Mədəniyyət

Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar Fikrət Əmirova həsr olunan kitabın təqdimatı keçirilib - FOTO

25 Noyabr 2014 19:41
Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Noyabrın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunan kitabın təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, "Fikrət Əmirov" kitabı bəstəkarın şəxsi arxivi əsasında hazırlanıb. Nəşrə bəstəkarın "Sevil" operası və "Min bir gecə" baletinin CD-ləri daxildir. Qonaqların diqqətinə "Fikrət Əmirovun musiqi əsərlərinin antologiyası" da çatdırılıb.

Azərbaycan mədəniyyətinin qorunmasına, inkişafına və təbliğinə yönəldilmiş bu layihə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə görkəmli ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Təntənəli təqdimat mərasiminin açılışında Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli qeyd edib ki, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən növbəti layihə bütün dünyada milli mədəniyyət və incəsənətimizin təbliğinə yönəlib.
Onun sözlərinə görə, Azərbaycan xalqı və dövlətimiz görkəmli şəxsiyyətlərinə böyük hörmətlə yanaşır: "Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyev Fikrət Əmirovun yaradıcılığına böyük hörmətlə yanaşıb. Heydər Əliyevin sərəncamına müvafiq olaraq 2002-ci ildə görkəmli bəstəkarın 80 illiyi geniş qeyd edilib. Azərbaycan Prezidenti İlham Əliyev də bəstəkarın milli incəsənətimiz qarşısında xidmətlərini yüksək qiymətləndirib. Prezidentin sərəncamı əsasında Bakının mərkəzində görkəmli bəstəkarın abidəsinin açılışı olub".

A.Kərimli layihənin reallaşdırılmasına görə Heydər Əliyev Fonduna və F.Əliyevin ailəsinə təşəkkür edib. Kitab F.Əmirov musiqisinin köklərinin gedib çıxdığı Şuşa şəhərinin, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində oradakı musiqi mühitinin təsviri ilə başlayır. Hadisələr xronoloji ardıcıllıqla davam etdirilir, müsiqiçi Əmirovlar sülaləsinin həyat və yaradıcılıq yolu izlənilir, F.Əmirovun ölməz əsərlərinin yaranma tarixçəsi, onların ərsəyə gəlməsinə səbəb olmuş mədəni mühit əks etdirilir. Kitabda görkəmli bəstəkar və əsərləri haqqında müxtəlif dövrlərdə mətbuat orqanlarında dərc olunmuş rəylər, tanınmış şəxsiyyətlərin fikirləri də toplanıb.

Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev F.Əmirovun milli musiqi incəsənətinin inkişafına verdiyi əhəmiyyətli töhfəni qeyd edib: "Fikrət Əmirov dahi bəstəkar olub, onun əsərləri - klassik əsərləri və mahnıları - bu insanın milli hisslərinin hansı səviyyədə olduğunu bariz şəkildə nümayiş etdirir. Bakı, Gəncə və Sumqayıtda musiqi məktəblərinə bəstəkarın adı verilib. Gəncədə filarmoniya və Dövlət Mahnı və Rəqs Ansamblı onun adını daşıyır. Bakıda Fikrət Əmirov adına küçə var, böyük bəstəkarın abidəsi qoyulub. Azərbaycan xalqı yaradıcılığı ilə daim yaşayacaq və incəsənətimizə şöhrət gətirəcək Fikrət Əmirov kimi böyük bəstəkarı ilə fəxr edir".

Tanınmış musiqiçi və layihənin müəllifi, F.Əmirovin oğlu Cəmil Əmirov Əmirovlar ailəsi adından layihənin reallaşdırılmasına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

Tədbirin qonaqları F.Əmirovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film və fotosərgi ilə tanış ola biliblər. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında F.Əmirovun əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Orkestri bədii rəhbər və baş dirijor, Azərbaycanın xalq artisti Teymur Göyçayev idarə edib. Azərbaycan musiqisinin korifeylərindən olan F.Əmirov 22 noyabr 1922-ci ildə Gəncədə anadan olub. Azərbaycan peşəkar müsiqi sənətinin banisi Üzeyir Hacıbəylinin tələbəsi olmuş F.Əmirovun yaradıcılığı müxtəlif janrları əhatə edib. Bəstəkar "Şur" və "Kürd ovşarı" simfonik muğamları ilə dünya musiqi tarixində yeniliyə imza atıb və simfonik muğam janrının əsasını qoyub. Şərq nağılları əsasında yaratdığı "Min bir gecə" baleti ona ölkə hüdudlarından kənarda da şöhrət qazandırıb.
F.Əmirov 20 fevral 1984-cü ildə dünyasını dəyişib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.