Mədəniyyət

"Məşhur tələbə yoldaşım": Qulu Əsgərovun inadına 200 mahnı yazdı - FOTO

20 Dekabr 2014 13:39
0 Şərh     Baxış: 3 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az bildirir ki, modern.az saytının "Məşhur tələbə yoldaşım" rubrikası davam edir. Bugünkü qonağımız "Dədə Süleyman" ləqəbi ilə tanınan əməkdar artist, xanəndə Süleyman Abdullayevdir. Dədə Süleyman oxuculara tələbə yoldaşı, dostu, xalq artisti, xanəndə, bəstəkar Əlibaba Məmmədov barədə danışır.

"Əlibaba Məmmədovun mahnılarını efirə buraxmırdılar"

"Əlibaba Məmmədovla mən Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, Seyid Şuşinskinin sinfində oxumuşuq. Seyid Şuşinskinin özünün dərs demək metodu var idi - birinci, ikinci, üçüncü, dördüncü kursları bir yerə yığıb dərs deyərdi. Əlibaba məndən 10 yaş böyük idi. Onlar axşam oxuyurdular, biz gündüz. Buna baxmayaraq, biz də onların dərslərinə gəlib qulaq asırdıq.

Seyidin ən sevimli tələbələri sırasında (Qulu Əsgərov, Zeynəb Xanlarova, İslam Rzayev, Elmira Rəhimova, axırıncı tələbələri Sabir Mirzəyev, mən) Əlibaba müəllim də var idi. Seyid Şuşinski də bir müəllim kimi bizdən çox razı idi. Əlibaba da həmişə Seyiddən gözəl danışır. O nəyi bilmirdisə, ağadan (biz Seyidə ağa deyirdik) öyrənirdi və çox istedadlı idi. Bizim kimi muğamların bütün hissələrini də ondan öyrənirdi və Əlibabanın dəqiq muğam bilməyi onun 200-ə qədər mahnı bəstələməsinə gətirib çıxardı. O, bütün muğamların üstündə özü ayrıca mahnılar bəstələmiş və hətta söz də yazmışdır. Bütün adlı-sanlı muğam oxuyanlar, o cümlədən də mən, Sabir Mirzəyev, Arif Babayev, İslam Rzayev, Zeynəb xanım onun mahnılarından bəhrələniblər.

Əlibaba o vaxtlar da mahnı bəstələyirdi. Ancaq qoymurdular deyə, onları bir muğam təsnifi kimi efirə verirdi. Məsələn, "Humayun" təsnifi, "Çahargah" təsnifi, "Rast" təsnifi, "Mahur" təsnifi - yeddi muğamımızın yeddisindən də Əlibaba mahnılar düzəltmişdi. Sovet hökuməti vaxtında münsiflər heyəti var idi, oradan keçmək tələb olunurdu. Əlibaba da çox əziyyətlə, çox işgüzarlığı ilə mahnıları oradan keçirirdi və Allaha şükür ki, onlar indi də qalıb. Bütün muğam oxuyanlarımız, müğənnilərimiz Əlibabanın  mahnılarını oxuyur.

Tələbəlik vaxtlarından yadıma gəlir, Əlibabanın yaddaşı maqnitofon kimidir. Yanında bir şey oxudun, qəzəli də, şeiri də yaddaşında saxlayırdı. Bu xüsusiyyət hər müğənniyə, hər muğam oxuyana nəsib olmur. Amma onda, Zeynəbdə, Quluda, İslamda bu var idi, yaddaşları möhkəm idi.

Əlibabanın əmisi də muğam oxuyan olub. Seyidlə də dostluq edibmiş. Əmisi Əlibabaya deyib ki, Seyiddə eşidilməyən muğamlar var. "Dəşti"dir, filandır, bunları gör Seyiddən çıxarda bilirsən? Əlibaba müəllim də gəlib Seyidə deyir ki, "bir "Dəşti" var ha, bəs onu niyə bizə öyrətmirsən?" Seyid deyir, "onu sənə kim dedi?" Cavab verir ki, "əmim dedi".

"Əlibaba sözü üzə deyəndir"

"Əlibaba müəllim tələbəlikdə də düz adam idi. Ona gərək düzünü deyəsən. Yalanı qəti sevmirdi. Yalanı heç mən də sevmirəm. Amma onun düzlüyü gətirib bax Əlibabanı Əlibaba Məmmədov edib. O, indi ağsaqqal, muğam bilicilərimizdən biridir.

Əlibaba gözəl insandır, gözəl dostdur, qardaşdır. Hələ tələbəlikdən dostuq. Həmişə mənə "Sülü bala" deyərdi. O, Sabirə öyüd verərdi. Özündən balacalara çox kömək əlini uzadan bir adamdır.

Bir dəfə Əlibaba müəllim gəldi. Qulu Əsgərovun bir "Bəyənmir" mahnısı vardı, o mahnını Quludan istəmişdi. Əlibaba ağaya dedi ki, "bunu Quludan istədim, dedi ki, hələ vaxtı deyil". Vermədi də. Ondan sonra Əlibaba musiqi yazmağa başladı. Qulunun xeyirxahlığı onda oldu. Əlibaba bunu deyirdi. "Qulunun xeyri mənə ona görə dəydi ki, o mahnını vermədi və mən özüm mahnı yazmağa başladım". Mahnıları ürəyəyatımlıdır, yaddan çıxmayandır.

