Mədəniyyət

Cavanşir Quliyev: "Azərbaycanda ziyalı defisiti yaranıb"

29 Sentyabr 2014 18:03
1 Şərh     Baxış: 1 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mədəniyyətsiz və tərbiyəsiz gənclərin sayı təhlükəli dərəcədə çoxalıb, meyxana isə az qala Azərbaycanda əsas sənət olub"

Milli.Az xəbər verir ki, modern.az saytının "XXI əsrin adamı" rubrikasında budəfəki müsahibi tanınmış bəstəkar Cavanşir Quliyevdir.

- Hazırda Şimali Kipr Türk Cümhuriyyəti adlanan tanınmamış bir dövlətin Yakın Doğu Universitetinin səhnə sənətləri fakültəsinin professoru vəzifəsində çalışıram, gələcək aktyorlara bəzi musiqi fənlərindən dərs deyirəm. Eyni zamanda musiqi yaradıcılığını da davam etdirir, bir sıra iri həcmli əsərlər - "Oğuznamə" və "Tufan" baletləri, Türkiyədəki bəzi teatr tamaşalarına musiqilər, kamera-instrumental əsərlər və mahnılar bəstələmişəm. Azərbaycanla da yaradıcılıq əlaqələrimi kəsməmişəm. Burda yaşayaraq, vətən üçün bir sıra əsərlər yazmışam - "Buta", "Cavid ömrü", "Sübhün səfiri" bədii filmlərinə musiqi, Azərbaycan Dövlət Akademik Dram Teatrında səhnələşdirilən Vaqif Səmədoğlunun "Generalın son əmri" (rejissor Ramiz Həsənoğlu) tamaşasına musiqi, Azərbaycan Dövlət Kamera Orkestri üçün 4-cü simfoniya, "Üç əhval" süitası, müğənnilərimiz üçün bir sıra mahnılar və digər əsərlər.

- Bu əsrdəki vətənin - Azərbaycanın xaricdən necə görünüşündən danışacağıq. Vətən üçün çox darıxmırsınız?

- Bura gəlməzdən öncə Azərbaycandan kənarda ən uzun qaldığım müddət bir ay olmuşdu - gənc bəstəkar ikən SSRİ-nin müxtəlif şəhərlərindəki bəstəkarların yaradıcılıq evlərindəki seminarlarda. Xatirimdədir, o zaman çox darıxırdım vətənçün. Bura gələndə də təxminən bir aydan sonra xiffət çəkməyə başladım. Baxmayaraq ki, burdakı insanlar yaşayış tərzləri ilə bizə çox yaxındırlar və mənə münasibət son dərəcə sayğılı idi. Anladım ki, heç bir yer, heç bir gözəl şərait insana vətəni əvəz edə bilməz! Kim deyir ki, artıq alışıb başqa yerə, inanın ki, ən azı səmimi deyil, o adamları belə deməyə vadar edən bir sıra səbəblər var. Həqiqət isə budur: normal adam olaraq vətənini hamı kimi sevən birisi heç vaxt başqa yerə alışa bilməz, türklər demişkən, biləməz! Özəlliklə biz, azərbaycanlılar! Sualınızın ikinci qisminin qısa cavabı budur: Bakıdan təyyarəyə minib havaya qalxan andan Azərbaycandakı mənə əziz insanlar və yerlər üçün burnumun ucu göynəyir!
O ki qaldı sualın ilk qisminə, əslində, Azərbaycan mən olduğum yerdən heç görünmür də, orda hansısa beynəlxalq hadisə və yaxud nəsə bir olay olmayınca, Azərbaycan heç kimin yadına düşmür - kiçik ölkələrin aqibəti budur.

- XXI əsr elm-texnika və sırf məntiqi düşüncəyə yönəlmiş bir əsrdi. Sizcə, səs, musiqi bu yüzillikdə öz yüyənini nisbətən əldən verəcək, yoxsa saxlayacaq?

- Əldən verməyəcək, çünki musiqi dinləmək istəyi insanın fizioloji ehtiyacıdır, texnikaya-filana baxmaz. Yəni nə qədər ki, insan bioloji varlıq olaraq bugünkü kimi qalacaq, o musiqi dinləmək ehtiyacı hiss edəcək. Zatən insan musiqi fəaliyyətinə elə ehtiyacdan başlayıb, cəmiyyətin durumuna görə yox ki. Hə, zövqlər zaman içində dəyişir, musiqi də bu zövqləri uyğun olmaq üçün dəyişir. Musiqinin tamamilə ortadan yox olması kimi bir təhlükə, məncə, yoxdur. Qısası, insan Yer üzündə var olduqca, onunla bərabər musiqi də yaşayacaq!

