Mədəniyyət

"Nəsimi" filminin KADRARXASI: 5 min adam bir papağı gözlədi - FOTO

31 Yanvar 2015 15:22
2 Şərh     Baxış: 9 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az bildirir ki, modern.az saytının "Kadrarxası" layihəsinin buhəftəki qonaqları Azərbaycanın görkəmli aktyoru, xalq artisti Rasim Balayev və istedadlı aktrisa Xalidə Quliyevadır. Onlarla birlikdə kino tariximizə öz möhürünü vurmuş "Nəsimi" filmindən bəhs edirik.

"Nəsimi" filmi yazıçı İsa Hüseynovun "Məhşər" romanı əsasında lentə alınıb. Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin tərənnümçüsü olan İmadəddin Nəsimiyə həsr olunub. Film şairin 600 illik yubileyi münasibətilə çəkilib.

Müəlliflər çəkilişinə 1972-ci ildə başlanan ekran əsərində həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün görkəmli nəsimişünasların, filoloqların, sənətşünasların məsləhət və təkliflərindən istifadə ediblər.

1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə "Nəsimi"yə mükafat verilib.

Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayev II mükafat alıb. Böyük ekranlara çıxdıqdan sonra film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Filmin ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissor Həsən Seyidbəyli, quruluşçu operator Rasim İsmayılov, quruluşçu rəssamlar Məmməd Hüseynov, Mais Ağabəyov, bəstəkar Tofiq Quliyev, direktorları Daniil Yevdayev, Bəşir Quliyevdir.

Rollarda Rasim Balayev, Xalidə Quliyeva, İsmayıl Osmanlı, Yusif Vəliyev, Məmmədrza Şeyxzamanov, Kamal Xudaverdiyev, Muxtar Manıyev, Əbdül Mahmudov, Səməndər Rzayev, Almaz Əsgərova, Tofiq Mirzəyev və başqaları çəkiliblər.

Arayış: Xalidə Quliyeva 1952-ci ildə Bakıda anadan olub. 1970-ci ildə 62 saylı orta məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Adil İsgəndərovun kursunda oxuyub. Təyinatla kinostudiyaya gedib və 1996-cı ilə qədər orada da çalışıb.
Hazırda müqavilə ilə müxtəlif kino və seriallara çəkilir. Ailəlidir, qızı Afaq müəllimədir, oğlu Nəcəf Avropa da magistr təhsili alır. İki nəvədən biri Ülvi 7-ci sinifdə oxuyur, "adını çəkməsəm, saçımı yolar" dediyi Sürəyya isə 5 yaşındadır.

Arayış: Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu 1969-cu ildə bitirdikdən sonra ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb.
Xalq artisti, dövlət mükafatı laureatı "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. Bir sıra orden və medallarla təltif olunub. Ailəlidir, iki övladı var.

"İsa Hüseynovun ssenarisini bəyənməmək olmazdı"

Xalidə Quliyeva: "Tofiq Tağızadə "Qızıl qaz" filminin çəkilişinə başlayırdı, artıq seçimlər gedirdi. Mən həmin filmdə Validə roluna dəvət aldım. Tapşırığa əsasən, hər kəs nəsə hazırlamalı idi. Mən də "Mən, o və dəniz" adında mənzum hekayəni Tofiq müəllimin qarşısında söylədim. Soruşdu ki, "müəllif kimdir?" Dedim: "Anar". Amma əslində Anar yazmamışdı. Sadəcə elə dedim ki, mənim çıxışımı bəyənsin, fikirləşsin ki, qız tanınmış yazıçının əsərini öyrənib. O yoxlanışdan sonra Validə roluna təsdiq olundum. İkinci dərəcəli obraz olsa da, bu, mənim ilk işim idi. Həsən Seyidbəyli məhz o filmə baxandan sonra məni bəyənmişdi. Yoxsa həmin vaxt mən birinci kurs tələbəsi idim, haradan tanıyacaqdı məni...

Bəyəndiyi üçün də məni "Nəsimi" filminə dəvət etmişdi.

Ümumiyyətlə, kino sənətini, kinonu çox sevən adamam. Elə bir film yoxdur ki, mən onu izləməyəm. Rusiya və yerli istehsalda olan filmləri izləyirdim. Bəxtimdən elə oldu ki, instituta daxil olduğum il bizi böldülər: Kino aktyorluğu və Dram aktyorluğu fakültələrinə. Mən Dram aktyorluğu fakültəsinə düşdüm.

