Mədəniyyət

Öz şagirdi ilə evlənən xalq yazıçısı - FOTO

24 İyul 2014 15:59
0 Şərh     Baxış: 3 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az modern.az-a istinadən saytı "Məşhurların sevgi hekayətləri" layihəsindən yeni yazını təqdim edir. Bu dəfə Azərbaycanın xalq yazıçısı, mərhum Sabir Əhmədlinin sevgi hekayətini təqdim edirik:

1950-ci illərin əvvəllərində Bakı Dövlət Universitetinin (o vaxtkı Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsini bitirən cavan bir oğlan doğma Cəbrayıl rayonuna müəllim kimi yollanır. O zaman məktəb və müəllim qıtlığı yaşayan Cəbrayılda müəllim yüksək nüfuz sahibi kimi hər yanda dəyərləndirilirdi.

Gənc Sabirin işlədiyi məktəbə Horovlu, Papı, Yuxarı Şahvələd, Soltanlı və başqa kəndlərdən də şagirdlər gəlirdi. Qorkinin adını daşıyan bu məktəbdə hətta ucqar kəndlərdən gələn şagirdlər üçün internat da salınmışdı. Çünki kilometrləri qət edən şagirdlər məktəbdən evə həmin gün qayıda bilmirdilər. Belə bir şəraitdə hələ yazıları təzə-təzə çıxan gənc müəllim Sabir Əhmədli məktəbdə xüsusi intizam yaradan bir pedaqoq kimi tanınmağa başlayırdı. Çox keçmir ki, rayonun seçilən ziyalısı kimi partiya qurultaylarına da nümayəndə kimi yollanmağa başlayır.

Sabir Əhmədlinin böyük həvəslə çalışması onun irəli çəkilməsi ilə nəticələnir. Belə ki, gənc kadr olmasına baxmayaraq, onu Cəbrayılın Şükürbəyli kəndinə məktəb direktoru göndərirlər. Elə Şükürbəyli kəndində tanıdığı qız onun gələcək həyat yoldaşı olur.

Şükürbəyli məktəbindən Mərkəzi Komitənin qərarına əsasən, pambıq yığımına göndərilən zaman müəllim-direktor Sabir Əhmədli özünü şagird kollektivindən ayırmır. Onlarla birgə işləyir, birgə istirahət edir. İstirahət zamanı simli musiqi aləti mandolenada ifa edən Sabir müəllimdən şagirdlər xahiş edir ki, "bizdə bir qız var və o, çox yaxşı səsin sahibidir, çox yaxşı oxuyur. Siz ifa edin, o da oxusun". Amma gənc qızı nə qədər dilə tutsalar da, utandığından oxumur.
Növbəti günlərin birində qız özü direktor, eləcə də gələcək həyat yoldaşının yanına gələrək utana-utana yazdığı hekayələri ona təqdim edir. Sabir Əhmədli ömrünün son çağlarında yazdığı, lakin çap edə bilmədiyi "Yazılmayan yazı" xatirələr kitabında bu anları belə xatırlayır:

"Sonradan bildim ki, bu qız, demə, başqa iş də bacarırmış. Bir dəfə mənə dedi: "Müəllim, mən sizə bir yazı oxumaq istəyirəm". Dərsdən sonra qaldım. Müəllimlər otağının yanındakı boş bir sinifdə görüşdük. Qabaqdakı skamyalardan birində oturdu. Ağır, ciddi qızdı, əsla şit işlə arası olmazdı. Ailəlikcə seçilən, təmiz insanlardı. Atası MTS-in direktoru idi, rayon İcraiyyə Komitəsinin sədri olmuşdu. Belə yüksək vəzifəli, yuxarı adamlar adətən ailədə bir-iki uşaq törətməklə kəsirlər. Bunlarsa 8 uşaqdılar. Başladı, oxudu. Hekayə də yazırmış bu cırtdan. Boy - buxunu sısqa, hələ orta məktəb şagirdidir. Yaşca böyüdükcə boyu qalxar. İş elə gətirdi ki, bu qız Qorki adına məktəbini bitirdikdən sonra kamal attestatı alıb, Bakıya ali məktəbə yollandı. Tibb İnstitutuna daxil olmaq istəyirmiş. Ərizəsini oraya verib. Əmisi Bakıda tanınan adamdı, hüquq fakültəsinin dekan müavini idi. Bu kişi ona kömək edəcəkmiş. Eləcə imtahanların ortasında əmisi qəfildən, gözlənilmədən rəhmətə getmişdi. Qız fizikadan qiymət ala bilməmişdi. Onun bu fəndən sualının biri "ling"ə aidmiş. Müəllim istəyib o lingin düsturunu desin. Bu da qalıb məəttəl: ling lingdi də, nə düstur? Beləliklə, kəsilib qayıtmışdı rayona.

