Mədəniyyət

Yazar Cəlil Cavanşir: "Qadın olsam, ev qızı olmazdım" - FOTO

20 Oktyabr 2014 03:00
3 Şərh     Baxış: 5 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"JEK müdiri ola bilərəm"

- Niyə yazırsan?

- Dəfələrlə bu suala cavab vermişəm. Heç bir xüsusi iddiam yoxdur. Əlimdən başqa iş gəlmədiyinə görə yazıram. Daxili tələbat kimi bir hissdir.

- Deyirlər, oxucuların - texnikum tələbəsi qızlardır. Düzdür?

- Dezinformasiyadır. Belə şayiələrə inanmayın. Bütün bunlar məni istəməyən ağzıgöyçəklərin uydurmasıdır. Siz bəyəm texnikumda oxuyursunuz?

- Vəzifə seçimin olsa, kimin kreslosuna iddialısan?

- Belə bir seçim şansım olsa, imtina edərəm. Çünki mən vəzifə üçün çox bacarıqsız namizədəm. Ən yaxşı halda JEK müdiri ola bilərəm, o da bir aylıq. Sonra sakinlər məni yüz faiz qətlə yetirərlər.

- Deyirsən, Kafka qeyri-ciddi yazıçıdır. Bu fikrə necə gəldin? Tam olaraq hadisə necə baş verdi?

- Sosial şəbəkələrdə bir dəstə yeniyetmə və gəncliyinin ilk illərini yaşayan insanlar Kafkadan sitatlar paylaşırlar. Xalqımın ən ağıllısı da, ən axmağı da kafkapərvər və kafkaşünasdır. Mənim oxuduğum Kafka yeniyetmələrin status səviyyəsinə saldığı Kafka deyildi. Çətin oxunurdu, çox düşündürürdü, həyatımıza yön verirdi. Kafkanı status səviyyəsinə salıb məhv elədilər. Ümumiyyətlə, Kafkayla bağlı fikrimin yer aldığı müsahibə ironikdir. Ümid edirəm ki, bundan sonra o müsahibədən çıxış edib sual verməzsiniz.

- Kədər söhbəti ilə bir ara xeyli xanım oxucu toplamışdın statuslarının ətrafına. Ən çox hansı nahiyəni kədərli hesab edirsən?

- Allah haqqı, statusumun ətrafında sıx birləşən xanımların əksəriyyəti sənin kimi kədərli qələm adamlarıdır. Mənim statuslarım onları kövrəltmək və ağlatmaq missiyasını daşıyırdı. Daha çox saçım kədərli idi. İndi bütün nahiyələrim şən və xoşbəxtdir.

- Çoxlu pulun olsaydı, neçə arvad saxlayardın?

- Mən ümumiyyətlə "arvad saxlamaq" sözündən iyrənirəm. Qeyri-insani, iyrənc söhbətdir. Arvad inək deyil ki, tövləyə salıb saxlayasan, otunu, suyunu verəsən, sonra sağıb südündən pendir tutasan. Qadını ancaq sevmək, onunla paylaşmaq olar. Çoxlu pulum olsa, indi yaşadığım həyatı çox cüzi şəkildə redaktə edərdim.

- Basketboldur, voleyboldur - bunlarla aran necədir?

- Tennis və badminton daha müdrik və maraqlı oyundur.

- Xüsusi simpatiyan olan oriental rəqqasə var? Varsa, hansı klubda fəaliyyət göstərir?

- Əlbəttə, var. Rəqqasə Pərvinin rəqslərinə baxmağı sevirəm. Çox ürəklə və şövqlə rəqs edir. Eyni zamanda daxili dünyası da zəngindir. Oturub söhbət etmək, dərdləşmək olur. Hansı klubda işlədiyini isə deməyim. Klubu reklam etmək istəmirəm.

- Ədəbiyyat həyat tərzidir, yoxsa qazanc yeri?

- Həyat tərzimdir. Qazanc yerim ədəbiyyat yox, jurnalistikadır. Amma ədəbiyyatın da qazanc yeri olmasını çox istərdim.

- Necə olur ki, bir-birinə aşiq iki insan evlənir, az müddət sonra tam əksi olur - nifrət?

- Sevgi, eşq, məhəbbət - bunlar filosofların və şairlərin uydurduğu söhbətlərdir. İki bədənin bir-birini istəməsi, arzulamasına bər-bəzəkli ad qoyublar - eşq, sevgi, məhəbbət. Boş söhbətdir. Bədənlər bir-birini arzulayır, qovuşur, yorulur, bezir və ayrılır. Bu prosesin sadəcə ömrünü uzatmaq olar. Nifrət də çox romantik sözdür. Partnyordan yorulmaq, iyrənmək, diksinmək var. Məcburiyyət iyrəndirir. Nifrət hissi kişi və qadın münasibətlərində tam olaraq iştirak etmir.

- Qadın olmaq şansın olsaydı, kim olardın?

- Bu barədə heç vaxt düşünməmişəm. Qadın olsam, böyük ehtimalla, ev qızı, ev xanımı olmazdım.

- Ömür nə gətirir, nəyi aparır?

- Gələn də, gedən də illərdir. Cavanlıq, enerji, ehtiras, çılğınlıq gəlir və gedir. Ümumiyyətlə, hər şey gəlir və gedir. Ömür gətirdiyi hər şeyi zərrə-zərrə alıb aparır.

- Gözəl bədənli qadınmı, ağıllı qadınmı?

- Gözəl bədənli ağıllı qadın.

- Elgizə nə sualın var?

- "Ay qa, niyə belə eliyirsən ki?"

- Redaktor olmaq yazıçı üçün əzabverici deyil?

- Çox üzücü işdir. Zülmdür.

- Elçin Əfəndiyev, yoxsa Anar?

- İsa Hüseynov.

- Samsung, yoxsa Nokia?

- "Alcatel".

- Sevgilimi, yoxsa seks-partnyormu?

- Seks-partnyor. Sevgi uydurma söhbətdir.

- Deyirlər, qadına bir kişi çoxdur, ikisi az. Səncə?

- Məncə, çox insan, çox şeir, çox musiqi, çox içki və çox yaşamaq....

- Kədərə qarşı vaksin var?

- Yoxdur. Kədər qədərimizdir.

- Rakı, yoxsa, viski? Niyə?

- Söhbəti və ortamı mükəmməl olarsa, rakı daha gözəldir. Təkbaşına viski olar. Ümumiyyətlə, rakı sevginin özüdür. Rakı məhəbbətdir. Rakı ləzzətdir.

- Kəramət Böyükçöl müsahibəsində hələ çox əllər öpəcəm demişdi. Səncə, saygacla işləyir?

- ...

- Biri var, boşanmaq, biri də var, arvaddan məzuniyyətə çıxmaq. Nə qədər çəkdi?

- 3 il. Əzabla, məşəqqətlə, iztirabla dolu 3 il. Amma bu, qadınımdan ayrı qaldığım üçün deyildi. Oğlum çox körpəydi və mən onsuz yaşaya bilmirdim. Şükür, indi sakitçilikdir. Məzuniyyət bitdi.

- Mənimlə quda olarsan?

- Məmnuniyyətlə. Allahın əmri, peyğəmbərin qavli ilə qızınız Gülgəzi oğlumuz Ayhana istəyirik. Amma Ardanın qaynatası olmaq riskini gözə ala bilmərəm.

Günay Arda
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.