Əlibabada əsəb deyilən şey yoxdur. Bir yersiz sual verəndə gülər və adamı başa salardı. Əgər o insan başa düşürsə, ona bir "sağ ol" deyərdi. Onu başa düşən adamların hamısı irəli gedib. Heç vaxt hirslənməzdi. O, pis oxuyanlara hirslənir ki, elə deyil, belədir. Gərək onun dediyi kimi oxuyasan. Sözü üzə deyəndir. Muğam müsabiqəsində mən ona fikir verirdim, bəzi oxuyanlar cırnayırdı ki, Əlibaba müəllim düz etmir. Amma Əlibaba müəllim onlara haqlı deyirdi, onların xeyri üçün deyirdi.

Belə fikirləşəndə Əlibaba müəllimin hər bir cümləsində xeyrə yarayan bir söz var. Gərək qəbul edəsən və ondan istifadə edəsən. Həmişə mənə də dost kimi məsləhətlər verib. Hamıya deyirdi ki, "Sülünün səsi ayrı səsdir. Bu səs məndə olsaydı, dünyaya tanınardım". O, düzgün, xainlik bilməyən adamdır.

Əlibaba oxumaqla yaşayan, oxumaqla sözünü deyəndir. Belə istedadlı adamlar dünyaya tək-tək gəlir. O tək gəlib və Seyiddən bəhrələnib. Seyid qədər öyrədir, onun kimi qəzəli, şeiriyyatı bilir. Mükəmməl muğam bilicisidir. Əlibaba sözün əsl mənasında musiqiçidir. Bu adam tar çalır, nağara çalır, pianino çalır. Bütün alətlərdə ifa edir. Belə bir adamı hələ-hələ tarix yetişdirmir. Əsl musiqiçiyə nə lazımdırsa, onlar  Əlibabada var.

Əlibaba müəllimin cavanlığından heç bir fərqi yoxdur. Cavanlıqda da gözəl geyinirdi, səhnə mədəniyyəti vardı, yaşlaşanda lap qəşəng geyinir. Onun həm geyimdə, həm oxumaqda, həm mahnı yazmaqda nöqsanı yoxdur. Bu insanın nöqsanı bircə odur ki, düz danışır. O da kimlərinsə xoşuna gəlmirsə, o savadsız, düşüncəsiz adamlardır".

"Əlibabaya işləri düşən xanəndələr olub"


"Əlibabaya boş yerə "əmi" demirlər. Həmişə qayğıkeş insan olub. Bunu qazanmaq lazımdır. Məsələn, "xan əmi"yə deyirdilər "xan əmi". Əlibaba da əmiliyi ansamblıyla, oxumağıyla, hörmətiylə, kasıbın toyuna getməyiylə qazanıb. Süleymana "dədə" deyirlər. Dədə elə-belə deyil ki, təmannasız 3 qaçqın toyu çalmışam, qazandığımızı kasıb-kusublara verdiyimizə görə belə yanaşırlar bizə. Amma bəziləri özlərinə o adları deyir ki, onlara yaraşmır. Əsl əmi Əlibabadır. Bunlar hamısı xalq verən adlardır. İllərlə qazanılır.

Dostluğumuz davam edir. O gözəl insan, yaxşı ailə başçısıdır. Oğluyla da dostam. Bir neçə müğənninin yetişməsinin səbəbi də elə Əlibaba olub. Görürsən ki, bu adam daim çalışır. Yaşının bu vaxtında da bekar durmur. Srağagün çəkilişimiz vardı. Elə oradaca gördüm, bir qız "Humayun" təsnifini oxuyur. Əliababanın təzə təsnifini də oxudu, xoşuma gəldi, dedim, "Əmi, bu yaman yaxşı oxudu". Dedi ki, "həə, o təsnif yamandır, qız da birnəfəsə "Humayun"u oxudu, yazıb radioda verəcəklər. Çox istedadlıdır. Onun istedadına quruyub qalmışam. Ailə həyatı qurub, qoymurlar oxumağa, amma mahnını yazdılar ki, yadigar qalsın".

Bax Əlibaba belə bir insandır. Onu gərək başa düşəsən. Təmannasız, dostun halına yanan, bir şey ummayan, ən təmiz dostdur. Allaha şükür ki, mənim ondan umacağım olmayıb. Amma bir şey olsa, ona desəm, mütləq gedib edər. O elə bir adamdır.
 Əlibabaya işləri düşən xanəndələr olub, işlərini də düzəldib, oxudub, öyrədib, səhnəyə buraxıb. Muğam, mahnı oxuyanlara çox köməklik edib. Yüzlərlə tələbə yetişdirib. Hamısı da onun mahnılarını oxuyub. Xalq artistləri, əməkdar artistlər yetişdirib.

İndiki bəstəkarlar muğamatı bilmədikləri üçün yaxşı mahnılar yaza bilmirlər. Amma Əlibaba müəllim muğamlarımızın yeddisini də bilir və ona görə gözəl mahnılar yazır. Mən min dəfə demişəm ki, bəstəkarlar muğamatları öyrənməlidirlər. Çünki keçid məsələsi var. "Şur"dan "Segah"a, "Çahargah"dan "Segah"a - o keçidlər muğamların hissələriylədir.

Bu insan bütün arzularına çatıb. Allah bundan sonra da istədiyi arzusuna çatdırsın. Sağ olsun, ona uzun ömür, can sağlığı arzu edirəm. 100 il, 110 il yaşasın. Yenə Əlibaba öz hərəkəti, davranışı, yerişi-duruşu ilə bildirəcək ki, bu Əlibaba müəllimdir. Böyük xanəndədir. Nə qədər Azərbaycan xalqı var, dünya var, Əlibabanın oxuduqları və yazdıqları mahnılar xalqın qəlbində həmişə qalacaq".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.