1973-cü ilin əvvəlləri idi. Dərs vaxtı auditoriyada oturmuşdum. Əşrəf Mamayev (filmin ikinci rejissoru, o vaxt kim olduğunu bilmirdim) adlı bir nəfər gəldi və dedi ki, "Xalidə Qasımova lazımdır, Həsən Seyidbəyli onu görmək istəyir". Mən icazə aldım və ilk dəfə olaraq Həsən müəllimin görüşünə getdim. O vaxtı Həsən müəllim Azərbaycan Kino İttifaqının sədri idi. Kabinetə girdim. Bəstəboy, gülərüz bir insan məni elə qarşıladı ki, elə bil 100 ildir məni tanıyır.

Böyük səmimiyyətlə məni salamladı, "xoş gəlmisən, buyur, əyləş" dedi. Mən də o vaxt çox qarabaq, qaradinməz bir qız idim. Ümumiyyətlə, sadə geyimim vardı, qətiyyən kosmetikadan istifadə etmirdim. Mənə dedi ki, "bir ssenari var, film çəkəcəm". Bu əlbəttə ki, mənim üçün çox maraqlı idi, o anlar çox həyəcanlı idim.

Həsən müəllim dedi: "Ssenarini İsa Hüseynov yazıb. Al, apar oxu, hansı obrazı bəyənsən, səhər gələndə deyərsən. Hansı rol xoşuna gəlsə, onu da oynayarsan. Mən də ssenarini götürdüm, gəldim evə. Təsəvvür edin, İsa Hüseynovun yazısı... Bildiyiniz kimi ssenarinin peşəkar biri tərəfindən yazılmağı çox vacibdir. İsa Hüseynov özü də qələm sahibi, yazıçı idi, ssenaristlik fakültəsini bitimişdi. Bütün bunların timsalında çox gözəl yazmışdı. Mən ssenarini oxudum və səhərə qədər yata bilmədim, ağladım. Nəsiminin edam səhnəsi mənə elə çox təsir etmişdi ki... Bu qədər insanın içində Nəsimi mənim üçün bir günəş idi. Öz-özümə sual verirdim ki, bu günəşin sönməsinə necə razı oldular, niyə qalxıb onu müdafiə etmədilər, cəlladların üstünə yerimədilər. İçimdə bir üsyan qalxmışdı".

Müsahibimiz deyir ki, səhər Həsən müəllimin yanında gələndə Fatiməni oynamaq istədiyini bildirir. Həsən müəllim də "mən də səni elə Fatimə rolu üçün nəzərdə tumuşdum" cavabını verir. "Beləcə məşqlər başladı və düz iki ay davam etdi".

"Ssenarini mənə xəstəxanada verdilər..."

Rasim Balayev: "Təxminən 1972-ci il idi. Xəstəxanada yatırdım. Stress, əsəb məni əldən salmışdı, depressiyada idim. Özümü çox pis hiss edirdim. İkinci rejissor xəstəxanaya gəldi. Oxumaq üçün ssenarini mənə verdi, "oxu" dedi və getdi.

Mən heç oxumadım, çünki inanmırdım ki, doğrudan da filmə çəkmək istəyirlər. Həm də xəstəliyimdən dolayı inanmırdım ki, yenidən düzələrəm... Növbəti dəfə gələndə oxumasam da yalandan dedim, oxudum. Çox gəldilər-getdilər, əl çəkmədilər. Nəhayət xəstəxanadan çıxdım, məni məşqə dəvət etdilər. 2 ay məşqdən sonra kinoya çəkilmək üçün təsdiq olundum. Sonradan rəhmətlik Həsən Seyidbəyli dedi ki, məni televiziyada şeir deyəndə görüb, İsa Hüseynovla birlikdə bəyəniblər. Üz cizgilərim onların çox xoşuna gəlsə də, bir aktyor kimi nəyə qadir olduğumu bilməyiblər. 2 aylıq məşq də bundan ötrü idi ki, tam qərara gəlsinlər".

