Mədəniyyət

Məşhur Azərbaycan filminin gizlinləri - sirlər açılır... - FOTO

24 Aprel 2014 02:00
2 Şərh     Baxış: 8 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qatır Məmməd" filminin Əzizi xalq artisti Rasim Balayev filmin yaranma tarixçəsi, Qatır Məmməd və Əziz obrazları, çəkiliş məqamları, müasir kinomuz və... onun üçün yazılan yeni rol barədə Milli.Az-a danışdı.
 

Təzadlı tariximizin qaçaq hərəkatının mübahisəli simalarından biri Qatır Məmmədin (1887-1919) şəxsiyyətini və həyat yolunu əks etdirməyə bir cəhd olan eyniadlı filmin (film "Gəncəbasarlı qisasçı" adı ilə də tanınır - red.) ekranlara çıxmasından 40 il ötür. Genişekranlı, ağ-qara film C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib. Ssenari müəllifləri K.Rapoport (1926-1983) və M.Maklyarski (1909-1978), operatorları T.Axundov, Ş.Şərifov, rəssamları N.Zeynalov, R.İsmayılov, bəstəkarı C.Cahangirovdu. Rollarda Şahmar Ələkbərov (Qatır Məmməd), Rasim Balayev (Əziz), Həsən Məmmədov (Səməd), Ələddin Abbasov (Göyüş), Səfurə İbrahimova (Həbibə), Məmmədrza Şeyxzamanov (Qubernator), İsmayıl Dağıstanlı (Fətəlixan Xoyski) və digər aktyorlar çəkiliblər.
 

Şair Zeynal Xəlilin (1914-1973) eyniadlı pyesinin motivləri əsasında Rasim Ocaqovun (1933-2006) çəkdiyi (yaxud tamamladığı - red.) bu film də tarixi mövzuda olan bir sıra filmlərimiz kimi başıbəlalı olub. Ümumiyyətlə, filmin ətrafında yaranmış situasiya özlüyündə qəribəlikdən sığortalanmayıb. "Qatır Məmməd"in ərsəyə gəlməsi ilə tarixi kino janrına töhfəmizdə və ustad kinorejissor adının daha bir, yaxud yeni kəşfində qazandığımızla itirdiyimiz eyni dərəcədə olub desək, yanılmarıq. Bir cəhət hər hansı mübahisədən kənardı ki, bu nümunədə o dövr kinomuzun "qızıl" dövrü kimi özünü təsdiq etdiyini görürük. Filmi öz ssenarisi üzrə çəkməyə başlayan və buna görə cəzalandırılan Hüseyn Seyidzadə (1910-1979) və filmi tamamlayan Rasim Ocaqovun şəxsiyyətləri, istedad və peşəkarlıqları belə düşünməyə əsas verir.
 

Rasim Balayev:
 

- Eşitdiyimə görə, Maklyarski ilə Rapoportun ssenarisindən əlavə Hüseyn Seyidzadə özü də ssenari yazmışdı. Onun ssenarisini qəbul etməmişdilər. Amma quruluşçu rejissorluğu məhz ona həvalə etmişdilər. O vaxt da qayda belə idi ki, 200-300 metr kinolent çəkiləndən sonra bədii şuraya təqdim olunurdu, bədii şuranın üzvlərinin iradı olmasaydı, çəkilişlər davam etdirilirdi. Seyidzadə isə belə etməmişdi. Öz ssenarisi üzrə bir xeyli çəkilişlər aparmışdı. Bədii şura bundan xəbər tutanda artıq filmin təhvil verilməsinə lap az vaxt qalmışdı. Onda isə kinostudiyada qayda belə idi ki, film vaxtında təhvil verilməsəydi, 300 nəfər işçini ixtisar edirdilər. Ona görə vəziyyəti xilas etmək üçün ən yaxşı operatorlardan biri kimi tanınan Rasim Ocaqovun bu filmin quruluşçu rejissoru olmaq namizədliyi qəbul edildi. Beləliklə, həm Ocaqovun rejissor debütü baş tutdu, bu filmlə o, həm də ən yaxşı rejissorlardan biri olduğunu təsdiq etməklə bundan sonra quruluşçu rejissor kimi fəaliyyət göstərmək hüququ qazandı. Həm yeni bir film ərsəyə gəldi, həm də kinostudiyanın vəziyyəti yoluna qoyuldu, heç kim ixtisara düşmədi.
 

- Rol bölgüsü tamamilə yenidən aparıldı, yoxsa Seyidzadənin seçdiyi aktyorlardan kimlərsə qaldı heyətdə? Siz Əziz roluna yeganə namizəd idiniz?
 

