yol kənarında gözəl arxitekturalı bir bina var. Birinci mərtəbə kafe, onun üstü isə ev muzeyidir. Kafenin adı "Monsier Jordan"-dır (Müsyo Jordan). Bəs kafenin üstündəki evdə bir zamanlar kimin yaşadığını, indi isə onun ev muzeyi olduğunu təxmin etdinizmi?

Milli.Az musavat.com-a istinadən bildirir ki, pəncərələri Kürün sahilinə açılan bu ev 44 il Tiflisdə yaşamış, Qafqaz canişinliyində işləyən Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun evi olub. 1834-cü ildə görkəmli dramaturq bu binanı satın alıb və ömrünün sonuna qədər (1878) bu mənzildə yaşayıb, əsərlərini yaradıb. Axundov ömrünün əsas hissəsini Tiflis şəhərində yaşayıb, yaradıcılığın gözəçarpan hissəsini bu şəhərdə yaradıb. Dramaturqun 44 il yaşadığı bu ev uzun müddət Musiqi Alətləri Muzeyi kimi fəaliyyət göstərib. 1983-cü ildə binada kiçik bir hissədə Axundovun ev muzeyi açılmasına icazə verilib.

1983-cü ildən M.F. Axundov ev muzeyinin də yerləşdiyi bu bina baxımsızlıqdan bərbad vəziyyətə düşmüşdü. Bundan əlavə, binada bir neçə ailənin də yaşaması binanın ev muzeyi görünüşündən  çıxarırdı. 2007-ci ildə binada ARDNŞ-nin dəstəyi ilə təmir işləri aparılır, muzey bərpa edilir və bu binada yaşayan ailələrə başqa yerlərdən evlər verilərək bütün bina muzeyin ixtiyarına verilmişdi.

Muzey indi daha gözoxşayan olsa da, burada, təəssüf ki, Axundova aid elə də çox eksponat yoxdur; sadəcə dramaturqun "Əkinçi" qəzetində dərc olunan yazılarının nüsxələri, qızı Nisə xanıma aid olan tikiş maşını, Axundovun evində istifadə edilən sini və bəzi əlyazmalar.
Qeyd edək ki, Axundov 1878-ci ildə vəfat etdikdən sonra onun nəşi bu evdən bir az aralıda, "Narikala"da (Narın Qala) dəfn edilib.  O, müəllimi və həyatında dönüş nöqtəsi yaradan insan Mirzə Şəfi Vazehin yanında dəfn edilib. Axundovun yanında isə 20-ci il Sovet işğalından sonra Tiflisdə terror edilmiş dövlət adamları Fətəlixan Xoyski və Həsən bəy Ağayev dəfn edilmişlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Abbas Atilay
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.