Mədəniyyət

"Aktrisalığa heç həvəsim də yox idi..."

31 Yanvar 2015 16:59
0 Şərh     Baxış: 2 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Nargilə Qəribova: "Dedi ki, fərqi nədir, sənədlərinizi aktyorluğa verin, orada da rəqs edirlər"
"Tamaşalar elə bil teatrın övladlarıdır. Axı necə demək olar ki, oynayım, atım qırağa?! Rusiyada bir teatr var, ilk tamaşa "Çayka" olub, indiyə kimi o tamaşa hər mövsümün açılışında oynanılır. Götürək bizim "Nağaraçılar"ı, Bəxtiyar müəllim (Baxtiyar Xanızadə - red.) onu 1993-cü ildə tamaşaya qoyub. Elə o zamandan da oynanılır. Elə tamaşalar var, səhnə kiçik olduğundan indi oynanılmır, amma zalımız hazır olanda onlar da yenidən repertuara qayıdacaq..."

Bu sözlər Pantomim Teatrının aktrisası, əməkdar artist Nargilə Qəribovaya məxsusdur. Və Nargilə xanımın səhnəyə gəlişinin maraqlı tarixçəsi var...

TANITIM: Nargilə Qəribova Rusiyada doğulub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru" fakültəsini bitirib. 1999-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışıb. Həmin teatr-studiya 2000-ci ildə dövlət statusu aldıqda N.Qəribova teatrın aktrisası kimi fəaliyyət göstərib.

Nargilə xanım bu müddət ərzində B.Xanızadənin "Maska", "Şərqə səyahət", S.Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş.Əttarın "Uçuş", Ü.Hacıbəyovun "Dulusçu", U.Şekspirin sonetləri əsasında hazırlanmış "Eşq", A.Rünoske "Kesa və Morito" tamaşalarında uğurla çıxış edib, özünü peşəkar pantomim aktrisası kimi təsdiq edib.

N. Qəribova Türkiyədə, Rusiyada, Gürcüstanda, Hollandiyada, Fransada, Misirdə keçirilən Beynəlxalq Teatr Festivalların iştirakçısı olub. Rusiyanın İrkutsk şəhərində festivalda "Leyli və Məcnun" tamaşasındakı çıxışına görə "tamaşanın mürəkkəb plastik həllində parlaq aktyor oyunu" diplomu ilə təltif olunub.

Aktrisa 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident mükafatına layiq görülüb.

Filmləri: "Yenə o bağ olaydı" (2002), "Manqurt" (2003), "Qurban" (2011), "Şəbəkə" (2011).

- Maraqlı bioqrafiyanız var, rəqqasə olmaq istəmisiniz, sonra modelyer-dizayner üzrə təhsil almısınız. Və təsadüfən aktyorluğa qəbul olunmusunuz?

- Uşaqlıq illərində rəqqasəlik sənətinə meylim o qədər güclü idi ki, mənə elə gəlirdi, doğrudan da, məşhur rəqqasə olacağam. Sonra təhsil istiqamətim dəyişdi, öncə modelyer- dizaynerlik üzrə təhsil aldım. Daha sonra rəqqasəliyə yaxın olan xoreoqrafiya şöbəsinə sənədlərimi verdim, qəbul etmədilər, çünki xoreoqrafiya üzrə orta təhsilim yox idi. Bu məni çox kədərləndirdi, ancaq həmin vaxt sənədləri qəbul edən xanım dedi ki, "fərqi nədir, sənədlərinizi aktyorluğa verin, orda da rəqs edirlər".

- Deməli, həmin xanım təsadüfən sizi qismətinizə yazılan peşəyə yönəldib?

- Doğrudan da, o xanımın sözü ilə heç fərqində olmadan sənədlərimi aktyorluğa verdim. Hələ də imtahan gününü unutmuram. Cəmi 2 günə imtahanlara hazırlaşdım. Rusiyada doğulan, rus dilində təhsil alan biri üçün Azərbaycan dilində imtahanlara hazırlaşmaq o qədər də asan deyildi. Çox çətinlik çəkirdim, ancaq ruhdan düşmədən hazırlaşmaqda davam etdim. İmtahanı Həsənağa Turabov, Bəxtiyar Xanızadə, Əzizağa Quliyev və b. götürürdü. Özümü təqdim edən kimi başa düşdülər ki, rusdilliyəm və nə üçün Azərbaycan dilində təhsil almaq fikrinə düşdüyüm soruşdular. Hiss etdim ki, məni aktrisalığa qəbul etmək istəmirlər, dedim ki, yavaş-yavaş öyrənərəm də. Əslində onlara haqq verirdim, aktrisalığa o qədər də uyğun gəlmirdim, boyum balaca idi, Azərbaycan dilində zorla danışırdım, hətta aktrisalığa heç həvəsim də yox idi... Ancaq tale, qismət başqa şey deyir. İmtahan götürən müəllimlər içində məni aktrisalığa layiq görən, bəlkə də məndəki sənət işığını görən Bəxtiyar Xanızadə oldu, məni dəstəklədi, beləliklə də, İncəsənət Universitetinə qəbul olundum. Bəxtiyar müəllim bizim kursa səhnə hərəkəti, qılınc təlimindən dərs deyirdi. Günlərin birində məni öz teatrına dəvət etmək istədiyini bildirdi.

