Mədəniyyət

Satirik şair: "Heç nə, nə var, nə var dərdi çəkirəm" - MÜSAHİBƏ

2 Oktyabr 2014 18:33
1 Şərh     Baxış: 3 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kulis.az-a istinadən satirik şair Əvəz Qurbanlı ilə müsahibəni təqdim edir

- Satira yazırsan... Şəxsən mən Sabirdən sonra yazmazdım...

- Ona qalsa, Füzuli də özündən əvvəlki klassiklərdən sonra qəzəl yazmazdı.

- Məncə, Füzulidən sonra daha çətin idi...

- Qövsi Təbrizi Füzulinin təsirindən necə çıxdı? O, çox orijinal şair idi. Seyidin dövründə də Bahar Şirvani vardı. Eyni ildə doğulub, eyni ildə vəfat ediblər. Amma o, sovet dövründə çox təbliğ olunmadı. Seyidin isə bəzi şeirlərini ateist düşüncədə izah etdilər və təbliğ olundu.

- Dindarları tənqid etməsi sovetin işinə yarayırdı.

- Hə, o fakt da vardı... Bilirsiz, hər dövrün öz satirası olmalıdır. Satira özünü yeniləməli, "restart" etməlidir. Köhnə üslub effekt vermir. Yeni forma kəşf olunmalıdır. Əgər cəmiyyətə təsiri olmayacaqsa, satiranın dəyəri yoxdur.

- Sabir dövründə təsir edirdi, səncə?

- Sabir dövrü başqa idi. O dövrdə satira aclığı vardı. Satira yazanlar başqa imzalarla yazırdılar ki, onları öldürməsinlər. Bu gün belə problem yoxdur. Bugünkü bəylər, ağalar, məmurlar reaksiya vermirlər.

Sabir inqilabi satira məktəbinin əsasını qoyub. O, İran Məşrutə inqilabına təsir edib. Deyəsən, Abbas Səhhətin sözüdür ki, Sabir inqilaba bir ordu qədər kömək etdi.

- Səncə onun özünəməxsusluğu nə idi ki, bu qədər sevildi?

- Sabirin satiralarında obraz öz diliylə özünü ifşa edir. Əsl satira budur. Həm də satira nifrətdən yox, sevgidən yazılmalıdır. Tanınmış bir rus yazıçısı Mirzə Fətəli Axundov haqqında yazmışdı: "Öz xalqını nə qədər sevəsən ki, bu qədər nifrət edəsən! Yəni bu nifrət, o nifrətdən deyil.

- "Harda müsəlman görürəm, qorxuram" misrasında nifrət var səncə?

- Məncə, sənət o səviyyəyə enməməlidir. "Harda müsəlman görürəm qorxuram" şeirini çox hallandırırlar. Məncə, Sabirin fikri xalqı aşağılamaq deyil. Sabir bu sözləri kimin dilindən dediyini açıqlamır. Amma yenə də, mən Sabirə burda haqq qazandırmıram. Onu ideallaşdırmıram. Dahi olsa da, həmişə müdafiə etmirəm. Hərdən tənqidi yanaşmaq da lazımdır. Sabir onu da yazıb ki, "Mən də müsəlmanam, a şirvanlılar".

- Səni "Qulp"dan tanıdı çox adam...

- O dövrdə "Molla Nəsrəddin" Sabiri necə tanıtdırmışdı? Əksər şeirləri Mirzə Cəlilin sifarişi ilə yazmışdı. "Hophopnamə"dəki satiranın bəziləri heç ona aid deyil. "Millət necə tarac olur olsun, nə işim var" şeiri mübahisəlidir. Mirzə Cəlilə aid edirlər. Çünki Mirzə Cəlilin də müxtəlif səpgili satiraları var. Bu şeirin üslubunu da ona aid edirlər. Sabir "Millət necə tarac olur olsun, nə işim var" deməzdi. O deyərdi ki,

Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?

Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?

Sabir mütləq bədii çalarlar qatardı. Onun ifadə vasitələri daha güclü idi.

"Qulp"dan başqa tribunamız yox idi. "Qulp"un cəmiyyətə qarşı ironiyası tənqid olunurdu. Amma "Qulp" öz işini görürdü. Məsələn, o veriliş vasitəsi ilə Bakıxanovun heykəli ilə bağlı məsələ həll olundu. Mənim sözlərimə yazılmış mahnılar yayıldı. Ümumiyyətlə, "Qulp"a gəlişimdən sonra ancaq mənim sözlərimə yazılmış mahnılar oxunurdu.

- Bir növ xalq mahnılarını dekonstruksiya edirdin...

- Bəli.

- Səndən əvvəl də satirillər vardı "Qulp"da.

- Hə. Baba Pünhan vardı, çox maraqlı adam idi. Onun əsl adı Atababa Mədətov idi. Amma baba Pünhan kimi qəbul olundu. Daha sonra, Tofiq Həsənli vardı, çox istedadlı şair idi. Açığı onun davamlı görünməməsinin səbəbini bilmirəm.

- Şeirlərinə görə səni incidən yox idi ki?

- Yox, mənə konkret heç nə deyilməyib, amma verilişin aparıcısı Mübariz müəllimə çoxlu zənglər gəlirdi. Çox vaxt da mənə demirdi. Bunu çox sonradan bildim.

- Meyxana demisən heç?

