Mədəniyyət

Amaliya Pənahova: "Mənə ağrıkəsici iynə vurub..." - FOTOSESSİYA

22 İyul 2014 02:30
5 Şərh     Baxış: 12 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Amaliya Pənahovanın Milli.Az-a müsahibəsi.
 

Dosye: Amaliya Əliş qızı Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində dünyaya gəlib. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1964-cü ildən bu günədək teatr və kinoda beş yüzdən artıq rolun ifaçısı kimi tanınır.
 

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR-in əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in xalq artisti fəxri adı verilmişdir.
 

1982-ci ildə "İlin aktrisası" elan edilmiş, Türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.
 

O, 50 illik sənət fəaliyyəti dövründə 10-dan çox tele və teatr tamaşasına quruluş verib. Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. A.Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Prezident təqaüdçüsüdür. 2000-2005-ci illərdə Milli Məclisin deputatı, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub. Avropanın əməkdar elm və mədəniyyət xadimi, BMT-nin "Mədəniyyətə göstərdiyi xidmətlərə görə" ordeninin sahibidi. Haqqında Azərbaycan, rus və ingilis dillərində kitablar dərc edilib. Azərbaycan Respublikasının "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülüb.
 

- On ilə yaxın fasilədən sonra sizi ilk dəfə "Qadın oyunları" tamaşasında gördük (söhbət iyunun 22-si və 23-də premyeraları baş tutmuş K.Zanussinin Bakı Bələdiyyə Teatrının səhnəsində qoyduğu tamaşadan gedir-red.). Bu illər ərzində sizi başqa teatrlarda qoyulan tamaşalara dəvət etməyiblər?
 

- Ediblər. Amma mənim mövqeyim ondan ibarətdi ki, məni səhnədə görmək istəyən müəllif və ya rejissor o tamaşanı mənim teatrımda hazırlamalıdı. Mənim adımdan istifadə olunmasına imkan vermərəm. Mənim üçün Bakı Bələdiyyə Teatrı Azərbaycanın ən yaxşı teatrıdı. Necə ola bilər ki, mən öz teatrıma, öz aktyorlarıma ögey münasibət göstərib başqa teatrın səhnəsinə başqa aktyorlarla çıxım? Onu da deyim ki, mən hər aktyorla tərəf-müqabili olmaram. Bu xasiyyət karyeramın lap əvvəllərindən formalaşıb. Başqa aktyorlar həmişə deyirdilər ki, Amaliya ilə işləmək ağırdı, çətindi. Əlbəttə, ağırdı. Çünki məsuliyyətlidi. Mənim tərəf-müqabilim məşqə, tamaşaya içkili gəlməməlidi, tamaşadan heç olmasa, qırx dəqiqə əvvəl teatrda olmalıdı, rolunun sözlərini unudub özündən yersiz əlavələr eləməməlidi. Mən bu məsələlərdə çox prinsipialam. Hətta "Azdrama"nın hər aktyoru ilə də işləmərəm. Ona görə çoxları məni sevmirdi. Sonuncu tamaşa isə onu göstərdi ki, bir aktrisa kimi hələ ayaqdayam. Və mənə səhnə verməsəydilər, o tamaşanı Qız qalasının qarşısındakı meydanda da ifa edə bilərdim. Yenə də eyni səviyyədə çıxış edərdim (istehza qarışıq yumorla). Düşünürəm, bəlkə elə bir tamaşa hazırladım ki, o meydanda oynayım, çünki mənim səhnəm yoxdu. İstəyirdilər ki, Zanussi bu tamaşanı başqa teatrın səhnəsində qoysun. Dedim niyə, mənim teatrım hansı teatrdan əskikdi ki?.. Mən, məmnuniyyətlə, öz teatrımın aktyorları ilə bir səhnəyə çıxmışam, çıxıram və çıxacam. Hesab etmirəm ki, mənim teatrımın aktyorları hansısa başqa teatrın aktyorlarından geri qalırlar. Sonuncu tamaşamız bunu bir daha sübut etdi.
 

