Mədəniyyət

"Yaşar Nurinin aramızda olmamağına hələ də alışa bilmirəm..." - FOTOSESSİYA

17 Dekabr 2014 00:20
2 Şərh     Baxış: 6 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəstəkar Ruhəngiz Qasımovanın Milli.Az-a müsahibəsi.
 

Milli.Az olaraq "Teletamaşalar" rubrikasını davam etdiririk. Budəfəki qəhrəmanımız nəinki bəstəkar, həm də pyeslər müəllifi kimi də tanınan Ruhəngiz Qasımovadır. Onun yaradıcılığında teatr, kino, teleteatr musiqisi və mətn müəllifliyi bəstəkarlıq fəaliyyəti ilə, obrazlı şəkildə desək, bir ritmdə yazılıb, çalınıb və ifa olunub. Onun musiqi və ssenari müəllifi olduğu "Yollar görüşəndə..." (1979), "Ömrün yolları" (1982) və "Qonşu qonşu olsa..." (1989) tamaşaları teleteatr sahəsini fərqli estetika ilə rövnəqləndirən tapıntılar idi. Tamaşaların hər üçünün fabulası teleteatr həvəskarlarına yaxşı tanış olduğu üçün onların yaradıcı heyətini xatırlatmağı özümüzə borc bildik.
 

"Yollar görüşəndə" tamaşasının ədəbi materialının və musiqisinin müəllifi Ruhəngiz Qasımova, quruluşçu rejissor Ramiz Mirzəyev (Həsənoğlu), mahnıların mətninin müəllifi Fikrət Qoca, quruluşçu operator Eldar Məmmədov, quruluşçu rəssam Qurban Məlikov, mahnıların ifaçıları Flora Kərimova və Cavan Zeynallıdır. Tamaşada Rza rolunda Səməndər Rzayev, Dilbər rolunda Nəcibə Məlikova, Hökumə rolunda Gülxar Həsənova, Çiçək rolunda Səidə Quliyeva, Mais rolunda Yaşar Nuriyev, Rahidə rolunda Sevil Xəlilova, İlyas rolunda Muxtar Avşarov, Töhfə rolunda Sofa Bəsirzadə, Həmid rolunda Rafael Dadaşov, Müəllif rolunda Hamlet Qurbanov, Qədeş rolunda Mirzə Ağayev çəkiliblər.
 

"Ömrün yolları" tamaşasının ssenari və mahnıların musiqisinin müəllifi Ruhəngiz Qasımova, mahnıların mətninin müəllifi Fikrət Qoca, quruluşçu rejissor Ramiz Mirzəyev, quruluşçu operator Eldar Məmmədov, quruluşçu rəssam Rafael Əlizadədir. Rolları Amaliya Pənahova, Yaşar Nuriyev, Hamlet Qurbanov, Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Elxan Ağahüseynoğlu, Nuriyyə Əhmədova, Fəxrəddin Manafov, Vaqif Azəryar, Məzahir Cəlilov ifa edirlər.
 

"Qonşu qonşu olsa..." tamaşasının ssenari müəllifi və bəstəkarı Ruhəngiz Qasımova, quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatorlar Yusif Dadaşov, Əlövsət Aslanov, quruluşçu rəssam Rafael Əsədov, mahnıların mətninin müəllifi Fikrət Qoca, mahnıların ifaçıları Ruhəngiz Qasımova və Cavan Zeynallıdır. Aparıcı, Tamaşaçı, Şair, Həkim, Ev təmir edən qonşu, Zümanın əri, Ağıldankəm, Gerpetoloq, Rejissor, İngiliscə danışan və Yaşlı kişi rollarını Yaşar Nuri, Nazxanım rolunu Firəngiz Şərifova, Nərgiz Əhmədova rolunu Hicran Mehbalıyeva, Əhməd Əhmədov rolunu Hacı İsmayılov, Müzəffər rolunu Eldəniz Zeynalov, Müzəffərin arvadı rolunu Səidə Quliyeva, Nazxanımın tanışı rolunu Nəcəf Həsənzadə ifa edirlər.
 

Ruhəngiz Qasımova:
 

"Həbibə Məmmədxanlı bir gün dedi ki..."
 

