Mədəniyyət

Fikrindən şairlik keçməyən xalq şairi - FOTO

29 Sentyabr 2014 16:44
0 Şərh     Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fikrət Qoca: "Yazıçılar Birliyinə daxil olub soruşdum ki, burda böyük kimdir?"

Uşaqlığının bir hissəsi Böyük Vətən Müharibəsi dövrünə təsadüf etdiyindən o qədər də rəvan keçməyib. Üstəlik, ailədə böyük uşaq olduğundan məsuliyyət həmişə onun çiyinlərinə düşüb. Təqdim edərkən titullarını, ordenlərini sadalamaq istəsək də, yalnız xalq şairi kimi təqdim edilmək istədiyini dedi. Müsahibimiz "Anacan, dostum evlənir", "Gəl, ey səhər", "Gecə yaman uzundur", "Payız gəldi" və s. yüzlərlə şeirinə mahnı bəstələnmiş Azərbaycanın xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocadır.

Birinciliyin məsuliyyəti

Ailədə 8 uşağın birincisi olduğundan həmişə birinciliyin məsuliyyətini çiyinlərində hiss edib. Atası həmişə deyərmiş ki, "Fikrət, sən necə olacaqsansa, qardaş-bacıların da sənə oxşayacaq. Avara olacaqsansa, hamısı avara olacaq. Çünki böyük qardaş nümunədir. Sənin üçün çətin də olsa, gərək elə adam olasan ki, onlar həyatda özlərinə yer tuta bilsinlər". Bu səbəbdən böyük olmağı hələ kiçik yaşlarından, özünü dərk edəndən boynunda çox ağır bir yük idi. Daim gözünün qarşısına qardaş-bacılarını gətirir və ciddi-cəhdlə çalışırdı ki, onlara nümunə olsun. Bəlkə də göstərdiyi yaxşı nümunə səbəbindən səkkiz uşağın hamısı ali təhsil alır, hətta içərilərində alim olanları da var.

Küçədə azan 6 yaşlı Fikrət oğurlanır

1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində dünyaya göz açsa da, uşaqlığı Azərbaycanın müxtəlif yerlərində keçib. Böyük Vətən Müharibəsi başlayana kimi Bakıda 4-cü paralel küçəsində yaşayıblar. Altı yaşı olanda Bakı küçələrində azdığını indiki kimi xatırlayır. Onun azdığını görən bir kişi Fikrətə maşın verir və əlindən tutub harasa aparır. Balaca Fikrət də fikri-zikri maşında rahatca adamın yanına düşüb gedir. Polis işləyən qonşuları yolda Fikrəti görüb onlara yaxınlaşır və kişidən uşağın nəyi olduğunu soruşur və məni onun əlindən almaq istəyir. Kişi dirənir ki, "uşaq mənimdir". İşin belə olduğunu görən qonşu onları polis şöbəsinə aparır və Fikrətin atasına zəng edir. Anası şöbəyə gələndə o, özünü anasının qucağına atır. Beləliklə, Fikrət evə, onu aparmaq istəyən kişi isə həbsxanaya getməli olur. Amma bu, 6 yaşlı uşağa "dərs" olur. Hadisədən sonra evlərinin ünvanını elə əzbərləyir ki, indiyə kimi yadında qalır.

Çörək üstündə adamların qatardan atıldığı dövr

Uşaqlığının sonrakı dövrü Böyük Vətən Müharibəsinə təsadüf edir. Həkim işləyən atası müharibəyə getsə də, qolunun biri tam açılmadığından onu tərxis edir və Gəncə yolunun üstündə Dəliməmmədlidəki hospitala rəis göndərirlər. O vaxt dəmir yollarının kənarlarında hospitallar qururdular. Müsahibimizin uşaqlığının bir hissəsi orada keçir: "Uşağı çox şey təəccübləndirə bilər. Amma orada gördüklərim məni indiyə qədər təəccübləndirir. Müharibə dövrü olduğundan özbaşınalıq, hərc-mərclik hökm sürürdü. Gecələr adamların əlindən hansısa əşyasını, yaxud çörəyini alıb özlərini qatardan bayıra atırdılar. Səhərlər atam sanitarları, tibb bacılarını dəmir yolunun kənarlarındakı atılmış adamları yığıb gətirməyə göndərirdi. Hərbi yaralılardan başqa, onlar üçün xüsusi otaq ayırmışdı ki, ölüb-itməsinlər".

