Mədəniyyət

"Ögey ana"nın Cəmiləsi: "Biz çaya yıxılanda artıq oktyabrın əvvəli idi, su soyuq idi..." - FOTOSESSİYA

28 Yanvar 2015 00:25
9 Şərh     Baxış: 27 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ögey ana"nın Cəmiləsinin Milli.Az-a müsahibəsi

Miqyas etibarilə kiçik bir ölkə olan məmləkətimizin elə təkcə kino tarixinə nəzər salıb ötən əsrdə çəkilmiş filmlərin bir çoxunun bu günə qədər baxımlılıq iqtidarından düşmədiyinin fərqinə varanda qürur keçirməmək mümkünsüzdü. "Azərbaycanın kino incilərindən" adlı layihəmizin bu səhifəsi "Ögey ana" ekran əsərinə həsr edilib. Həmsöhbətimiz isə filmdə Cəmilə rolunu ifa etmiş Sevinc Axundovadı. Sevinc xanım ömrünü pianino çalmağın sirlərini tədris etməyə həsr edib. Tələbələri arasında böyük səhnəyə və hətta dünya səhnəsinə qədər yüksələn gənclər var. Cəmiləni görmüş, ya Sevinc xanımı görmüş - həmin qızcığaz kimi bu xanım-xatın qadın da mehriban, gülərüz, ünsiyyətcildi. Özü də qəhrəmanını sevə-sevə canlandırmağı ötəri hiss kimi solmayıb - iki qız övladından böyüyünün adını Cəmilə qoyub. İncəsənətə olan sevgisi, sayğısı qızlarının peşə seçiminin azadlığına mane olmamaqda da özünü göstərib - Cəmilə xanım modelçi-rəssam, Çinarə xanım isə ixtisasca rejissordu, hazırda Uşaq Filarmoniyasında çalışır.
 

"Ögey ana" bədii tammetrajlı ağ-qara filmi 1958-ci ildə Bakı kinostudiyasında lentə alınıb. 1959-cu ildə Kiyevdə baş tutan Ümumittifaq kinofestivalında III mükafata layiq görülüb. Film 42 yaşlı Nəsibə Zeynalovanın kinoda ilk böyük işidi.
 

Ekran əsərinin ssenari müəllifləri Həbib İsmayılov və eston ədibi Anna Yan, quruluşçu rejissoru Həbib İsmayılov, quruluşçu operatoru Xan Babayev, quruluşçu rəssamları Elbər Rzaquliyev və Məmməd Hüseynov, bəstəkarı Tofiq Quliyev, mahnıların mətninin müəllifi Zeynal Cabbarzadə, mahnıları ifa edən Şövkət Ələkbərovadı.
 

Filmdə Nəcibə Məlikova (Dilarə), Fateh Fətullayev (Arif), Həqiqət Rzayeva (Qəmər), Ələsgər Ələkbərov (Hüseyn dayı), Hacı Murad Yagizarov (Ayaz), Nəsibə Zeynalova (Fatmanisə), Ceyhun Mirzəyev (İsmayıl), Sevinc Axundova (Cəmilə), Şəfiqə Qasımova (Zeynəb) və başqaları çəkiliblər. Dilarə obrazını Hökümə Qurbanova, Hüseyn dayı obrazını Məmmədrza Şeyxzamanov səsləndiriblər.
 

"Sonra aktrisa olan qız Cəmilə roluna sınaqdan keçməmişdi"
 

- Cəmilənin böyüdüyü mühitlə Sevincin böyüdüyü mühit bir-birindən çoxmu fərqli idi?

- Bir o qədər də yox. Mənim həyatdakı anam da tibb sahəsində idi, əməkdar həkim idi. Atam isə "AZİ"-nin dosenti olub. Bir bacı, bir qardaşıq. Amma heç birimiz nə atamızın yolunu davam etdirmədik, nə də anamızın. İkimiz də musiqi sahəsini seçdik. Mən incəsənəti çox sevirəm. Hesab edirəm ki, incəsənətsiz həyat çox maraqsız olardı. Mənə aktrisa olmağı tövsiyə edənlər də var idi. Amma musiqiyə olan məhəbbətim üstün gəldi, pianino müəlliməsi oldum. Bu da müəyyən mənada incəsənətə bağlı olmaqdı. Həm də atamın ürəyincə olmazdı aktrisa olmağım.
 

