Mədəniyyət

Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya qastrolundan qayıtdı - FOTO

15 Aprel 2014 18:28
0 Şərh     Baxış: 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc Tamaşaçılar Teatrının rəhbərliyi qastrol səfərindən fəxri adla döndü...

Milli.Az xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastrol səfərindən dönüb. Aprel ayının 6-dan -14-dək davam edən qastrol Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrlarında həyata keçirilib.

Qastrol çərçivəsində kollektiv 3 tamaşa ilə çıxış edib. Aprel ayının 8-i və 9-da kollektiv Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında Yevgeni Şvartsın eyniadlı əsəri əsasında hazırlanmış "Qırmızı papaq" tamaşasını nümayiş etdirib.

Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunmuş "Qırmızı papaq" tamaşası məktəblilər, azyaşlılar, valideynlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb. Həştərxan şəhər teatr ictimaiyyəti, teatr rəhbərliyi, eləcə də tamaşaçılar peşəkar aktyor oyunu və istedadlı rejissor işini yüksək qiymətləndiriblər.

Uğurla keçən qastrol səfərinin bağlanışı mərasimində Həştərxan vilayəti Mədəniyyət Nazirliyinin nümayəndəsi və teatrın rəhbərliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinə qarşılıqlı yaradıcılıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə öz təşəkkürünü bildirib, daha sonra Həştərxan vilayəti Mədəniyyət nazirinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə təşəkkür məktubu təqdim olunub.

Aprel ayının 11-dən - 13-dək kollektiv Kalmikiya Respublikasının Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrında Y.Şvartsın "Qırmızı papaq", Avstriya dramaturqu Peter Türrininin "Axır ki..." və R.Ağayevin "Bir gecənin nağılı" tamaşalarını nümayiş etdirib.

Qastrol səfərinin bağlanış mərasimində çıxış edən Kalmıkiya Respublikasının Baş nazirinin müavini Larisa Borisovna Vasilyeva Kalmıkiya Respublikasının rəhbəri Aleksey Maratoviç Orlovun 27.03.2014-cü il tarixli sərəncamını səsləndirib. Sərəncama əsasən, Xəzəryanı xalqlar arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə görə teatrımızın direktoru, əməkdar artist Mübariz Həmidov və baş rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov "Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülüblər.

Kalmıkiya Respublikasının mədəniyyət nazirinin müavini Nikolay Sandjiyev beynəlxalq mədəni əlaqələrin möhkəmləmləndirilməsi sahəsində əldə olunmuş uğurlara görə teatrın aktyorları, əməkdar artistlər Almaz Mustafayeva, Qurban İsmayılov, aktyor İlham Əsədov və baş redaktor Səriyyə İsmayılovaya Fəxri fərmanlar təqdim etmişdir.

Elista şəhərinin Baş Adminstrasiyasının müavini Qalina Vaskina və şəhər adminstrasiyasının təhsil şöbəsinin müdiri İste Muşayev çıxış edərək təşəkkür məktublarını təqdim ediblər.

Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının nümayəndəsi Klara Yesinovna Kalmıkiya və Azərbaycan teatrları arasında mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə teatrın rejissoru Gülnar Hacıyeva və aktyorlar Günel Məmmədova, Zülfiyyə Alhüseynova və Vüsal Mehrəliyevə fəxri fərmanlar təqdim edib.

Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökümət başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, "Kalmıkiya Respublikasında Azərbaycan konqresi" qeyri hökümət təşkilatının sədri Sabir Quliyev "hər bir işçiyə fərdi münasibəti, işdə sağlam atmosfer yaratmaq qabiliyyəti, ən mürəkkəb məsələlərin öhdəsindən layiqincə gəlmək və qarşısına qoyduğu məqsədə çatmaq bacarığına görə" teatrın baş redaktoru Səriyyə İsmayılovanı "Золотой руководитель" ("Qızıl rəhbər") fəxri fərmanına layiq görüb. S.Quliyev həmçinin teatrın rəhbərliyinə öz hədiyyələrini təqdim edib.

B.Basanqov adına Milli Dram teatrının direktoru, RF-nin əməkdar mədəniyyət işçisi Şurayeva Qalina Borisovna və bədii rəhbər, RF-nın əməkdar incəsənət xadimi Boris Mandjiyev qastrol səfərinin uğurundan danışaraq təqdim etdiyi maraqlı tamaşalar üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və kollektivə öz təşəkkürlərini bildirib, öz hədiyyələrini təqdim ediblər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatının direktoru, əməkdar artist Mübariz Həmidov və teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov da çıxış edərək göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarını bildirib, Rusiya və Azərbaycan Teatrları arasındakı qarşılıqlı yaradılıcıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayaraq, öz hədiyyələrini teatrın rəhbərliyinə təqdim ediblər.

Məlumat üçün bildirək ki, may ayının ortalarında Kalmık teatrı 3 günlük qastrol səfəri ilə teatrımızda çıxış edəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.