Xalq artisti qeyd edir ki, şeirləri deyəndə heç bir çətinliyi olmayıb: "Çünki institutda bunları öyrənmişdim. Səsyazma olmadığından televiziya verilişlərində şeirləri canlı deyirdim. Ümumiyyətlə, tez-tez dəvət alırdım, həm müəyyən tədbirlərdə aparıcılıq, şeir demək, həm də tamaşalarda oynamaq üçün. Hamısı da canlı olurdu".

"Rasim Balayev Həsən Seyidbəylinin kəşfidir"


Xalidə Quliyeva: "Qeyd edim ki, film dövlət tərəfindən Heydər Əliyevin göstərişi əsasında Nəsiminin 600 illiyinə həsr olunurdu. Yubileylə bağlı Nəsiminin heykəli hazırlandı, rəssamlar onun portretini çəkdilər, balet quruldu və s. Beləcə böyük şairin yubileyinə dövlət səviyyəsində sürətli hazırlıq gedirdi.

Bu filmin çəkilişinə böyük pul ayrılmışdı. Məhz birinci katib Heydər Əliyevin istəyilə film Həsən Seyidbəyliyə həvalə olunmuşdu. Bircə mübahisə Nəsimi obrazını üstündə oldu. Mərkəzi Komitə başqa adamları təklif edirdi, amma rejissor Rasim Balayevdən əl çəkmədi.

Demək olar ki, Həsən Seyidbəyli Rasim Balayevi Azərbaycan kino sənəti üçün kəşf elədi. Həsən müəllim onun ifasına çox ciddi yanaşırdı, həm də çox tələbkar idi. Çəkiliş prosesində rejissor bəzən əsəbləşirdi, qışqırırdı. Rasimin sıxıb suyunu çıxarırdı, ta ondan istədiyini alana qədər. Nəinki Rasimə qarşı, hamımıza qarşı belə idi. İstədiyini alanadək suyumuz çıxırdı. Həsən Seyidbəyli işinin peşəkarı idi deyə, bizdən də peşəkarlıq tələb edirdi.

Bildiyiniz kimi, o, Azərbaycan kinosuna ən böyük həyat gətirdi, həyata bənzər kino estetikasını yaratdı. Pafosdan, patetikadan uzaq bir kino bəxş etdi. "Sən niyə susursan", "Bizim Cəbiş müəllim" kimi...

"Nəsimi" tarixi bir film idi. Bu cür filmləri çəkmək çətin idi. O mühiti yaratmaq üçün kostyumlar, obrazların dəqiq seçilməsi, əlbisələr, interyer, hər şey ayrı-ayrılıqda şərt idi. Bu ekran əsərində kütləvi səhnələr də çoxdur. Bu baxımdan Həsən müəllim hər şeyi birəbir həyata keçirirdi. Həmin o estetikanı, səmimi, yaxından, içdən danışıq tərzini bu filmə gətirmişdi. Hər kəs öz yerində idi. Məsələn, Yusif Vəliyevin Teymurləng obrazı. İndi də gözümün qarşısındadır. Əgər dünya kinematoqrafçıları film çəksə və Teymurləngi oynamaq lazım gəlsəydi əminəm ki, heç kim Yusif Vəliyevdən yaxşı oynamazdı. Rasim Balayevin özü o qədər möhtəşəm idi ki, sözlə ifadə etmək olmur. Əslində bu filmin əsas uğuru düzgün aktyor seçimi idi.

Bu film Rasim Balayevin ilk böyük işi idi deyə, Həsən müəllim onunla çox məşğul olurdu. Onu o vəziyyətə kökləyirdi, yaradıcılığa çox böyük üstünlük verirdi. Hansı rolu oynamağımızdan asılı olmayaraq, hər kəs öz hisslərini ortaya qoyurdu. Çünki obraz oynayan adamın öz taixçəsi, intellekti olmalı, hardasa faciələr yaşamalı, ağrını hiss etməlidir. Onda daha təsirli obraz yaratmaq olur, belə olan təqdirə tamaşaçıda inam yaranır. Həmin dövr Rasim üçün çox ağır idi, depressiyaya düşmüşdü. Bu filmə çəkilmək üçün onu xəstəxanadan çıxarıb gətirdilər. Rasim sənətini atmaq istəyirdi. Beləcə Nəsimi filmi onu o stressdən qurtardı. Həsən Seyidbəyli onu kəşf etdi. Eləcə də mən. Çünki, mənim də ilk böyük işim idi. Bu filmdən sonra kino yaradıcılığında mənə yaşıl işıq yandı. Dövlət səviyyəsində çəkildiyindən məsuliyyəti də çox idi.