- "Ögey ana" filminin çəkiliş meydançasına düşməyiniz necə baş verdi?

- Rəhmətlik dayım oğlu Elxan Əliyev kinostudiyada operator işləyirdi. Bu film üçün müsabiqə keçiriləndə məni də gətirdi. Məndən başqa çox uşaq var idi. "Keçi" şerini dedim. Sonra isə mənə dedilər ki, ağlamalı, ya məzəli situasiya olsa, özünü necə apararsan, göstərə bilərsənmi? Mən də həmin situasiyaları göstərdim. Nə isə, beləliklə, müsabiqədən keçdim. Cəmilə roluna sınaqdan keçməyə gələnlər arasında bir qız da var idi, adını çəkmək istəmirəm, sonra o, aktrisa oldu. Onu da deyim ki, rejissorun özünün qardaşı oğlu da İsmayıl roluna sınaqdan keçirdi, elə həyatda da adı İsmayıl idi, yadıma gəlir, gözəl oğlan idi, iri qara gözləri var idi, amma obrazı ifadə eləyə bilmirdi, ona görə o, təsdiq olunmadı, Ceyhun Mirzəyev təsdiq olundu. Həm də Ceyhun ondan əvvəl başqa filmlərdə epizodlarda çəkilmişdi. Demək istəyirəm ki, seçim çox ciddi idi.

Nə isə, rejissor məni bəyəndi, dedi ki, bax, mən Cəmiləni bu cür təsəvvür eləyirdim. Saçım da uzun idi, atamdan icazə aldılar ki, əl boyda kəssinlər. Nə əl boyda?! Ta çiynimə qədər kəsdilər. Ceyhunla mən və başqa uşaqlar, onlar da Bakı məktəbliləri idi, təsdiq olunandan sonra bizi qrim elədilər, pavilyonda sınaq çəkilişləri aparılandan sonra İsmayıllının Qalaçıq kəndinə yola düşdük. Çox gözəl yerdi. Orada müxtəlif kənd sakinlərinin evində qalırdıq, çox mehriban adamlar idi, mən anamla və Ceyhun anası ilə eyni ikimərtəbəli bir evdə yaşayırdıq. Bir dəfə Nəcibə xanımın oğlu gedib tövləyə girmişdi, inək az qala onu vuracaqdı. Yaxşı ki, ev yiyəsi vaxtında təhlükənin qarşısını aldı. Dərsdən geri qalmamaq üçün bir müddət kənd məktəbinə də getdik. Bu dərəcədə biz uşaqların qayğısına qalırdılar. Pioner baş dəstə rəhbəri Solmazı oynayan qız da Bakıdan idi, ondan başqa daha heç bir filmdə çəkilməyib, sonra da ailə qurdu, mənimlə, Ceyhunla həmsöhbət idi. Bir gün mənə, Ceyhuna, bir-iki cavan işıqçılara dedi ki, gəlin, dağa çıxaq. Ceyhunun ayağına nə oldusa, heç dağa çıxmağa başlamamış geri qayıtdı. Elə bil bilirdi ki, getməsək, yaxşıdı, çünki dağa qalxmağımıza peşman olduq - enə bilmirdik, çox çətinliklə geri qayıtdıq, kifayət qədər təhlükəli yol idi, meşənin lap içinə girmişdik, ayıya da rast gələ bilərdik. Üzüm də cızılmışdı. Rejissor məni, o qızı o qədər danladı ki... Yeri gəlmişkən, Solmaz roluna Əminə Yusifqızı da sınaqdan keçməyə dəvət olunmuşdu. Amma Əminə xanım sonra görün necə gözəl aktrisa oldu. Hələ qiraət ustası olmağını demirəm - ayrı aləmdi.
 

"Qorxaq deyildim"

- Birinci hansı epizod çəkildi?
 

