Mədəniyyət

Məni ağ saçlarıma görə alqışlamırlar...

19 Aprel 2014 13:49
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oleq Tabakov: "Bu gün teatrda mənanı tutub göz yaslarını axıtmağa malik olan az tamaşaçı var"

Hamı bilir ki, Tabakov bir teatrı - "Tabakerka"nı qurub, başqasını - Bədii Teatrı isə çətin vəziyyətdən xilas edib. Dörd il bundan əvvəl artıq birinci məzunları olan teatr kolleci açıb. O, tikən, açan, tərbiyə edən, ancaq boşboğazlıq, mühakimə etməyən adamlardandır. Ona görə də başqalarına nisbətən ona daha çox etibar edirlər.

A.P.Çexov adına Moskva Bədii Teatrının rəhbəri Oleq Pavloviç Tabakov "Moskovskiy komsomoles"ə müsahibəsində Krım, bərabərlik və teatr pedaqogikasının problemləri haqda danışıb.

Mənim üçün heç bir siyasət yoxdur

- Oleq Pavloviç, siz şəxsən bilirsinizmi, bu gün tamaşaçıya hansı teatr lazımdır, xüsusən belə mürəkkəb zamanda?

- Yox, bunu heç kim bilmir. Fikirləşirəm ki, teatr lazımdır. Bu gün Stanislavski və Nemiroviç-Dançenkonun teatrının üsulu lazımdır. Amma əsas resepti Efiop yazıb: "Uydurmalar içində hönkür-hönkür ağlamaq". Amma mənanı tutub göz yaslarını axıtmağa malik olan az adam var. Fikrimcə, bizim teatrda bu, 12 faizdir. Çox deyil, azdır.

- Uydurmalar haqqında - çox gözəl. Ancaq mənə elə gəlir ki, bu, hazırda kifayət qədər deyil. Zaman dəyişir. Bəziləri üçün bu, inqilab dövrü, bəziləri üçün müharibədən əvvəlki vaxtlardır.

- Amma xülyalar, uydurmalar dəyişməzdir. Necə izah edim, bax, mən pravoslav doğulmuşam. Mən elə pravoslav da olacağam. Bu postulatda böyük mənada məni heç nə dəyişdirə bilməz. Qalanlar isə... Həyat həyatdır. Mənim üçün ən böyük fəaliyyət Vampilovun 55 il bundan əvvəl yazılan "Əyalət lətifəsi" pyesindədir.

- Əgər rejissor sizə yaxınlaşıb desə ki, MBT-nın səhnəsində Krım hadisələri və ya Rusiya-Ukraynanın mürəkkəb münasibətləri haqqında tamaşa hazırlamağa hazırdır, onda siz...

- Maraqlı deyil. Mən mərkəzi bazarda alver etmirəm. Mən istirahət günlərində ticarətlə məşğul olmuram. Bu, mənim sahəm deyil. Kim bu fikirlə gəlsə, deyərəm o sən, o da sənin Allahın! Həyatınla sübut elə ki, belə problemləri düz söyləməyi bacarırsan.

- Sənətkar ölkəsinin siyasi həyatında iştirak etməlidirmi? Xüsusilə indiki gərgin vəziyyətdə?

- Etməməlidir. Ancaq o, ziyalı və ləyaqətli olmalı, buna cəhd etməlidir. Mən antisemit deyiləm - bu, vətəndaşlıq mövqeyidir? Mən bununla siyasi həyatda iştirak edirəm?

- Onda əgər sənətkar siyasətlə məsafə saxlayırsa, o, siyasi səpkili kollektiv məktuba imza atmalıdırmı?

- Əgər sən fikir vermisənsə, mən ümumiyyətlə, məktub imzalamıram. Amma Krım... Axı mən bunu ona görə imzalamamışam ki, mənə nəsə verəcəklər. Ona görə imzalamışam ki, mən belə fikirləşirəm. Mənimçün heç bir siyasət yoxdur. Mənim ulu babam Sapun dağında döyüşüb. Babam rus-yapon müharibəsi zamanı taxılın böyük bir qismini onlara çatdırıb. Atam isə 8 ay Krımdan ölümcül yaralıları çıxarıb. Mənə elə gəlir ki, Putin bizim beynəlxalq opponentləri yerlərində oturtdu. Bu, çox vacibdir. Bizə özgə torpağı lazım deyil. Amma özümüzünkünün bir qarışını da vermərik.

- Oleq Pavloviç, bunu deməklə siz özünüzü müxalifətin ittihamı və Krıma münasibətdə fərqli mövqe tutanların tənqid qasırğası altında qoyursunuz.

- Nəyə görə ittiham? Demək, sizin ürəyiniz ağrımır ki, 43 il bundan əvvəl o zamankı bisavad rəhbərlik Rusiyaya aid olan böyük bir torpaq sahəsini götürüb bölüb? Hansı ki, mənim ulu babam orada döyüşüb, atam isə yaralıları daşıyıb.