- Televiziya tamaşaları xasiyyətimdən gələn bir təzahür idi. Mən o vaxt telestudiyada işləyirdim. Həmkarlarımla söhbətlərimiz baməzə tonda keçirdi. Zarafatlarımız qətiyyən bayağı olmurdu. O vaxt ədəbi-dram redaksiyasında pyeslər üzrə baş redaktor olan Həbibə Məmmədxanlı bir gün dedi ki, Ruhəngiz, bu qədər ki "duzlu" söhbətlər eləyirsiniz, bunları bir pyesə çevirin, Ramizlə birlikdə bir tamaşa hazırlayın bu söhbətlərinizin ruhunda. Ondan əvvəl də mənim yazı-pozu ilə aram yaxşı idi, düzdür, pyes yazmamışdım, amma hekayələrim, povestlərim var idi, ssenarilərim üzrə cizgi filmləri çəkilmişdi, yəni təcrübəm var idi. Həm də teatrı sevən adam idim. Ona görə də "Yollar görüşəndə" pyesini qələmə almaq mənim üçün çətin olmadı. Ramiz Həsənoğlu ilə bu tamaşanı hazırladıq, aktyorlar da böyük maraqla, həvəslə bu işə qoşulmuşdular. Mənim təcrübəsiz dramaturq, onların isə Akademik Milli Dram Teatrının aktyorları olduğuna görə mənə yuxarıdan aşağı baxmırdılar. Çəkilişdən sonra montaj birnəfəsə oldu. Bundan sonra bizim pərəstişkarlarımız belə tamaşaların davamının olmasını istədilər. Və "Ömrün yolları" (1982) tamaşası ərsəyə gəldi. Üçüncü tamaşam isə "Qonşu qonşu olsa..." oldu. Hər üç tamaşada görkəmli, ustad aktyorlar iştirak edirdilər - Gülxar Həsənova, Nəcibə Məlikova, Səməndər Rzayev, Hamlet Qurbanov, Yaşar Nuri, Amaliya Pənahova... Həyatda olanlara Allah ömür versin, dünyalarını dəyişənlər haqqında fikirləşəndə insanın ağlından keçir ki, gör kimlər getdi, kimlər yoxdur!.. Ona görə özümü bəxti gətirmiş insan hesab edirəm ki, mənim tamaşamda bu cür sənətkarlar iştirak ediblər. Müəllif üçün böyük xoşbəxtlikdir ki, onun yazdıqlarını qəbul etdinlər, qavrasınlar, layiqli şəkildə ərsəyə gətirsinlər. Yəqin ki, həmin pyesləri başqa bir adam yazsaydı və o tamaşalar bu günədək nümayişlənsəydi, mən həmin adama qibtə ilə, həsədlə baxardım... Bu sözlərim təvazökarlıqdan bir az kənar olsa da, hiss etdiklərimin ifadəsidir.
 

"...o vaxt seçim çox ciddi idi"
 

- Pyeslərinizi necə səciyyələndirərsiniz?
 

- Bu tamaşaların üçü də silsilə olmasa da, gerçək həyatımızın lövhələri idi. Onların süjetində fövqəladə heç nə yox idi - hər birimizin hər zaman başımıza gələn və ya gələ biləcək hadisələr idi. Gözümün qabağında baş verən hadisələri bədii dillə çatdırmışdım. Pyesləri qələmə aldıqca da gələcək tamaşanın bütün məziyyətlərini, mizanları, demək olar ki, hər sözü canlı olaraq görürdüm, o hadisələri yaşayırdım. Bu cəhət bəzən rejissorları qıcıqlandırır, bunu müəllifin onların sahəsinə müdaxiləsi kimi qəbul edirlər.
 

- Aktyorların seçiminə təsiriniz olurdu?
 

- Ümumiyyətlə, sizə deyim ki, bu pyesləri, xüsusən də "Qonşu qonşu olsa" pyesini yazanda Yaşarın iştirakını mütləq nəzərdə tutmuşdum, məhz onu görürdüm, xarakterin açılmasını onun istedadı ilə bağlamışdım. Təbii ki, iş prosesində Ramiz Həsənoğlu ilə sıx təmasda olurduq. Ramiz müəllim aktyoru bir o qədər də sərbəst buraxan rejissor deyil. Çünki o, özü nə istədiyini çox yaxşı bilir və onu da sonadək tələb edir.
 

