Mədəniyyət

"Onun aktrisalıqdan xəbəri yoxdur"

17 Dekabr 2014 15:38
0 Şərh     Baxış: 1 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Mingəçevir Dövlət Dram Teatrının aktrisası Əsmər Qurbanovanın publika.az-a müsahibəsini təqdim edir.

- Əsmər xanım, neçənci ildən teatrda çalışırsınız?

- 1996-cı ildə Sumqayıt Musiqili Dram Teatrında işə başlamışam. 2012-ci ildən isə Mingəçevir Dövlət Dram Teatrının aktrisasıyam.

- Paytaxt teatrında olmasa da, Bakıya daha yaxın şəhərin teatrında işləmisiniz. Sizcə, Sumqayıt və Mingəçevir teatrlarının nə kimi fərqləri var?

- Belə götürəndə heç bir fərq yoxdur, hər ikisi əyalət teatrı statusunu daşıyır. Məvacibdə də fərq yoxdur. Amma yaradıcılıq baxımından fərq böyükdür.

- Hansı daha üstündür?

- Təbii ki, yaradıcılıq baxımından Sumqayıt Musiqili Dram Teatrı daha üstündür. Burada isə yaradıcı mühit, demək olar ki, yoxdur.

- Konkret nəyi nəzərdə tutursunuz? Tamaşalar qoyulmur, yaradıcı prosesə müdaxilələr var, yoxsa başqa bir səbəbdir?

- Xeyr, burada da tamaşa qoyulur, Sumqayıtda da. Sadəcə, Sumqayıtda peşəkar aktyor və rejissorlar daha çoxdur. Burada, demək olar ki, rejissor yoxdur, rejissor ştatı boşdur. Kimsə kənardan gəlib beş günün içində tamaşa qurur. Buna da sənət demək olmaz.

- Siz bu teatra öz istəyinizlə gəlmisiniz?

- Bəli, öz istəyimlə gəlmişdim. Daha doğrusu, gəlməyimdə ailə məsələlərinin də rolu oldu. Düşünürdüm ki, bura sakit şəhərdir.

- Sumqayıt da səs-küylü şəhər deyil axı...

- Müəyyən problemlərə görə o şəhərdən çıxmaq, uzaqlaşmaq istəyirdim.

- Nə problemi idi?

- Yaradıcılıqla bağlı deyildi, şəxsi idi.

- Yəni siz Mingəçevirin yetirməsi hesab olunursunuz?

- Mən ali məktəbə Sumqayıtdan qəbul olunmuşam və qayıdıb Sumqayıtda da işləmişəm. 1988-ci ildən Sumqayıtda yaşamışam, əslən Qərbi Azərbaycandanam.

- Mingəçevir Dövlət Dram Teatrına gəlməyinizə görə peşmansınız? Çünki mühitdən narazısınız...

- Bəli, bura gəlməyimə çox peşman oldum.

-Yenidən geri qayıtmaq barədə düşünürsünüz?

- Hazırda düşünmürəm.

- Burada da işdən çıxmaq barədə ərizə yazmısınız. Ərizəniz qəbul olunsa, necə olacaq?

- Allah kərimdir. Heç nə bilmirəm. Hələ ki teatra qayıtmaq fikrim yoxdur.

- Bəs maddi baxımdan necə dolanacaqsınız?

- O haqda fikirləşməmişəm. Ərizəmin qəbul olunmağını gözləyirəm. Görək nə olur, nə olmur.

- O zaman belə başa düşdüm ki, işdən çıxmaqda qərarlısınız?

- Bəli, qərarlıyam.

- Soruşmaq pis çıxmasın, teatrdan əlavə gəlir yeriniz varmı?

- Heç bir əlavə gəlirim yoxdur. Nə seriala, nə filmə çəkilirəm.

- Yeri gəlmişkən, niyə bizim seriallarda və filmlərdə daha çox paytaxt teatrlarındakı aktyorlar çəkilirlər? Rejissorlar bölgələrə getməyə tənbəllik edirlər, yoxsa elə ən yaxşı aktyorlar Bakı teatrlarındadır?

- Əyalət teatrlarında elə istedadlı aktyorlar var ki... Sadəcə, bizdə filmə, seriala çəkilmək çox vaxt tanışlıqla olur. Rejissorlar film, serial çəkəndə öz tanışlarına zəng vururlar. Həm də maliyyə məsələsində problem olduğuna görə əyalətdən aktyor çağırmaq sərf etmir. Yəni, aktyor həmin pula razılaşmır.

- Sizə belə bir dəvət olub?

- Bəli, olub. Mənə günümə 30 manat təklif ediblər və razılaşmamışam.

- Hansı serial idi?

- "Xəzər" televiziyasında yayımlanan "Qaynana" serialına dəvət etmişdilər. Günümə 30 manat verirdilər, qəbul etmədim. Balaca bir epizod idi. O kanalda "Həyat varsa" silsiləsindən qısametrajlı filmlər çəkilirdi. Ora dəvət edib günümə 50 manat təklif edirdilər. Ora gediş-gəliş xərci, əziyyəti əlavə edəndə çəkilməyə dəymir.

- Bəs bir gün üçün minimum nə qədər qonorar versələr, çəkilərsiniz?

- Heç olmasa, 100-200 versələr, çəkilmək olar. Türkiyə seriallarında aktyorların aldığı qonorara baxın...