Filmə təsdiq olunandan sonra biz iki ay məşq etdik. Çəkiliş başlayanda biz artıq hazır idik.

Digər aktyorlar üçün əlbəttə ki, sınaq çəkilişləri oldu. Amma mən Fatimə obrazı üçün sınaq çəkilişində olmadım".

Film əsasən Qobustanda, Naxçıvanda-Əlincə qalasında, Suraxanıdakı Atəşgah kompleksində, İraqda-Hələb şəhərində (dəyirmanın fırlanması kadrı), Ramana qalasında, Özbəkistanın Urgenç vilayətinin Xivə şəhərində ekranlaşdırılıb.

"45 kiloqram çəkidə cılız bir qız idim"

Xalidə Quliyeva: "Filmdə saçım çox uzun idi. Qrim etmək üçün məni qrim otağına gətirdilər. Qrimyor çox peşəkar olan Volodya idi. O dedi ki, "Həsən müəllim, bunun saçın kəsmək lazımdır, nə parik, nə də başqa bir şey, ən yaxşısı - kəsək". Mənim də hörüklərim vardı.
Həsən müəllim üzümdə yaranan ifadənimi gördü, axı biz azərbaycanlılar saça önəm veririk. Baxdı mənə dedi ki, "yox, onun bir tükünə də əl vurmazsan".

Saçımı özbək qızlarının saçı kimi hördülər. Neçə dənə hörük edib başıma doladılar, pariki də üstdən taxdılar. İsti havada çox çətin idi, yun corablar, üstündən çarıq, qalın geyimlər, dəbilqə başımızda... Bir mənə yox, hamıya çətin idi. Təsəvvür edin ki, yayın qızmarında hamı papaqda, xüsusilə də Teymurləngin, Nəsiminin geyimləri...

Kino asan başa gəlmir, çətinliklərin olması təbiidir.

Yadımdadır, Qobustandakı çəkilişdə rejissor assistentini ilan sancdı, özüm atdan yıxıldım, gündən zəhərlənmələr oldu, sonda ölüm-itim olmasa da, xəstəxanlıq olanlarımız vardı. Kütləvi səhnədə çəkilən aktyorlardan birini gün vurmuşdu.

Qobustan yayda necə olur hamı bilir, ilanlar mələyir, hər addımda ilan vardı. Biz hər şeyə hazır idik. Həkimlərdən tutmuş texniki məsələrə qədər hər şey hazırlıqlı idi, təkcə qalırdı yaradıcılıqla məşğul olmaq. Kütləvi səhnədə hamının at çapdığı yerdə atdan yıxıldım. Haradakı Fatimə atası Nəimini kəcavədə tapmır, anlayırlar ki, onu başqa bir yolla aparıblar. Atdan yıxıldığıma görə ümumi planda atı mən çapmadım, dublyor oynadı. Amma iri plandakı mən idim. Əvvəlki filmlərdə at çapmağı öyrənmişdim, amma atlar yarış atları kimi çox sürətli idi deyə, çətin olurdu. Həmin filmdə də atdan yıxılmışdım, orada çoban qızı oynayırdım. 19-20 yaşlarında 45 kiloqram çəkidə cılız bir qız idim".

Mərkəzi Komitə Rasim Balayevin Nəsimi roluna çəkilməsinə qarşı çıxır

Rasim Balayev: "Filmin yaradıcıları istəyirdi ki, yeni sima təqdim etsinlər. Buna baxmayaraq, mənim özümdə inam yox idi. Çünki o vaxt bir neçə filmdə yoxlansam da, məni çəkməmişdilər. Buna görə də inamım qalmamışdı. Eşitmişdim ki, Nəsiminin yubileyini YUNESKO keçirəcək, bu səbəbdən ümumiyyətlə inamsızlığım vardı. Hətta əmin idim ki, rolu hansısa təcrübəli bir aktyora verəcəklər. Çünki eşitmişdim ki, hətta Rusiyadan aktyor dəvət etmək istəyirlər.