Attestatı yararsız olduğundan Bakıdan Ağdaşa qayıdır

Birinci sinifə Dəliməmmədlidə gedir. Müharibə qurtaranda isə Ağdaşa, Kotanarxa - doğma kəndlərinə qaydır. Ibtidai sinifi çayın üstündə qeyri-adi mənzərəsi olan bu kənddə bitirir. Sonra Ağdaşda ev alıb oraya köçürlər və bu dəfə də təhsilini Ağdaşda davam etdirir: "Orta məktəbin təxminən yeddinci sinifində oxuyanda dərslər məni sıxdığından Ağdaşdakı Kənd Təsərrüfatı Texnikumunda oxumağa qərar verdim. Bir az keçəndən sonra atamın təkidi ilə Nizami adına orta məktəbdə təhsilimi davam etdirdim və elə bu məktəbdən də məzun oldum. Avqust ayında sənədlərimi də götürüb Bakıya o vaxtkı Azərbaycan Dövlət İnstitutuna (indiki Bakı Dövlət Universiteti - L.M.) üz tutdum".
Universitetdə sənədlərinə baxıb deyirlər ki, ya sənədlər saxtadır, ya da həqiqətən yazılar pozulub: "Sənədlərə baxmadan evdən götürüb gəlmişdim. Deməyəsən, attestatımı tuşla yazmaq əvəzinə, tuş tapmadıqlarından rezin yandırıb içinə su qatıb bir balaca qara edib yazıbmışlar. Vaxt keçdikcə bu yazılar havaya buxarlanıb. Attestatda nə yazı, nə də möhür qalıb. Yalnız hiss olunurdu ki, burada nəsə yazılıb".

Beləliklə, sənədlərini götürüb yenidən Ağdaşa qayıdır. Sənədlərini qaydaya salıb avqustun sonunda Bakıya dönəndə isə sənəd qəbulu bitmiş olur: "Utandığımdan rayona qayıtmamaq üçün Bakıda Dəmiryolu Texnikumuna daxil oldum. Məni ikinci kursa götürdülər. Sonra texnikumu yarımçıq qoyub sənədlərimi instituta verməyə heyfim gəldiyindən, dedim, elə texnikumu bitirəndən sonra sənədlərimi instituta verərəm. Amma texnikumda təhsil ala-ala dərnəklərə gedirdim. Sabir adına kitabxanadakı dərnəyin üzvü idim. Dərnəklərdə uşaqlarla tanış olur, şeirlərimi oxuyurdum, yəni yazı-pozudan qalmırdım. Şeirlərim dərnək üzvlərinin xoşuna gəlirdi. Ora gələn uşaqların arasında "Kirpi" jurnalında işləyən birisi mənə təklif etdi ki, şeirlərimdən birini verim, redaksiyada göstərsin. Bu minvalla ilk şeirim "Kirpi" jurnalında dərc olundu".

"Burda böyük kimdir?"

