Mədəniyyət

Şahbaz Xuduoğlu: ""Hər şey Allahdandır" demək ədalətsizlikdir..."

31 İyul 2014 12:59
0 Şərh     Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahbaz Xuduoğlu: "Məmur yarmarkaya gəlib deyir ki, hər şey qanla gəlir, kitabla yox..."

"Qanun Nəşrlər Evi"nin direktoru Şahbaz Xuduoğlu facebook səhifəsində kitab yarmarkasını dayandırdığı barədə açıqlama yayıb. O, "Kitaba bu qədər laqeyd olan millətin gələcəyi böyük şübhə altındadır. Daha bundan sonra yarmarka məsələlərinə son qoydum. Nə əcaib bir mühitə gəldik" deyə bildirib. Ş.Xuduoğlu ilə söhbətdə bu sahəyə olan münasibətdən danışdıq. Təbii ki, öncə son qərarının üzərində dayandıq.

- "Bir daha kitab yarmarkaları təşkil etməyəcəm". Bu, son qərarınızdır, yoxsa emosiyadan doğan ilkin reaksiyanız?

- Məntiq və görülən zəhmətin cavabı onu deyir ki, bu yarmarkalar keçirilməsə, yaxşıdır. Amma təkidləri, dostların çağırışını, gənclərin münasibətini bu yarmarkaların bu cür düşünən insanlar üçün gərəkli olduğunu görəndən sonra verdiyin ilkin qərarın əksinə hərəkət etməyə məcbur olursan. Bu mənada emosional dediyim fikirlər reallığın göstəricisidir, özü də soyuq reallığın. Amma nəticə də reallığa uyğun olur. Bütün hallarda yenə də fikirləşirik ki, bizim əlimizdə bir qrafik hazırlanırdı. Bu qrafik hansı müddətə və harada olsun ki, oxucular bundan maksimum yararlansınlar.

- Yəni yarmarkalar davam edəcək...

- Davam edəcək.

- Sizin kitab yarmarkasının dayandırılması ilə bağlı ilkin qərarınıza reaksiyalar fərqli oldu. Kitabsevərlərin buna şiddətli etirazları ilə yanaşı, "yay fəslində paytaxt əhli istirahətdə olduğundan yarmarkaya axın olmadı", "kitablarınız baha idi", "keyfiyyət parametrləri aşağı idi" tipli arqumentlər də səsləndi. Sizcə, bütün bu deyilənlər ölkədəki kitab satışına nə dərəcədə təsir göstərir?

- Ümumi nəticəyə təsir göstərən düşüncədir. Bizim xalq olaraq düşüncə problemimiz var. 200-300 nəfər gördüyüm işi dəyərləndirir, onlara minnətdaram və onlara görə işi irəliyə aparmaq niyyətindəyəm. Amma elə insanlar var ki, kitabı necə açmağı bilmirlər. Kitabla bağlı hansı sözlərdən istifadə olunur? Deyir ki, kitaba pul verməkdənsə çölə tökərəm, kitab oxuyub kim nə əldə edib ki, oxumaq gözə ziyandır...

- Bu fonda daha çox "kitaba pul verməkdənsə onu çörəyə xərcləyərəm" arqumenti daha çox səslənir sanki...

- Bəli, o da var. Çox adam şikayət edir qiymətlərdən. Mənə elə gəlir ki, ən azından beyinlə qarın bərabər surətdə qidalanmalıdır. Amma baxıram ki, hamı qarnını qidalandırır, beynini yox. Cəhalət mühiti artıq sürüdür, beyin yoxdursa - nədir? Son illər xeyli sayda kitablar buraxmışıq. Bu kitabların Avropa dəyərlərinə baxırsan, orada Azərbaycandakından 30-40 faiz bahadır.

- Axı Avropada insanların orta aylıq qazancı, yaşam standartları, eləcə də kitabların keyfiyyəti parametri qiymətlərə təsir edir.

- Təbii, səbəblər var. Ona görə də bizdə qiymətlər aşağıdır. Bu ölkənin vətəndaşı rus dilində təhsil alıbsa, çox az halda kitabın qiyməti üstündə mübahisə edir. Əgər bu kitab ona lazımdırsa, alıb gedir. Amma bir azərbaycanlı gəlir. Görürsən ki, çox şıq geyimdədir, imkanlı olduğu hiss edilir. Gəlib kitaba dirənəndə deyir, nə bahadır.

- Bu, kitab yarmarkalarındakı insan mənzərələrindən biri. Başqa nələr gördünüz kitab yarmarkalarında? İnsanların kitaba, naşirə, kitab satışına münasibəti fonunda nələr yaşanır orada?

