Mədəniyyət

Azərbaycanlı aktrisa: "Açıq-saçıqlıqdan heç əsər-əlamət yoxdur..." - FOTOSESSİYA

17 Dekabr 2014 00:10
0 Şərh     Baxış: 4 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aktrisa Günel Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Günel Məmmədova... Hələ də bu ada "işləyirsiniz", yoxsa artıq ad sizə "işləyir"?

- Hələ bu ad üçün "işləyirəm". Mən nə etmişəm ki, ad da mənə "işləsin"?

- Nə xəbər var? Nişanlanmısınız?

- Bu barədə heç nə danışmaq istəmirəm. Şəxsi həyat elə şəxsi olaraq qalsa, yaxşıdır. Heç kimə maraqlı deyil.

- Son zamanlar cəmiyyətə qarşı bir az qapalı olmusunuz sanki. Bu nə ilə əlaqədardır?

- Xeyr, qətiyyən dəyişməmişəm. Necə var idimsə, elə də qalmışam.

- O vaxt "Aktrisa" filmi çəkiləndə sizin də baş rola dəvət olunduğunuz barədə məlumatlar yayılmışdı. Nə dərəcədə doğru idi?

- Bəli, almışdım. Mənimlə bərabər bir neçə aktrisa da dəvət olunmuşdu.

- Məsələn, o siyahıda kimlər var idi?

- Adlarını bilmirəm.

- Bəs təklifi niyə qəbul etmədiniz? Açıq-saçıqlığa görə?

- Sözün düzü, filmdə heç bir açıq-saçıq səhnə görmədim...

- Bəs?..

- Çünki kastinqə gedəndə mənə bir az şişirdilmiş formada demişdilər. Amma baxandan sonra gördüm ki, film əla alınıb və orada, ümumiyyətlə, açıq-saçıqlıqdan heç bir əsər-əlamət yoxdur.

- Və peşman oldunuz çəkilmədiyinizə görə?

- Söz yox ki, sözügedən filmə mən də çəkildim. Bəli, yeganə filmdir ki, boynuma alıram, baxandan sonra baş rola çəkilmədiyimə görə çox peşman oldum. Amma qeyd edim ki, filmdəki bütün aktyorlar, xüsusən də rejissor çox uğurlu bir işə imza atdılar. "Aktrisa" Azərbaycan kino məkanında ən sevdiyim filmlərdən biridir.

- Sonradan peşmanlıq keçirdiyinizi deyirsiniz. O filmdəki hovuz səhnələrinə çəkilərdiniz? Yəni ki, həmin geyimi kompleks olmadan geyinə bilərdiniz?

- Əslində, orada bir şey yoxdur. Bu, fərdi bir şeydir. Amma mən çəkilməzdim. Çünki bilirsiniz ki, mənim özümə xas olan bir "çərçivəm" var. Bir də nəzərə almaq lazımdır ki, biz hansı mühitdə və harada yaşayırıq.

- Onda peşmanlıq əbəsdir. Çünki baş rolda oynasaydınız, həmin səhnələrə çəkilmək məcburiyyətində qalacaqdınız.

- Xeyr, məcburi heç nə yoxdur. Hər bir səhnənin ortaq məxrəcini tapmaq mümkündür.

- Sadəcə olaraq, demək istədiyiniz budur ki, o filmdə heç bir açıq-saçıqlıq yox idi, elədir?

- Elədir. Deyirəm, üstündə də dururam. Filmdə heç bir səhnə problemli səhnə deyildi, sadəcə olaraq, çəkilməyə razı olub-olmamağım mənim öz qərarım idi.

- Son zamanlar bir çox baxımlı seriallarda çəkildiniz. Sizcə, rejissorların sizə tez-tez dəvət göndərməkləri nə dərəcədə doğrudur? Yoxsa heç özünüz də tamaşaçıları intizarda qoymaq istəmirsiniz?

- Əgər eyni simalar çəkilirlərsə, deməli, tələbat var. Təbii ki, rejissor öz məhsulunun ağasıdır. Mən də əgər rola uyğun gəlirəmsə, seçilirəm. Mənim tamaşaçılarım intizarda qalmağı sevmirlər (gülür). Sima çəkildikcə qiymətləndirilir.

- Hal-hazırda sizdən "yan qaçan" nədir?

- Yəqin ki, vaxt ola bilər. Çünki vaxt baxımından qıtlıqdır (gülür).

- Sizcə, artıq sizin üçün nəyin vaxtı gəlib çatıb?

- Qəliz sualdır... Məncə, hələ heç nəyin. Ona görə də vaxt azlıq edir. Nəyinsə yetişməsi üçün hələ çox işləməliyəm. Hərdən baxırsan ki, ömür bitir, amma sən heç nə etməmisən.

- Bəs ömrün bitməyinə az qaldığından xəbərdar olsanız, nə edərsiniz?

- Bu barədə düşünmüşəm, amma cavabını tapa bilməmişəm. Lakin bilsəm ki, ömrümün son anlarıdır, mən yenə də öz ailəmlə, ilk növbədə dostlarımla, məni sevən insanlarla birlikdə olmaq istərəm. Son günlərimi onlarla keçirərəm. Çünki insanın ən dəyərli varlığı onun ailəsi, doğmaları və dostlarıdır.

Cavidan Abdullayev
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.