F.Qoca şeirlərinin çapı ilə bağlı başına gələn maraqlı bir əhvalatı da bizimlə bölüşdü: "Bir gün Əlibala Hacızadə ilə birlikdə Yazıçılar Birliyinə, hazırda oturduğum bu otağa gəldik. Otaqda baş tərəfdə "Azərbaycan" jurnalının baş redaktoru Əli Vəliyev otururdu. Onunla işçilər arasında şüşə arakəsmə var idi. Küncdə (əli ilə göstərir -L.M) Salam Qədirzadə, onun yanında Böyükağa Qasımzadə, o biri küncdə isə yeni işə götürülmüş Əli Kərim otururdu. O vaxt Dəmiryolu Texnikumunda oxuyan yeniyetmə idim, saçım uzun idi. İçəri girdim. Əlibala Hacızadə də çap üçün gətirdiyi hekayəsi əlində yanımda qorxa-qorxa dayanıb. Amma qeyd edim ki, bundan əvvəl onun hekayələri "Azərbaycan" jurnalında çap edilmişdi. Mən otaqdakılara nəzər salıb uca səslə soruşdum ki, "burada böyük kimdir?". Əli Vəliyev baş tərəfdə arakəsməli otaqda oturduğundan dediklərimi eşitmədi. Amma adlarını sadaladığım ədiblərimiz hamısı eşitdi və qorxudan başlarını aşağı saldılar. Böyükağa Qasımzadə əli ilə məni yavaşca çağırdı. Şeirimi təqdim etdim. Baxıb yavaşca dedi ki, baş redaktora verərəm. Nəsə Əli Vəliyevin diqqətini cəlb etdim və o biri tərəfdən nə danışdığımızı soruşdu. Mən şeir gətirdiyimi dedim. Dedi, "oxu görüm, nə yazmısan?" Təzə oxumağa başlamışdım ki, qayıtdı ki, "sən oxuya bilmirsən, ver bəri, özüm oxuyum". Məni öz otağına çağırdı. Oxumağa başladı. Otaqdakılar hamısı ətrafımıza yığışdı. Əli müəllim şeiri oxuyandan sonra ətrafdakıların şeirə münasibətini soruşdu. Hamı sakit durdu. Çünki bilmirdilər ki, Əli müəllim şeiri bəyənib, ya yox. Əli müəllim bunların dinməyəcəyini başa düşüb, dedi ki, "çox yaxşı şeirdir". Ondan sonra hərə bir tərəfdən şeirimi tərifləməyə başladı. Baş redaktor şeirimin ikisinin də cari nömrədə gedəcəyini deyəndə, məsul katib Salam Qədirzadə qayıtdı ki, "bu nömrə artıq çapdadır". Əli müəllim üzünü mənə tutaraq dedi ki, "sən onlara qulaq asma, bu nömrəmizdə gedəcək". Əli müəllim mənə həm də tapşırdı ki, gedib başımı qırxdırım. Haralı olduğumu da soruşdu. Ağdaşdan olduğumu deyəndə, qayıtdı ki, "axı, Ağdaşdan şair çıxmayıb". Dedim, "indi çıxar". Qəribə dikbaşlığım var idi. Dəmiryolunda oxuyan bir tələbə idim və heç otaqdakıları da tanımırdım. Buna görə də çox sərbəst idim. Əli müəllim hələ də otaqda qaldığımı görüb niyə burada durduğumu soruşdu. Dostumla gəldiyimi, onun hekayə gətirdiyini dedim. Əli müəllim Əlibala Hacızadəyə üzünü tutub dedi ki, "sənin də hekayəni verərlər, amma bu nömrə yox, gələn nömrə". Bu günə kimi o şirin xatirə yadımdadır".

Şeirə marağın tarixçəsi

Həmsöhbətimiz şeir yazmağının tarixçəsi barədə də danışdı. Məlum oldu ki, Fikrət Qocanın atası Göyüş kişi şeir həvəskarı imiş. Subay vaxtı Bakıda işlədiyi illərdə Göyüş kişinin Mikayıl Müşfiq və digər şairlərlə ünsiyyəti, gediş-gəlişi olub. Sonra ilk tuthatut dövrü başlayanda rayona qayıdıb su mühəndisi işləməyə başlayıb. Hətta tanınmaması üçün Qocayev soyadını dəyişib Xocayev edib: "Əli Kərimin qayınatası Süleyman kişi atamın texnikumda tələbə yoldaşı olmuşdu. Rayona gedəndə atamın hələ də su mühəndisi işlədiyini görüb ona deyib ki, "nə qədər burada yarımçıq savadla işləyəcəksən. Bakıya get, oxu". Süleyman kişi qorxulu tuthatut dövrünün də keçdiyini, üstəlik, atamın soyadını dəyişdiyini xatırladaraq onu ürəkləndirib. Ondan sonra atam Tibb İnstitutuna daxil olub. Həkim olmasına baxmayaraq, ömrünün sonuna kimi şeir yazırdı, nəsr əsərləri də var idi. Bir sözlə, ədəbiyyata, şeirə maraq mənə oradan keçib. Ədəbiyyat bizim evdə kənar bir şey deyildi. Çörək və su kimi həmişə süfrəmizin başında idi".