- Son iki tamaşa arasındakı zaman kifayət qədər böyükdür. Bu nə ilə əlaqədardır?
 

- Mən bir müddət yazmıram, amma həmin müddət ərzində yazacaqlarım beynimdə yığılır və sonra bir həftə məni yazı masasından ayırmaq olmur, uzun müddət içimdə yığılıb hazırlananlar az bir müddətdə birnəfəsə "püskürür". Yəqin, son iki tamaşa arasındakı zamanın böyüklüyü bununla bağlıdır. Həm də axı o vaxt seçim çox ciddi idi. Hər ağlına gələni yazıb gətirib tamaşaya qoymaq mümkün deyildi. Özü də mən heç vaxt tamaşaçıdan zorla gülüş qoparmağın tərəfdarı olmamışam və təbii ki, qətiyyən buna can atmamışam. Çünki tamaşaçıların gülüşünü doğuran həmin adamlar əslində ciddi adamlardır, sadəcə onların başına gələnləri biz komik şəkildə görürük.
 

"Mənim tamaşalarımda söz improvizəsi eləmək mümkün deyil"
 

- Bir az əvvəl dediniz ki, süjetlər real hadisələrdən qaynaqlanıb. Hansısa tanınmış adamın başına gələnlərlə paralellik var idimi?

- Konkret bir paralellik yoxdu. Amma o hadisələr hər birimizin evində, ətrafımızda baş verən hadisələrdi. Hər kəs o tamaşalarda özünü görə bilər. Məni əhatə edən hər bir insan prototipdir, proobrazdır. (gülərək əlavə edir) Yazıçının qələminin ucuna düşdünsə, qurtardı, "batdın". Prototip, proobraz şərti şeylərdir. İntəhası, müəllifin baxışları ilə rejissorun baxışları üst-üstə düşəndə onda bu vəhdət çox yaxşı nəticə verir.
 

- Məşqlərin hamısında iştirak edirdiniz?
 

- Məşqlərin hamısında yox, onların özlərinin mərhələ-mərhələ məşqləri olurdu. Amma çəkilişlərdə iştirak edirdim.
 

- İmprovizələrə münasibətiniz necədir? Aktyorların improvizə eləməyini təqdir edən müəlliflərdənsiniz, ya əksinə?
 

- Mənim tamaşalarımda söz improvizəsi eləmək mümkün deyil. Yazdığımı olduğu kimi səsləndirməyi tələb edirəm. Yazdıqlarımı hansı effektdə çatdırmaq isə artıq aktyorların istedadı və bacarığı ilə bağlı olan məsələdir. Və nəticələrdən çox razıyam, xoşbəxtəm ki, tamaşalarım o cür yaradıcı heyətlərlə ərsəyə gəlib.

"Ramiz Həsənoğlu dedi ki, Ruhəngiz, daha yazma..."
 

- Bu tamaşalarda duetlər kifayət qədərdir - Amaliya Pənahova və Yaşar Nuri, Səidə Quliyeva və Yaşar Nuri və Rafael Dadaşov, Hicran Mehbalıyeva və Hacı İsmayılov və s. Onların öz obrazlarını canlandırma proseslərini və çəkilişdən kənar vaxtlardakı davranışlarında nələri müşahidə etmisiniz?
 

- Əgər rejissor hiss etsəydi ki, o aktyorların arasında gərginlik var, səmimiyyət yoxdur, ünsiyyətləri məcburidir, əlbəttə ki, onlara bu rolları həvalə etməzdi. Və təbii ki, çox şey aktyorların istedadından, bacarığından asılıdır. Bizim aktyor məktəbinin güclü olması isə məlum faktdır. Yazdığım pyeslərin özündə o qədər kuryozlar var ki, kadrarxası kuryozlara heç yer də qalmamışdı. Bircə onu deyə bilərəm ki, heç bir eşq macərası baş verməmişdi. Aktyorlar arasında qətiyyən heç bir xəbislik-filan müşahidə etmədim. Rollarına ciddi yanaşdıqları qədər həm də sərbəst, yüngül əhvalda oynayırdılar, rejissorun tələblərini, şərtlərini rahatlıqla yerinə yetirirdilər. Yəqin ki, biz yazarlar aktyorlara kömək edirik, onlar da bizə kömək edirlər, o mənada ki, personajlarımızı canlandırıb bizi yeni pyeslər yazmağa ruhlandırırlar. Ramiz Həsənoğlu təmkinli olmağı bacaran insan və rejissor olduğu üçün məşqlərdə və çəkilişlərdə şəffaf ab-hava hökm sürürdü. Amma bir dəfə dedi ki, Ruhəngiz, daha yazma, sənin üç pyesini tamaşaya qoydum, daha qoymaq istəmirəm...
 