- Təəssüf ki, xatırlamıram. Birinci məhz hansı epizodun çəkilməsi yadımda qalmayıb. O yadımdadı ki, səhər gəlirdik kinostudiyanın pavilyonuna, o vaxt kinostudiya Hökümət Evinin yanında idi, bizi qrim edirdilər, sınaq çəkilişləri olurdu, sonra bizi aparırdılar indiki Muzey Mərkəzinin yanında "Ana və uşaq" adlı kafe var idi, orada nahar edib yenidən kinostudiyaya qayıdırdıq, axşama kimi rejissor biz uşaqlarla işləyirdi, hər bir detalı incəliyinə qədər başa salırdı ki, ekranda hər şey təbii görünsün. Həbib İsmayılovun həyat yoldaşı, Hökümə Qurbanovanın bacısı Qəmər xanım konservatoriyanın müəllimi idi, tez-tez çəkiliş meydançasına baş çəkirdi. Mehriban, ziyalı xanım idi, anamla da söhbətləri tuturdu. Özü də mənim bantımı bağlamağı Həbib müəllim həmişə ona tapşırırdı. Həbib İsmayılov çox mülayim adam idi. Rejissor kimi də çəkiliş heyətində mehribanlıq yaratmağı bacarırdı. Mehribanlıq olmayan yerdə axı keyfiyyətli iş ərsəyə gəlmir.
 

- Qalaçıqda nə qədər qaldınız?
 

- Nə qədər qalmağımız yadımda deyil. Bircə o yadımda qalıb ki, biz çaya yıxılanda artıq oktyabrın əvvəli idi, su soyuq idi. Çünki çəkiliş üçün ən uyğun yeri seçmək çox vaxt aparmışdı. Biz hətta azarlamışdıq. Ümumiyyətlə isə çəkilişlər bir ilə yaxın çəkdi.
 

- Çaya yıxıldığnız epizod, görünür, bir neçə dubla çəkilib, ona görə xəstələnmisiniz?

- Bəli, beş dubla çəkildi. Hava artıq soyuduğu üçün hər dəfə suya yıxılanda anam bədənimizi spirtlə ovxalayırdı ki, soyuq bizi tutmasın. Anam həm də müəyyən mənada çəkiliş qrupunun həkimi idi. Beş dəfə paltarımızı dəyişdik. Ceyhun çox zarafatçıl idi, birinci dubl çəkiləndə məni qorxutmaq üçün yalandan dedi ki, orada şüşə var, yıxılsaq, bədənimizə batıb kəsəcək. İkinci dublda mən onu itələyib qaçdım. Axırda rejissor şıltaqlıqlarımızdan bezib bizə təpindi. Beləliklə, ən uğurlu dubl çəkilənə qədər beş dəfə çaya yıxılmalı olduq. Çəkiliş bitəndə tir-tir əsirdik.
 

- Yarasa ilə olan epizodun çəkilişi necə alındı? Gerçəkdən qorxmadınız ki?
 

- Yox, qorxaq deyildim. Həm də mənə demişdilər ki, otağa buraxılan yarasa oyuncaqdı, amma həqiqi yarasa da var idi. Görmüşdüm.
 

- Həqiqi yarasa nədən ötrü imiş?
 

- Yəqin ki, oyuncaq yarasanı həqiqiyə lap uyğun şəkildə düzəltmək üçün gətirmişdilər. O epizodun çəkilişindən sonra Ceyhun zarafatla demişdi ki, gördün, necə qorxdun?
 

"Böyük dayaq"da məxsusi rol, "Arşın mal alan" və "Bir cənub şəhərlərində" filmləri və "VQİK"...

- Natura çəkilişlərinin hamısı Qalaçıqda aparılıb?
 

- Bəziləri Qərbi Azərbaycanın Dilijan, o vaxtkı Kirovakan şəhərlərində aparıldı. Məsələn, Cəmilənin anası ilə əvvəl maşınla, sonra atın belində kəndə gəldikləri yol Dilijanda çəkilib. O maşın da Nəcibə xanımın Dilijanda həkim işləyən rəfiqəsi Qönçə xanımın oğlunun "Volqa"sı idi. Alma bağları olan epizod isə Qubada çəkilib. Səhv eləmirəmsə, mənim cücə ilə olan epizodum da orda çəkilib. Sonra o cücəni mənə bağışladılar, gətirdim şəhərə, bir az böyütdüm. Hətta yolda qaçmaq istəmişdi tutmuşdum.
 

- Yəqin ki, belə baxımlı filmdə çəkiləndən sonra başqa filmlərə də dəvət olunmusunuz. Elədi?
 

