Mədəniyyət

Vandalizmin qurbanlarına çevrilən abidələr - FOTO

30 Avqust 2014 14:35
0 Şərh     Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubadlı toponimi qubadlı tirəsinin adı ilə bağlıdır

1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdir.

Bəzi araşdırmalara görə, Qubadlı toponimi V-VI əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır. Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində, Cənubi Azərbaycan dövlətinin Qarabağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir.

Tarixi qaynaqlarda Qubadlının qədim türklərin yaşayış məskənlərindən olduğu dönə-dönə vurğulanıb. Rayonun ərazisində bugünümüzə qədər gəlib çıxmış abidələr də "əşyayi-dəlil" kimi bu faktı əyani şəkildə təsdiqləyir. Gavur dərəsindəki mağara - ibadətgah IV, Muradxanlı kəndindəki Qalalı, Əliquluuşağı kəndindəki Göy qala abidələri V, Yazı düzündəki Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə XIV, Gürcülü kəndindəki türbə XVII, Xocamsaxlı kəndindəki türbə XVIII yüzilliklərdən xəbər verir.

Rayonun ərazisində qədim insanın yaşadığı onlarla mağara (kaha) mövcud olmuşdur. Aşağı Mollu kəndində 9, Əliquluuşağı kəndində 5, Həmzəli kəndində 9 qədim insan məskəni olmuş kaha (mağara) bugünümüzə qədər durmaqdadır. Xanlıq, Çaytumas, Yusifbəyli, Məlikəhmədli, Məzrə və b. kəndlərdə də qədim yaşayış məskənləri vardır. "Gavur dərəsi" deyilən ərazidə IV əsrə aid mağara var.

Bu yerlərdə tarixə yoldaşlıq etmiş, mühafizə, gözətçi funksiyasını yerinə yetirmiş qalalar mövcuddur. Əliquluuşağı kəndində Göy qala (V əsr), Muradxanlı kəndində "Qalalı" qalası, Xocamsaxlı kəndində Qala işğala qədər dururdu. Yeri düşmüşkən onu da qeyd edək ki, Xocamsaxlı kəndinin qədim adı Qalacıq olub. Kənd sakinləri hələ də buranın əski adını daha çox işlədirlər. Xocamsaxlı antrotoponimi Qalacıq toponimindən qat-qat sonralar yaranmışdır.

Həmin türbələrdə məxsusi zamanın arxitekturası qorunub saxlanılıb. Qubadlı ərazisində tarixin müxtəlif qatlarında tikilmiş türbələr öz gözəlliyi ilə həmişə diqqəti cəlb etmişdir. Dəmirçilər kəndindəki XIV, Gürcülü kəndindəki "İmamzadə" XVII, Yazı düzü adlandırılan sahədəki Cavanşir türbəsi XIV əsrin daşa dönmüş minarələridir.

Təəssüf ki, ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix-Diyarşünaslıq Muzeyini də talan ediblər. IV əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, V əsrə aid "Qalalı" və "Göyqala" abidələri, XIV əsrdə tikilmiş "Dəmirçilər" türbəsi, Hacı Bədəl, Laləzar körpüləri, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr də 20 ildən artıqdır ki, işğal altındadır. "Dünya birliyi isə hələ də buna göz yumur" və susur...

"Azərbaycan"

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.