- XXI əsrdə alimlərimizin, incəsənət xadimlərimizin bəziləri xarici ölkələrə getdilər. Bu "beyin axını" və "ruh axını" cəmiyyətin gələcəyinə nə kimi ziyanlar vura bilər?

- Bu məsələyə, məncə, duyğusal yox, praqmatik yanaşmaq lazımdır. Hər yerdə və həmişə insanlar daha yaxşı iş şərtləri axtarırlar, hansı ölkə bu baxımdan uyğunsa, ora gedərlər. Əgər bizim dövlət bunu istəmirsə, yəni vətəndaşlarının getməsinə mənfi baxırsa, onda bunun qarşısını iki yolla ala bilər: qanunla qadağan etmək yolu ilə və ya iş şərtlərini yaxşılaşdıraraq.
Bizim dövlətimizin Ana Yasası belə qadağaya izn vermir, digər tərəfdən də iş şərtləri xarici ölkələrdən xeyli aşağıdır, ona görə də mütəxəssislər gedir, daha yaxşı şərait axtarır. Və gedəcək də!

Bu "axın" cəmiyyətə zərər gətirirmi, əlbəttə gətirir. Son illər hər dəfə Azərbaycana tətilə gedərkən, küçədəki insanların mədəni səviyyəsinin və tərbiyəsinin daha da aşağı endiyinin şahidi oluram, insanlar bir-biriləri ilə qışqıraraq ünsiyyət qururlar, bir-birini təhqir edirlər, söz ehtiyatlarının böyük hissəsini söyüş təşkil edir. Televiziya verilişlərinin, hətta aparıcıları belə, dinləmək olmur - ibtidai intellektləri pozuq dillərindən aşkar olur. Telekanallarda təsadüfi adamlar musiqi təbliğatı ilə məşğul olurlar. Gənclər primitiv musiqi dinləyirlər, daha keyfiyyətlisinə, təəssüf ki, nə mədəni səviyyələri, nə də ki bilikləri yetir. Meyxana Azərbaycanın az qala əsas sənəti olub. Şəhərin hər yerində əsəbi, harasa tələsən qayğılı insanlar görürəm, kiminlə söhbət edirsənsə, dərd-sərini sənə danışır, problemlərindən şikayət edir.

- Xaricə dərs deyən hansı azərbaycanlı alimlər var ki, onların bu gün vətənə qayıtması vacibdir?

- Demək olar ki, xaricdəki bütün Azərbaycanlı alimlər bu gün Vətənə hava, su kimi lazımdır - bunu bütün məsuliyyətimlə deyirəm, çünki xarici universitetlər rüşvətlə alimlik dərəcəsinə yüksələnləri işə götürmürlər, həqiqi alimləri dəvət edirlər. Onlar kimin nə cür alim olduğunu çox yaxşı araşdırırlar, bizim içimizi, bəzən, bizdən də yaxşı bilirlər. Hərdən mən zarafatyanı bizim universitetdəki alimlərimizə deyirəm ki, mənim imkanım olsaydı, sizin alnınıza qızdırılmış dəmirdən "xaricə getməsi qadağandır!" yazılı bir möhür basardım ki, Azərbaycandan kənara çıxa bilməyəsiz...

- Vaxtilə Sabir də deyirdi ki, dindirir əsr bizi dinməyiriz. Bu gün XXI əsr Azərbaycan cəmiyyətini danışdıranda ona cavab verə bilir, yoxsa yenə susub oturur?

- Bu gün Sabir yaşasaydı, bu məşhur şeirin avtomobil hissəsini, yəqin ki, başqa cür yazardı, çünki biz azərbaycanlılar bu gün avtomobil manyaklarına çevrilmişik, hər kəsin əsas məqsədi maşın almaq olub, insanlar avtolarının böyüklüyü ilə öyünürlər, bir-biriləri ilə bu sahədə yarışırlar! İstədikləri avtomobili ala bilməyəndə, hətta, xəstələnirlər... Görün nə gündəyik - gənclərin əksəriyyətinin ünsiyyət mövzusu pul və avtomobil (oğlanlar), digər tərəfdən moda və dedi-qodudur (qızlar). Çox az sayda həqiqi elm və incəsənətlə maraqlanan gənclərlə rastlaşıram. Mənimlə razı olmayanlar deyə bilərlər ki, tüfeyli və yaramaz gənclər həmişə olub cəmiyyətdə. Ancaq bu qədər çox sayda heç bir vaxt olmayıb, mədəniyyətsiz və tərbiyəsiz gənclərin faizi təhlükəli dərəcədə yüksəkdir.