- Onda belə çıxır ki, biz almanlara Kalininqradı da qaytarmalıyıq. Axı bu, onlar üçün Köniqsberq idi.

- Buna artıq beynəlxalq ictimaiyyət qərar verir. Bu isə bizim qanımız bahasına aldığımızdır. Bunu inkar etmək olmaz! Bunu heç kim ayıra bilməz. Qanla belə!

- Əgər Krımın arxasınca Şərqi Ukrayna, Donbas uzanırsa?

- Onda düzəliş edərəm.

Ziyalıya yaraşmayan iş

- Səhnədə dayanan tələbə və ya cavan aktyorun gələcək ulduz olacağını səhv etmədən deyə bilirsiniz?

- Əlbəttə, əgər o, bizim məşqlərimizi düzgün nümayiş etdirərsə. Bunun üçün mənə 15-20 dəqiqə lazımdır. Mən çox nadir hallarda səhv edirəm. Hətta, səhv edəndə də tərəddüdlərim çox böyük olmur.

- Bununla belə, nə üçün teatr kolleci açmaq qərarına gəldiniz. Baxmayaraq ki, sizin MBT məktəb-studiyanız var.

- Mən əminəm ki, teatrla bağlı vergisi olan insan nə qədər səhnəyə tez çıxsa, bu, onun özünü və qabiliyyətini reallaşdırması üçün o qədər yaxşıdır. Bu isə heç nə ilə müqayisə olunmayan taleyin uduşudur.

- Tabakovun kollecində sərt daxili rejim var. Əgər kimsə indi dəbdə olduğu kimi tatuaj və ya pirsinq etdirmək istəsə, xaric olunur?

- Yox. Bu, ziyalıya yaraşan iş deyil. Mən ilk ziyalı nəslinə aid olan ailədə tərbiyə almışam. Pulun azlığına baxmayaraq, onlar məni alman dili öyrədən gəzinti qrupuna vermişdilər. Ziyalılıq - bu, torpağın duzudur. Pirsinqə gəlincə, həyatını bizim cəmiyyətdən kənarda başlayırsansa, zəhmət çək get davam elə. Bu mümkün deyil. Ziyalı artist pirsinq edə bilməz.

- Bu gün artist üçün cazibə əhəmiyyətlidirmi? Tez-tez deyirlər ki, cazibə vacib deyil, əhəmiyyətli olan qeyri-adi, çirkin fakturadır.

- Stanislavskiyə görə, cazibə nüfuzun əsas ölçüsüdür. Sən fikir verdinmi, kim dərs deyir? Bu da sənin cavabın. Bəs hakimlər kimdir? Bu, teatr pedaqogikasının böhranıdır. Məni Amerikada Al Paçino, Meril Strip və başqa ulduzlar o vaxt yaratdıqları Li Strasberq - Actors Studio-da işə götürdülər. O vaxt mən onlara bütün həqiqəti dedim: Siz ki, özünüz dərs demək istəmirsiniz? Onlar kinoda böyük pula çəkilmək istəyirdilər. Bizdə də eyni problemdir.

- Əgər siz mədəniyyət naziri olsaydınız... İlk qərarınız nə olardı?

- Mən artıq mədəniyyət naziri olmayacağam. Boris Yeltsin bunu mənə təklif edəndə imtina etdim. Nə üçün imtina etdiyimi də ona başa saldım. Əslində bu sxolastik məsələdir.

- Amma uzun illər dövlət strukturlarından keçən hər bir ciddi rəhbər sistemi necə yaxşılaşdırmağın yolunu bilir.

- Heç nəyi karyera xətrinə etmək lazım deyil, reallaşdırmaq lazımdır. Yalanlarla yaşamamaq. Vicdanla yaşamaq. Şagirdlərim məndən heç vaxt mükafatlar, titullar və pul haqqında xahiş eləməyiblər. Mənim ustadım Valeri Osipoviç Toporkov 1957-ci ildə məni özü ilə əmanət kassasına götürdü. Məzunları üçün pul çıxartdı. Daha doğrusu, ona elə gəlirdi ki, bizim aramızda ləyaqətli subyektlər var: Jenka Urbanski, Valya Qaft kimi. Əgər onun arvadı o vaxt pullar haqqında bilsəydi, xoşuna gəlməzdi. Amma o, bunu elədi. Kim o zaman belə hərəkət edərdi?

- Teatrların işini qiymətləndirmə sistemi tamamilə dağılıb. Sizcə, dövlət və bələdiyyə teatrlarının maliyyələşdirilməsinin əsas kriteriyası necə olmalıdır?

- Yalnız bir yolla - dövlət sənə teatr üçün 200 milyon verir və teatr özü də 200 milyon qazanır. Yol budur.

- Onda nə üçün teatra gələnlərin sayı 30-40 faizdir. İndi bunun hesabı şəffafdır və internetdə görmək mümkündür.