Həmin vaxtlar mənim xəbərim olmasa da, sonradan eşitdim ki, mənim filmə çəkilməyimə etiraz edənlərdən biri Fərhad Xəlilovun atası Qurban Xəlilov olub. O zaman o, Nəsiminin yubleyinin keçirilməsi ilə bağlı yaradılmış dövlət yubiley komissiyasının sədri Heydər Əliyevin müavini vəzifəsində çalışırdı. Həsən müəllimin filmə yeni sima gətirmək istəyini biləndə çox hirslənib. Məsuliyyətli bir iş olduğundan "risk etmək olmaz" deyib. Təklif edib ki,  tanınmış, səriştəli  aktyorlardan biri dəvət olunsun.

Amma Həsən Seyidbəylinin israr və xahişindən sonra mənim çəkilməyimə razılıq verirlər. Çünki Həsən müəllim məndən başqa heç kimi bu obrazda görə bilmədiyini israrla vurğulayır.

Sonradan Həsən Seyidbəyli "Nəsimi"nin ən vacib səhnələrini bizə məşq elətdirdi. Rejissorda tam əminlik yarandı və beləcə Nəsimi roluna təsdiq olundum".

Bu isrardan sonra Qurban Xəlilov Həsən müəllimə: "Nə baş verəcəksə, hamısının məsuliyyəti sənin boynundadır", - deyib.

Aktyor deyir ki, film uğurlu alınandan sonra Qurban müəllim tədbirlərin birində hətta buna görə ondan üzr də istəyib: "Oğlum, mən sənin bu rola çəkilməyinə qəti şəkildə etiraz edirdim. Qorxurdum ki, gəncsən, birdən bacarmazsan. Hər şey hədər gedər".

Aktyor deyir ki, dəvələr, edam səhnəsi Özbəkistanın Urgenç vilayətinin Xivə şəhərinə ekranlaşdırılıb. "Əslində Nəsimini Hələbdə öldürüblər. Bizim ora getməyimizə imkan yox idi deyə, çəkilişləri Xivədə reallaşdırdıq.

Edam olunmağıma qalanda, mən ümumiyyətlə heç bir filmdə belə bir epizod görməmişdim, eşitməmişdim. Bilirdim ki, müxtəlif filmlərdə insanlar müəyyən mənada cəzalandırılır, öldürülür, amma bu cür insan dərisini soymaqla edam olunmasını bu ssenaridən oxudum.

Qanın, üzümün rəngini qrimlə, rənglə düzəltdilər, bunlar texniki tərəf idi. Əsas olan isə psixoloji məqam idi, mən ağrını hiss etməli idim ki, obraz canlı alınsın. Biri var, adi bir insanın ağrısı, qışqırıb-bağırmağı, bir də var Nəsimi kimi dahinin ağrısı. Nəsimi həm ağrıyır, həm dözür, həm də təslim olmurdu, iztirabı daxilən yaşayırdı.

Nəsə o ağrı məsələsində bir az çətinliyim oldu. İsa Hüseynov təklif elədi ki, əlimdə mıx saxlayam və sıxam. Bununla da müəyyən ağrı hissi yaransın. Elədim, əlimi də deşdim,  amma bir faydası olmadı. Beləcə ilk gün çəkiliş alınmadı. Çünki rejissorun istədiyi bu deyildi. Uzun axtarışdan sonra filmdə eşidilən "mmm" iniltisini elədim. Və kadr çəkildi, inandırıcı alındı. Baxan tamaşaçı da o iniltiyə, iztiraba inandı: ağrısa da Nəsimi düşmənə yalvarmır, dözür...

Həmişə məndən soruşurlar ki, "dərini necə soydular, qanın necə yerə töküldü". Bu çətin iş deyil. "Kapron"un içinə rənq qoyulur və lazım olan məqamda onu soyundururlar və qan tökülməyə başlayırdı. Demək istəyirəm ki, bunlar hamısı texniki tərəflər idi. Əsas onu hisslərlə canlandırmaq lazım idi".

