Mədəniyyət

Vurğun oğlu Vaqifə rekviyem

31 Yanvar 2015 13:15
0 Şərh     Baxış: 1 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gözün aydın, ölməz şair, dahi Səməd Vurğun!

Özündən qoca, özünə oxşayan, özün kimi saç-saqqalı ağarmış oğlun gəlir görüşünə!!! Bu dünyada çoxlarımızın anlaya bilmədiyi, çoxlarımızın düşüncəsindən çox fərqli düşüncəsi olan böyük Vaqiflə vidalaşdıq, halallaşdıq. Sənə doğru yola saldıq. Nə olar, sənə olan, uca ruhuna olan sevgimizə xatir Sən də onu sevgi ilə qəbul et. Heç düşünmə ki, o, səndən fərqli, səndən yaxşı ömür yaşadı bu dünyada. Səndən 25 il artıq yaşasa da, cismən, ruhən, talecə sənə çox bənzədi ömrü. Ölümü də sənin ölümünə bənzədi. Həyat yaşamı da sənin həyat yoluna bənzədi. Onun da bu dünyada qazanc payı dərd oldu, qəm oldu. O da min üzlü həyatdan bir üzlü ölümlə getdi. Üzüağ, alnıaçıq getdi. Ucuzlaşan həyatda özündən xəbərsiz 75 il ağayana, bahalı ömür yaşadı. Yenə də istəyirdi yaşamaq. Amma Sən bizdən güclü oldun, dahi Səməd Vurğun. Yusifin, Aybənizin arxasınca ərköyün, qarayanız oğlunu da bizdən alıb apardın. İndi Xavər xanım da sevincindən sonsuz məkana sığmır. Sevimli oğlu Vaqif gəlir axı. Yəqin ki, indi Sən də zər qotazlı mütəkkənə dirsəklənib, qarşında pürrəngi çay, sağında Aybənizin, solunda Yusifin duraraq Vaqifini gözləyirsən. Bir az da aralıda, ümid ağacının altında kürəkəni Yusif ağanın balaca cürəsindən qopan qəmli saz havasına qulaq asan Aişə qarı qızı Məhbub xanımı qucaqlayaraq sizə tamaşa edəcəklər...

Ey dahi Vurğun, oğlun Vaqif bu dünyada tənhalıqdan hayqıraraq, "Saxlayın Yer kürəsini, düşmək istəyirəm" deyib bəşəriyyətin qulaqlarını kar etdi... Sonunda nə yazıqlar ki, bizi tərk edib SİZƏ getdi... Amma Vaqif müəllim sağ ikən ölümlə də dost ola bildi. Hətta ölümü ayaqlayıb ölümündən o yanı da gördü. Allahı öz rəngində, öz məkanında duydu. Duyduğunu bizə də dedi. Dedi ki, Allah bütün dinlərin bizə danışdığından da ucadır... O, "Allahdan rahat ömür istəməyin, rahat ölüm diləyin" dedi bizə.

Ağrıları artan zaman Allah qarşısında belə qürurunu sındırmayıb Ona xitab etdi, özünü Ondan sordu... Rahat ölmək üçün Əzrayılsız da dərgaha gedə biləcəyini söylədi...

Allah, nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?

Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

Bax, Vaqifin belə getdi bizdən, belə deyib getdi...

Dahi Vurğun, biz də gələnə kimi ondan muğayat ol!

Yusif Alı Afşar
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.