Mədəniyyət

Xalq artisti: "Bu üç şəxs Azərbaycan kinosunun simalarıdır"

30 İyul 2014 02:30
1 Şərh     Baxış: 4 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Ağaxan Salmanlının Milli.Az-a müsahibəsi

- Ağaxan müəllim, bildiyimizə görə, bu yaxınlarda sizi Dağıstan Teatrına dəvət ediblər. İstərdim bu barədə ətraflı məlumat verəsiniz.

- Dağıstan Respublikası Azərbaycan Dövlət Dram Teatrından dəvət almışam. İlk dəfə məni oraya 2004-cü ildə dəvət elədilər, tamaşalar qoydum, bacardığımı elədim. Bir sözlə, işləri qaydasına saldım.
 

- Sizi oraya baş rejissor kimi dəvət etmişdilər?
 

- Həmin müddətdə orada yeganə rejissor mən idim. 2007-ci ildə Quba, Qusar, Xaçmaz və Bakıda iki gün ərzində gözəl tamaşalarımız oldu. Ondan sonra həmin teatr Azərbaycana hər il qastrola gəlir.
 

- Bəs bu dəvət necə alındı?
 

- Bu qış da Azərbaycana gəlmişdilər, gedib tamaşalarına baxdım. Üzeyir Hacıbəyovun "Məşədi İbad" tamaşasını oynayırdılar. Məhz həmin tamaşadan sonra dəvət elədilər ki, gəl, bizdə bir tamaşa hazırla. Tamaşalar Azərbaycan dilində qoyulur. Amma uşaqlar üçün tamaşaları rusca oynayırlar. Hələ ki onların təklifinə hansı cavabı verəcəyimi bilmirəm.
 

- İxtisasca rejissorsunuz?
 

- Xeyr, mən aktyoram.
 

- Amma həm Dağıstanda, həm də burada yetərincə tamaşalara quruluş vermisiniz...
 

- Müxtəlif teatrlarda, o cümlədən Dağıstan, Lənkəran, Mingəçevir teatrlarında, Gənc Tamaşaçılar Teatrında 30-dan yuxarı tamaşa hazırlamışam.
 

- Özünüzü aktyor kimi daha uğurlu hesab edirsiniz, yoxsa rejissor kimi?
 

- Təbii ki, aktyor kimi.
 

- Onda sizi peşəkar aktyor, həvəskar rejissor adlandırmaq olar?

- Vallah, indi rejissorların səviyyəsi o qədər aşağıdır ki, mən onların yanında peşəkar rejissoram. Özün də görürsən ki, hər yerdə, o cümlədən mətbuatdan rejissor qıtlığından, rejissor səviyyəsizliyindən söhbət gedir.
 

- Bəs aktyor kimi hansı yenilikləriniz var?

- Qarşıdan Şekspirin yubileyi gəlir. Cənnət Səlimova "Üçüncü Riçard" tamaşasını hazırlayır. Həmin tamaşada Riçard baş rol olsa da, onunla paralel gedən Bekkingem rolu var. Həmin rol mənə həvalə olunub.
 

- Rejissorlardan gileyləndiniz. Teatrınızın baş rejissoru Bəhram Osmanovdan razısınız?
 

- Mən niyə razı qalmalıyam ki? Xalq razı qalmalıdır. Bu sual mənə aid deyil.
 

- Siz həm də bir peşəkarsınız...
 

- (gülür) Mənim ağzım nədir ki, razı olmayım? Millətin səviyyəsi budursa, bundan qaçacağımız yoxdur.
 

- Bəhram Osmanov teatra baş rejissor təyin olunandan sonra sizə rol verib?
 

- Yox.
 

- Artıq iki ildən çoxdur. Nə əcəb bu müddət ərzində sizə rol verilməyib?

- Onu Bəhramdan soruş. Mən həyatımda rejissordan rol istəməmişəm, səbəb də aramamışam. Rol verib, ürəyim yatıbsa, oynamışam. Ürəyimcə olmayıbsa, imtina etmişəm.
 

- İndiyə kimi hansı rejissorların verdiyi roldan imtina etmisiniz?
 

- O qədər olub ki. Məsələn, Cənnət Səlimovanın, Ağakişi Kazımovun verdiyi çox rollardan imtina etmişəm.
 

- Səbəb?
 

- Birincisi, həmin rol mənim imkanlarım xaricində olub. İkincisi isə kiçik rol olub və həmin rolla öz imkanlarımı aça bilməmişəm. Ona görə də imtina etmişəm.

- Bizim cəmiyyətdə aktyoru ya komediya, ya da faciə, dram aktyoru kimi tanıyırlar, qəbul edirlər. Amma sizi nə komediya, nə də faciə aktyoru kimi qəbul edirlər. Siz özünüzü bunlardan hansına aid edirsiniz?

- Qəbul etmirlər yanlış söhbətdir. Mən faciə oynayanda Mailə Muradxanlı kimi peşəkar jurnalist, uzun illər AZTV-nin ədəbi dram verilişləri redaksiyasının baş redaktoru olmuş şəxs Elçinin "Ağ dəvə"sində Balakərim oynayanda mənə sözünü deyib. Balakərim tragikomik, xarakterik bir roldur. Həmin tamaşa çəkilib və arxivdə, "Qızıl fond"da var. O tamaşadan sonra Mailə xanım mənə dedi ki, sən bundan sonra heç nə yaratmasan da, o bir rolla deyəcəklər ki, bəli, bu, aktyor olub. Sonra mən Nəcəf bəy Vəzirovun "Dələduz" əsərində Məcid rolunu oynadım, komediyadır. Deməli, hamı bu Məcidi aldadır. Orada tamaşanın baş rejissoru Loğman Kərimov Səməd Mənsurun "Rəngdir" şeirini əlavə etmişdi. Yəni bu həyat başdan-başa yalandır, fırıldaqdır, rəngdir. Həmin şeirlə axırda elə faciəvi girdim ki...
 