"Bircə məqam təəssüf doğurur ki..."
 

- Elədi... Zanussi ilə əməkdaşlıq necə başladı və davam edəcəkmi?
 

- Mənim yaradıcılığımın 50 illiyinə həsr edilmiş "Qadın oyunları" tamaşasının hasilə gəlməsinin daha bir əlamətdarlığı dünya şöhrətli rejissor və qələm sahibi Kşiştoff Zanussinin adı ilə bağlı olmasındadı. Onunla il yarım davam edən danışıqlardan sonra Varşavadakı iqamətgahında özünün yazdığı bu pyesin məşqlərini apardıq, 20 gün ərzində onun əsərlərini bir daha izlədik, məşhur sənətkarlarla, Polşanın mədəni aləmi ilə tanış olduq. Biz Bakıya qayıdandan 10 gün sonra onun 75 illiyinə şəxsi dəvət aldım. Azərbaycanı təmsil edən bir hədiyyə alıb onun yubileyinə yollandım, öz adımdan, bizim teatr ictimaiyyəti adından onu təbrik etdim. Və yubileyin səhərisi günü Bakıya döndük. Bir həftə burada tamaşanın bütün məziyyətlərini yerinə qoyduq və teatr ictimaiyyəti üçün hadisəyə çevrilən premyeramız baş tutdu.

Bircə məqam təəssüf doğurur ki, Zanussi boyda sənətkarın və Azərbaycanın dostunun 75 illiyi burada qeyd olunmadı. Mən istədim ki, bu münasibətlə heç olmasa, özünün iştirakilə onun filmlərinin nümayişini təşkil edim, amma nəsə alınmadı. İstənilən halda o, bu dəfə də Bakını dostcasına tərk etdi. Və bundan sonra müsabiqə xarakterli istənilən teatr və ya kino festivalında Kşiştoff Zanussi iştirak edərsə, bizim incəsənət xadimlərinə dayaq olacağına şübhə ola bilməz. Bizimlə əməkdaşlığını da davam etdirmək həvəsindədi. Mənim iştirakımla bir film çəkmək istəyir, amma onun çəkmək istədiyi mövzunu müəllif türklərlə çəkməyi nəzərdə tutub, Zanussi isə türklərlə işləmək istəmir, ona görə bu məsələ hələ qalıb. Alınmasa, ya özünün ssenarisi üzrə, ya da başqa bir müəllifin əsəri əsasında birgə filmimiz olacaq. O, məni özünün yeni teatr quruluşlarında da görmək istəyir. Deyir ki, sizi bütün dünya tanımalıdı. Biz də nə istəyirik? Şərq bizi tanıyır, qoy indi də Avropa tanısın. "Qadın oyunları" tamaşasına gəlincə isə o qeyd etdi ki, bu əsəri dünyanın ən müxtəlif və ən görkəmli aktrisaları ilə hazırlayıb və məni də dəyərləndirdi. Bu, mənim üçün böyük şərəfdi. Sevindim ki, bizim teatr sənətimiz dünya teatr sənətindən geri qalmır. Biz o səpkidə işləyirik. Bizdə bu məsələnin əsər seçimi, rejissor yanaşması, aktyorlarla iş üslubu tərəflərini cilalamaq isə başqa söhbətdi. Əlbəttə, Şərqdə aydındı ki, biz hansı yerdə, hansı mövqedəyik, amma bu əməkdaşlıq nəticəsində, məmnunluqla, gördük ki, bizim aktyor məktəbi nə Avropadan geri qalır, nə də Amerikadan.
 

- Bir az əvvəl dediniz ki, özünüz yalnız Bələdiyyə teatrının səhnəsində çıxış etməyə üstünlük verirsiniz. Bəs aktyorlarınızın başqa teatrlarla əməkdaşlığına şərait yaradırsınız?
 