Təklif məni çox sevindirdi, beləcə tələbə vaxtlarımdan aktrisalıq fəaliyyətim başladı. Məşqlər, dərslər, tamaşalar, bunların hamısı bir tələbə üçün böyük təcrübə idi.

- İncəsənət Universitetində oxuyanların əksəriyyətinin adətən ən böyük arzusu Akademik Milli Dram Teatrında çalışmaq olur...

- Tələbə yoldaşlarımla söhbət zamanı hərə çalışmaq arzusunda olduğu bir teatrın adını çəkirdi. Doğrusu, mənim belə arzularım olmurdu, sanki özümü aktrisalığa yaraşdırmırdım. Mənim fikrimcə, aktrisa gözəl, boylu-buxunlu olmalıdır. Dil məsələsi isə mənim ən yaralı yerim olaraq qalırdı, o vaxta qədər ki, mən doğma dilimizi mükəmməl öyrənə bildim. Bəxtiyar müəllimin teatrında fəaliyyətə başlamaq mənim üçün ən böyük həyat və sənət məktəbi oldu. Ustadımız Bəxtiyar Xanızadə sənətin dərin bilicisi olduğu qədər də çox tələbkardır. Sənətlə bağlı heç bir güzəşt ola bilməz. Heç unutmuram, bir dəfə dərsə gecikmişdim, Bəxtiyar müəllim məni dərsə bıraxmadı.

- Bildiyimə görə, Bəxtiyar müəllim teatrda məşqə gecikənə də güzəşt etmir?

- Əslində onun tələbkarlığı birbaşa sənətə xidmət edir. Sənət adamı sənət naminə tələbkar olmasa, o zaman hansı sənətdən söhbət gedə bilər ki?! Təsəvvür edin ki, Pantomim Teatrında hazırlanan tamaşalardan sonra adətən diskussiyalar təşkil olunur. Ustadımızın yeni hazırlanan tamaşa haqqında geniş fikirlər öyrənmək istəməsi artıq qaydaya çevrilib. Çox vaxt tamaşalar adsız olaraq təqdim olunur və tamaşaçı auditoriyası tamaşanı izlədikdən sonra ona ad verir. Misal olaraq "Mən və mən", "Çərçivə", "Dejavü", "Adsız" tamaşalarını göstərə bilərəm. Hətta elə olur ki, əcnəbi qonaqlarımız bizim hazırladığımız tamaşalar haqqında başqa dillərdə fikir mübadiləsi aparır.

- Pantomim Teatrı ilə bir çox beynəlxalq festivallara qatılmısınız və Vətənə adətən mükafatlarla dönmüsünüz...

- Bu teatrda daima uğur qazanmışam. Dünyanın bir çox ölkələrində ölkəni, mədəniyyətimizi təbliğ etmişik. Rusiyanın İrkutsk şəhərində keçirilən festivalda "Leyli və Məcnun" tamaşasındakı çıxışıma görə "Tamaşanın mürəkkəb plastik həllində parlaq aktyor oyunu" diplomu ilə təltif olunmuşam. Yeri gəlmişkən, Moskvanın pantomim üzrə professoru İlya Rutberq orada münsif idi. Ümumiyyətlə, dünya ölkələrində festivallara qatılmaq sənət adamı üçün çox vacibdir. Düşünürəm ki, aktrisanın, aktyorun dünyagörüşünün formalaşmasında rol oynayan amillərdən biri də sənətlə bağlı beynəlxalq festivallara qatılmaqdır.

- Aktyorluq üçün isteddan başqa, daha nələr vacibdir?

- Öz üzərində çalışmaq, özünə qarşı tələbkar olmaq olduqca vacibdir. Əslində, aktyorluq daim öyrənməyi tələb edən, daima formada qalmağı tələb edən bir sənətdir. Aktyor roldan-rola dəyişir, bəzən özünü rola, bəzi hallarda isə rolu özünə uyğunlaşdırır. Obraz üzərində olan iş prosesi az bir zamanı da əhatə edə bilər, uzun bir zamanı da. Nə olur-olsun, yetər ki, obrazı daxilinə tam olaraq uyğunlaşdıra biləsən.

- Obrazlar silsiləsi yaratmısınız, onları necə fərqləndirirsiniz?