- Ağaxan müəllim, həmyaşıdlarınız, tay-tuşlarınızla deyil, gənc nəsillə daha çox ünsiyyətdə olursunuz. Bunun səbəbi nədir?
 
- Bu qocalar adətən keçmişlə yaşayırlar. Otururlar, başlayırlar danışmağa ki, yadına gəlir, filan ildə filan rolu belə oynadıq, belə yaratdıq. Yəni sırf nostalgiyaya köklənmiş adamlar olurlar.
 

- Amma az öncə siz də dediniz ki, mən filan ildə filan tamaşanı oynadım, Mailə Muradxanlı yüksək qiymətləndirdi...

- Sən məni yönəltmək istəyirsən? Sualının birbaşa cavabı var məndə. Qocaların keçmişlə yaşamaqları mənim ürəyimcə deyil. Daim irəliyə baxıram, sabahı düşünürəm. Keçmiş çox vaxt yadımda qalmır. Gənclər sabah deməkdir, onlarla oturub-durmaq mənim üçün daha dəyərlidir.

- Bu gün Azərbaycan teatrını 10 ballıq sistemlə dəyərləndirsək, durumumuz neçə ballıqdır?
 

- Teatrın incəsənətin digər növlərindən 3 fərqli cəhəti var - canlılığı, kollektiv sənət olmağı və sintetik sənət olmağı. Teatr incəsənətin bütün növlərini özündə birləşdirir. Həm ssenoqrafiya, həm aktyor sənəti, həm rejissor, teatrda istifadə olunan başqa sənət növlərini nəzərə alsaq, 3 vermək olar.
 

- Yəni durumumuz bu qədər faciəvidir?
 

- Bəli, mənə elə gəlir.
 

- Əsas səbəblər nələrdir?
 

- (düşünür) Səbəb məsələnin qoyuluşdur. Teatr Xadimləri İttifaqının qurultayında mədəniyyət və tuzim naziri Əbülfəs Qarayev gözəl söz dedi. Dedi ki, bölgələrdən Bakıya kimi bütün teatrları təmir etdirdik, müasir texnika gətirdik, aktyor və rejissor heyətində müəyyən dəyişikliklər etdik. Bəs hanı sizin nəticələr?
 

- Niyə nəticə yoxdur?
 

- Lazımi səviyyəli nəticə bu gün yoxdur. Çalışmalar, axtarışlar gedir. İnteqrasiya mənasında dəvət olunan xarici rejissorlar var. Bu da kömək eləmir. Mən özüm bu sualın cavabına mat-məəttəl qalmışam.
 

- Bəs nisbətən yaxşı vəziyyətdə olan teatrımız hansıdır?
 

- Həmişə öndə olan teatr Akademik Milli Dram Teatrıdır. Daim axtarışdadırlar və onlar daim bizə örnək olublar. Bu gün Azdramada genişmiqyaslı axtarışdadır və özü də özünü axtarır bu gün.
 

- Bəs rejissorlardan?
 

- Öndə gələn Azərpaşa Nemətdir. 1983-cü ildə onun təhvil verdiyi "Danabaş kəndinin məktəbi" tamaşası Azərbaycan teatrı tarixində yeni bir səhifə açmışdı. Hətta Şəmsi Bədəlbəyli premyeradan sonra gəlib hamımızı təbrik elədi. O dövrün qüdrətli sənətkarları tamaşadan şok vəziyyətində getdilər. Tamaşa həmişə dissident olmalıdır. Tamaşada dissedentlik yoxdursa, bu, ətalətdir, konservatizmdir. Azərpaşa son illər "Hamlet", "Şah Qacar", "Boy çiçəyi" kimi uğurlu tamaşalar qoyub. "Boy çiçəyi" kimi tamaşanı 50 ildən sonra belə möhtəşəm quruluşda təhvil vermək hər kişinin işi deyil. Bu gün Azərbaycan teatr rejissurasında yeganə nəfəs kəsə biləcək, yeni təkliflər edə biləcək rejissor Azərpaşa Neməti görürəm.

- Sizcə, bu gün gənc aktyorlardan kim ən irəlidədir və onu fərqləndirmək olar?
 

- Gənclərin hamısı bir sıraya düzülüblər, bir addım irəli çıxanını görmürəm. Gənclərin içində yaxşı aktyorlar var, amma lap qabağa çıxanı yoxdur.
 

- Bəs orta nəsil?
 

- Bizdə elə aktyor olsaydı, Hollivud onu çoxdan çəkmişdi. Yaxud başqa dövlətlərin teatrına çoxdan gedib çıxmışdılar.
 

- Amma məsələn, Elşən Rüstəmovu çoxları fərqləndirir orta nəsildən...
 

- Elşən Rüstəmov, Elnur Kərimov, Rasim Cəfərov, Sabir Məmmədov kimi aktyorlar çoxdur. Sən dediyin "ən"i görmürəm.
 

- Bəs yaşlı nəsil arasında?
 

- Rasim Balayev, Fəxrəddin Manafov, Şəfiqə Məmmədova Azərbaycan kinosunun, Şəfiqə həm də teatrının simalarıdır. Bunun o yanı-bu yanı yoxdur.

Elçin Tağıyev

Milli.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.