Moskvada təhsil almaq fürsəti

Özünü tanıyandan yazdığını deyən F.Qoca heç vaxt bunu ciddiyə almadığını bildirir. Heç şair olmaq fikri də olmayıb: "Dəmiryolu Texnikumunda semestr imtahanlarını təzə verib qurtarmışdım ki, dedilər ki, məni Yazıçılar Birliyindən axtarırlar. Artıq o zaman şeirlərim çap olunduğundan məni sözügedən qurumda tanıyırdılar. Yazıçılar Birliyində Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda tərcümə qrupuna tələbə yığıldığını dedilər və oraya getməyimi məsləhət gördülər. Texnikumdakı təhsilimi artıq başa vurmuşdum və bu təklifə "göydə" razılaşdım. Yaradıcılığımı Yazıçılar Birliyinə təqdim etdim, onlar tərcümə edib Moskvaya göndərdilər. Beləliklə, müsabiqədən keçdim və Moskvaya gedib formal imtahan verib tərcümə fakültəsinə qəbul oldum".

Hələ dərslər başlamamış təsadüfən şeirləri universitetin bədii şeir şöbəsinin seminar rəhbəri, o vaxtın məşhur rus şairi Lev Oşaninin əlinə keçir. L.Oşanin deyir ki, "bu adamı poeziya şöbəsinə götürürəm, bunu tərcümədə korlamayaq". Beləliklə, F.Qoca təhsilini Maksim Qorki adına Ədəbiyyat İnstitutunda poeziya bölməsində davam etdirir.

Rektor məhkəməyə verir

Moskvanın ona çox şey verdiyini deyir: "Elə bir institutda oxuyurdum ki, müəllimlər tələbədən çox idi. Ən məşhur professorlar orada dərs deyirdi. Özü də pula görə gəlmirdilər. Sovet ölkəsi olduğundan danışmaq mümkün deyildi. Müəllim də adamdı axı, danışmaq istəyir. Buna görə auditoriya onlar üçün gözəl bir tribuna idi. Dərslərimiz interaktiv keçirdi. Sanki biz müəllimdən, müəllim də bizdən müsahibə alırdı, söhbət edirdik. Bu da çox əhəmiyyətli bir şey idi. Müxtəlif ölkələrdən, hətta Afrika, Yəməndən tələbə yoldaşlarım var idi. Hərəsi öz ölkəsinin yaradıcılıq nəfəsini auditoriyaya gətirmişdi. İnstitutumuz çox qəribə təhsil ocağı idi. Bizə demokratiyanın nə olduğunu öyrətmişdi. Kimisə institutdan çıxarmaq istəyəndə onu yoldaşlıq məhkəməsinə verirdilər. Bir dəfə də rektor məni yoldaşlıq məhkəməsinə verdi, amma axırda onun özünü günahkar çıxardılar. Məhkəmənin üzvləri olan müəllimlər və tələbələr rektora bildirdilər ki, filankəsin (o da azərbaycanlı idi, indi rəhmətə gedib - F.Q.) istedadı olmaya-olmaya institutda saxlayırsınız, amma Fikrəti çıxarırsınız. Rektor bildirdi ki, "neyləyim, istedadsızı da çıxarmaq istəyirəm, amma dərsə vaxtında gəlir, imtahanlarını verir, buna görə də çıxara bilmirəm. Amma bu (məni nəzərdə tuturdu - F.Q.) dərsə vaxtında gəlmir, şuluqluq salır. Bunu da saxlaya bilmirəm". Rektorun özünə haqq qazandırmasına baxmayaraq, məhkəmə hakimi son olaraq məhkəmənin hökmünü oxudu. Hökmə əsasən, mən institutda saxlanılaım. Məsələnin belə olduğunu görən rektor məhkəmədən çıxanda mənə qayıtdı ki, "oooo, qeroy, qeroy" (oooo, qəhrəman, qəhrəman - L.M.).