- Yox, mənim aktyorum yalnız bu teatrda işləməlidi. Bu teatrın öz üslubu, öz estetikası var, kənardan bura hansısa təsirlərin gətirilməsini istəmirəm. Bələdiyyə teatrının öz dəsti-xətti var, mən bunu korlaya bilmərəm. Hər teatrın öz siması olmalıdı və teatr tamaşası ilə, aktyoru ilə tanımalıdırlar. Bələdiyyə Teatrını da Amalya Pənahovaya görə tanıyırlar. Və bir çox sənətkarlarımız var idi burda. Muxtar Avşarov var idi, Mirvari Novruzova, Sofa Bəsirzadə, Məhluqə Sadıqova var idi. Zaman apardı onları. Gənclər o sənətkarlardan öyrənməli idilər. Ona görə onları bu teatra cəlb etmişdim. Nə yaxşı ki, mən bu teatrı yaratdım və nə yaxşı ki, o gözəl aktyorlar Akademik Milli Dram Teatrından kənarlaşdırılandan sonra burada çalışdılar. Yoxsa tamaşaçı çox şey itirərdi, sənətimiz itirərdi. Mən fəxr edirəm ki, o sənətkarlar bu teatrda çalışıblar.
 

Bələdiyyə teatrının tamaşalarında çıxış etmək istəyən başqa bir teatrın aktyoru əvvəl çalışdığı teatrla üzülüşməlidi. Bir neçə dəfə olub, bəzi aktyorlarıma yüksək qonorar, böyük maaş, fəxri ad ev söz verib başqa teatrlara dəvət ediblər, amma o dəvəti qəbul edənlər bunların heç birini almayıblar. Məqsəd bu teatrı dağıtmaq idi. Amma alınmadı, beşi getdisə, onu gəldi və gəlməkdə davam edir.
 

- Sizin yaradıcılığınızda kino və televiziya ayrıca əhəmiyyətə malik olan səhifədi. Çəkildiyiniz və çəkdiyiniz teletamaşalardan danışaq.
 

- Birinci kursdan teletamaşalara dəvət alıb çəkilməyə başladım. İlk teletamaşam "Mən ki gözəl deyildim" tamaşası idi. Beləliklə, 200-ə yaxın tamaşada çəkildim. 70-ci illərin əvvəllərində rəngli teleefirin açılışında mən Jan Anuyun "İnsanın səsi" əsəri üzrə hazırlanmış 55 dəqiqəlik monotamaşada çıxış elədim. Amma 80-ci illərin əvvəllərində elə bir məqam çatdı ki, çəkilən televiziya tamaşalarına, o rejissorlarla işləməyə marağım söndü, ürəyimcə olan tamaşalar olmadı. Bu, məni öz rejissorluğumla teletamaşalar çəkməyə sövq elədi. Həmin illərdə teatrda bütün baş rolları ifa elədiyim tamaşalar televiziya tərəfindən lentə alınırdı. Televiziya tamaşası sahəsində birinci təcrübəm İlyas Əfəndiyevin "Mənim günahım" pyesinin tamaşası oldu. Baş rolu - Nurcahanı - özüm ifa elədim. İki seriyanı iki gecəyə rəhmətlik Gülşən Qurbanovanın evində çəkdik. Çünki kameranı cəmisi iki günlüyə vermişdilər. Montaj isə düz bir aya tamamlandı.