- Demişəm. Rəşad Dağlı və başqa dostlarla öz aramızda demişəm. Arada yenə deyirdim. Amma geniş meydanlarda olmayıb, kiçik çevrələrdə olub.

- Səncə yaşadığımız dramatik hadisələrə rəğmən gülüşə, komediyaya bu qədər ehtiyac nədəndir?

- Bu bir az psixoloji məsələdir. İnsan sıxıldıqca ağlamaqdansa gülüşə meyl edir. Bunun dəqiq izahını vermək çətindir.

- Mən bilən hecada da şeirlərin var...

- İndiyədək iki kitabım çap olunub. Birində heca vəznində olan şeirlərim toplanıb. Əslində mən ədəbiyyata hecadan, şifahi xalq ədəbiyyatından gəlmişəm. "El şairləri" kitabını əzbər bilirdim orta məktəbdə. Sabirə də uşaqlıqda sevgim yarandı. Sabir satirada önə çıxdığı üçün elə təsəvvür yaranır ki, satira ancaq əruzdadır. Mənim heca vəznində yazdığım satiralar da var. Lirik şeir yazanda da, gözünə satira qatıram.

Qismətimə hər nə düşüb, min şükür.

Nə yar dərdi, nə xar dərdi çəkirəm.

Ömür yolum daş-kəsəklə doludur.

Bax beləcə hamar dərdi çəkirəm.

Gözlərimlə yol çəkirəm çox rahat.

Dərd də gəlib lenti kəsir o saat,

Dərdə qarşı hasar çəkir camaat

Mən də durub hasar dərdi çəkirəm.

Türkün sözü, necə gəlim "kəndimə"

Ac qoyurlar, deyirlər ki, qəm yemə

Sevinc məndən inciyibmiş sən demə

Heç nə, nə var, nə var dərdi çəkirəm.

- Şeir kitabların oxunurmu?

- Hamı kimi mənim də şeir kitablarımın satışında problem var. Sovet vaxtı ən ucqar kəndlərə də gedirdi kitablar. O vaxt təzə çıxan kitablar oxunurdu. Pambıqçılar, suçular, fəhlələr oxuyurdu. Ədəbiyyat yaxşı təbliğ olunurdu. İndi min tiraj böyük tiraj sayılır. Sovet dövründə on minlərlə, yüz minlərlə kitab çıxırdı. İndiki yazarların təbliğatı yoxdur. Məncə bu yaşayış tərzi ilə bağlıdır. İndi informasiya bolluğudur və insanlar bundan aqressivləşib. Bədii zövq ölüb. Fədakar oxucular qalıb yalnız.

- Təzə nə yazırsan?

- Yeni şeir kitabı haqqında düşünürəm.

- Başqa planların...

- Gələcəklə bağlı heç bir planım yoxdur. İstəyirəm yeni, ciddi əsərlər ortaya qoyum. Kitabların üzərində işləyirəm. 2006-dan şeir kitabım çıxmır. Beynimdə 2-3 nəsr ideyası var. Roman oxuyuram ki, nəsrə hazır olum. Nəsr ciddi məsələdir.

- Bir romanın var məncə...

- Hə, var - hərbi-vətənpərvərlik mövzusundadır. Sərhədçilərdən bəhs edir. Özüm sərhədçi olmuşam axı... Bizdə indiyədək sərhədçilər haqqında irihəcmli əsər yazılmayıb.

- Müsabiqə üçün yazmamısan ki? Sərhəd mövzusunda tez-tez müsabiqələr keçirilir...

- Mən yazanda bilmirdim ki, roman olacaq. Əsgərlik xatirələri idi yazdığım. Sonra süjeti genişləndirdim. Romanda məqsədim arzuladığım ordunu təsvir etmək idi. Mən yazanda müsabiqə yox idi. Amma sonra sərhədçilərin müsabiqəsinə qatıldım və mükafat aldım.

Əsas mükafatı heç kimə vermədilər ki, guya layiqli əsər yoxdur. Xalq artisti Rasim Balayev də vardı münsiflər heyətində. Zəng edib bunun səbəbini soruşdum, məlum oldu ki, əsərimi heç oxumayıb. Adını belə xatırlamırdı.

- Gənc yazarların klassik şeir bilgiləri səni qane edirmi?

- Yox, çox zəifdir. Yazmazdan əvvəl oxumaq lazımdır. Məşhur bir şairimizin bir şeirini oxudum yaxınlarda, fikri Füzulidən iqtibas şəklində idi. Amma daha yaxşısını Füzuli yazıb axı. Əminəm ki, bu şair Füzulinin həmin şeirini oxumayıb. Yazarlar oxumalıdır ki, bazaları güclü olsun. Oxumaq dil və təfəkkür bazasını zənginləşdirir. Bu gün "əğyar" deməyin nə mənası var? Bugünkü oxucunun dili ilə yazmaq lazımdır. Vaqif Füzulidən sonra hecada şeirlər yazdı və göstərdi ki, xalq dilinə keçmək lazımdır.

- Roman, satira, lirika... İndi hansını seçərdin?

- Bu gün lirika mənə daha çox yapışır. Amma satiranı bir borc olaraq düşünürəm. Bəlkə də saysız-hesabsız eybəcərliklərə satiranın təsir etməməsi məni lirikaya meylləndirir. Lirika bir az özünə çəkilmək, satira baş qaldırmaq, etiraz etməkdir. Mən indi özümə çəkilməyə daha çox ehtiyac duyuram.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.