Mədəniyyət

Azərbaycanlı aktrisa: "Bir filmdə soyunmalı idim..." - FOTOSESSİYA

2 Oktyabr 2014 01:30
5 Şərh     Baxış: 13 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Rəsmiyyə Nurməmmədovanın Milli.Az-a müsahibəsi.
 

- Rəsmiyyə xanım, döyüşlərin qızğın vaxtında siz də bir aktrisa kimi cəbhəyə gedənlərin sırasında idiniz. Fəal çıxışlarınız olub. Bir növ əsgərlərə dəstək olmusunuz. 18 ildir ki, səhnədəsiniz. Bunların heç biri nəzərə alınmır? Sizcə, hələ də fəxri ad ala bilməməyinizin səbəbi nədir?
 

- Sözün düzünü desəm, mən o adın "ölüsü" deyiləm. Heç maraqlanmıram da ki, niyə mənə ad vermirlər. Məndən çox-çox qabaq sənətə gələn yoldaşlarım var ki, heç onlara da bu vaxtacan ad verilməyib. Hər halda, hər şeyi zamana buraxmaqda fayda var.
 

- Hal-hazırda teatrda sizin üçün vəziyyət necədir? Sizə qarşı olan əvvəlki münasibət yerindədir?
 

- Etiraf edirəm ki, son zamanlar teatrdan incimişəm.
 

- İncik düşməyinizin səbəbi nədir?
 

- Siz bilirsiniz ki, "O olmasın, bu olsun" tamaşası bizim teatrda illərdir səhnəyə qoyulur. İndiyə qədər mən o tamaşada rol almamışam. Bu yaxınlarda mənə zəng edib bildirdilər ki, sənə həmin tamaşada bir rol həvalə olunub. Özü də epizodik və sözsüz bir rol. Bu mənə təsir elədi. Ona görə də xətrimə dəydi.
 

- Niyə inciyirsiniz ki? Məgər aktrisa üçün rolun böyük, ya da kiçik olmasının bir fərqi var?
 

- Düz deyirsiniz, əslində heç bir fərqi yoxdur. Amma nə qədər olmasa da, adama təsir edir. Mən gənc aktrisa deyiləm ki. İllərdir səhnədəyəm. Baş rollar da oynamışam, epizodik də. Ancaq adama deyərlər ki, indiyə qədər harada idiniz ki? Uzun zamandır səhnələşdirilən bir tamaşaya məni niyə məhz indi dəvət edirsiniz? Özü də xırda bir rola...
 

- Əvvəlcə "Qaynana"ya çəkildiniz, indi isə "Həyat, sən nə qəribəsən?" serialında rol alırsınız. Sözügedən seriallardan birbaşa dəvət aldınız, yoxsa sizin də kastinqdə iştirakınızı vacib bildilər?

- "Qaynana" serialına rəhmətlik Xanım Qafarovanın təklifi və təkidi ilə getdim. Əslində, bir seriyalıq getmişdim, qonaq aktrisa qismində. Lakin rejissor Rüfət Şahbazov mənə rolumun öhdəsindən çox ustalıqla gəldiyimi dedi və mənim çıxışımı uzatdılar. Səkkiz seriyaya çəkildim. Ondan sonra "Həyat, sən nə qəribəsən?" serialına dəvət aldım. Kastinqdən uğurla keçdim və şükürlər olsun ki, indiyə qədər həmin serialdayam.
 

- İndiki gənc aktrisalarla sizin yaşıdlarınız arasında nə kimi fərq var?
 

- Mən ən böyük bir fərqi sezmişəm. Bizim vaxtımızda özümüzdən böyük aktyorlara hörmət var idi. Onlar içəri daxil olanda hamımız ayağa qalxırdıq. İndikilərdə belə şey yoxdur. Ən azından, mən bunu müşahidə edə bilmirəm.
 

- Ömrünüzün bu yaşında sizi incidən nədir?

- Mənə qarşı hədsiz dərəcədə olan haqsızlıqlar...
 

- Siz də açıq-saçıq səhnələrə çəkilməkdən imtina edənlərdənsiniz?
 

- Zamanında belə bir təklif almışam. Bir filmdə soyunmalı idim. Lakin imtina etdim. Belə rolları oynamaq mənlik deyil.
 

- Həyat yoldaşınızı itirməyinizdən artıq iki il ötür. Sağlığında necə idi, sizi xoşbəxt cütlük hesab etmək olardı?
 

- Mehriban dolanmışıq, amma mənim fikrimcə, heç kim tam xoşbəxt olmur, eləcə də mən.
 

- Səhnədən doymaq olmur deyirlər. Siz də oynadığınızı oynamısınız, möhürünüzü vurmusunuz... Necə fikirləşirsiniz, bəlkə, səhnədən "düşmək" vaxtı gəlib çatıb?
 

- Qətiyyən. Mən özümü həmişə gümrah hiss eləmişəm. Potensialıma və gücümə inanıram. Səhnədə cavan qızların çətinliklə etdikləri, hətta edə bilmədikləri elastik hərəkətləri mən çox asanlıqla yerinə yetirə bilirəm.
 

- Yaxşı, bəs bundan sonra Rəsmiyyə Nurməmmədovanın yaradıcılığında nələr olacaq?
 

- Mən başladığım templə gedirəm. Səngimirəm, büdrəmirəm. Bundan sonra daha da uğurlu və yaddaqalan obrazlarım olacaq, inşallah.
 

Cavidan Abdullayev

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.