Mədəniyyət

""Tehran-43" filmində çəkilməyim təsadüfən oldu" - FOTO

24 Oktyabr 2014 02:00
0 Şərh     Baxış: 7 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1974-cü ildə ekranlara "Ömrün səhifələri" adlı yeni ağ-qara Azərbaycan filmi çıxdı. Dram, komediya, məhəbbət janrlarının, belə demək mümkünsə, buketindən, qısametrajlı novellalardan ibarət kinoalmanax.

"Rəqiblər", "Baladadaşın ilk məhəbbəti" və "Nəğmə dərsi" adlı novellalarda müxtəlif insanların talelərindən söhbət açıldığı üçün onlar hamısı birlikdə "Ömrün səhifələri" adlanır. İntermediyada novelladan-novellaya keçid edilir. Hadisələr bir restoranda oğlunun ailə həyatı ilə bağlı ondan telefon zəngi gözləyən bir şəxsin ətrafında baş verir. Tamaşaçılara təqdim olunan novellaların qəhrəmanları da bu restorandadırlar - Fazil (Fazil Salayev), Eldəniz (Eldəniz Zeynalov), Baladadaş (Şamil Süleymanov), Fəxrəddin (Fəxri Həsənov).

Birinci novellanı - "Rəqiblər"i Fazil, ikincini Baladadaş, üçüncünü isə Fəxrəddin danışır.

"Rəqiblər" küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı mənfəət uğrundakı rəqabətin tədricən səmimi dostluğa çevrilməsindən, "Baladadaşın ilk məhəbbəti" birinci sevginin, daha doğrusu, vurğunluğun unudulmazlığından, "Nəğmə dərsi" isə boşanmış ailələrdən birinin misalında ana ilə yaşayan oğulun atası ilə münasibətlərindən bəhs edir. "Nəğmə dərsi" mərhum kinorejissor Gülbəniz Əzimzadənin kinoda ilk işidir.
 

Kinoalmanaxın ssenari müəllifi və quruluşçu rejissoru Həsən Seyidbəyli, quruluşçu operatoru Arif Nərimanbəyov, bəstəkarı Fikrət Əmirovdur. "Rəqiblər" filminin ssenari müəllifi Ramiz Fətəliyev və Teymur Bəkirzadə, quruluşçu rejissoru Teymur Bəkirzadə, quruluşçu operatoru Arif Nərimanbəyov, quruluşçu rəssamı Firəngiz Qurbanova, bəstəkarı Aqşin Əlizadədir. "Baladadaşın ilk məhəbbəti" filminin ssenari müəllifi Elçin, quruluşçu operatoru Valeri Kərimov, quruluşçu rəssamı Elbəy Rzaquliyev, bəstəkarı Emin Sabitoğludur. "Nəğmə dərsi" filminin ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissoru Gülbəniz Əzimzadə, quruluşçu operatoru Valeri Kərimov, quruluşçu rəssamı Firəngiz Qurbanova, bəstəkarı Fikrət Əmirovdur. Rollarda Şəmsi Bədəlbəyli, Fazil Salayev, Eldəniz Zeynalov, Şamil Süleymanov, Muxtar Maniyev, Hacıbaba Bağırov, Əsgər Məmmədoğlu, Yusif Yulduz, Kamil Məhərrəmov, Bahadur Əliyev, Şamil Süleymanov, Ruhəngiz Musəvi, Mirvari Novruzova, Yusif Muxtarov, Əliabbas Qədirov, Fəxri Həsənov, Elxan Ağahüseynoğlu və başqa aktyorlar çəkiliblər. Ş.Bədəlbəylinin canlandırdığı telefon gözləyən adam obrazını Səməndər Rzayev, meyxana deyən şəxsi Rasim Balayev, Baladadaşı Ramiz Əzizbəyli, Muradı Əliabbas Qədirov, Sevinci Xuraman Hacıyeva səsləndiriblər. Kinoalmanaxın epizodları Bakıda və Abşeronun Pirşağı kəndində çəkilib.
 