Bu tamaşada personajları pavilyonlardan həqiqi evə keçirdim və hətta küçəyə çıxardım. Belə üsullar teletamaşalarda nadir haldı. Teletamaşaların bütün epizodları adətən pavilyonlarda çəkilirdi. Küləkdən, yağışdan, səs-küydən çəkinərək teletamaşaların küçə səhnələrini də pavilyonda çəkirdilər. "Mənim günahım"da və sonrakı iki teletamaşamda isə həqiqi evdə, şəhərin müxtəlif yerlərində təbiət qoynunda natura çəkilişləri apardıq. İkinci tamaşamı Məmməd Muradın "Təkan" əsəri əsasında hazırladım. Əsərin mövzusunu - insanların üzdə bir cür, daxildə başqa cür olmasının ifşasını - çox bəyənmişdim, ona görə həvəslə işə başlamışdım. Yenə də baş qadın rolu olan Əsməri özüm ifa elədim. Bu tamaşanı çəkmək üçün Abşeron bağları tərəfə getdik, ya Maştağada, ya da Buzovnada elə ilk döydüyümüz qapını açıb məqsədimizi bilən kimi çəkiliş aparmağımıza, məmnuniyyətlə, icazə verdilər. Çəkilişlər qurtaranda bildik ki, sən demə, həmin ailəyə itki üz veribmiş, yasdan hələ çıxmamışdılar, amma buna baxmayaraq, bizim sözümüzü yerə salmadılar, iki günə yaxın həm həyətdə, həm evin içində sürən çəkilişləri rahatlıqla apardıq. Buna görə mən sizin saytınız vasitəsilə həmin ailəyə bir daha təşəkkürümü bildirirəm. Əsərin süjeti də faciə üzərində qurulmuşdu.

Daha bir neçə ildən sonra Şıxəli Qurbanovun "Sənsiz" pyesi məni cəlb elədi. Burada da baş rolu - Sevinci özüm oynadım (gülərək əlavə edir). Görürsünüz də, özüm üçün rollar tapırdım. Amma fərqli rollar idi. O tamaşada yağışlı-küləkli havanı çəkmək üçün yanğınsöndürən maşının köməyindən istifadə etmişdik ki, o cür havanı imitasiya eləsin. Hər üç tamaşanın uğurlu alındığını demək olar, çünki müəlliflər də bəyənmişdilər, tamaşaçılardan da çoxlu məktublar almışdım. Xüsusən "Sənsiz" tamaşasından sonra.
 

"Sənsiz" və "Mənim günahım" pyeslərinin teatr tamaşaları haqqında
 

- Aktyorluqdan rejissorluğa, kameranın qarşısından arxasına keçmək nə dərəcədə çətin oldu?
 

- Kamera ilə işləmək operatorun işidi. Mənim vəzifəm yalnız o idi ki, ona düzgün tövsiyələr verim.
 

- Bu əsərlərdən yalnız "Təkan"a ilk dəfə idi ki, quruluş verilirdi. Digər ikisi bir neçə il öncə teatr səhnəsində qoyulmuşdu. Amaliya Pənahova olaraq siz həmin əsərlərə özünüzdən nə verdiniz?

- Enerjimi, ürəyimin yanğısını... "Mənim günahım" on beş il əvvəl teatrda qoyulanda mən Ayqızı oynamışdım. Amma elə o vaxtdan Nurcahan obrazında ürəyim qalmışdı, meylim o obraza idi. Və artıq on beş ildən sonra o obrazın psixoloji yükünü çəkməyə özümdə güc hiss elədim. Nurcahanın daxili sarsıntılarını çatdırmağa müvəffəq oldum.
 

- Teatrda Sevinci Hökümə Qurbanova oynayıb. Bəs Nurcahanı?
 

- Leyla Bədirbəyli. Amma Leyla xanımın bədən quruluşu bu rola uyğun deyildi. O rolu rejissor əvvəl başqa aktrisa ilə məşq edirdi, onda bu obraz alınmadığından sonda seçim Leyla xanımın üzərində dayandı. Çünki Leyla xanımın bədən quruluşu balerina roluna uyğun olmasa da, istedadı, simasının gözəlliyi və tanınan aktrisa olması vəziyyəti nisbətən xilas etdi.
 

