Mədəniyyət

Azərbaycan ulduzu: şarmankaçı Katyadan Karmenədək...

19 Aprel 2014 14:23
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ilk "qadın operası"nın səsi olmuş Fatma Muxtarovanın həyatı haqqında

Onun həyatı, xüsusilə ağır keçən uşaqlığı Dikkensin və Hüqonun qələminə layiqdir. Onun həyatında qazanc hərisi olan "qəyyumlar"ın məhrumiyyətləri, iztirabları çox olub. Eyni zamanda istedadlı qıza ağır, son dərəcə maraqlı həyatında köməklik edən, dəstək verən nəcib, mədəni insanlar da az olmayıb.

Qavroş-qız
 

XIX əsrin sonları, XX əsrin əvvəllərinin İranı fasiləsiz inqilabların, qeyri-sabitliyin və bu cür hallar üçün xas olan total yoxsulluğun tüğyan etdiyi məkan idi. Görkəmli opera ifaçısı Fatma Muxtarova orada, İran Azərbaycanında, Urmiya şəhərində yaşayan azərbaycanlı Abbas Rzayev və Polşa tatarı Sarı Haseneviçin ailəsində martın 26-sı 1893-cü (98) ildə dünyaya gəlib.
 

Azərbaycan operasına qadın səsi, məhz, onunla başlayıb. Amma bu, hələ xeyli sonralar idi. Rzayevlər ailəsi yoxsulluqdan yaxa qurtarmaq üçün 2 yaşlı qızları ilə birlikdə doğma vətəni tərk edəndə 1900-cü illərə az qalırdı. Onlar Rostova üz tutmuşdular. 1 il sonra qızcığazın atası 28 yaşında vərəmdən dünyasını dəyişir və 3 yaşlı uşaq anası ilə tək qalır. Abbas Rzayev musiqiçi idi və tarda əla ifa edirdi. Quberniyadakı çoxsaylı dostlarının arasında Səttar Muxtarov da var idi. O da İranın şimalından - Abbasla demək olar ki, yerli idi. Səttar Muxtarov da varlı deyildi və küçə musiqiçisi - şarmankaçı işləyirdi - əgər buna iş demək olarsa. Fatmanın anasının ikinci həyat yoldaşı da, məhz, Səttar oldu. Yad torpaqda evə sahib olmayan ailə şəhərləri dolaşır, yarıac-yarıtox yaşayırdı. Şarmankaçı atalığın aləti var idi. 6 yaşlı qız isə onun yanında oxuyurdu. Çətin idi. Onlar tez-tez şaxtalı havada işləməli olurdular. Peterburqun şaxtalı qışında da belə idi - balaca qız və şarmankaçı bu şəhər üçün xarakterik olan balaca həyətlərə girib orada mahnı ifa edir, pəncərədən kiminsə onlara pul atacağını gözləyirdilər.
 

1910-cu ildə ailə Saratovda məskunlaşdı. Anası qızını istismar edən atalığın güclü təzyiqi altında idi. Fatmanın 12 yaşı olduqda o, şarmankanı götürərək məhəllələri təkbaşına dolaşır, sakinlərə mahnılar ifa edirdi. Saratovda bu gənc küçə ifaçısını "Şarmankaçı Katya" kimi tanıyırdılar. Onun ən yaxşı dinləyicilərindən biri onda hələ gənc olan Lidiya Ruslanova idi. Sonralar Lidiya Ruslanova xalq mahnılarının və rus romanslarının məşhur ifaçısına çevrildi. Onda Ruslanovanın cəmi 10 yaşı var idi və yaşının bu qədər az olmasına baxmayaraq, o, fabrikdə çalışırdı. Sonralar Lidiyanın özünün etiraf etdiyinə görə, Muxtarovanın ifası ona çox təsir edirmiş və bu səbəbdən, cibindəki bütün mis pulları qızcığaza verirmiş.
 

Fatma qazandığı pulların hamısını evə verirdi. Evdə tez-tez döyülməsi qızcığazı o qədər bezdirir ki, o, pul yığmağa başlayır və 1 il ərzində dövr üçün heç də az olmayan məbləğ - 1000 rubl toplaya bilir. Saratovun "Spravoçnı listok" qəzeti yazır ki, Fatma həmin pullarla dəmir yolunda çalışan L. Kamenskinin ailəsinin yanına yollanır. Onun xanımı opera ifaçısı imiş. Burada Fatmaya musiqi öyrədiləcəyi sözü verilsə də, hər şey fərqli olur. Qızcığaz çirkli qab-qacağı yuyur, mənzili sahmana salır, mətbəxdə aşpazla birlikdə yeyir, "ictimaiyyətdən" olan qonaqlar gələn zaman isə ona dərhal fərqli geyimlər geydirir, "cənablar" və "xanımlar"la bir masaya əyləşdirirlərmiş. Bu durumundan çox məyus olan Fatma günlərin birində yaşananları onun taleyilə çox maraqlanan jurnalistə, "Saratovski listok"un baş redaktoru Nikolay Arxangelskiyə danışır. Ziyalı, teatr və opera həvəskarı olan Arxangelski ona bu gündən heç bir "təlim"in olmayacağına söz verir. Baş redaktor musiqi məktəbində qızcığaz üçün xeyriyyə konserti təşkil edir. Konsertə kifayət qədər dinləyici toplaşdı və buna görə də, toplanan pullar Fatmanın Saratov konservatoriyasında təhsil almasına kifayət etdi.