İkinci il ali məktəbə daxil ola bildi: APİ-nin dil-ədəbiyyat fakültəsinə. Mənim Şükürbəyli məktəbində direktor işlədiyimin ikinci ili, onlara elçi göndərdik. Qızla bu barədə açıq bir söz danışmamışdıq, bu münasibətlə görməmişdik də. Onu başqa istəyənlər də vardı. Elçi getdi: Atam, MTS-də baş mühasib Köçəri qardaş, bir də kimlərsə. Mən nişan taxdıqdan sonra bizim həyətimizə gəl-get səngidi. Çox adamın gözü vardı, ümid edirdilər qonşular, qohumlar, bəlkə onlardan birinin qızını alacaqdım. Amma baxtıma ayrısı yazılıbmış, qismət bu imiş. Anam bir kərə zarafatla gileyləndi: "Hamamda qızlar kürəyimə kisə çəkməkdən dava satırdılar. İndi yaxın düşmürlər".

Bu cür maraqlı xatirələr Sabir müəllimdə çox olub. Ən maraqlısı da bu idi ki, Sabir müəllim böyük qardaşı Vaqifdən qabaq evlənmək istəmirdi. Həm el tənəsi, həm də özünün düşüncəsi buna imkan vermirdi. Odur ki, özü üçün qızın "həri"sini alandan sonra qardaşı Vaqif üçün də hərəkətə keçir. Hətta onun üçün yaxın qohumlarının biri ilə bərabər qız qaçırtmağa çalışsa da, bunu bacarmır. Buna baxmayaraq Sabirdən gec nişanlanan Vaqif ondan tez evlənir.

Sonradan Sabir müəllimin həyat yoldaşı onun əsl silahdaşına çevrilir. Bakıya gələndən sonra xeyli çətinliklər yaşamalarına baxmayaraq, bu ailənin müvazinətini kimsə qıra bilmir. Sabir Əhmədli üç uşağı yalnız və yalnız qonorar hesabına böyüdüb başa çatdıra bilir. Əlavə çirkin gəlir, məddahlıq məhsulu olan pullar həmişə onun üçün yad olub.

Əsərlərinin də ilk redaktoru elə xanımı olub. Ta ömrünün sonuna qədər. Bir dəfə mərhumun oğlu Etibar müəllimdən Sabir müəllimin çap olunmayan əlyazmalarını nə üçün kitab halına salmaması barədə soruşdum. Etibar müəllim çox qısa cavab verdi:
- Hələ anam oxuyub redaktə eləməyib. O redaktə eləməsə, biz heç vaxt Sabir müəllimin kitablarına əl vurmarıq.

İndi ömür keçib. Artıq 10 ildən artıqdır ki, Azərbaycan ədəbiyyatının ən məhsuldar romançısı dünyada yoxdur. Həyat yoldaşı Şaban xanım Modern.az-a müsahibəsində onun haqqında danışmaqdan çətin heç nə olmadığını bildirdi. Ancaq bunları qeyd etdi:

"Sabir müəllim orta məktəbdə müəllimim olub. 2 il ədəbiyyat fənnindən dərs keçib. Demək olar ki, ədəbiyyata olan marağımı Sabir müəllim yaratmışdı. Onun nəticəsi idi ki, məktəbi bitirdikdən sonra universitetin filologiya fakültəsinə qəbul oldum. Sabir müəllimlə həmişə aramızda müəllim-şagird münasibəti olmuşdu. İnanmazdım ki, o nə vaxtsa mənə öz sevgisini bildirər. Universitetin 3-cü kursunda oxuyanda Sabir müəllim yaxınlaşıb öz fikrini bildirdi. Doğrusu, nə deyəcəyimi bilmədim. Bir az təəccübləndim. Ancaq ailəmin fikri də mənim üçün vacib idi. Atam, eləcə də ailəm Sabir müəllimi və onun ailəsini çox yaxşı tanıyırdı. Rayonda sayılıb-seçilən ailələrdən idilər. Ona görə də atam Sabir müəllimin o fikrini müsbət qarşıladı. Elçi gəlib razılıq aldılar. Universiteti bitirəndə nişanımız oldu. Ondan 2 il sonra isə ailə qurduq. Sabir müəllimlə 1 qız və 2 oğlan övladımız oldu. Sabir müəllim çox yaxşı həyat yoldaşı idi. "Tapmacalı gecə", "Ailə diplomatiyası"nı, eləcə bir neçə romanını mənə həsr etmişdi. Sabir müəllim övladlarını da özü kimi böyüdüb. Onların xasiyyətləri də ataları kimidir. Hər hansı hərəkəti edərkən Sabir müəllimi düşünürlər. Onun vəfat etməyi bizi çox üzdü. Yoxluğu heç cür doldurula bilməz. O olmasa da, biz həmişə onu düşünürük. Çünki, Sabir müəllim bizim xatirələrimizdə yaşayır."

Bəlkə də xanımın yaddaşındakı Sabir Əhmədli yalnız və yalnız Arazbar ellərinin gənc müəllimi və təzə-təzə tanınmağa başlayan yazıçısıdır. Bu xanım da o ellərdən başlayan xatirələri hər gün dönə-dönə redaktə etməklə məşğuldur...

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.