67-ci ildə "Sənsiz"in ictimai baxışı ərəfəsində yadıma gəlir, teatra soraq gəldi ki, Şıxəli Qurbanov dişini müalicə etdirəndə dünyasını dəyişib (yazıçı, dramaturq, şair, filoloq-alim, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı və Üzeyir Hacıbəyli adına mükafatın laureatı, Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutunun rəhbəri Ş.Qurbanov (1925-1967) uzun illər Kommunist Partiyası Mərkəzi Komitəsində rəhbər vəzifələrdən birində çalışıb. 1967-ci ilin martında ilk dəfə olaraq Novruz bayramının dövlət səviyyəsində keçirilməsinə nail olub və bundan sonra təqib olunmağa başlayıb. KP MK-nın birinci katibliyinə növbədənkənar plenum ərəfəsində diş həkiminin vasitəsilə təşkil edilmiş sui-qəsd nəticəsində aradan götürülüb-red.). Bu xəbər hamı üçün çox böyük şok oldu. Və tamaşanın ilk premyerası matəmə çevrildi. Mən o tamaşada iştirak etmirdim, amma Şıxəli Qurbanovun ölüm xəbərinin yayıldığı günün səhərisi teatra gələndə gördüm ki, Hökümə xanımın səsi tamam batıb. Səhnədə tamamilə səssiz olaraq çabalayırdı. Bilirsiniz ki, Hökümə xanımın çox gözəl, təkrarsız səsi var idi və öz səsinin çalarları ilə çox bacarıqla manipulyasiyalar etməyi bacarırdı. "Sənsiz"də onu belə görəndə çox təəccüblənmişdim və hətta tanımamışdım, sən demə, bütün cazibə onun səsində imiş.
 

"Rejissorlar həmişə mənə sərbəstlik veriblər"
 

- Bu üç teletamaşa üçün aktyorları birdəfəlik seçirdiniz, yoxsa sonradan hansısa ifaçını dəyişdiyiniz məqam olub?
 

- Yox, aktyorları birdəfəlik seçmişəm. Hamısı ilə vaxtilə tərəf-müqabili olduğuma görə seçimlərim yanlış ola bilməzdi. Hamısından da razı qalmışam. Teatrda da belədi. Rejissorun çox istəyi ola bilər, amma onun istədiyi alınmaya bilər, aktyorların potensialına mən bələdəm, ona görə rol bölgüsünü mən aparıram. Teletamaşalara quruluş vermək təcrübəsi sonralar, 92-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb həm bədii rəhbər, həm də direktor vəzifəsini öz üzərimə götürəndə mənə çox gərək oldu. Bu tamaşaların hər biri yaradıcılığımı zənginləşdirdi, mənə çox yaxşı rejissor təcrübəsi verdi, aktyorlarla necə işləmək üslubunu möhkəmləndirdi. Gənc nəsil, yəqin ki, bunu bilmir, amma vaxtilə mənimlə işləmiş aktyorlar bilirlər ki, rejissorlar həmişə mənə sərbəstlik veriblər. Mizanları verib, qalan işləri öz öhdəmə buraxıblar. Bu da çox qarşılıqlı uğur gətirirdi, mənə inam özümə inamı artırırdı. Bu baxımdan əgər tələbəykən beş il Adil İsgəndərovun kursunda oxuyarkən bu dahi rejissorun üslubunda ilk təcrübəmi qazanmışamsa, artıq ikinci kursdan teatrda çalışmağa başlayanda başqa bir dahi rejissor Tofiq Kazımovla çalışmışam.

Mənim xoşbəxtliyimdən hər ikisini bəyəndim. Adil İsgəndərov monumentallığı, bol lirika və təmtərağı sevirdisə, Tofiq Kazımov lakonikliyə, müasir teatr dilinə, həm səhnədə, həm də məşq prosesində qısa vaxtı, az dekorasiyalı səhnəni daha çox məzmunlaşdırmağa, daha təbii olmağa üstünlük verirdi. Bakı Bələdiyyə teatrı bir-birindən tamamilə fərqli estetikaya malik olan bu iki böyük rejissorun sintezindən bəhrələnərək yaşayır. Bu sintez mənə çox böyük uğur gətirdi. Tamaşalarımızın həm ölkədə, həm də ölkə xaricindəki uğuru məhz bu sintezin sayəsindədi.
 

- Kino yaradıcılığınızdan danışsaq, məncə, sizin kinoaktrisa kimi potensialınız tam istifadə olunmayıb. Hesab edirəm ki, kinoda daha çox iş görə bilərdiniz...Daha doğrusu, indi də gec deyil.
 

