Mədəniyyət

Görkəmli xalq artistimizin 112-ci doğum günüdür

24 Aprel 2014 10:55
1 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təbiətən çox şən olan İsmayıl Osmanlı özünü daim səhnədə, tamaşaçılar qarşısında təsəvvür edirdi

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bu gün Azərbaycan teatr və kino sənətində yaddaqalan iz qoymuş obrazlarından, daxili dünyasından uzaq düşən, kinayəli gülüşündə, hərdən istehzalı, hərdən də müdrik baxışlarında fəlsəfi duyğular daşıyan, xalq artisti İsmayıl Osmanlının doğum günüdür. Realist aktyor məktəbinin tanınmış simalarından olan İsmayıl Osmanlı 1902-ci il aprel ayının 24-də qədim Nuxada, indiki Şəkidə, kasıb ailədə dünyaya göz açıb. On bir yaşında olarkən atasını itirir. Buna görə mükəmməl təhsil ala bilməyən İsmayıl Şəki İpək fabrikində, dabbaqxanada və s. min bir əziyyətli işlərdə çalışır.

Təbiətən çox şən olan və lətifələr söyləməyi xoşlayan İsmayıl özünü daim səhnədə, tamaşaçılar qarşısında təsəvvür edirdi. Uşaqlıq arzusu onu həvəskar aktryorlar üçün dram dərnəyinə gətirir. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alır. Daha sonra Bakıda fəaliyyət göstərən Milli Dram Teatrının truppasına qəbul olan İsmayıl Osmanlı ömrünün və fəaliyyətinin sonuna kimi bu sənət ocağında yorulmadan çalışır.

Aktyorluq sənətinə məhəbbəti və sədaqətli xidməti onu qısa müddətdə tamaşaçılara sevdirir. Yaratdığı obrazlar xarakterlərinə görə fərqli olsa da, onların zahiri görünüşlərində bir eynilik var: yumşaqlıq, həlimlik və utancaqlıq. Sənətkar obrazlarını elə ustalıqla ifa edirdi ki, insanların yaddaşında öz adı ilə deyil, obrazlarının adı ilə yaşayırdı. İsmayıl Osmanlının adı gələndə tamaşaçıların üzündə qeyri-ixtiyari təbəssüm yaranır, müxtəlif obrazlar yada düşür.

İsmayıl Osmanlı S.Vurğunun "Xanlar", "İnsan", "Vaqif", Ə.Haqverdiyevin "Pəri cadu", H.Cavidin "Şeyx Sənan", "Səyavuş", "Knyaz", C.Məmmədquluzadənin "Ölülər" və digər tamaşalarda unudulmaz rollar yaradıb. Ölməz sənətkarın yaratdığı rollar bununla bitmir.

Xüsusən ekran əsərlərində özünü daha çox sınayan aktyor "Azərbaycanfilm"in istehsalı olan "Bir məhəlləli iki oğlan", "Kəndlilər", "O olmasın, bu olsun", "Yenilməz batalyon", "Ulduzlar sönmür", "Tütək səsi", "26-lar", "Mən ki gözəl deyildim" və digər filmlərdə yaratdığı yaddaqalan obrazların sahibi kimi tanınır.

İsmayıl Osmanlının işıqlı ömür yolu sonrakı aktyorlar nəsli üçün örnəyə çevrildi. 1974-cü ildən isə keçmiş SSRİ-nin xalq artisti fəxri adını daşıyan İsmayıl Osmanlı 22 iyun 1978-ci il tarixdə vəfat edib, onun yaratdığı obrazlar isə bu gün də yaşayır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.