"Katya"nın havadarları
 

Bu məqamda ortaya yeni problem çıxır - atalıq. O, işləmir və 13 yaşlı qızının gətirdiyi pullar hesabına yaşayırdı. Qızın oxumasına qəti etiraz edən atalıq, icazə müqabilində xeyli pul tələb etdi. Gənc istedada ürəyi yananlardan biri də görkəmli rus fiziki Vladimir Dmitriyeviç Zernov idi. O, sonralar baş verənləri belə xatırlayırdı: "Qızı götürmək üçün pulun toplanılması məqsədilə konservatoriyanın zalında yığma konsert təşkil olunmuşdu. Orada Katyanın özü də çıxış edirdi. Konsert yenə uğurlu alındı...

Katya konservatoriyaya qəbul olundu, bir vaxtların məşhur tenoru, professor Medvedevdən dərs almağa başladı. Bir müddət sonra xarakterli, maraqlı konservatoriya tələbəsində əvvəlki şarmankaçıdan, küçə musiqiçisindən əsər-əlamət qalmamışdı". "Katya"nın havadarları ona görə pul ödəməklə yanaşı, atalığı hədələməyə də başlamışdılar. "Katya"nın himayəçiləri bildirirdilər ki, kişi qızcığazın istismarını davam etdirərsə, onun ölkədən qovulması üçün əllərindən gələni edəcəklər. Bu məqsədlə onlar, hətta İran səfirliyilə əlaqə də saxlamışdılar. Amma gənc istedad problemlərdən yaxa qurtara bilmirdi. Qızın valideynləri iddia edirdilər ki, şəriət qanunları müsəlman xanımların səhnəyə çıxmasını qadağan edir. Bununla yanaşı, vədlərinə baxmayaraq, tətil dövründə onlar qızın istismarını davam etdirirdilər. Muxtarovanın sonralar xatırladığı kimi, "hansısa antreprenörlər vasitəsilə məni qaraçı romansları və rus mahnıları ilə qastrollara aparırdılar. Çox qazanırdıq. Amma qazancın böyük hissəsini, əlbəttə ki, antreprenör özünə götürürdü..."
 

Onun başqa yolu yox idi. Bununla yanaşı, Muxtarova, məhz, qastrollar sayəsində ilk dəfə Bakıya gəlir. Bu, 1913-cü ildə baş verir. Amma sanki evi olan Bakıda o, gözləmədiyi halla qarşılaşır - uğur qazana bilməmək bir yana, üstəlik, tamaşaçı qadının səhnəyə çıxaraq mahnı oxumasından şoka düşür.

Amma burada tale Fatma Muxtarovanı bənzər həyat yaşayan bir şəxslə qarşılaşdırır. Bu, Fatma kimi ağır uşaqlıq, yoxsulluq və müsəlman cəmiyyətinin ənənəvi mühafizəkarlığı ilə qarşılaşmış Hüseynqulu Sarabski idi. Sarabski artıq kifayət qədər məşhur ifaçı idi və Fatmanın istedadını o dəqiqə qiymətləndirə bilmişdi. Belə olan təqdirdə, Sarabski istedadlı gəncə sponsorluq etməsi üçün zəngin neft sənayeçisi Muxtar Muxtarova üz tutur. Təşəbbüs gerçəkləşir. Fatma Saratova geri dönür, 2 il ərzində Bakıdan pul alır və diqqətini tamamilə təhsilə yönəldir.
 

2 il sonra təhsilini başa vuran Fatma Moskvaya, düz Fyodr Şalyapinin yanına yollanır. Məşhur ifaçı gənci Smolensk bazarı yaxınlığındakı evində qəbul edir. Fatma Şalyapin üçün məşhur musiqiçinin böyük qızı İrinanın royalda müşayiətilə oxuyur. Gənc qızı sonadək dinləyən Şalyapin deyir: "Səs əladır. Səhnəyə çıxmaq olar. Səhnə istedadı varsa, nəsə alınacaq, yoxdursa, bunu öyrənmək mümkün deyil".
 

Fatma Muxtarovanın sonralar xatırladığı kimi, Şalyapinlə söhbətdən sonra o, sanki, qanadlanıb və israrla tutduğu yol ilə irəliləmək qərarına gəlib. Pul qurtarmışdı. Amma o, risk edərək Ziminin özəl operasına yollanır. Zimin həmin vaxt Moskvada yeni truppa yığırdı. Fatma yad şəhərdə heç bir himayəçilik olmadan sərt seçimləri keçərək, truppaya qəbul olunur; sonralar o, uzun illər teatrda Şalyapinlə birlikdə oxuyur.

Karmen
 

8 il ötür. Böyük və Marinsk teatrlarından keçən Muxtarova Saratova qayıdır və orada bir müddət əvvəl onu küçədə oxuyan uşaq hesab edən tamaşaçılar üçün Karmeni yaradır. Yeri gəlmişkən, Muxtarova hələ bu tamaşaya hazırlaşarkən ispan rəqsinin xüsusiyyətlərini diqqətlə öyrənir, kastanyetdə rəqs etmək bacarığına yiyələnir.
 

Sonralar müharibə başlayır. Muxtarova cəbhə tamaşalarında oynayır. Sonra inqilab baş verir və yenə cəbhə teatrları - Ukraynaya, Volqayanı və Qafqaza qastrollar. 30-cu illərin əvvəllərində o, Tiflis, daha sonra Bakı teatrlarında çox sayda çıxışlar edir. 1938-ci ildə Azərbaycan Opera və Balet Teatrının solisti olur və sonadək burada qalır. 1954-cü ildə səhnəni tərk edən Muxtarova bundan sonrakı 18 illik ömrünü teatrın gənc azərbaycanlı solistlərinə dərs deməyə həsr edir.
  

"Region Plyus"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.