- Təsirli hadisələr çox olub. Qaradağdan 2 körpəsi ilə kitab almağa gələn qadının yolda cibindən pulqabısını çıxarmışdılar. Mən ona dedim ki, hansı kitablara görə gəlmisizsə, biz onları sizə verə bilərik və verdik də. Zabitlər Bağında bir ara gördük ki, uşaqlar bir-birinin ardınca əllərində kitablarla kassalara yaxınlaşırlar. Bu an baxdım ki, kənarda yaşı 50-dən yuxarıda olan bir kişi dayanıb. O kişi kitaba yaxınlaşan uşaqlara bunun pulunu özünün ödəyəcəyini deyirdi. O, avropalı idi. Hiss etdim ki, əhvalı yaxşıdır, uşaqların kitaba can atmasını görüb, buna dəstək verir. Daha bir mənzərə isə odur ki, kitabların yanından keçən uşaqlar mütləq ona yaxınlaşmağa can atırlar. Amma dərhal valideyn "toxunma", "gedirik, əl vurma" deyərək, onu kitabdan uzaqlaşdırırlar. Rus gələndə isə uşağı kitaba meyl edirsə, ona həmin kitabı alır, meyl etməyəndə də kitaba maraq oyatmağa çalışır. Bu, faktdır, son müşahidələrimdir. 50 yaşlı insanlar yanında uşaqla gəlir ki, bəs biz bu kitabların hamısını oxumuşuq. Halbuki sovet dövründə indi satışda olan xarici ədəbiyyatın hamısı olmayıb. SSRİ-nin təbliğatına zidd olan kitabların nəşrinə o zaman icazə verilmirdi. Biz indi bunları öz dilimizə tərcümə etmişik. Mənim şəxsən tanıdığım vəzifəli adam gəlir və deyir ki, kitabla olmur, əsas qanda olmalıdır. Və mən o adama yaxından bələdəm, bilirəm ki, təhsilinə görə bu gün vəzifədədir, çünki kasıb ailədən idi. Deyirəm "qanda nə ola bilər, necə ola bilər? Axı sən oxumaq hesabına bu səviyyəyə gəlmisən. Bu məsələyə molla kimi münasibət göstərib, "hər şey Allahdandır" demək ədalətsizlikdir".

- Səhv etmirəmsə, "Nərimanov bağı"nda, "Sahil", "Zabitlər" və "Hüseyn Cavid" bağlarında keçirildi kitab yarmarkaları. Satış göstəriciləri nə dedi?

- Düzü, hələ hesablamanı yekunlaşdırmadığımız üçün sizə tam rəqəm deyə bilməyəcəm. Amma sizin sadaladıqlarınızdan başqa, "Xalqlar Dostluğu"nda da yarmarka təşkil olundu. Ora 10 mindən artıq kitab çıxarmışdıq, onun cəmi 10 faizi satıla bilirdi. 200 adda 1 manatlıq kitab vardı ki, satıldı. Böyük rəqəmlər deyildi. Qəribə fikir var ki, sanki kitab pis satılırsa, kitab nəşr edən adam mütləq acından ölməlidir. Belə deyil axı. Əslində kitabın yanında olan, həyatını onunla quran adam yaxşı yaşamalıdır.

- Yarmarkanın təşkili necə, çətin başa gəlir?

- Asan deyil. Amma şükürlər edirəm ki, müəyyən orqanlarda məhz kitab adına dəstək verən xeyli adamlar var idi. Kitab yarmarkası üçün canla-başla yardım edirlər.

- Polisin yarmarkanı dağıtma cəhdi? O da baş verir?

- Olur. İsrar, telefonlar, zəngləşmələr... İcazəli olduğunu dəfələrlə təsdiqlədəndən sonra imkan verirlər. Hətta bir dəfə Aqil Abbas da gəlmişdi. Onu görəndə polis gəldi ki, kitab satışı qanunsuzdur, yığışdırın. Aqil Abbas dedi ki, mən bu dəqiqə polisə deyərəm. O, polisə zəng elədi. Məni idarəyə dəvət edib bildirdilər ki, bunu bizə deputat dediyi üçün biz qeydiyyatını aparmalıyıq və siz cərimə ödəməlisiniz. Yəni mən belə başa düşdüm ki, Aqil Abbas zəng etməməliydi.(gülür)

- Cərimə demiş, bildiyim qədər sizin kitabların plagiat variantları da metrolarda satılır. Bunun qarşısını almaq olmur?

- İndi metrolarda kitab satılmır. Amma kitab sektoruna ziyan vuran məhz metrolar və "28 May" metrosu ətrafında topdansatış mərkəzləridir. Təsəvvür edin ki, Əlif Şafakı, Xalid Hüseyni, fərdi inkişafla bağlı bəzi kitabları, detektivləri nəşr etdim. Amma görürsən ki, sənin buraxdığın kitabların pirat nüsxələri çıxıb və o yerlərdə satılıb. İzah edirsən ki, düzgün deyil. Biz bu kitabların Azərbaycan dilində nəşrinə icazə almışıq. Amma onlar davam edir və oxuculara bizim kitabların daha ucuz versiyasını satırlar.

- Bəzən belə fikirlər də səslənir ki, Şahbaz Xuduoğlu uğursuz bizneslə məşğul olmanın verdiyi aqressiya ilə danışır... Sizcə, Azərbaycanda bu, uğursuz biznesdir?

- 22 ildir kitab işi ilə məşğulam. Mən buna uğurlu iş kimi yanaşıram. Bu, biznesdən daha çox mədəniyyətdir. Mənim görə bildiyim iş kitab nəşridir. Burda bu işi daha yaxşı qurmaq olardı. Amma ölkədə kitab dükanları yoxdur. Belə faciəli durumda kitab çıxırsa, buna şükür etmək lazımdır.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.