Mədəniyyət

Aqşin Yenisey: "Ya serrozu dirildib özümü öldürməliyəm, ya da..." - FOTO

22 İyul 2014 12:16
3 Şərh     Baxış: 2 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aqşinin xəstəxanadan çıxdığını eşidincə fotoqraf Elnurla birlikdə şairin evinə yollandıq. Evlərinə çataçatda zəng vurdum ki, şair, sizə gəlirik. Şair gözünə döndüyüm də qayıdasan ki, vallah, evdə o qədər adam var ki, bizim rahat oturub söhbətləşməyimiz mümkün olmayacaq. Sabah özüm sənə zəng edərəm, gələrsiz. Kor peşman geri qayıtdıq. Allah Aqşini bir daha heç vaxt peşman eləməsin! Mənim də bu yaşımda üz-gözümü danladılar. Növbəti dəfə Aqşinin bütün bəhanələrini qulaqardına vuraraq üzlü qonaq kimi qapılarının ağzını kəsdirib zəngi basdım. Çünki bu dəfə də əliboş qayıtsaydım, daha danlanası üzüm qalmamışdı.

Biz Aqşinlə bu evdə çox badələr qaldırmışıq, bu ev nə qədər səsli-küylü məclislərin şahidi olub. Biz indi bu evə başqa bir Aqşini görməyə gəlmişdik, həmin Aqşin bizi arağa yox, çaya qonaq elədi. İndi həm də onun qələminin qapısında sözlər növbəyə dayanıb. Biz o sözlərdən üzr istəyib növbənin önünə keçdik. Görək Aqşin özünü necə hiss edir, hansı əhvaldadı...

Aqşin Yenisey: "Ölümdən də dəhşətli hisslər var, məsələn, yaşamaq istəmədiyin həyatı yaşamaq"

- Aqşin, indi özünü necə hiss edirsən? Xəstəliyinlə bağlı nə kimi dəyişikliklər var?

-İndi kəfəni yırtmış ölü kimi yaxşıyam, xəstəlikdən əvvəlki dövrdə necə idimsə, indi də özümü o cür hiss edirəm. İki aylıq "amansız" müalicə öz müsbət nəticəsini göstərir. Daxili orqanlarımda qaraciyərdən başqa, heç birində problem yox idi. İndi qaraciyərim hansı vəziyyətdədirsə, mənim də vəziyyətim o cürdü. İxtisasca həkim olmadığım üçün çox şeyləri bilmirdim, məsələn, bilmirdim ki, qanda bilirubinin miqdarı nə qədər olmalıdır. Bu xəstəlik məni həyatın daha bir düşməni ilə yaxından tanış etdi. Bir ay da həkimlərin tətbiq etdiyi qaydalara dözə bilsəm, hər şey təbii vəziyyətinə qayıdacaq.

"İnsan birinci həyatını elə yaşamalıdır ki, ikinci həyatı yaşamağa ehtiyacı olmasın"

- Aqşin, belə bir standart sual var: ikinci dəfə dünyaya gəlsəydin, necə yaşayardın? Sənin üçün artıq, belə demək mümkünsə, ikinci həyat başlayır. Bu yeni həyatını necə yaşamaq istərdin? Yəqin ki, əvvəlki Aqşin olmayacaqsan...

- Sözün açığı, bundan sonra mənim üçün ikinci həyat yox, ikinci Azərbaycan başlayır. Bu xəstəlik məni başqa bir Azərbaycanla, daha doğrusu, Azərbaycanın kölgəsi ilə tanış elədi. Bu kölgə Hamletin atasının xeyirxah kölgəsi kimi daima başımın üstündə idi. Halbuki mən bu Azərbaycan haqqında çox vaxt tənqidi fikirdə olmuşam. Məsələn, gözləmədiyim, ağlıma belə gətirmədiyim adamların diqqətini gördüm. Heç ağlıma da gəlməzdi ki, mənim xəstəliyim o insanları narahat edə bilər. "Əfsanələşmək" şansımı əlimdən alan bu adamlara necə təşəkkür edəcəyimi hələ də bilmirəm. O ki qaldı ikinci həyat məsələsinə, mən bu haqda həmişə mənfi fikirdə olmuşam. İnsan birinci həyatını elə yaşamalıdır ki, ikinci həyatı yaşamağa ehtiyacı olmasın, o, bu barədə, ümumiyyətlə, düşünməsin. Qədim Şərq fəlsəfəsində belə bir düşüncə var ki, insan ruhani təmizlənmə prosesini keçdikcə Allaha yaxınlaşır. Guya, bizim bədənimizdə gəzdirdiyimiz ruhi həyat bizim insan ömrünə sığışdırdığımız həyat qədər deyil, bu, müxtəlif dövrlərdə müxtəlif formalarda gəlib getmiş bir həyatdır, yəni biz, guya, ucsuz-bucaqsızıq. Mən bunu qədim qorxunun ibtidai təsəlliyə meyilli bir fəlsəfəsi hesab edirəm. Mən hesab etmirəm ki, canavar bundan əvvəlki həyatında tülkü, tülkü prokuror, prokuror nökər olub. Yəni biz qoyun mədəsi kimi qırxqatlı keçmişə sahibik. Bu cür fəlsəfənin nə elmi, nə dini, nə də tibbi izahı var. Son anda hər şeyi həkimin əlindəki iynə həll edir. Hansısa meditasiyayla, magiya ilə məşğul olan bir adam buna kimisə inandıra bilər, amma bizim kimi real həyatın içində yaşayan, nəğdı qoyub nisyənin arxasınca qaçmayan adamlar dərk edir ki, insan dünyaya gəlir, yaşayır və ölüb yoxa çıxır. O dünya deyilən bir aləm varsa da, bu bizim özümüzə təsəlli naminə uydurduğumuz aləm kimi deyil. Çox maraqlıdır ki, xəstəxanada hərdən halım pisləşəndə çapalayıb hay-həşir salmırdım, hətta bu ağrılı sükunətdən həzz alırdım. Ta ki tibb bacıları rəngimin, yaxud nəbzimin döyüntüsündən halımın ölüvay olduğunu hiss edənə kimi.

