Mədəniyyət

Zəlimxan Yaqub: "...əl çəkin"

25 İyul 2014 16:23
5 Şərh     Baxış: 4 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zəlimxan Yaqub: "Xalqı ağ günə çıxardınız, indi də qalıb Səməd Vurğun"

Müsavat Partiyasının Divan üzvü, politoloq Hikmət Hacızadənin dövrünün görkəmli ziyalısı və qələm adamı, xalq şairi Səməd Vurğunu "səviyyəsiz" adlandırması bir çox böyük ziyalılar, yazar və şairlərdə qəzəb doğurub. Azərbaycan ədəbiyyatının incilərindın sayılan Səməd Vurğunun ünvanına bu cür təhqiramiz ifadələrin işlədilməsinə kəskin etiraz edənlərdən biri də poeziyamızın parlaq simalarından olan, xalq şairi Zəlimxan Yaqubdur.

Ölkə ədəbiyyatının tərəqqisinə güzgü tutan Z.Yaqub "Şərq"ə müraciət edərək H.Hacızadənin əsassız ittihamlarına sərt münasibət bildirib. Şair bizimlə söhbətində nəhəng Səməd Vurğuna qarşı iftira dolu fikirlər səsləndirənləri tərbiyəsiz adlandırıb: "Belə mədəniyyətsiz insanlar üzü Məhəmməd Füzulidən bu yana nə qədər böyük şəxsiyyətlərə qara yaxıblar. Bunu edənlər şəxsiyyəti, səviyyəsi, dünya görüşü olmayan, xalqının böyük və kiçiyini dəyərləndirməyi bacarmayan adamlardı. Azərbaycan xalqı və ədəbiyyatının başucalığı, dilimizin memarı Səməd Vurğun haqqında yazmaq böyük məsuliyyət tələb edir. Kim haqda, harda və necə fikir söyləməyi bilmək lazımdı. İnsan danışdığının fərqində olmalıdır. Azərbaycanda onlarla, yüzlərlə Səməd var. Amma Səməd Vurğun təkdi. Ona görə də insan kimin haqqında hansı fikir irəli sürdüyünü bilməlidir. Səməd Vurğundan indiyə qədər dahilər və böyük şəxsiyyətlər danışıb. Ünvanına çox böyüklər söz deyib. Biz öləndən sonra da Səməd Vurğun yaşayacaq. O, ölməzdi".

Z.Yaqub söyləyib ki, kiçiklərin böyük adamlar barədə fikir söyləməyi çox böyük mədəniyyətsizlikdir: "Xalqı çox ağ günə çıxardınız, indi də qalıb Səməd Vurğun. Əl çəkin, Səməd Vurğundan. Əl çəkin, Nəriman Nərimanovdan. Səməd Vurğuna Səməd, Nəriman Nərimanova Nəriman demək çox böyük qanacaqsızlıqdı. Sizin kimiləri xalq heç vaxt bağışlamayacaq".

Böyüklərə və dahilərə sataşmağı günah sayan şair deyib ki, H.Hacızadə heç ana dilimizi doğru-dürüst bilmir: "Hikmət Hacızadə, sən nə danışdığını bilmirsən. Sən kimsən ki, nəhəng Səməd Vurğuna sataşırsan? Arxayın ol, sənin heç bir fəaliyyətin bir dəftərin qırağında qalmayacaq. Sovet şeirinin pələngi sayılan Səməd Vurğun kimi böyük kişilərin həyat və yaradıcılığı xalqın yaddaşında ömür boyu yaşayacaq. Səməd Vurğun elə səviyyəli şəxsiyyət idi ki, Moskvada SSRİ poeziyası ilə bağlı məruzələr edirdi. Müqayisə elə, Hikmət Hacızadə, gör, indi səviyyəsiz sənsən yoxsa, Səməd Vurğun".

Şeiriyyatımızın işıqlı siması qeyd edib ki, Səməd Vurğun və digər böyük şəxsiyyətlərdən danışarkən ehtiyatlı olmaq lazımdı: "Baltanı daşa vurmaq olmaz. Bu böyük şəxsiyyətlər xalqın iman, güman yeridir. Biz onlara baxıb, addımlayırıq. Anlamaq lazımdır ki, böyüklərimizi pisləmək və ya yaxşılarımızı satqın çıxarmaq bizə müsbət heç nə vəd etmir. Bunun sonu nə olacaq? Əlbəttə, bu cür addım düşmən dəyirmanına su tökməkdir. Düşmənlərimiz izləyir. Bizə baxıb gülürlər. Torpağı işğalda olan bir ölkənin insanı çıxıb ağsaqqalını, böyüyünü, nəhəng bir şəxsiyyəti təhqir edir. Bu düşüncəsizlikdi. Bunlar yolverilməzdi. Xalqın özü belə insanlara qarşı mübarizə aparacaq. Səməd Vurğuna Allah böyük ürək, dünya, ədəbiyyat və şeiriyyət vermişdi. Səməd Vurğun var, olub və olacaq da. Buna heç kəsin şübhəsi ola bilməz".

Səməd Vurğunu təhqir edənlərin ədəbiyyat adamları deyil, siyasətçilər olmasına gəlincə, şair bildirib ki, bunu H.Hacızadənin özü demir. Başqaları dedizdirir: "Düzdü, Səməd Vurğuna daş atırlar. Amma bu daş özlərinə dəyəcək. Siyasət adamlarının ədəbiyyata girişməsi düzgün deyil. Soruşsan ki, Səməd Vurğundan bir şeir söylə, durub qalacaq. Osman Sarıvəlli Səməd Vurğun barədə deyib: "Böyük istedadlar yaranır, ancaq səndən gəlməyib və gəlməyəcək də". Səməd Vurğunun yolu müqəddəs yoldur. Ona sataşan adam xalqa və xalqın böyüklüyünə sataşır".

Politoloqun Səməd Vurğunu satqınlıq və məddahlıqda ittiham etməsinə diqqət çəkən şöhrətli qələm ustası söyləyib ki, bunlar küçə sözlərindən başqa bir şey deyil: "Səməd Vurğun öz dövrünün oğlu idi. Stalinlə olan məsələlər zamanın diktəsi idi. Səməd Vurğun da ona səmimiyyətlə cavab verirdi. Ümumiyyətlə, ədəbiyyatımızda, xalqımızın tarixində böyük rolu olan adamların hamısına böyük məhəbbət bəsləyirəm".

Görkəmli aydın hesab edir ki, Hikmət Hacızadə Səməd Vurğundan deyil, Qarabağdan danışmalıdır: "Dünyanın düz vaxtı Qarabağı verdiniz. Gedin, qaytarın. Niyə bundan bəhs eləmirsən? Niyə bu ağrımızdan danışmırsan? Bunlardan söz açıb, Azərbaycan insanına cavab vermək lazımdı".

Siyasətçinin dahi mütəfəkkirin Azərbaycan şeirini bəyənməməsindən söz açan Z.Yaqub bəyan edib ki, Səməd Vurğunun yaradıcılığından danışmağa ən azı H.Hacızadənin haqqı çatmır: "Səməd Vurğunun Azərbaycan şeiri dünya durduqca yaşayacaq. Çox uzunömürlü şeirdi. Ömrü uzun olan bir şeirə kiminsə rişxənd etməyə haqqı yoxdur".


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.