- Niyə elə dedi?
 

- O mənada dedi ki, bundan sonra klassiklərin pyeslərini tamaşaya qoymaq istəyir. Əlbəttə, yazan adama "yazma" deməyin heç bir əhəmiyyəti yoxdur. Sözsüz ki, bu, bir zarafat idi. Amma təəssüf ki, o zarafat acı həqiqətə çevrildi. O illərdə ara qarışdı, Yanvar hadisələri, Qarabağ müharibəsi hamının belini bükdü. Deyir, "ibadət könül xoşluğundandır", komediya yazmaq üçün də elə bir əhval-ruhiyyə olmalıdır ki, sən o komediyanı görəsən, yazasan. Düzdür, həyat dayanmır, amma onları canlandırmaq üçün çox mərhələlər pozuldu, meydana bazar iqtisadiyyatı gəldi və müəllifə qonorar vermək əvəzinə gələcək tamaşanın maddi məsələlərinin həllini müəllifdən gözləməyə başladılar. Ona görə əsas peşəm, bəstəkarlıq önə keçdi, hətta mahnı mətnləri də yazmağa başladım. Amma təbii ki, bu illər ərzində dinc dayanmamışam, üç pyesim var. Üçü də tamamlanıb və tərcümə olunub. Mən axı pyeslərimi rus dilində yazıram, sonradan Azərbaycan dilinə tərcümə olunur. Amma rus dilində yazsam da, oradakı hər bir ifadənin azərbaycanca necə səslənəcəyini dəqiq bilirəm. "Yollar görüşəndə" pyesini Həsən Əbluc, "Ömrün yolları" ilə "Qonşu qonşu olsa"nı Mailə Muradxanlı tərcümə eləmişdilər. Çox gözəl alınmışdı. Düzdür, mən azərbaycanca yaza bilmirəm, amma dəqiq, düzgün redaktə eləyirəm. Pyeslərimi tərcümə edənlər mütləq mənimlə birlikdə işləyiblər. Tərcümə elədikcə soruşublar ki, sən filan yerdə nə demək istəmisən? Çünki rus dilində elə idiomalar var ki, onları bizim dilə çevirmək qeyri-mümkündür, məna ölə bilər, gərək maksimum uyğun qarşılığını tapasan.
 

Firəngiz Şərifovanın imtinası və Gülxar Həsənovanın debütü
 

- Opera müğənnisi olan Gülxar Həsənovanın "Yollar görüşəndə" tamaşasında iştirakı da maraqlı yanaşmalardan biridir. Həm də oğlu, gözəl aktyor Hamlet Qurbanovla ilk dəfə idi ki, tərəf-müqabili idi. Bu tandemə nail olmaq necə alındı?

- Ramiz Həsənoğlu əvvəlcə nəzərdə tutmuşdu ki, o rolu Firəngiz Şərifova oynasın. Amma o vaxt mən yetərincə tanınsam da, Firəngiz xanım xronometrajı 50 dəqiqəyə yaxın olan kiçik tamaşada epizodik rolda çıxış eləməyi, görünür ki, özünə sığışdırmayıb, ya da işin ciddiliyinə inanmayıb. Amma Gülxar xanım, gördüyünüz kimi, o rolu çox gözəl ifa elədi. Və nəticə çox səviyyəli alındı. Televiziya teatrı ekranına yeni simanın gəlişi baxımından da çox maraqlı idi. Gülxar xanım özünə qarşı çox tələbkar idi. Hətta gərginlik keçirdiyi də hiss olunurdu. O dövrün aktyorları tamam başqa cür idilər. Əvvəla, inanmadıqları, bayağı bir işə qol qoymazdılar, ikincisi, boyunlarına götürdükləri işi ad-sanlarına layiq səviyyədə yerinə yetirərdilər. Eyni sözləri Nəcibə xanım Məlikova haqqında da demək olar. Onların heç birinin davranışında "mənəm-mənəmlik", özlərini digərlərindən üstün tutmaq cəhəti yox idi. O üstünlüyü onlar elə qazanmışdılar ki, ona kimsə nə şübhə edə, nə də müdaxilə edə bilərdi. Bu üstünlük öz yerində idi, iş prosesində isə onlar hamı ilə bərabər tərəf-müqabili idilər. Onlar üçün gənc, orta və ya yaşlı nəslə mənsub, ya da böyük aktyor, kiçik aktyor anlayışı yox idi. Özləri işlərinə o qədər ciddi yanaşırdılar ki, onlarla tərəf-müqabili olanlar da onların dalınca gedirdilər, o səviyyəyə çatmağa çalışırdılar.