- Yəni xəstəlik sənin Tanrıyla bağlı düşüncələrində hansısa bir dəyişikliyə səbəb olmadı...

- Sözün açığı, jurnalistlər də mənə həmişə belə sual verirlər ki, siz niyə ateistsiniz? Mənim ateist, yaxud deist olmağım öz işimdir. Mən vur-tut beş-altı şeir yazmış estetəm, amma ağzını açan məndən molla kimi müsahibə götürmək istəyir. Az qala, məni "Dəli Kür" romanındakı rus Əhməd adlandırsınlar. İnsan üçün ən böyük ağrı hissi ölümdür. Amma mənə elə gəlir ki, ölümdən də dəhşətli hisslər var, məsələn, yaşamaq istəmədiyin həyatı yaşamaq, yaxud yaşamaqdan doymadığın həyatdan məhrum edilmək. Bu, mənim yaradıcı fantaziyamdır.

- Son müsahibələrindən birində demişdin ki, içməsəm, şeir yaza bilmirəm. Amma xəstəxanada yazdığın şeir bunun əksini göstərdi. Yəni içki olmadan da yaxşı şeir yazmaq mümkündü. Necə düşünürsən? Bundan sonra da şeirin səni içkiyə qaytaracağından qorxmursan ki?


- Yaradıcı adamların, məsələn, elə sənin özünün də yaradıcı gərginlikdən xilas olmaq üçün bir vərdişin, bir hobbin var. Bəşər tarixində bütün yaradıcı adamların özünəməxsus bir vərdişi, hobbisi olub. Yaradıcılığın yükünü azaltmaqdan, istedadı dincə qoymaqdan, yaxud tutalım, sevgini qəbul etməyən qadını unutmaqdan ötrü hər hansı bir vərdişə müvəqqəti də olsa aludə olursan. Mənanı yalnız mənasızlıqla yenmək olar. Mən 2000-ci ilə qədər yazdığım şeirlərin hamısını cırıb atmışam, kitablarımda çıxan şeirlər ondan sonrakı dövrdə yazdığım, özümün bəyəndiyim şeirlərdi. Özümün xoşuma gəlməyən yazını və yaxud şeiri mən heç vaxt çapa vermirəm. Xəstəxanada yatdığım iki ay müddətində yazdığım şeirlər var ki, onlardan yalnız birini bəyəndim və həmin şeir də "1937.az" saytında çap olundu. Xəstəxanada xeyli qeydlər aparmışam, oranın da məhbəs, əsgərlik həyatı kimi yumorlu tərəfləri var, qeydlər apardığım dəftəri də özümlə gətirmişəm, yəqin ki, hansısa bir janrda silsilə yazılar yazacağam. O dəftərçənin bətnində bir kitab böyüyür. O ki, qaldı içki məsələsinə, mən heç vaxt içki içib yazmamışam, içki içib düşünürdüm, ayılandan sonra düşündüklərimi yazırdım. Ayılandan sonra insanın beyni tərtəmiz, uşaq beyni kimi olur. İçkili olanda düşünürdüm ki, hamının gördüyü hansısa mənzərəni necə özümünküləşdirib ifadə edə bilərəm. Bakıda və yaxud hansısa bir şəhərdə elə adam olmaz ki, külək ayağının altından nə vaxtsa bir qəzet parçasını yelləyib aparmasın. Amma bu adi detaldan hamı şeir çıxara bilməz axı. Bu, bir fanilik elementidi, insanın yazdığı yazılar ayaq altına düşdü, ayağının da altından külək apardı, bunu necə poeziyaya çevirmək olar? Dahiyanə əsərlərin böyük əksəriyyəti elementar mahiyyətdən yaranan əsərlərdi. Məsələn, mən Kafkanın "Çevrilmə" hekayəsini oxuyanda düşündüm ki, mən də belə bir şey yaza bilərəm, insanı bör-böcəyə çevirməyə nə var ki... Başladım yazmağa, sonra gördüm yox ee, qardaş, ən mürəkkəb, düşündürücü əsərlər adi həyat detallarından yaranır. Asanda gizlənmiş mürəkkəbliyi görmək - budur dahilik.