- Elədi. Bir neçə filmə dəvət olundum. Amma yalnız "Onun böyük ürəyi" filmində Səmayənin qızı Lalənin uşaqlığını oynamışam. Balaca bir epizod idi, elə məktəbdən gəlib aparmışdılar məni. Həbib İsmayılov məni "Böyük dayaq" filminə də çəkmək istəyirdi, Şeyxzamanovla bir epizodda. Hətta məxsusi mənim üçün ssenariyə Qaragöz obrazını da əlavə eləmişdi, deyəsən, çobanın qızı olaraq. Amma qismət olmadı. Biz anamla Tovuza getdik, çəkilişlər orda aparılırdı, iş elə gətirdi ki, Şeyxzamanov xəstələndi, biz qayıtdıq Bakıya, bir müddətdən sonra atam yenidən Tovuza getməyə icazə vermədi, dedi ki, dərslərindən geriləyərsən. Sonralar mən artıq konservatoriyada oxuyanda "Arşın mal alan"da Asya roluna dəvət elədilər. "Bir cənub şəhərində" filminə də dəvət eləmişdilər, jurnalist qız roluna. Düzdü, o filmin çəkiliş meydançasına getdim, amma yaradıcı qrupda oğlanların, kişilərin çox olması, ümumiyyətlə, filmin mövzusu məni bir az qorxutdu. Amma çəkilə bilərdim, bəlkə də çəkilsəydim, yaxşı olardı.
 

Tofiq Tağızadə atamla bir sinifdə oxumuşdu. Təhsilimi "VQİK"də davam etdirməyi çox tövsiyə edirdi. Amma belə perspektiv atamın o qədər də ürəyincə deyildi. Heç özüm də baş qoşmadım, fikirləşdim ki, onsuz da, bu sahəyə getməyəcəm, bu epizodlara çəkilsəm, dərsimdən qalacam.
 

Nəcibə Məlikova aktrisa olmağımı məsləhət görmürdü
 

- Qayıdaq "Ögey ana" filminə... Ceyhun Mirzəyevi necə xatırlayırsınız? Həyatda necə uşaq idi?

- (gülərək) Demək olar ki, elə roldakı kimi idi. Uşaq idik - tez-tez küsüb-barışırdıq.
 

- Barışmağınız necə baş verirdi? Birinci kim təşəbbüs göstərirdi?

- Böyüklər barışdırırdı. Çox qıvraq, zarafatcıl oğlan idi. Yaşca da məndən bir az böyük idi. O, həyatdakı bacısı ilə də anabir idi. Hacı Murad Yagizarov kimi o da Azərbaycan dilində yaxşı danışa bilmirdi. Hətta Ələsgər Ələkbərov Hacı Murada şərt qoymuşdu ki, Azərbaycan dilini öyrənsin, bir konyakdan mərc gəlmişdi. Ceyhunun anası Marqo ilə də, Hacı Muradın anası Tamara ilə də anam dostlaşmışdılar. Mən fikirləşirdim ki, Ceyhun böyüdükcə özündən razı adam olacaq. Amma qətiyyən belə olmadı - sənətkarlığı inkişaf edib böyüdükcə insanlığı da böyüdü. Sonralar tez-tez görüşməsək də, əlaqəni saxlayırdıq, ünsiyyətimiz var idi, yoldaşı Lidiya ilə indi də dostluq edirik.
 

- Bu filmdə görkəmli və ustad aktyorlarla ya tərəf-müqabili, ya da ən azı eyni çəkiliş meydançasında olmusunuz. Nəcibə xanımı necə qavradınız? Ekranda onunla ana-qız ünsiyyəti necə yarandı?
 

- Nəcibə xanım çox gözəl, mehriban, ünsiyyətcil, mülayim qadın idi. Onunla ailəvi dostluğumuz uzun müddət davam etdi, bir-birimizin ad günlərinə də gedirdik. Çəkilişlər vaxtı isə məni həvəslə başa salırdı. Pavilyon çəkilişlərinə musiqi məktəbindəki dərslərimi yarımçıq qoyub gəlməli olurdum və ona gileylənirdim ki, Nəcibə xala, bəs mənim dərslərim necə olacaq? Deyirdi ki, bu, çox çətin sənətdi, məsləhət görmürəm ki, böyüyəndə bu sənətin dalınca gedəsən. Bəlkə də, elə onun o tövsiyəsi məni aktyorluğa həvəsləndirmədi.