- Düz hesab edirsiniz. Gənc yaşlarımda teatrda çox məşğul olduğumdan bir çox kino rollardan məhrum olmuşam. Üstəlik də, başqa aktyorlar həmişə məni qısqanıblar. Belə intriqaların nəticəsində çox rollar əlimdən çıxıb. Məsələn, "Gün keçdi" filmindəki Əsmər rolu - Arif Babayevi o qədər bezdirdilər ki, o da axırda məni o rola çəkməkdən vaz keçdi. Kinoda hələlik son işim "Şaman" filmidi.
 

- "Amalfilm" studiyasının fəaliyyətini necə qurmusunuz? Nə vaxt yaratmısınız bu studiyanı?

- Yanvar ayında şəxsi qurum kimi yaradılıb. Rusiya, Polşa, Türkiyə, Hindistanla bir neçə layihələrim var. Görək hansı qabağa düşəcək. Ən yaxın perspektivdə Hindistanın Bollivud kinostudiyası ilə birgə işimiz ola bilər. Onlar mənə maraqlı bir ssenaridə baş rolu təklif ediblər, məsələ tam yoluna qoyulandan sonra açıqlama verəcəm.
 

"O vaxt teatrın aktyorları mənə qarşı əməlli-başlı üsyana qalxmışdılar..."
 

- Səhnə, ya da kadr arxasında qalan məqamlarınız, yəqin ki, az olmayıb. Nələri danışmaq istəyərsiniz?
 

- Məsələn, "Nişanlı qız" tamaşasının premyerasından dörd saat əvvəl əlimdəki yağlı şorba ilə dolu qaynar qazan yerə düşüb dağıldığı üçün ayağım əməlli-başlı yanmışdı, ayağıma sıçramışdı, ikinci dərəcəli yanıq idi. Premyera tamaşasında oynaya bilmək üçün mənə ağrıkəsici iynə vurub "Təcili yardım" maşını ilə teatra gətirmişdilər. Ayağısarıqlı çıxa bilməzdim səhnəyə, çünki oynadığım Zərifə obrazının geyim və davranış tərzi buna imkan vermirdi. Amma tamaşaçılar heç nə hiss etmədilər. Birinci hissədən sonra tamaşanın rejissoru Məlik Dadaşov səhnə arxasında qarşımda diz çöküb sonsuz minnətdarlığını bildirdi. "Gözlə məni" filminin çəkilişləri vaxtı mənim oynadığım Fəxrəndə xanım çayda batmalı idi. Mənim də əynimdə bir neçə qatlı libas, kəmər, parik... O epizodu Qudyalçayda çəkirdik. Özü də oktyabr ayı idi. Qudyalçay da çox iti çaydı. Məni torlarla tuturdular ki, batmayım. Su bumbuz idi. Çox çətinliklə alındı o səhnə, düz üç dubla. Su məni tez-tez yıxırdı. Hər dubldan sonra paltarlarımı, parikimi ocaqda qurudurdular, özüm də maşına qaçırdım, orada bədənimə qaz yağı sürtürdülər ki, soyuqlamayım. "Hamlet" tamaşasının premyerasının ikinci günü vaxtından üç ay əvvəl qızım dünyaya gəldi. Bu, bizim sənətimizdi hər şey ola bilər. Mizanların gərginliyindən həyəcanlanıb övladını vaxtından üç ay tez də dünyaya gətirə bilərik.
 

- Sizin və bir neçə digər aktyorun 80-ci illərin sonu 90-cı illərin əvvəllərində teatrdan uzaqlaşması mövzusu kifayət qədər müzakirə olunmuş mövzudu. Bu gün o məsələlər haqqında nə düşünürsünüz?
 