Xalidə Quliyeva: "Nəsiminin edamı o qədər inandırıcı idi ki, kütləvi səhnədəki insanlar belə, çox həyəcan keçirirdilər. Onları izləyəndə elə başa düşmək olardı ki, doğrudan adam edam olunur. Onu da deyim ki, Nəsiminin edam səhnəsinin çəkilişi birinci gün alınmadı, Həsən Seyidbəyli razı qalmadı. Rasimə bir gün yemək vermədilər ki, sönük, halsız, solğun görünsün. Amma ikinci dəfə Həsən müəllim və Rasimin səyilə çox möhtəşəm alındı. Düşünürəm ki, o film başqa bir rejissora həvalə olunsaydı, belə effektli alınmayacaqdı.
"Nəsimi"dən sonra çəkilən tarixi filmlər də, bu qədər real, inandırıcı olmadı. Çünki bu filmdə insan faktoru vardı. Tarixi film olmağına baxmayaraq insan ruhunun azadlığı öndə tutulmuşdu.

Film festivalında Rasim ən yaxşı kişi roluna görə ödül qazandı, sonra ən yaxşı tarixi film adına layiq görüldü. O zaman Mərkəzi Komitə filmdən çox razı qaldı".

Birdən yada düşdü ki, Teymurləngin papağı Bakıda qalıb...

Xalidə Quliyeva: "İnsanların kütləvi şəkildə əllərində ənamla, hədiyyələrlə gəldiyi yer Şirvanşahlar sarayında lentə alınıb. Teymurləngin əsgərlərlə yürüşünü Mərəzə yolunda Cəngi deyilən yerdə çəkdilər. Kütləvi səhnədə oynayacaq 5 minə qədər aktyor, könüllü adamlar, tələbələr kinostudiyada kostyumları geyinib avtobusla Cəngiyə yollandı. Bəlkə də 50-60 avtobus adam "Şamaxinka" yolunda düzülmüşdü.

Çəkiliş zamanı məlum oldu ki, Teymurləngin papağı kinostudiyada qalıb. Təsəvvür edin, o istidə minlərlə insan Teymurləngin papağını gözləyib. Nə isə, papaq gətirildi, start veriləndə qəfil yağış başladı. Həmin səhnədə vertolyotdan çəkiliş olacaqdı, o da alınmadı. Gözlədilər, yağış dayandı, görkəmli operatorumuz Rasim İsmayılov dağın başında kamera qoyaraq çəkiliş etdi. Yağış yağsa da, çəkilişi saxlamadılar. Start verildi, çəkiliş başladı. Bir də eşitdik ki, rejissor, operator qışqırır "a bala, heç çətir yeridir?!" Sən demə, kütləvi səhnədəki əsgərlərdən biri islanmasın deyə başına çətir tutubmuş... Hamıya maraqlı gəldi ki, bu adam bu həngamədə çətiri hardan tapdı...

Təsəvvür edin, 14-15-ci əsrdən bəhs edən filmdə  çətir görüntüsü...

Ümumiyyətlə, kollektiv özü peşəkarlardan təşkil olunmuşdu. Çox qürurvericidir ki, o yaşda o cür insanlarla birlikdə eyni meydanda oldum. Bu böyük zövq idi mənim üçün. Aktyor ansamblı çox maraqlı idi. Bir sözlə, möhtəşəm film idi.

Teymurləngi oynayan Yusif Vəliyev o qədər istedadlı idi ki, hətta axsamaq məsələsində də inandırıcı oynayırdı. Neçə illər teatrda çalışmış peşəkar aktyor idi. İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanovun obrazı özü faciədir. Hər şeyini, hətta bircə qızı Şəmsi də ideyaya qurban verir. Balasını itirdikdən sonra bayquş kimi tənha qalır".

X.Quliyeva deyir ki, Fatimənin ud çalması səhnəsində ilk dəfə əlinə bu musiqi alətini götürüb.

"Qobustanda Fatiməni Nəiminin edamına baxmağa qoymadıqları səhnə çəkilirdi. Təlimata görə,  "atamı" sağ ikən görmək üçün dağa dırmanırdım. Çəkiliş prosesində əlimin üstündə nəsə isti bir şey hiss etdim. Operator çəkirdi  deyə əlimin üstündəki nə idisə yerə atdım, təzədən sürüşüb aşağı gəldim. Kadr çəkildi. "Stop" deyiləndə gördüm hamı mənə tərəf gəlib soruşurlar ki, "bir şey olmadı?".

Demə əlimdə istiliyini hiss etdiyim əqrəb imiş. Çox həyəcanlı olduğumdan əqrəb də məndən qorxub. Çəkiliş qrupu da nigaran olub ki, "vay, Xalidəni əqrəb sancdı".