Televiziya tamaşaları çox gözəl janrdır. Və tamaşaçıların sevdiyi janrdır. Amma televiziya tamaşalarının əvəzinə daha çox teleserialların çəkildiyi indiki vəziyyətdən çox narazıyam. Qoy o teleserialların ssenari müəllifləri, rejissorları, aktyorları məndən inciməsinlər, amma seriallar tamaşaçılara heç nə vermir, onlar tamaşaçıları ya güldürürlər, ya da ağladırlar. Heç bir obraz canlandırmırlar. Bəlkə də belə yaxşıdır, belə olmalıdır, amma mən buna inanmıram...
 

İlk dekolte libas, Yaşar Nurinin zarafatı, Ruhəngiz Qasımovanın ev əşyaları, pariki, bişirdiyi borş, toxuduğu köynək...
 

- Aktyor duetlərindən danışdıq, amma "Yollar görüşəndə" tamaşasında müğənni dueti də görünür - Flora Kərimova və Cavan Zeynallı. Səhv eləmirəmsə, o vaxta qədər bizim teleməkanda belə təcrübə olmamışdı. Elədir?

- Elədir. "Yollar görüşəndə" tamaşası ilk təcrübə idi ki, müğənnilər və rəqs studiyasının üzvləri də tamaşaya daxil edildilər, sanki musiqi hadisələrin inkişafına müdaxilə edirdi, musiqi hadisələrin davamına çevrilirdi. Yaxşı alındı və yaxşı qəbul edildi. "Yollar görüşəndə" tamaşası müğənnilərin canlı iştirakından başqa, həm də qadın müğənninin dekolte paltarda efirə çıxdığı ilk kadr kimi yadda qaldı. Yadımdadır, Cavan Zeynallı, o vaxt o, Cavanşir Zeynallı kimi tanınırdı, Floradan soruşdu ki, sən nə rəngdə paltar geyinəcəksən? Flora da cavab verdi ki, mən bu tamaşanın çəkilişi üçün məxsusi paltar tikdirmişəm, al-qırmızı rəngdə, onu geyinəcəm. Cavanşir də dedi ki, onda mən də ağ kostyum geyinərəm, ağ qu quşu kimi görünərəm. Flora həmin paltarda çəkilişə gələndə Yaşar zarafatla dedi ki, Flora xanım, paltarın qollarını tikməyə dərzinin vaxtı çatmayıb?... Flora xanım çiyninə salmağa xəz də götürmüşdü, amma belə paltara görə heç bir narazılıq eşitmədik, rəhbərlik hər şeyi yaxşı qəbul etdi. Müğənnilərin ikisi də gənc idi, hamımız gənc idik, mən də gənc idim, (gülərək əlavə edir) mən elə indi də özümü gənc hesab edirəm, 74 yaşımı hiss etmirəm, daha doğrusu, hiss elətdirmirəm.
 

- Belə də olmalıdır...
 

- "Ömrün yolları" tamaşasında isə artıq mən özüm royal arxasında oturub musiqinin süjetin bir hissəsinə çevrilməsini təmin eləmişdim. Rəylərə görə, pis oxumamışdım, tamaşanı korlamamışdım...
 

- Yox, qətiyyən... Və yaxşı ki, "Qonşu qonşu olsa" tamaşasında da kadr arxasından olsa da, sizin ifanız eşidilir. Həmin tamaşada iştirak edən Hicran Mehbalıyeva haqqında nə məlumatınız var?