- Mən hələ 90-cı ildə getmək istəyirdim. Amma Türkiyəyə ilk Azərbaycan teatrı olaraq qastrola getməliydik. "Sevgililərin cəhənnəmdə vüsalı" və "Bizim qəribə taleyimiz" tamaşaları ilə. Ona görə mən də o heyətdə olmalıydım. Sonra da Almaniyaya getdik. Məsələ burasındadır ki, aktyor asılı sənətdi. Müəlliflərdən asılıyıq, rejissorlardan, müdiriyyətdən, şəxsi münasibətlərdən. O vaxt teatrın aktyorları mənə qarşı əməlli-başlı üsyana qalxmışdılar, iclaslarda üzümə deyirdilər ki, niyə bütün baş rolları sən oynamalısan? Mən də məəttəl qalırdım. Axı uzun illər "Azdrama"nın planını mənim tamaşalarım doldururdu. Birdən-birə belə münasibətlə qarşılaşmaq mənə çox pis təsir etdi, məni sevməyənlərin, uğurlarımı gözü götürməyənlərin arasında qalmaq istəmədim. Üstəlik də, Qarabağ hadisələri başladı. Bir gün təklif etdim ki, cəbhə bölgəsinə gedib, əsgərlərimiz qarşısında çıxış edib, onlara dayaq olmalıyıq. Heç kimdən səs çıxmadı. Bu münasibət teatrdan uzaqlaşmağıma daha bir təkan oldu. 92-ci ilin sonunda "Tomris" tamaşası ilə Qazaxa getdik. Getdik ki, onlar özlərini tənha hiss etməsinlər. Axı o vaxt belə bir fikir formalaşmışdı ki, müharibə ancaq cəbhə bölgəsindədi, başqa ərazilərə aidiyyəti yoxdu. Amma biz getdik, tamaşamızı oynadıq, onlara dayaq olduğumuzu bacardığımız qədər bildirdik. Beləliklə, Bakı Bələdiyyə Teatrının ilk qastrolu baş tutdu.
 

O vaxtdan çox uğurlu tamaşalarımız hasilə gəlib, nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində bu tamaşalarla çıxış elədik, "Tomris", "Dəli Domrul" tamaşaları ilə Türkiyənin bir neçə şəhərində olduq, "Medeya"nı Yunanıstanda, Almaniyada oynadıq. Cəfər Cabbarlının "Dönüş" pyesinin tamaşasını isə unikal hesab etmək olar. Çünki hər dəfə bu tamaşanın lent yazısı televiziya ilə veriləndə çox müsbət rəylər eşidirəm. Halbuki, bu pyesin başqa teatrlardakı quruluşları uğursuz alınıb. İki il əvvəl isə bizim "Əli və Nino" tamaşası Çexov festivalında uğurla iştirak edərək bütün Moskvanı ayağa qaldırdı. Bələdiyyə teatrının üç tamaşasında - baş rolları - Medeya, Tomris və Salatın Əsgərova - rollarını özüm ifa eləmişəm. Və artıq 23 ildir ki, Bakı Bələdiyyə Teatrı mövcuddu. Bu 23 ildə gənc nəsli təşkil edən aktyorlar orta yaş nəslinə aid olan aktyorlara çevriliblər. İndi də yeni gənc nəsil gəlməkdədi. Qarşıda bizi böyük yaradıcılıq prosesi gözləyir. Azərbaycanın "Diaqnoz D" tamaşası qərb bölgələrinə, sentyabrda isə "Müsyo Jordan və Dərviş Məstəli şah" və "Qaravəlli" tamaşaları ilə Ukraynaya qastrola gedəcəyik.
 

"Biz bir-birimizi qarşılıqlı şəkildə şöhrətləndirdik"

- Bu vaxta qədər hansısa roldan imtina etmisiniz heç?
 