- Muğamsız, harmoniyasız, Qarabağsız Azərbaycan toplumu mahiyyətindən yıxılıb. Bugünkü Azərbaycan cəmiyyətini öz mahiyyətinə qaldırmaq üçün ziyalılarımız niyə nərdivan rolunu oynaya bilmir?

- Oynaya bilmir, çünki ziyalı adlananların çoxu, əslində, ziyalı-zad deyil. Sadəcə, alimdir, yazıçıdır, bəstəkardır, şairdir və s. amma ziyalı deyil! Ziyalılıq könül keyfiyyətidir, ruhi keyfiyyətdir, beyin və istedad məhsulu deyil. Ona görə də hər ağıllı və peşəsində istedadlı mütəxəssis hələ ziyalı sayıla bilməz. Abbas Tufarqanlıdan soruşurlar : "Niyə şeir yazırsan? Cavab verir ki: "Çünki yazmaya bilmirəm".

Ziyalılıq da bunun kimidir, əyrilik və ədalətsizliyə qarşı üsyan etməyə bilməməkdir. Axı ədalətsizliyə qarşı baş qaldırmağın roman və ya simfoniya ilə heç bir bağlantısı yoxdur, bunu, sadəcə, istəmək lazımdır.

- Toplum olaraq ruhumuza biçilən musiqi kimi harmonik bir meyar var, niyə biz "Segah"ın hüznündən "Bayatı-Şiraz"ın saflığından tutub Allaha çıxa bilmirik?

- Məncə muğamın dinlə heç bir bağlantısı yoxdur, əksinə, dinimiz çalıb-oxumağı, rəssamlığı qadağan edir. Dinə görə oxumaq qismindən yalnız əzan oxuna bilər. Ona görə də Allaha çıxmaq üçün başqa yerdə saflıq aramalıyıq. İçimizdə saflaşmalıyıq, ətrafımızı saf tutmalıyıq, vicdanla yaşamalıyıq, uşaqlarımızı düzgün tərbiyələndirməliyik. O zaman Allah, bəlkə, biz tərəfə nəzər salar.

- Azərbaycanın ruhuna biçilən bir meyar var - muğam. Muğamı dinlədikcə biz sanki yoxluqla varlıq arasında yol gedirik. Toplum olaraq o yolu gedərkən hansı səbəbdən yarıda ilişib qaldıq?

- Əslində muğam dinləyicisi bizdə düşündüyünüz qədər çox deyil. Bəlkə də belə olmalıdır, cəmiyyət rəngarəng olmalıdır, hər cür musiqi dinləməlidir. Bir də ki, muğam kifayət qədər mürəkkəb musiqidir, hər kəs onun dərinliklərini anlamaz, o üzdən də hər kəs onu sevməz. Deyirlər zərin qədrini zərgər bilər. Muğam da elədir, o bir zərdir, zərgər istər, zərgərlərin də ki sayı heç vaxt çox olmur. Son illər muğam təbliğatının artması hələ onun bütün toplum tərəfindən meyar kimi qəbul olunması demək deyil. Məncə, toplumun meyarı muğam yox, demokratiya olmalıdır. Muğam isə öz həyatını müdaxiləsiz şəkildə sərbəst yaşamalıdır. Üzeyir bəy deyirdi ki, muğam elə bir təfəkkür tərzidir ki, onu nə inkişaf etdirmək olar, nə də məhv etmək. O qapalı bir sistemdir, öz qanunları ilə yaşayır, heç kim də onun sirrini və sehrini bilmir.

- Fikrinizcə, bu əsrin sonunda yaşayacaq həmvətənlərimiz indinin hansı məşhur azərbaycanlılarını böyük sevgiylə xatırlayacaq?

- Toplum belə yaşamağı davam etdirsə, əsrin sonundakı insanlar buraxın sevgini, heç xatırlamayacaqlar da heç kəsi. İndinin özündə şeir oxuyan, rəssamlıqla maraqlanan, ciddi musiqi dinləyən adamların sayı sürətlə azalır. Məncə, əsrin sonundakılar internet qəhrəmanlarını və bəlkə kosmosdan gələnləri (əgər gəlsələr) xatırlayacaqlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.