Bakıdakı çəkilişlərdə iş vaxtı gəlirdik, iş bitəndə evimizə gedirdik, amma Naxçıvandakı çəkilişlər üçün 1 ay orada qaldıq. Çünki yol uzun idi, gəlib-getmək olmurdu.

Nəsiminin edamı, dəvələr, müridlərin, Əbdül Mahmudovun oynadığı dərviş səhnəsi Özbəkistanda-Xivədə ekranlaşdırılıb".

"İsa Hüseynov başqa aləm idi"


Rasim Balayev: "İsa Hüseynovun bu filmə necə can yandırdığını gözlə görmək lazım idi. O qədər səmimi, işini bilən idi ki, heyətlə birgə hər gün çəkiliş meydanına gedirdi, çəkiliş prosesində müəyyən təkliflər verirdi, dəyişikliklər edirdi. Həsən müəllim də zarafatla deyirdi: "A kişi, yazmısan, lap yaxşı, qoy çəkək də...".

R.Balayev çəkiliş meydanında olan insanların böyük marağını dilə gətirir: "O vaxt aktyora, resjissora, sənətə böyük hörmət vardı. Buna görə də hamısı məsuliyyətlə, canla-başla, məhəbbətlə işini icra edirdi. Yadımdadır ki, əllərim bağlı olan səhnələrin birində susadım. Dedim ki, mənə su verin. İnanın rejissora imkan vermədilər ki, mənə su gətirsin. İnsanlar hərəsi bir tərəfdən kömək etməyə çalışdı. Çox qürurverici anlar idi. Aktyoru yaşadan belə hisslərdir. Tamaşaçı tərəfindən bəyənilmək, sevilmək.

Filmin məsləhətçisi Əli Fəhmi obrazın xarakterini, səhnələrdəki şeir parçalarının deyilmə tərzini tam mənimsəməyimiz üçün qəzəllərin hər misrasını bizə bir-bir izah edirdi.

Deməli, Həsən müəllimlə İsa müəllimin fikirlərinin zidd gəldiyi bir məqam oldu. Rəhmətlik ssenarist təklif etdi ki, Nəiminin edam səhnəsində "Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır" qəzəlini deyim. Həsən Seyidbəyli bu məsləhətdən xoşhal olmadı. Birtəhər razılığa gəldilər. Sonradan rejissor özü də çox bəyəndi".

Rasim Balayevin OLUM ya ÖLÜM məsələsi!

Rasim Balayev: "Nəsimi yeganə tarixi filmdir ki, orada dekorasiya yoxdur. Məsələn "Babək", "Nizami", "Dədə Qorqud"da var, amma "Nəsimi" filmi bütünlüklə naturada çəkilib, pavilyon çəkilişləri olmayıb. Onda mənim 24 yaşım vardı. Bu mənim üçün sıradan deyildi, taleyüklü bir film idi... Müasir filmdə çəkilmək deyildi "Nəsimi".

Əslində bu ekran əsəri mənim üçün risk idi: ya tamaşaçılar tərəfindən qəbul olunmalı idi, ya da sənətdən çıxıb getməli idim. "Nəsimi" mənim ölüm, ya olum məsələmə çevrilmişdi.

Mənim üçün fəxr idi ki, böyük aktyorlarla birgə filmdə rol alıram. Baxmayaraq ki, bundan əvvəl Moskvada bir filmin epizodunda çəkilmişdim, "Nəsimi" mənim ilk böyük işim idi. Həyatda görmədiyim, fanatı olduğum İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev və başqaları ilə oynamaq zövq idi mənim üçün.

Xalidənin də, mənim də ilk işimiz idi. Həm buna görə, əsas da Həsən Seyidbəyliyə görə məsuliyyətimiz birə-on artırdı. İndi baxıram ki, film çəkiləndə Həsən müəllimin 40-42 yaşı olub, amma o vaxt mənə qoca görünürdü. Çox tələbkar, istedadlı, sözün əsl mənasında "ləzzətli" adam idi. İşçi qrupunda çox gözəl ab-hava var idi. Hər kəs bir-birinə dostcasına kömək edirdi.

Bu filmdə neçə kilometrlərlə yol getdik, bir üzü Qobustan, bir üzü Xivə... Fəhlədən tutmuş lap böyüklərə qədər hamı qaynayıb qarışmışdı bir-birilə".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.