- Akademik Milli Dram Teatrının aktrisası olanda "İfigeniya" (J.Rasinin eyniadlı faciəsi əsasında-red.) tamaşasındakı baş roldan imtina etmişdim - İfigeniyanın orada balasının üstündə ağı deyən səhnəsi var, mən də hər rolu ürəkdən oynayıram, qorxdum bu rol mənə pis təsir edər, ona görə imtina etdim. Bir də İlyas Əfəndiyevin "Tənha iydə ağacı" pyesindəki baş roldan imtina etmişdim, çünki artıq Bələdiyyə teatrını yaratmışdım, "Azdrama"dan gedirdim. Amma o vaxta qədər İlyas Əfəndiyevin teatra təqdim etdiyi 15 pyesin 13-də baş rolda çıxış etmişəm. O rolların hamısı mənim üçün yazılıb. Tamaşalar da böyük anşlaqla gedib. Bunları nə qədər silmək istəsələr də, tarixdə qalıb, tamaşaçıların yaddaşında qalıb.
 

- Nə hiss edirdiniz o dövrdə? Bu qədər pyes qəhrəmanının məhz sizin üçün qələmə alınması sizə necə təsir edirdi?
 

- O vaxta qədər İlyas Əfəndiyevin "Bahar suları" və "Atayevlər ailəsi" tamaşaya qoyulmuşdu. Amma onlardan sonra İlyas Əfəndiyevin teatrla əməkdaşlığında böyük fasilə yaranmışdı. Bu fasiləni "Boy çiçəyi" pyesi pozdu. Və beləliklə, Tofiq Kazımov, Əli Zeynalov, Amalya Pənahovanın sayəsində əsərin lirik-psixoloji əhvalı bütöv bir cərəyana çevrildi. Məhz bu tamaşadan sonra o teatra təqdim etdiyi hər bir əsərdə məni görmək istəyirdi. Çünki güclü ifaçı yoxdusa, pyes nə qədər yaxşı olsa da, nəticə alınmaya bilər. Yəni biz bir-birimizi qarşılıqlı şəkildə şöhrətləndirdik. Ona görə də indi İlyas Əfəndiyevin əsərlərinin tamaşaları hadisəyə çevrilmir. Çünki onun yazdıqlarını duymaq, sözlərindəki sətiraltı mənaları anlamaq lazımdı. O, elə-belə yazıçı deyildi.

"Bütün xörəkləri həmişə özüm bişirmişəm"

- Kimlərlə dostluq etməyə üstünlük verirsiniz? Rəfiqələriniz çoxdumu?
 

- Mənim dostum, rəfiqəm yoxdu. Yaxşı tanışlarım var. Çünki bir neçə dəfə xəyanətlə qarşılaşmışam, ona görə ürəyim dostluğa, məhəbbətə, insanlara inama bağlıdı. Amma kömək üçün müraciət edənlərə heç vaxt "yox" demərəm. Yaxşı insan olmaq çətindi, həmişə bunun əksini görürsən.
 

- Evdarlıq sizin üçün mövcuddu?
 

- Rəhmətlik yoldaşım sağ olanda mövcud idi. Bütün xörəkləri həmişə özüm bişirmişəm. İndi tək yaşayıram. Adətən səhərlər yeməyi sevmirəm, bütün günü məşğul oluram, axşamlar da əksər hallarda kafedə, restoranda həm gözəl musiqiyə qulaq asıram, həm də bir fincan çay içirəm. Evdə olanda da yüngülvari yarınahar, yarıqəlyanaltı edirəm. Evdə özüm üçün nəsə hazırlamağa əlim gəlimir.
 

- Hansısa başqa bir ölkənin teatrında çalışmaq təklifləri almamış olmazsınız? Reaksiyanız necə olub?
 

- Bəli, belə təkliflər az olmayıb. Bu yaxınlarda Türkiyədən, Polşadan olub. 70-ci illərdə Rusiyadan olmuşdu, bizim teatr orada 100 illiyini qeyd edirdi. "MXAT"ın (Moskva Akademik Bədaye Teatrı-red.) truppasına dəvət etmişdilər. Mən orada "Cehizsiz qız", "Məkr və məhəbbət", "Mahnı dağlarda qaldı" tamaşalarını oynamışdım. Mən hesab edirəm ki, hələ Azərbaycan mədəniyyətinə lazımam, eləyəcəklərim hələ tükənməyib.
 

Samirə Behbudqızı
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.