Mədəniyyət

Azərbaycanlı yazıçı: "Müharibədən tutmuş erotikayacan bütün mövzularda qələm çalanlar var"

19 Oktyabr 2014 15:29
0 Şərh     Baxış: 1 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az yazıçı Nəriman Əbdülrəhmanlının aktual.az-a müsahibəsini təqdim edir.

Nəriman Əbdülrəhmanlının ilk publisistik yazı və hekayələri 80-ci illərdə çap olunub. 90-cı illərdə povestləri, 2000-ci illərdə romanları işıq üzü görüb. О, 80-ci illərin axırlarından kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik "Azərbaycan kino sənəti tarixi" monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib. 2001-2003-cü illərdə isə "Lider" televiziyasında silsilə sənədli filmlərin yaradılmasında iştirak edib.

N. Əbdülrəhmanlı 80-ci illərdən folklor araşdırmaları aparmaqla yanaşı, bir çox aşıq və şairlərin yaradıcılığını toplayıb, kitab halında nəşr etdirib, onlarla kitabın tərtibçısi və redaktoru olub. 80-ci illərdən bədii tərcümə ilə ciddi və ardıcıl məşğul olur, gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 2006-cı ildə yaradıcılığına görə Beynəlxalq Sənət Mükafatına, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" - "Şans" mükafaına layiq görülüb. "Yalqız" romanı 2010-cu ildə Milli Kitab Mükafatının ilk onluğuna daxil olub, "Yolsuz" romanı isə 2001-ci ildə üçüncü mükafata layiq görülüb. Əsərləri türk, rus və ingilis dillərinə tərcümə olunub.

- Ən çox nəyi oxuyursunuz - bədii, yoxsa elmi əsərləri?

- Bədii əsərləri. Çünki həm tərcüməçilik işim bunu tələb eləyir, həm də daha çox bədii kitablar bağışlayırlar, ya da özüm alıram. Amma bu, həm də konkret vəziyyətlə bağlıdır. Belə ki, maraq obyektimin hansı əsər olduğunu təsadüfi məqamlar müəyyənləşdirir. Məsələn, görkəmli ictimai xadim və diplomat Həsən Həsənov "Qız qalası" monoqrafiyasının təqdimat mərasiminə dəvət eləmişdi. Həmin kitabı bağışladı, maraq üzündən oxudum və bədii əsər qədər zövq aldım. Yaxud qələm dostum Zahid Sarıtorpağın "Azərbaycan" jurnalında "Dərdin sarı çəpkəni" romanı cap olunduğundan xəbər tutub, şair-tərcüməçinin nəsrini oxumaq istədim, heç də peşman olmadım, kifayət qədər koloritli və bədii siqlətə malik əsərdir.
İndi bənzərsiz şairə Xanım İsmayılqızının bağışladığı "Dua yağışı" şeirlər toplusunu oxuyuram, gündə bir neçə şeir ovqatımı müəyyənləşdirir.

- Sizcə, gənc yazarlarda ən ciddi problem nədir?

- Belə demək mümkünsə, ədəbi naşılıq, erkən şöhrətə can atma, bir neçə şeiri-hekayəsi çıxandan, yaxud tələm-tələsik roman yazıb çap etdirəndən sonra başgicəllənməsi. Onlar elə güman eləyirlər ki, təkcə Allah vergisi olan istedadla çullarını sudan çıxara bilərlər, ona görə də öz bədii zövqlərini cilalamaq, yazı üslubu cəhətdən püxtələşmək qayğısına qalmırlar. Üstəlik də, yazdıqlarının müxtəlif yerlərdə, müxtəlif vasitələrlə təbliğinə çox vaxt sərf eləyirlər, demək olar, öz üzərlərində işləməyə vaxtları qalmır. Amma yaradıcılıq fasiləsiz zəhmət, daim təkmilləşmək, daim yazdıqlarınla, təkcə, oxucuları yox, həm də özünü heyrətləndirməkdir. O da uşaq tərbiyə eləməyə oxşayır: baxımsız uşağın gələcək həyatı nə qədər təhlükə altındadırsa, istedad da elədir. Elə buna görə, də bir çoxu elə yolun başlanğıcında təngnəfəs olurlar.

- Neçə tərcümə kitabınız çapdan çıxıb?

- Sayını desəm, yəqin, təəccüb doğuracaq. Amma nəzərə almaq lazımdır ki, mən otuz ilə yaxındır ki, tərcümə ilə məşğul oluram, son iyirmi ildə isə tərcümə nəsrlə yanaşı həyatımın başlıca işinə çevrilib. İldə iki-üç kitab tərcümə eləyirəm, bu, sifarişlə də olur, özümün istəyimlə də çevirirəm. Hələ ki, 35 tərcümə kitabım işıq üzü görüb, onların əksəriyyəti "Qanun" nəşriyyatı ilə əməkdaşlığımın nəticəsidir, bir də prezidentin sərəncamı ilə nəşr edilən 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanası layihəsinə daxil olan nəşrlərdir. 9 kitab da redaktə prosesindədir, yaxud çapını gözləyir.