Xəstəxanada boş vaxtım çox olurdu. Ümumiyyətlə, xəstəxana mühiti elə boş vaxt deməkdi, orda vaxtımın çoxunu televizora baxmaqla keçirirdim, ən çox baxdığım heyvanlar haqqında olan verilişlər idi. Məni ən çox xırda böcəklərin həyatı maraqlandırırdı; baxırdım, dəhşətə gəlirdim, ölmək-zad yadımdan çıxırdı. Gör Tanrı xırda böcəyi necə mürəkkəb və nəhəng bir mexanizm kimi yaradıb, mikroskop altında görə biləcəyimiz xırda böcəyin də ürəyi var, o da bütün canlılar kimi yaşayır, həyat uğrunda mübarizə aparır. Mənim inandığım Tanrı bax, o böcək sadəliyinə nəhəng həyat mürəkkəbliyini sığdıran Tanrıdır.

Sözümü ona gətirirəm ki, asanın içində gizlənmiş mürəkkəbi açıb göstərə bilmək üçün mütləq o dediyim düşündürücü vərdişlər lazımdır. Məni xəstəxanada ən çox düşündürən bu idi ki, mən artıq içki içə bilməyəcəyəm, içsəm, sirrozu dirildib, özümü öldürəcəyəm. İki yoldan birini seçməliyəm, ya sirrozu dirildib özümü öldürməliyəm, ya da özümü diri saxlayıb sirrozu aradan götürməliyəm. Xəstəxanada düşünürdüm ki, mən mütləq yeni bir vərdiş tapmalıyam, necə ki, içki mənim beynimi açırdı, özümdə bunu əvəz edəcək başqa bir vərdiş yaratmalıyam. Məsələn, adam var təsbeh çevirir, təsbeh əllə başın arasında rabitə yaradır, əllə bərabər baş da işləyir. Bəzi vərdişlər insanın canı bahasına başa gəlir. Biri qumar oynayır, biri saatlarla oturub şahmat oynayır. Elə yazıçı var ki, əyyaş olub, digəri arvadbaz olub. Bir ara Rusiyada istehsal olunan araq butulkalarının üstündəki etiketlərdə Ömər Xəyyamdan içki məclislərinə həsr etdiyi rübailər yazılırdı. Baxmayaraq ki, o, Şərq şairi, mütəfəkkiri idi. Mən istəmirəm ki, bundan sonrakı yaradıcılığım mənə canım bahasına başa gəlsin. İçki mənim həyatıma, yaradıcılığıma verdiyini verdi, aldığını da aldı. İçki ilə bizim aramızdakı oyun heç-heçə bitdi.

Amma hələ ki, məndə yaradıcılıq böhranı yaranmayıb, hər şey ig kimidir. İg cəhrədəki polad milin adıdır. Sadəcə, hərəkət etməkdə çətinlik çəkirəm. Çünki iki ay arxası üstə uzanmaq istər-istəməz əzələlərə yorucu təsir göstərir. Yeri gəlmişkən, bununla bağlı bir gülməli əhvalat danışım. Binamızın yanında bir dükan var, orda kök bir arvad işləyir, bu gün məni görüb dedi ki, yaman arıqlamısan, bundan sonra o zəhrimardan uzaq ol. Mən də zarafatımız olduğu üçün qayıtdım ki, xalacan, sizi də iki ay arxası üstə köməksiz halda uzatsaydılar, çöpə dönərdiniz. Mənə şükür (gülüşürük). Mənim yaşamaqdan ötrü orda arıqlamaqdan savayı əlacım yox idi.

- Ədəbi prosesi izləyə bilirsən? Yarımçıq qalmış romanın var, yəqin ki, bu romanı yazıb bitirəcəksən.

- Son günlər oxumağa başlamışam. Xəstəliyin ilk günlərində damarıma o qədər dərman köçürürdülər ki, ağırlıqdan gözlərim açılmırdı. Hətta yanıma gələn dostları xatırlamaqda çətinlik çəkirdim. Yalnız xəstəxanalara yerləşdirilən şairlərin vəziyyəti ilə maraqlanırdım. Qalan vaxtlarda mələfəyə bürünüb ayaq barmaqlarımla beynimdə züm-zümə etdiyim musiqiyə ritm tuturdum.

- Tanrıya bir sual verməli olsaydın, nə soruşardın?

- Baxır ovqatıma. Bəlkə də, saatı soruşardım.

- Bir şeirində deyirsən ki, ayrılıq ölümün plagiatıdır. Bəs xəstəlik nəyin plagiatıdır?

- Xəstəlik plagiat deyil, müəllifin özüdür.

Publika.az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.