- Ustadımız teatrda bir araya gələn aktyorların qabiliyyətinə yaxşı bələd olduğuna görə hər kəsə uyğun rollar verir. Mənim üçün yadda qalan "Leyli və Məcnun" tamaşası idi, bəlkə də ilk tamaşam olduğuna görə hələ də unutmuram. Çox sevdiyim tamaşalardan biri isə S.Ekzüperinin "Balaca şahzadə"sidir. Bu tamaşada şahzadəni oynayırdım. Oynadığım rollar bir-birindən çox fərqlənir və rəngarəngdir. Məsələn, "Maska" tamaşası bir başqa, "Adsız" isə tamamilə fərqlidir, eləcə də yapon həyatından bəhs edən "Kesa və Morito" və s. Mən rollarımı çox sevirəm, onların hər biri insan taleyidir. Daim rollarda özümü, özümü isə rollarda tapmağa çalışıram. Doğrudur, xarakter etibarilə qəhrəmanları bir- birindən fərqləndirmək çətindir. Məsələn, hamı eyni hissləri keçirir, hamı kədərlənir, sevinir, ağlayır, əzab çəkir, qəzəblənir və s. Ancaq bu hər kəsdə fərqli olur. Hər kəs sevincini, kədərini, qəzəbini fərqli göstərir. Bu baxımdan düşünürəm ki, əsas olan formanı tapmaqdı.

- Pantomim Teatrında səsli tamaşalarınız da az deyil...

- Teatrımız çoxşaxəlidir və səsli tamaşalarımız da var.

"Dəli Domrul", "Məlikməmməd", "Manqurt" kimi uşaq tamaşalarında mahnı ilə bərabər mətn də var. Səssiz tamaşalarla nə qədər çox fikri ifadə edə biliriksə, səsli tamaşalarda da bir o qədər çox fikir söyləyə bilirik. Sadəcə, bir fərqi var ki, səssiz tamaşa tamaşaçıdan diqqət tələb edir. Tamaşaçı bir saniyə belə diqqətini tamaşadan ayırmamalıdır, əks halda heç bir şey başa düşməyəcək. Çünki səhnədə sadəcə hərəkət, mimika danışır.

- Bəzən tamaşaçı tamaşanın necə çətinliklər hesabına başa gəldiyinin fərqində olmur...

- Aktyorun yetişməsində məşq prosesi böyük rol oynayır. Elə hallar olub ki, bir tamaşanı gün boyu 7 saat ərzində məşq etmişik. Misal üçün, "Manqurt" tamaşası, bu tamaşada mahnı, rəqs, eyni zamanda mətn var, hətta bir çox dildə - yunan, ispan, ingilis, alman və s. Elə hallar olur ki, bir tamaşanı gün ərzində 6 dəfə məşq edirik. Tamaşalarda iki obrazı yaratdığım zamanlar da olub. "Kölgə" adlı tamaşada qoca nənəni və eyni vaxtda gənc bir qızı oynayırdım. Qoca nənənin səhnəyə gəlişi astadır, titrək halda, yavaş-yavaş səhnənin ortasına gəlirdim. Onun səhnəyə gəlişini necə ləng hərəkətlə göstərirdimsə, gənc obrazda bir o qədər şıltaqlıq, çılğınlıq edirdim. Bu iki obraz bir-birinin əksi idi, amma mən bir aktrisa olaraq üzərimə düşən vəzifənin öhdəsindən gəlməliydim.

- Pantomim Teatrının, demək olar ki, bütün repertuarında varsınız, bildiyimə görə, quruluş verdiyiniz tamaşalar da var...

- Doğrudur. Bəxtiyar müəllim hər zaman deyir ki, mənim aktyorlarım eyni zamanda həm rejissor olmalıdırlar, həm də dramaturq. Yaxşı yadımdadır, truppa hələ yeni yarandığı vaxtlarda bir gün bizə tapşırdı ki, hərəniz bir rəqs kompozisiyası qurun. Sonra ustadımız qurduğumuz kompozisiyalardan tam bir tamaşa hazırladı. "Zibillik pərvanələri" adlı tamaşa məhz belə yarandı. Şəxsən mənim müəllifi olduğum tamaşaların hər biri müşahidilərim əsasında yaranıb. Təəssüratlara, müşahidələrə açıq olmağı bizə Bəxtiyar müəllim məsləhət görür. Bildiyiniz kimi, artıq internet həyatımızın bir hissəsinə çevrilib, dünya ilə olan əlaqələrdə məhz internet köməyimizə çatır. İnternet vasitəsilə dünya teatrlarının tamaşalarını izləyir, onlar üzərində fikir mübadiləsi aparır, çox vaxt bir şeylər öyrənirik. Mənə elə gəlir ki, aktyor öz üzərində olduqca çox çalışmalıdır, çox mütaliə etməlidir, dünyagörüşünü formalaşdırmaq üçün hər sahədən azacıq da olsa anlayışı olmalıdır.

ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.