"İvan Nikolayeviç, üzr istəyirəm"

Amma bu, müsahibimizin rektoru əsəbiləşdirdiyi son hadisə olmur. Bir dəfə də canı boğazına yığılan rektor əsəbləşib həm Fikrətin, həm də onun tələbə yoldaşı Barnaul şəhərindən olan rus şairi Lionid Merzimikinin əmrini verir. Lionidin əmrini ona görə verir ki, bir gün əvvəl gedib rektora deyir ki, "Fikrəti çıxarsanız, mənim də əmrimi verin". Amma rektorun bu sevdası da baş tutmur: "İnstitutun idarəçiliyinin başqa bir xüsusiyyəti də var idi. Rektordan əlavə, ora rəhbərlik hər üç aydan bir dəyişilirdi. Respublikaların Yazıçılar Birliyinin sədrləri institutda növbətçi rəhbər olurdu və institut ona tabe idi. Bu hadisə Mehdi Hüseynin növbətçi rəhbər olduğu dövrə təsadüf edir. Məndən yuxarı kursda oxuyan Nəriman Həsənzadə Mehdi Hüyseynin yanına gedib mənim institutdan qovulduğumu çatdırır. Mehdi Hüseyn instituta gəlib rektorla danışıb ki, bizim şairdi və s. Rektor da ona tabe idi. Məni otağa çağırdılar və Mehdi Hüseyn əsəbi şəkildə üzr istəməli olduğumu dedi. Mən "bağışlayın, Mehdi müəllim", - dedim. O da qayıtdı ki, "ə, məndən yox ey, rektordan üzr istə". Rektora üzümü tutub dedim ki, "İvan Nikolayeviç, üzr istəyirəm". Rektoru gülmək tutdu və dedi ki, "o üzr istəyir" və ərizəni cırdı".

Ac tələbə və dolma

Oxuduğu müddətdə Moskvada yataqxanada qalan müsahibimiz yataqxanada hər şeyi, yemək bişirməyi, ev yığışdırmağı özləri edirmiş: "Mətbəximiz ümumi olduğundan hərdən kiminsə bişirdiyi hazır yeməyi mətbəxdən qaçırıb yeyirdik. Bəzilərinə Bakıdan hazır yemək göndərirdilər, ona da şərik çıxırdıq. Tələbə yolddaşımız, hazırda Azərbaycan Dövlət Nəşriyyatı direktoru olan Azər Mustafazadə ailənin tək uşağı idi. Atası komitə rəhbəri olduğundan imkanları pis deyildi. Anası dolma bişirir, atası qazan əlində hərdən Azərə dəyməyə gəlirdi. Azər evdə olmayanda, atasından dolmanı alırdıq ki, Azərə çatdırarıq. Ac tələbə və dolma ola, Azərə dolmamı qalardı? Dolmanı yeyib boş qazanı Azərin otağına qoyardıq. O da həmişə cırnayırdı ki, mənə niyə saxlamamısınız?".

F.Qoca yataqxanadakı bütün uşaqlarla bir ailə olduqlarını deyir: "Dalaşırdıq, küsüşürdük, amma yaxşı şeir yazanda onu dalaşdığımız adama da oxuyub barışırdıq. Biz bir-birimizdən qidalanırdıq".

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.