- Onun həyat yoldaşı biznesmen idi, 90-cı illərdə çoxları buradan köçəndə onlar da Moskvaya köçdülər. Yaxşı aktrisa idi, həm də göyçək idi. Yeri gəlmişkən, onun çəkildiyi "Qonşu qonşu olsa..." tamaşasında aktyorların yediyi borşu özüm evdə bişirib gətirmişdim. Evin interyerini bəzəmək üçün lazım olan bəzi əşyaları - heykəlcikləri, qırmızı telefon aparatını, Firəngiz Şərifovanın üstünə örtdüyü örtüyü də evdən gətirmişdim. Firəngiz xanımın əynindəki qolsuz toxunma köynək də mənimdi, özüm toxumuşdum, əynimdə idi, görən kimi xoşuna gəlmişdi, demişdi ki, mən bu geyimdə çəkilmək istəyirəm. "Ömrün yolları" tamaşasında Amaliyanın qoyduğu parik də mənimdi. O illərdə Bakıda qadınlar qışda soyuqdan qorunmaq üçün başlarını örtmək əvəzinə parik qoyurdular. Əlbəttə, mən maraqlı idim ki, tamaşalarım hər cəhətdən gözəl alınsın, rekvizit şöbəsində lazım olan bütün əşyalar olsa da, o əşyalar tamaşadan-tamaşaya istifadə olunmuş əşyalar idi. Ona görə ekranda daha qabarıq görünən bəzi əşyaları orijinallaşdırmışdıq. "Qonşu qonşu olsa..." tamaşasında Firəngiz xanımın qəhrəmanının iti Tsaska Ramiz müəllimin qonşusunun iti idi. Bu tamaşada da rejissor işində maraqlı yeniliklər oldu. O vaxta qədər Azərbaycan teleməkanında bir aktyorun müxtəlif rollarda çıxış etməsi kimi hal baş verməmişdi. Səhv eləmirəmsə, Yaşar o tamaşada on bir rolda çıxış edir. Və o obrazların hamısında fərqli görünməyi təkcə ustalıqla edilmiş qrimin sayəsində baş tuta bilməzdi. Belə güclü aktyorla işləmək hər kəsə böyük zövq verir. Rejissora da, müəllifə də, tərəf-müqabillərinə də.
 

"Makinamın, pianomun səsi gəlməyəndə qonşularım nigaran qalırdılar"
 

- Qonşularınızın o tamaşaya reaksiyası oldumu?
 

- Bax o tamaşanın finalında Firəngiz xanımın qəhrəmanının son monoloqunda dediklərinin hamısı mənim həyatımda, böyüdüyüm evdə baş verən məqamlar idi. Mənim ata evim həyət evində idi, orada çox səmimi ab-hava var idi. Heç kim özünü səmimi göstərməyə çalışmırdı, səmimiyyət ürəkdən gəlirdi. Mənim işləmək vərdişim belədir ki, yalnız gecələr məhsuldar işləyə bilirəm - istər musiqi bəstələmək olsun, istərsə də ədəbi fəaliyyətlə məşğul olmaq. Elə günlər olurdu ki, işləmirdim, yaradıcı iş axı hər gün qrafiklə baş verə bilməz. Bizim divar qonşumuz rus idi, mənim makinamın, pianomun səsi gəlməyəndə səhər tezdən xəbər alırdı ki, ötən gecə niyə səsin gəlmirdi? Nigaran qalırdılar ki, görəsən, ötən gecə niyə makinamın, pianomun səsi çıxmayıb? Bax bu səviyyədə səmimi qonşuluq var idi. O tamaşadan sonra o qədər zəng edirdilər, deyirdilər ki, elə bil bizim evdə baş verən hadisələri yazmısız, bizdə də liftlə bağlı eyni situasiya yaranmışdı.
 

- Yaşar Nuri özü necə qarşılamışdı bir neçə rolda çəkilmək perspektivini? Həmin obrazlarda özünün hansısa tapıntıları oldumu?
 

