Mədəniyyət

"Qeyrət" belədir, "ölü"nü də dirildir - YENİLƏNİB - FOTO

22 Oktyabr 2014 16:28
0 Şərh     Baxış: 3 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Silindr"in əsl sahibi və ya ləyaqətsizlyin üzünə vurulan sillə

09:03

"Ölü kimi yaşamaq, yoxsa ölü olmaq?" Akademik Milli Dram Teatrının Eduardo de Filipponun (1900-1984) "Silindr" pyesi əsasında xalq artisti Ramiz Novruzun hazırladığı (bu tamaşa aktyorun ilk quruluşu deyil - red.) eyniadlı yeni tamaşasının əsas qəhrəmanları bu sual qarşısında qalıblar.

İkinci Dünya Müharibəsindən sonrakı İtaliyanın Neapol şəhərinin köhnə məhəllələrindən biri, kasıblığın ən son həddində ömürlərini sürən bir cavan ər-arvad və bir qədər yaşlı məşuqlar və bir də ləyaqət hissinin imtahana çəkilmə məqamı. On səkkizinci əsrə aid olan tikilinin anbar, ya da zirzəmi üçün nəzərdə tutulan bu ərazisi Aqostino Muskaryelloya (əməkdar artist Kazım Abdullayev) məxsusdu. O, 37 il xalq teatrının qarovulçusu işləyib, müharibənin dağıdıcı qüvvəsi ucbatından teatr binası uçurulub yerində otel inşa edildikdən sonra isə hansısa illüzyonçunun unutduğu silindri "çörək ağacı"na çevirməyi və bu yolla yığılıb qalan, işi artıq məhkəməyə gedib-çıxan kirayə pulunu ödəməyi məqbul sayıb. Başqa sözlə, xırda fırıldaçılıqla ondan-bundan pul əldə etmək əməliyyatları zamanı gərginlik yarandığı anlarda Aqostino silindri başına qoyub haradansa peyda olaraq sehrbaz, ya da çoxbilmiş cildində aldadıldığını "həzm edə" bilməyən o şəxsin gözünə "kül üfürərək" işini yoluna qoyur.

Bu dəstə isə belə anlardan sığortalanmayıb. Çünki plana görə, Rodolfonun (aktyor Anar Heybətov) arvadı Rita (əməkdar artist Münəvvər Əliyeva) hər gün müəyyən saatlarda eyvanda yuyunub kirşanlanma səhnəciyi oynamaqla əxlaqsız qadın rolu cildinə girməli, kişiləri cəlb edəndən sonra onlardan pulu əvvəlcədən alıb tamaşa içindəki tamaşanı kulminasiya nöqtəsinə çatdırmalıdır - "müştərini" yataq otağında ötən gecə dünyasını dəyişmiş ərinin, Rodolfonun "meyiti" ilə tanış etməli, fəryad qopararaq qazanc əldə etməyin belə yaramaz üsuluna dəhşətli ehtiyac, ərinin qoyub-getdiyi borclar, üç uşağını dolandırmaq və nəhayət, Rodolfonu torpağa tapşırmaq üçün pul əldə etmək məcburiyyətindən əl atdığını bəyan edərək "müştəri"ni xeyirxah və genişürəkli olmağa çağırmalıdır.

Günlərin bir günü belə tamaşaların biri az qala gerçəyə çevriləcəkdi. Bir gün Ritanın toruna 35 illik ailə həyatından sonra 20 ay öncə dul qalmış imkanlı bir kişi düşür. Attilio (xalq artisti Ramiz Novruz) Ritanı o qədər bəyənir ki, ona qovuşmaq üçün ən böyük məbləğdə pulundan keçməyə hazırdır və keçir də. Attilionun peyda olması yalnız bununla əlamətdar olmur. Ritanın yalançı fəryad səhnəsinin bir yerində o meyitin əslində meyit olmadığından şübhələnir və buna görə də ondan əvvəlki "müştəri", Antonio kimi pulunu geri almaq yox, məqsədini gerçəkləşdirmək qərarına gəlir. Hadisələrin belə dönüş alması ərin "qeyrətini" oyadır və o, "dirilmək" qərarına gəlir. Əsl tamaşanın kulminasiya nöqtəsinin qoyulması da elə bundan sonra başlayır - Ritanın namusu təhlükə altına düşür, gerçəklikdə olmasa da, bundan ötrü yarım milyonundan keçən Attilio öz yuxusunda bir müddətliyə ona "sahib olur". Elə bundan sonra heysiyyətinin tarım çəkilməsini tələb edən bu tamaşadan, bu ləyaqətsiz, vecsiz dairədən yorulan Ritanın səbr kasası daşır və əsl silindr sahibinin Attilio olduğunu deyərək bu vaxta sürdüyü həyatla vidalaşır... Bu ana qədər yüngül komediya, yumşaq ironiya tərzində davam edən səhnə əsərinin son epizodu ləyaqətsizliyi həyat tərzinə çevirməyin üzünə vurulan sillə təsirini bağışlayır.

Neopolitan teatrının sonuncu dahi müəllif-aktyorlarından biri, rejissor E.de Filippo böyük neopolitan aktyoru Eduardo Skarlettanın nikahdankənar övladı olub. Uşaqlığı teatr və kino aləmində keçib. 1981-ci ildə İtaliya prezidenti tərəfindən ömürlük senator təyin edilib. 
"Silindr" tamaşası E.de Filippo qələminə xas olan incə psixoloji yanaşmanın, sosial dərinliyin buffonada parlaqlığı və qrotesklə harmoniyada üzə çıxmaq səciyyəsinə cavab verdi. Tamaşa, demək olar ki, birnəfəsə baxıldı, ilk premyera gərginliyi sezilmədi, bayağılığa yol verilmədi. Əsas rolların ifaçılarından yalnız Bettina rolunun ifaçısı aktrisa Ləman İmanovanın oyununda bir qədər sünilik hiss olundu, amma yəqin ki, bu, tamaşanın sonrakı nümayişlərində daha inandırıcı oyunla əvəzlənəcək. Rodolfo rolunun ifaçısı aktyor A.Heybətov isə məhz bu tamaşada özünün aktyorluq bacarığını daha yaxşı "səfərbər" edə bilmişdi. Attilio Samueli, Aqostino və Rita obrazlarının ifaçıları xalq artisti Ramiz Novruz, əməkdar artistlər K.Abdullayevlə M.Əliyeva isə həmişə olduğu kimi zövqoxşayan oyun nümayişlədilər. Roberto rolunun ifaçısı Məzahir Cəlilov və Antonio rolunda çıxış edən Hikmət Rəhimov da tamaşaçıların diqqətini özlərində saxlaya bildilər.

Tamaşanın səhnə (rəssam Anar Əliyev) və musiqi tərtibatı (Kamil İsmayılov) da əsərin ruhuna və hadisələrin baş verdiyi dövrə uyğun tərzi çatdırır. Tamaşa anşlaqla keçməsə də, sadiq teatralların ayaq üstündə bir neçə dəqiqə çəkən alqışlarını qazandı.          
   
Samirə Behbudqızı        
Milli.Az


----------
16:28

Böyütmək üçün şəkillərə klikləyin.




----------
09:03


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.