- Əvvəlki heyətdən, deyəsən, 1-2 aktyor qaldı. Seyidzadənin seçimində Qatır Məmməd roluna Əliabbas Qədirov, Əziz roluna isə Fuad Poladov təsdiq olunmuşdu. Filmin təhvil verilməsinə vaxt o qədər az qalmışdı ki, aktyor seçiminə, sınaq çəkilişlərinə macal yox idi.
 

- Əziz obrazı sizin üçün nə deməkdi?
 

- O vaxt çoxları mənim bu rolda çəkilməyimdən narazı idilər. Nəsimidən sonra məni bu rolda görmək tamaşaçılara qəribə görünürdü. Qəbul edə bilmirdilər. Amma mən həmişə istəmişəm ki, müxtəlif xarakterli rollar, bir-birindən fərqlənən obrazlar oynayım. Bugünkü rakursdan baxanda Qatır Məmməd reketdi, Əziz isə Müsavat ordusunun zabitidi, cəmisi 23 ay mövcud olmuş şanlı Demokratik Respublikamızın qurucularından biridi.
 

- Gənc aktyor kimi tərəf-müqabillərinizlə iş prosesini necə xatırlayırsınız?
 

- Tərəf-müqabillərimin əksəriyyətini o vaxta qədər yalnız ekranda görmüşdüm. Ona görə bu filmdə onlarla bir çəkiliş meydançasında olmaq mənim üçün əsl hadisə idi. Və bir növ məktəb idi. Onların hətta çəkilişlərdən kənar vaxtlardakı hərəkətləri, davranışları da mənim üçün nümunə idi, baxıb, müşahidə edib öyrənirdim.
 

- Həm də ekşn janrında çəkildiyiniz ilk film idi. Bunun hansı özəllikləri var idi?
 

- Atdan qorxurdum. Ona görə bəzi epizodlarda mənim əvəzimə cıdırın işçiləri çəkiliblər.
 

- Bildiyimizə görə, bu filmin çəkilişlərində zədələnmisiniz? Bu, necə baş verib?
 

- Aktyor üçün belə hadisələr adi haldı. Əlbəttə, o vaxt gənc olduğumuz üçün bizə qəribə görünürdü. Təcrübəli kino xadimləri isə ürək-dirək verərək deyirdilər ki, eybi yox, incəsənət qurban tələb edir. Mənim zədələnməyim Qatır Məmmədlə sonuncu epizodumuzun çəkilişində baş verdi. Qatır Məmməd məni "güllə ilə vuranda" yıxılıb elə qıvrılmışdım ki, qolum sərpmişdi, düz bir həftə pencəyi əynimə geyinə bilmirdim. Əzizin o ölüm səhnəsini özüm fikirləşib tapmışdım. Dedim ki, ona güllə dəyən kimi yıxılıb ölməsi qeyri-təbiidi. Axı məsələn, toyuğun başını kəsəndə onun necə çırpındığını, həyatla dərhal vidalaşmadığını görürük. Ona görə canlı varlığın canını belə tez tapşırması real deyil. Əzizin ölüm səhnəsi, öləndən əvvəl qıvrılması epizodu belə yarandı. Hamı deyirdi ki, çox təbii epizoddu.
 

- Rasim Balayevin bugünkü yaradıcılıq axtarışları nədən ibarətdi?
 

- Yekəxanalıq kimi çıxmasın, amma son vaxtlar elə bir hal olmayıb ki, hansısa rolda gözüm qalsın, fikirləşim ki, kaş mən oynayaydım o rolu. Güclü ədəbi materiala, bitkin ssenariyə həsrət qalmışıq. Ona görə təklif edilən bir-iki roldan imtina etmişəm. Fikirləşmişəm ki, bəsit ssenarisi olan filmdə maraqsız bir rola çəkilməkdənsə, heç çəkilməsəm yaxşıdı. Bu vaxta qədər mənim dəbdə olduğum vaxtlarda nə oynamışamsa, bəsimdi...
 

- Siz həmişə dəbdəsiniz...
 

- Çox sağ olun... Ola bilər ki, yeni, maraqlı bir kinolayihə qismətim oldu. Ramiz Rövşən deyib ki, sənin üçün ssenari yazıram. Görək nə olur. Özüm üçün də çox maraqlıdı.
 

- Ramiz müəllim mövzunun nə barədə olduğunu, hansı dövrü əhatə etdiyini, rejissorunun kim olacağını bildirib?
 

- Yox... Hələ heç nə məlum deyil. Eləcə deyib ki, sənin üçün rol yazıram.
 

- Arzu edirik ki, ürəyinizcə olsun, onda tamaşaçıların da ürəyincə olacaq...

- Təşəkkür edirəm...

Samirə Behbudqızı
Milli.Az


 Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.