"Ögey ana"nın çəkilişləri bitəndən sonra Nəcibə xanım oğlu Saqibi bizim yanımızda qoyub "Aygün" filmində çəkilməyə getdi. Biz də İrəvanı bir az gəzib qayıtdıq. Onda artıq atam da yanımızda idi. Nəcibə xanımın ürəyindən keçirdi ki, "Aygün"də də onun qızını mən oynayım. Amma alınmadı. Həm də yəqin ki, bu, o qədər də maraqlı görünməzdi - iki müxtəlif filmdə eyni tərəf-müqabilləri.
 

"Ələsgər Ələkbərov məni mahnı ilə dindirmişdi"
 

- Bəs atalığınızı canlandıran Fateh Fətullayevi necə xatırlayırsınız? Ələsgər Ələkbərov sizdə hansı təəssüratı buraxıb? Filmdə çəkilən başqa uşaqlarla münasibətiniz qalıbmı?

- Fateh Fətullayevdən də, Ələsgər Ələkbərovdan da çox gözəl təəssürat qalıb. Bu yaxınlarda Fateh Fətullayevin qızı Zemfira xanımla tanış oldum. İsmayılın dostları Dadaş rolunu oynayan Məhluqə Sadıqovanın oğlu Ceyhun Şərifovla, Səməd rolunu oynayan Fərhad Bakıxanovla hərdən bir şəhərdə rastlaşanda salamlaşırıq.
 

Ələsgər Ələkbərov həyatda da çox parlaq insan idi. O da bizimlə yaxın idi. Hər dəfə çəkiliş meydançasında rastlaşanda özünəməxsus intonasiya ilə belə deyirdi: "Будущая кинозвезда!" Bir də, heç yadımdan çıxmaz, bizim evimiz "Beşmərtəbə"də idi, orda məni görəndə "Ay qız, kimin qızısan" mahnısını oxumuşdu. Özünə və başqalarına qarşı son dərəcə tələbkar aktyor idi. Hər bir detala xüsusi diqqət yetirirdi. Qrimçilər onunla daha artıq işləməli olurdular. Ümumiyyətlə, filmin çəkiliş qrupunun bütün üzvləri çox güclü sənətkarlar idi. Ona görə film yaxşı alınıb, indiyə qədər kimə rast gəlirəmsə, o filmdə çəkildiyimi bilən kimi hər kəs bu film haqqında gözəl sözlər söyləyir, hər dəfə baxdıqlarını deyirlər. "Ögey ana"nın premyera nümayişləri də yadımdadı. İlk premyerası eyni gündə həm "Azərbaycan", həm də "Nizami" kinoteatrlarında oldu, sonra "28 Aprel" (indiki Uşaq Filarmoniyası), "Araz", "Vətən" kinoteatrlarında göstərildi. Biz də hamısında iştirak elədik, nümayişdən əvvəl səhnəyə çıxıb tamaşaçılarla görüşürdük.
 

- Həqiqət Rzayeva, Nəsibə Zeynalova yadınızda necə qalıblar?
 

- İstedadlı şəxsiyyətlər və gözəl insanlar kimi. Nəzərə alsaq ki, Həqiqət xanım opera müğənnisi idi, aktrisa deyildi, onun öz rolunun öhdəsindən gəlməyi xüsusi heyranlıq doğurur. Nəsibə xanım da ki göz qabağındadı... Cavan qadın olaraq belə fakturalı qarı obrazını ifa eləmək, həm də necə ifa eləmək, artıq şərh tələb eləmir. O da çəkilişlərə oğlu Cahangirlə gəlirdi, Cahangir yaşca bizdən kiçik idi.
 

"Qəribə bir məsuliyyət hiss edirdim"

- Şəhər uşağının kənd həyatına gəlib düşməyini kamera qarşısında canlandırmaq sizin üçün hansısa çətinlik törətdi?

- Sizə deyim ki, yox. Məsələn, məni ata mindirəndə heç bir diskomfort hiss eləmədim, elə bil elə həmişə atda gəzmişdim. Hətta at bir dəfə büdrəsə də, heç nədən qorxub-çəkinmədim. Qəribə bir məsuliyyət hiss edirdim - düşünürdüm ki, mənə deyiblər belə etmək lazımdı, vəssalam, mən bunun öhdəsindən gəlməliyəm.
 

- "Ögey ana" filmi televiziya ilə nümayiş olunanda özünüz də hər dəfə baxırsınız?

- Bəli, hər dəfə baxıram. Və hər dəfə də kövrəlirəm...

Samirə Behbudqızı
Milli.Az

 Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.