- Amma nəzərə alın ki, siz dediyiniz məbləği bizdə ancaq fəxri adı olan aktyor, aktrisalar alırlar. Sizin isə nə fəxri adınız var, nə də o qədər də tanınırsınız...

- Nə olsun ki, fəxri adım yoxdur? Fəxri ad bircə Azərbaycandadır. Heç bir dövlətdə belə şey yoxdur.

- Düşünürsünüz ki, lazım deyil?

- Əlbəttə, lazım deyil, olmamalıdır. Aktyorun qabiliyyətinə, istedadına görə ona qiymət verilməlidir. Elə aktyor var ki, əməkdar artistdir, amma onu Azərbaycanda tanıyan yoxdur. Xalq artisti var ki, heç kim tanımır. Bəzi aktyorlar da var, heç bir fəxri ad daşımasa da, tanınır və sevilir.

- Son zamanlar çəkildiyiniz film, serial var?

- Son üç il ərində heç nəyə çəkilməmişəm.

- Bəs Sumqayıtda işləyəndə çəkildiyiniz film var idi?

- Orada işlədiyim müddətdə "Xəzər" televiziyasının iki qısametrajlı filminə - "Kredit borcu" və "Miras"a çəkilmişəm.

- Son günlər teatra gedib-gəlirsiniz?

- Yox, getməmişəm.

- Teatrdan sizə zəng edən olub?

- Xeyr, olmayıb.

- Bəs teatrda məşqləriniz yoxdur?

- Mən yeni illə bağlı məşqlərdə yoxam. Sadəcə, gedib imza atıb, qayıdırdım.

- Sizcə, aktrisası olduğunuz teatrda vəziyyət bu qədər faciəvidir? Yəni nə dəyişməlidir ki, teatrdakı bu gərginlik aradan qalxsın?

- Teatrda ilk növbədə Həmkarlar Təşkilatının rəhbəri dəyişməlidir. Özü də təcili surətdə dəyişməlidir.

- Niyə?

- Öz həmkarını müdafiə etməyi bacarmayan, müdiriyyətin təkidi və göstərişi ilə işləyən təşkilat bizə lazım deyil.

- Söhbət konkret kimdən gedir?

- Söhbət təşkilatın sədri Esmira Hacıyevadan gedir. O qadının orada işləməyi düzgün deyil.

- O da aktrisadır?

- Onun aktrisalıqdan xəbəri yoxdur. O, harada işləyirsə, orada intriqa yaradır.

- Düşünürsünüz ki, təqsirkar Esmira Hacıyevadır?

- Tutaq ki, rəhbərlik məsələ irəli sürür və bildirir ki, kimsə işdən çıxarılmalıdır. Həmkarlar Təşkilatı yığışıb müzakirə etməlidir ki, bu qərar qəbul oluna bilər, ya yox. Həmkar işçini müdafiə etməlidir. Bəs onlar nəyə görə seçiliblər?

- Bu barədə Esmira Hacıyeva ilə söhbətiniz olub?

- Hacıyeva deyir ki, burada mənəm, Bağdadda kor xəlifə. İnanın ki, bu, belədir. May ayında öz iştirakım olmadan və xəbərdarlıq göndərilmədən Həmkarlar Təşkilatı iclas keçirib. Halbuki, saat 1-dək teatrın içində olmuşam. Qərar çıxarılıb ki, mənə töhmət verilsin. Esmira Hacıyevaya deyəndə ki, xahiş edirəm, iclası yenidən mənim iştirakımla keçirin. Çünki doğrudan da xəbərim olmayıb. Esmira Hacıyeva mənə dedi ki, get öz işinlə məşğul ol, sən kimsən ki, mən sənə görə iclas çağırım? Sizcə, bu adam orada işləməlidir, ya yox?

- Sizcə, o, niyə belə etsin ki?

- Çünki bu adama bizim danışmağımız sərf etmir. O həm də teatrda inzibatçıdır, həm də tamaşaların təşkilatçısıdır.

- Teatrda neçə aktyor var?

- 20-25 nəfər ancaq olar.

- Bəs niyə digər 20 nəfər dillənmir? Əgər haqsızlıq olunursa, onlar da etiraz etməlidirlər axı.

- Səbəb odur ki, biz öz gücümüzə arxayınıq, onlar isə arxayın deyillər. Əksəriyyəti oradan-buradan gələn, işsiz-gücsüz adamlardır. Hamısını gətirib doldurublar teatrda.

- Yəni, başqa sahənin adamlarıdır?

- Heç bir sənətləri də yoxdur. Bəziləri kollec bitirib. Yəni, sənətə dəxli olmayan adamlardır. Bir-iki nəfər də yaşlı nəsildən olan aktyorlardır ki, onlar da yaşlı oduqlarına görə susurlar.

- Olmazmı ki, bu qədər intriqalara vaxt aparınca, Sumqayıta qayıdasınız? Çünki iki ildir vəziyyət belə davam edir və heç bir nəticə yoxdur.

- İndi ora qayıtmaq mənim üçün çox çətindir. Təzədən gedib orada ev ala bilmərəm.

- Deyəsən, oradakı evinizi satıb, bura köçmüşdünüz...

- Bəli, satmışdım. Hazırda övladım burada birinci sinifdə oxuyur, liseydə təhsil alır. Onun təhsili mənim üçün çox vacib məsələdir. Mən tək deyiləm ki, öz istədiyim qərarı verim. Övladımı da düşünməliyəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.