- Əlbəttə, kadra daxil olandan sonra istedadlı, bacarıqlı aktyor personajın nə ilə dolu olduğunu tam göstərməyi bacarır. Əlbəttə ki, əndazəsində olmaq şərtilə. Yəni əsl aktyor onsuz da öz roluna artıq-əskik yanaşma göstərə bilməz. Onlar tanış olduqları ədəbi materialdan düzgün faydalanırdılar, yerli-yerində qaynaqlanırdılar. Yaşar da təbii ki, oradakı hər bir obrazının səciyyəvi xüsusiyyətlərini tapıb göstərə bilmişdi, yaşamışdı o obrazların hər birini. Yaradıcılıq da budur. Həm də bir-birimizi çox istəyirdik, həyatda olanlarla indi də bir-birimizi çox istəyirik, ailəvi dostluq edirik. Yadımdadır, filarmoniyada mənim 70 illiyim qeyd olunanda Yaşar çıxışında dedi ki, camaat, bax mənim yanımda Ramiz Həsənoğlu Rufaya, yəni mənə, dedi ki, daha yazma, amma o yazır və yenə də yazacaq, Rufa, mən gözləyirəm sənin tamaşalarını.

Yaşar Nurinin aramızda olmamağına hələ də alışa bilmirəm...
 

- Pyesləriniz yazıldığı kimi qoyulub tamaşaya, yoxsa iş prosesində rejissor hansısa dəyişikliklər edib?
 

- Yox, pyesin karkası, skeleti rejissora imkan verirdi ki, özü gördüyü kimi onu qəbul etsin. Amma yeri gələndə onun müdaxiləsi üzvi şəkildə baş verirdi.
 

- Hamlet Qurbanovun aparıcı rolunda olmağı və eyni zamanda yeri gəldikcə hadisələrə müdaxiləsi, Yaşar Nurinin bir neçə rolda çıxış eləməyi əvvəldən qələmə alınmışdı, yoxsa sonradan məsləhətləşib bu tərzə saldınız?
 

- Yaşarın bir neçə rolda çəkilməyini ssenarini yazanda qeyd eləmişdik, Hamlet Qurbanovun oynadığı, hadisələr, personajlar arasında vasitə rolunu yerinə yetirən aparıcı obrazını isə pyesi yazanda qələmə almışdım. Bu, vacib idi. Kənardan elə görünə bilər ki, o tamaşalardakı şuxluq birnəfəsə, asanlıqla alınıb. Əlbəttə, dediyim kimi, tam anlaşma var idi. Ona görə təbii çətinliklər bizə qabarıq, aşılmaz görünmürdü.
 

"Nahid Hacızadə o qeydi yazanda doğrudan pərt olmuşdum"
 

- Pyesləri təqdim edəndə telestudiyanın rəhbərliyinin reaksiyası necə olmuşdu?
 

- Bir dənə də olsun, qeyd, düzəliş etməmişdilər. Amma "Qonşu qonşu olsa..." pyesini təqdim edəndə o vaxt o şöbənin redaktoru Nahid Hacızadə idi, əlyazmanın küncünə yazmışdı ki, Ruhəngiz, bizə yazığın gəlsin...
 

- Niyə?

- Axı o pyeslərin hamısı qrotesk tərzində yazılıb. İlk baxışda adama elə gəlir ki, həyatda belə hadisələr baş verə bilməz, amma bir az dərk edəndən sonra düşünürsən ki, əslində elə hər birimizin başına gələn, ya da gələ bilən hadisələrdir. İntəhəsı, o hadisələri elə qələmə almaq olardı ki, o süjetlər kiminsə xətrinə dəyə bilər, həm də elə təsvir etmək olar ki, baxıb gülən adam eyni zamanda fikirləşsin ki, axı o hadisələrdə mən də varam. Biz o hadisələri ona görə ekrana gətirdik ki, insanları bir az silkələyək. Nahid Hacızadə əlyazmanın küncünə o qeydi yazanda, doğrudan, pərt olmuşdum. Əlyazmanı telestudiyanın o vaxtkı rəhbəri Elşad Quliyevə təqdim edib dedim ki, zəhmət olmasa, bu pyeslə tanış olun, fikrinizi bildirin. O da çox qısa müddətdə pyesi oxudu və tamaşanın hazırlanması üçün xeyir-duasını verdi. Tamaşa hazır olanda məni ilk təbrik edən elə Nahid Hacızadə oldu.
 

Əlbəttə, indi səhnə üçün, məşqlər üçün "acmışam". Məmnuniyyətlə, yenidən o cür yaradıcı işlərə başlayaram.
 

Samirə Behbudqızı
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.