"Rəqiblər" novellasında futbol azarkeşi Ələsgər rolunda çəkilmiş əməkdar artist Əsgər Məmmədoğlu bizimlə söhbətində bu və çəkildiyi digər filmlərlə bağlı xatirələrini və ümumiyyətlə, epizodik rollar aktyorunun sənətdəki yeri barədə Milli.Az-a danışdı.
 

Dosye: Əsgər Məmmədoğlu 1946-cı ildə Bakıda anadan olub. 1975-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti - red.) dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və bu günədək teatrın səhnəsində müxtəlif xarakterli rollarda çıxış edib. Teatrda, kino və televiziyada əsasən epizodik rolların ifaçısı kimi tanınan Ə. Məmmədoğlu teatrda "Sizi deyib gəlmişəm" tamaşasında Qazi, "Maqbet"də Cəllad, "Hamlet"də Məzarçı, "Aydın"da Səlim və s., teletamaşalardan "Evləri köndələn yar"da Şair, "Mehmanxana sahibəsi"ndə Nökər, "Topal Teymur"da Dəmir Qaya, "Yaşıl eynəkli adam"da Milis və s., bədii filmlərdən "Ömrün səhifələrində" Ələsgər, "Xoşbəxtlik qayğıları"nda Əlövsət, "Bəyin oğurlanması"nda Ələsgər, "Tehran-43"də Qulam Rza, "Qərib cinlər diyarında" Əsra, "Qəribə adam"da Xalid, "Şir evdən getdi"də Yanğınsöndürən, "Yol əhvalatı"nda Aeroportdakı adam, "Yaramaz"da Ələsgərin işçisi və başqa kinoobrazları canlandırıb.
 

- Mən heç vaxt kinoya çəkilmək haqqında fikirləşməmişəm. Məni çağırdılar "Baladadaş"a (söhbət "Baladadaşın ilk məhəbbəti" filmindən gedir - red.), şəklimi çəkdilər, sonra rejissor dedi ki, yaşlıdır, bu rola uyğun deyil. Sonra həmin şəkli Tima gördü, Teymur Bəkirzadə, çağırdı məni ki, biz indi bir film çəkməyə hazırlaşırıq, səni də yoxlamaq istəyirik. Bir otaqda əlimə top verib operator Arif Nərimanbəyovla baxdılar, dedilər ki, çəkmək olar. Bir aya yaxın çəkilişlər getdi. Pivə də 11 qəpik idi, hər gün bir çəllək pivə gətirirdilər çəkilişlərə. İçərişəhərin qala qapılarının yanında çəkilirdik. İndi müxtəlif adamlar yanbayan bir neçə eyni ticarət nöqtəsi açırlar, amma o vaxt görün insanların təfəkkürü, mənəviyyatı necə yüksək səviyyədə idisə, sonra gələn ticarətçi özündən əvvəlkinin hüquqlarını sıxmamaq üçün köçüb getdi. Bu süjet gürcülərin qısametrajlı kinonovellalarısayaq idi. Burada da üç novellanı Həsən Seyidbəyli "Ömrün səhifələri" adı altında birləşdirmişdi. Bu novellalar qırx ildən çoxdur baxılır. Çünki çox yaxşı yaradıcı kollektiv toplaşmışdı o kinoalmanaxda, gözəl süjeti var idi - bir-birinə mane olmamaq, bir-birini sevmək kimi keyfiyyətləri aşılayırdı. Teymur Bəkirzadə də çox yaxşı rejissor idi, heyf ki, tez dəyişdi dünyasını, o filmdən sonra "Yol əhvalatı"nı çəkdi, yaxşı sənədli filmləri də var.
 

- "Rəqiblər" filmində Fazil Salayev, Eldəniz Zeynalov, Muxtar Maniyev kimi tərəf-müqabilləriniz var. Sizə necə təsir bağışladı o iş prosesi?

- Çox böyük aktyorlar idi. Elə bu filmdən sonra mən teatrda işləməyə başladım. Onlarla işləmək, təbii ki, çox maraqlı idi. Çox gözəl tərəf-müqabili idilər. Mən həmişə deyirəm ki, o filmdəki rolum kiçik olsa da, 10-dan çox iri planım var. Belə cəhətlər yalnız səmimi yaradıcı kollektivdə mümkün olur. Meyxananı kadr arxasından oxuyan isə Rasim Balayevdi.
 

