Mədəniyyət

Heydər Əliyev Fondunun Hannoverdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günü Almaniya mətbuatında

30 Oktyabr 2014 18:15
Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Hannover şəhərində keçirilən Azərbaycan mədəniyyəti günü yerli mətbuatda işıqlandırılıb. Bu barədə Trend Fondun saytına istinadən məlumat verir.

Oktyabrın 28-də təşkil olunmuş tədbirdən "Odlar yurduna musiqili səyahət" adlı reportajda bildirilir ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Fuad İbrahimovun dirijorluğu ilə keçən konserti gecəyə xüsusi rəng qatıb. Tamaşaçılara Azərbaycan bəstəkarlarının əsərləri, Şərq və Qərb elementlərini özündə birləşdirən zəngin proqram təqdim olunub.

Tədbirdə Oqtay Zülfüqarov Amerika musiqisi olan "Have A Good Time, My People" üverturasını ənənəvi muğam musiqisi ilə ifa edib. O, milli musiqi alətləri olan balaban və ud ilə tamaşaçıları "Odlar yurdu"na daha da yaxınlaşdıra bilib. Tenor Azər Rzazadə və klarnet ustası Şükür Səmədov da öz kompozisiyalarını böyük şövqlə ifa ediblər. Reoirtajda qeyd olunur ki, Qara Qarayevin məşhur "Yeddi Gözəl" baletindən valsın ifası gecədə böyük coşqu yaradıb.

Yazıda qeyd olunur ki, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışında musiqinin ölkələr və xalqlar arasında bir körpü olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan musiqidə birinciliyə imza atan ölkə kimi tarixə düşüb. Belə ki, müsəlman Şərqinin ilk operası məhz Azərbaycanda yaranıb.

Reportajda tədbir çərçivəsində nümayiş olunan "Azərbaycanda alman izləri" fotosərgisi və "Almaniya bir rəssamın gözü ilə" müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət ekspozisiya barədə də söz açılıb. Müəllif Almaniyada olmayan rəssamların iştirakı ilə keçirilən yarışmanın unikal konsepsiyaya malik olduğunu vurğulayıb.

Yazıda Hannover Konqres Mərkəzində keçirilmiş tədbirə 800-dək qonağın qatıldığı qeyd olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.