Mədəniyyət

Londonda Elçin Əfəndiyevin "Teleskop" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib - FOTO

28 Fevral 2015 10:12
0 Şərh     Baxış: 2 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalı çərçivəsində Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyevin "Teleskop" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Teleskop" ingilis dilində immersiv tamaşa formasında ilk dəfə səhnələşdirilib və rejissoru Metyu Qulddur.

Dünyanın müxtəlif guşələrində başqa dillərdə tamaşaya qoyulmuş pyesin 11 nəfərlik aktyor heyətindən ibarət Böyük Britaniya tərtibatında baş rolları tanınmış britaniyalı aktyorlar və televiziya ulduzları Kris Simmons Tanya Frenks ifa ediblər.

Elçinin acılı-şirinli satirası bizlərə öldükdən sonra cənnətə gedən yolun yarısında qalmış bir insandan bəhs edir. O, mələk-məmurların idarə etdiyi və sonuncu səyahətlərini səbirlə gözləyən digər ruhlarla dolu Cənnətə gedən Yol stansiyasına düşür. Keçmiş sevgilisinin ruhunun köməyi ilə sistemdən baş çıxarmağa çalışan kişi bu dünyada qoyub gəldiyi ailəsi və dostlarına - onların özü haqqında həqiqi düşüncələrinə göylərdən baxmaq üçün qeyri-adi bir imkan qazanır və bu zaman özü haqqında çox mühüm həqiqətləri aşkar edir.

Azərbaycanın tanınmış dramaturqlarından olan Elçin müasirliyin üzərimizdə olan təzadlı təsiri haqqında cəlbedici və çoxqatlı müşahidələrini qeyd edir. Onun xarakterik qəhrəmanları çox vaxt sovet dövrü və hətta fantastika pərdəsi altında müasir Azərbaycan ruhunu təcəssüm etdirir. "Teleskop" Elçinin sərrast və eyni zamanda, incə satirik üslubunun bütün əlamətlərini özündə birləşdirir. Tamaşada baş rolu - "Kişi" obrazını Kris Simmons, "Qadın" rolunu isə Krisin əksini ifa edən Tanya Frenks oynayır.

Aktyor heyətində, həmçinin Co Eyr, Serxio Kovino, Anna Darvas, Pol Brennan, Reyçel Esposti, Amanda Rid, Eliot Bornman, Felisiti Colli Hanna Genesius da yer alıblar.

Tamaşa Azərbaycan mədəniyyəti və incəsənətinin tanınması məqsədi daşıyan "Buta" festivalının zəngin qrafiki çərçivəsində "Alov" teatrı tərəfindən səhnələşdirilir.

Tamaşanın premyerasında Britaniya ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz, Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri yerli və xarici sənətsevərlər iştirak ediblər.

Tamaşadan sonra jurnalistlərə müsahibə verən baş rolların ifaçıları, televiziya ulduzları Kris Simmons və Tanya Frenks əsərin premyerasında rol almaqdan şad olduqlarını bildiriblər. Elçinin görkəmli yazıçı olaraq Britaniyada tanındığını və çox sevildiyini diqqətə çatdıran televiziya ulduzları əsərin səhnələşdirilməsi prosesi haqqında məlumat veriblər. "Əsərin mövzusu əslində bütün insanlıq üçün maraqlıdır. Bunu dünya haqqında bilmədiyimiz və dərin maraqla qarşıladığımız mövzuların incəsənətdə təzahürü kimi qiymətləndirmək olar. Hamı tərəfindən sevilən yazıçının əsərinin səhnələşdirilməsində baş rolları oynamaq böyük bir məsuliyyətdir. Ümid edirik, bunun öhdəsindən layiqincə gəlməyi bacarırıq", - deyə aktyorlar qeyd ediblər. Tamaşanın hazırlıq qrupu haqqında da məlumat verən K.Simmons və T.Frenks işgüzar bir kollektivlə çalışdıqlarını vurğulayıblar.

Tamaşaçı Fəridə Pənahova Elçinin əsərinin Londonda səhnələşdirilməsinin Azərbaycan mədəniyyətini tərənnüm etmək baxımından əhəmiyyətli olduğunu bildirib. Tamaşanın çox maraqlı və maarifləndirici olduğunu düşünən F.Pənahova, Şərq mədəniyyətini də özündə əks etdirən tamaşanın xüsusilə Qərb ictimaiyyətində böyük maraq doğurduğunu diqqətə çatdırıb.

Tamaşa martın 7-dək davam edəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.