- Çəkildiyiniz filmlərdə improvizələriniz olub?

- Bizim ən böyük bəlalarımızdan biri odur ki, rejissorlarımız dəvət olunan aktyorlara hər cür sərbəstlik verirlər, onların improvizələrinə etiraz etmirlər, amma bizə imkan yaratmırlar. Məsələn, "Şir evdən getdi" filmi çəkiləndə Sergey Yurskinin obrazının çox detallarını Fazil Salayev deyirdi, axırda Yurski rejissora dedi ki, məni niyə çağırmısınız, gərək elə onu çəkəydiniz bu rola. Fazil çox böyük aktyor idi. Amma buna rəğmən Fazilin "Şir evdən getdi" filmindəki rolu xeyli montaj edildi, narazılığını bildirsə də, sözünü eşidən olmadı. İndi dönə-dönə baxılan köhnə filmlərimizdə çəkilmiş aktyorlara heç də həmişə layiq olduqları imkanlar yaradılmayıb. Amma əlbəttə, nə yaxşı ki, o filmlər, o televiziya tamaşaları var. Bizi tamaşaçıya tanıdan onlar oldu. "Kinoklub" verilişinin də bu mənada böyük köməyi oldu, o verilişin sayəsində tamaşaçılar öz filmlərimizi yenidən kəşf etdilər. O filmlərin, teletamaşaların dəyəri indi bilinir, çünki ən gənc aktyorlar da o filmlərə dönə-dönə baxırlar. "Qərib cinlər diyarında", "Şir evdən getdi", "Xoşbəxtlik qayğıları" çox qiymətli fimlərdir. "Xoşbəxtlik qayğıları" çox müasir filmdir.

Epizodik rolların aktyorları haqqında demək istəyirəm ki, məsələn, Sergey Filippov epizodik rollar oynaya-oynaya SSRİ xalq artisti oldu, ya da İsmayıl Osmanlı - epizodik roluna görə SSRİ xalq artisti adı aldı. Epizodik rolların başqa bir ustası Kramarov Amerikaya gedib çıxdı. Bizimkilərdə o risk yoxdur ki, epizodik rollar aktyorunun bacarığından tam istifadə etsinlər. Halbuki bu işlə peşəkarcasına məşğul olan adamlara imkan yaradılsa, aktyorlarımız başqa ölkələrdə də tanınarlar. Əslində epizodik rolu oynamaq daha çətindir. Brondukov da balaca rollar aktyorudur. Amma əsas rolları oynayan aktyorlardan az tanınmır.
 

- Tanınmaqdan söz düşmüşkən, Alovla Naumovun "Tehran-43" filmində çəkilməyiniz necə baş tutdu?

- O filmdə çəkilməyim təsadüfən oldu. Qulam Rza roluna bir gürcü aktyor çəkilməliydi. Amma bilmirəm, nə səbəbdənsə, Bakıya, çəkilişlərə gəlib çıxmamışdı (1981-ci ildə SSRİ, İsveçrə və Fransa kinematoqrafçılarının birgə istehsal etdikləri, televiziya versiyası "Sui-qəsd" adlanan "Tehran-43" dördseriyalı filminin Tehran epizodları Bakıda, İçərişəhərdə lentə alınıb - red.). Mən həmin vaxt Əjdər İbrahimovun "Qəribə adam" filminə çəkilirdim. Əjdər müəllim isə "Mosfilm"də nüfuzu olan adamlardan idi. Rejissorlara məni məsləhət gördü. Beləliklə, dünyamiqyaslı filmdə rol almağım baş tutdu. Filmin dördseriyalı variantında Qulam Rza roluna ekranda kifayət qədər yer ayrılıb, amma televiziya versiyasında mənim rolum ekranda az görünür. İstənilən halda, o filmdə çəkilmək böyük şərəf və zəngin təcrübə idi.
 

Samirə Behbudqızı
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.