- Teatr elə işləməlidir ki, biletlər satılsın. Əgər satılmırsa, demək boşuna vaxt keçirir. Bizim teatrın biletləri bir həftə əvvəldən satılır. Ya belə olmalıdır, ya da özünüzü axmaqlığa qoymayın. Şamanlıq etməyi kəsin. Mən Anton Vasilyeviçin istedadını yüksək qiymətləndirirəm. Ancaq onun "zalda nə qədər adam olmasının mənim üçün fərqi yoxdur" deməsi yaxşı deyil. O artıq yaşlı adamdır.

Həyat məndən sonra davam edəcək

- Yeri gəlmişkən, fəxri adlar haqqında. İndi demək olar ki, heç kimə lazım olmayan adlara münasibət dəyişibmi? Artistlər kinoda böyük pullar qazanırlar. Əvvəllər olduğu kimi, titul qismində mənəvi kompensasiya onlara lazım deyil. Əvvəllər artistlər deyirdilər: titullar - evdə analar üçündür.

- Ən əsası mənim adımdır - axı mən indi, 79 yaşında o qədər də yaxşı görünmürəm. Səhnəyə çıxıram və alqışlayırlar. Nəyə görə? Ağ saçlarıma görə alqışlamırlar ki... Sevgidən alqışlayırlar. Ya da ki, tamaşa bitəndən sonra cavan qadın səhnəyə çıxır və bir çiçək verir. Böyüyünü almağa isə onun pulu yoxdur. Ana haqqında isə, bunlar yalan söhbətdir.

- Əgər indi sizə desələr ki, Oleq Pavloviç, fəxri adlar ləğv olunur, siz artıq xalq artisti deyilsiniz, kədərlənərsiniz?

- Kədərlənmərəm. Mənim üçün heç nə dəyişməz.

- Yaxşı, indiki qlobal çaşqınlıq zamanında hansı dəyərlər sistemini öz şagirdlərinizə təklif edərdiniz?

- Başqası yoxdur, bir şeydən başqa: biz bu dünyaya gəlirik ki, öz həyatımızı yaşayaq və bizdən sonra nəsə qalsın. Ona görə deyirəm ki, həyat məndən sonra davam edəcək.

- Amma sizin məzunlar 18-20 yaşındadırlar, fəlsəfədən uzaqdırlar.

- Heç bir fəlsəfədən söhbət gedə bilməz. Gəl, sadə danışaq. Mənim birinci nikahdan iki uşağım var. İkisi də ikincidən. Birinci nikahdan artıq 5 nəvəm var. Mənə həmişə elə gəlirdi ki, "yox, mən ölmərəm" sözləri pafosdur. Göründü ki, bu, reallıqdır. Mən olmayacağam, ancaq Maşkov, Mironov, Xomyakov, Smulyakov olacaq. Hə, mənim indiki tələbələrim olacaq. Bu, o demək deyil ki, mən kimdənsə nəsə gözləyirəm. Prezidentin yanındakı mədəniyyət üzrə axırıncı müşavirədə mən dözmədim və dedim: "Əziz həmkarlar, fikirləşməyin ki, Vladimir Putin rus teatrının həyatını yaxşılığa doğru dəyişməkdə bizə nəsə edir. Əgər biz eləməsək, olmayacaq". Mən möhkəm adamam və fikirləşirəm ki, tamamilə ölmərəm.

- Əgər sizi sərsəm qanunlarla, mənasız sərəncamlar və qərarlarla sıxsalar, başqalarının həyatını yaxşılaşdırmaq missiyasını həyata keçirmək çətin olarmı?

- Məni boğmurlar. Bəlkə ona görə ki, boynumun ölçüsü 44-dür. Ya da başqa səbəb var. Axı mən riyakar deyiləm.

- Siz Tabakovsunuz. Sizə başqalarından daha asandır.

- Dayan, mən demədim ki, mənə ağırdır. Mən özüm haqqında bir çox ləyaqətli, qəlbi başqaları üçün ağrıyan adamlar kimi danışmıram. Bir çoxları özündən daha çox başqalarını düşünür. Mən hətta demirəm ki, onlardan biriyəm. Amma həqiqətdə mən bu gün yalanla yaşamayanlardan biriyəm.

- Oleq Pavloviç, hazırda sizin əhval-ruhiyəniz necədir?

- Həyəcanlı, amma yaxşıdır. Ona görə yox ki ayağım az ağrıyır, hələ sağalmayıb, amma sənə deməliyəm, krımlılar bayram edəndə onlara diqqətlə baxdım. Mən çoxdan belə xoşbəxt gözlər görməmişdim. Bəlkə bu, Qələbə günü və ya Qaqarin kosmosa uçanda olub. Beləsini pulla ala və ad tapa bilməzsən. Ukraynaca buna "naviki razom" daha doğrusu, "əsrlərboyu birlikdə" deyilir.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.