İşləmək ovqatım olmayanda başqa tərcüməçilərin də çevirdikləri əsərlərdən ibarət antologiya tərtibi ilə məşğul oluram. İndi 7 ədəbi antologiya var ki, onların işıq üzü görməsi oxucularımız üçün çox maraqlı olardı.

- Hansı ədəbi cərəyanın nümayəndələrini bəyənirsiz?

- Mən ədəbi cərəyanlar barədə heç vaxt ciddi fikirləşməmişəm, yazdıqlarımla hansı cərəyana mənsub olduğumla bağlı da əndişələrim olmayıb. Mənə belə gəlir, bu ədəbiyyatşünaslığın işidir, yazıçının işi yazmaq, ortaya sanballı əsər qoymaqla bağlı narahat olmaqdır.

Əgər ortada əsərin varsa, ədəbiyyatşünaslar, tənqidçilər, lap elə oxucular səni bu və ya digər cərəyanlara aid eləyəcəklər, bundan da narahat olmaq lazım deyil: başlıcası ortaya qoyduğun ƏLAHƏZRƏT MƏTNdir...

- Yazdıqlarınızın hamısı çap olunubmu?

- Yox. İndiyədək cəmi bir povest və hekayələr toplusu, dörd romanım işıq üzü görüb, "Qurban" adlı daha bir romanımsa çap prosesindədir. Ümumiyyətlə, 40 yaşınacan yazdıqlarımın əksəriyyətinin başını bağlayıb sandığa qoymuşam, həmin yazılar, ən azı, sağlığımda çap olunmayacaq.

Son illərdə yazdığım hekayələr var ki, bəziləri ancaq sosial şəbəkələrdə yayımlanıb, kitab halında üzə çıxmayıb. Bir də çap olunmamış tərcümələrim var ki, onları tez-tələsik üzə çıxarmaq fikrində deyiləm, bir də işləmək, cilalamaq istəyirəm.

- Sizcə, yazarın ədəbi tənqiddən umacağı nə olmalıdır və ya olmalıdırmı?

- Şəxsən, mənim indiyədək ədəbi tənqiddən heç bir umacağım olmayıb, yazılarım haqqında Kamal Abdulla, Əsgər Rəsulov, Sabir Bəşirov, Bədirxan Əhmədli, Zakir Məmməd, Cavanşir Yusifli, Rüstəm Kamal kimi şəxsiyyətinə və qələminə hörmət bəslədiyim adamlar mətbuatda fikir söyləyiblər. Amma bir para ədəbiyyatşünas-tənqidçilər də var ki, hətta, müəyyən bir dövrlə bağlı icmal məqalə yazanda belə, bir çox qələm dostlarımla yanaşı, məni də "unutmağı" özlərinə borc sayırlar. Əlbəttə, tənqid şəxsi məsələdir, qələm sahibi kimdən istəyirsə, ondan yaza bilər. Amma, bütövlükdə, ədəbi mənzərəni yaratdıqlarına görə ədəbiyyatşünasların kimisə görməzliyə vurmağa haqları yoxdur.

- Sosial şəbəkələr yazıçıya hansı imkanları verir və eyni zamanda, nələrdən məhrum edir?

- Sosial şəbəkələr daha çox şairlərin meydanıdır, şeirlərini paylaşırlar, kifayət qədər də oxuyan olur, irihəcmli əsərləri isə, təbii ki, paylaşmaq mümkün deyil.Mən sosial şəbəkədən yalnız mövcud ədəbi mənzərəni görmək, bir də ehtiyac duyduğum adamlarla ünsiyyətdə olmaq məqsədi ilə istifadə eləyirəm. İndi məndən ötrü ən qiymətli şey vaxtdır, ona görə də vaxt aparması baxımından sosial şəbəkəyə çox aludə olmuram, işləyə-işləyə hərdənbir baxıram ki, nəzərdən qaçan vacib məqamlar olmasın.

- Azərbaycan ədəbiyyatındakı boşluqları nədə görürsünüz və yazıçıların necə əsərlər yazmasını istərdiniz?

- Mən mövzu baxımından ədəbiyyatımızda boşluq görmürəm, müharibədən tutmuş erotikayacan bütün mövzularda qələm çalanlar var. Amma əsas məsələ yazılanların bədii səviyyəsidir ki, bu, ayrıca bir söhbətin mövzusudur. Məncə, bu mərhələ də ötüb-keçəcək, sonra durulma başlayacaq, layiqli qələm adamları ədəbiyyatda öz yerini tutacaqlar. İndi nəyin və kiminsə hesabına meydan sulayanlar, hətta, orta məktəb dərsliklərinə salınanlar belə sabah ƏLAHƏZRƏT ƏDALƏTlə üz-üzə gəlməli olacaqlar. Çünki, Qabriel Qarsia Markesin dediyi kimi, "yazıçının inqilabi borcu yaxşı yazmaqdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.