Mədəniyyət

Azərbaycanlı aktrisa: "Ailə qurduğum insan da…" FOTOSESSİYA

17 Aprel 2014 02:00
2 Şərh     Baxış: 4 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aktrisa Nərgiz Zamirin Milli.Az-a müsahibəsi.

- Neçə ildir ki, aktrisalıqla məşğulsunuz?

- Artıq üç ilə yaxındır ki, bu sahədə fəliyyət göstərirəm.

- İndiyə qədər hansı filmlərdə və seriallarda çəkilmisiniz?

- "Son hədd", "Çaqqal nəfəsi", və "Üç bacı" serialında rol almışam. Adını çəkdiyim sonuncu serialda bir ilə yaxın çəkildim. Bundan başqa, "Azərbaycan film"in istehaslı olan ("Polkovnikin xəzinəsi", "Fərid və Leyla" və s.) filmlərdə də yer almışam.

- Səhv etmirəmsə, siz film və serialla yanaşı, klip və reklamlara da çəkilmisiniz.

- Bəli, bir neçə il bundan öncə dediyiniz nüanslar olub.

- Bir gənc aktrisa kimi sizə açıq-saçıq filmlərdə rol almaq təklifi olsa, buna necə müanisbət bildirərsiniz?

- Bilirsiniz, bir insan ya cəmiyyətə uyğunlaşmalıdır, ya da cəmiyyət həmin insana. Mən başqa ölkədə yaşayıb-yaratsaydım, bu, mənə də normal görünərdi. Amma mən öz millətimə və cəmiyyətimə uyğunlaşıram. Hər bir insanın çərçivəsi və prinsipləri olduğu kimi yaradıcı insanın da müəyyən çərçivələri olur. Mənə də belə bir təklif gəlib, lakin qəbul etməmişəm.

- Bundan sonra da təklif olunsa, razılaşmazsınız?

- Xeyr. Çünki bu da mənim çərçivə və prinsipimdir. Qəbul etmək məcburiyyətində deyiləm.

- Həmyaşıd olduğunuz həmkarlarınızın problemini nədə görürsünüz?

- Məncə, problemləri yaratmaq və həll etmək öz əlimizdədir. Həyatımızı düzgün qurub, sənətimizi düzgün təbliğ etsək, problem də az olar.

- Əsasən, hansı tip xarakterləri canlandırmaq istərdiniz?

- Özümə əks və ya bacarmaz dedikləri bir obraz. Çünki bacararam dediyimiz bir rolu oynamaq cətin deyil. Amma o obrazı canlandırmaq maraqlıdır. Sözün qısası, tam əks birini. Hər gün o obrazı düşünüb onun kimi yanaşmağı, daxilini tapmağı və s. istərdim.

- Özünüzü kəşf edə bilmisiniz?

- Hələ ki, yox. Hələ yolun başanğıcındayam (gülür).

- Ailəlisiniz?

- Xeyr, subayam.

- Necə bir insanla ailə qurmaq istərdiniz?

- Ya ailə qurduğum insan da bu sənətin nümayəndəsi olmalıdır ki, bir-birimizə dəstək olaq, ya da bu sahədən tamamilə uzaq bir insan olsun ki, mən də ona görə bu sənətdən uzaqlaşım. Başqa cür çox çətindir, məncə.

- Belə çıxır ki, ailənizə görə sənətinizi atarsınız...

- Bəli, mənim üçün birinci ailədir, sənət ikinci plandadır. Amma bir məsələ də var. Təkcə bu günümü düşünüb ailə qura bilmərəm. İstəyirəm ki, 10, 20, 30 və s. il sonranı birlikdə düşündüyüm bir insanla ailə həyatı qurum. Qeyd edim ki, bu fikirlərimin formalaşmasında ustadım, sənət müəlliməm Gülşad Baxşıyevanın böyük rolu var. Onu bizə verdiyi dərslər həyata baxış tərzimizin dəyişməsinə, böyüdükcə kamilləşməyimizə çox yaxşı təsir edib.

- Hal-hazırda ailə qurmağınız üçün namizəd olan bir insan var?

- Hələ ki, yoxdur.

- Sevdiyiniz yoxdur?

- Şəxsi həyat şəxsi olanda daha gözəl olur. Onu yaymaqla gözəlliyini pozmaq istəmirəm (gülür).

- Gələcəyə dair planlarınız nədir?

- İlk növbədə, teatr fəaliyyətinə başlamaq istəyirəm. Bir vaxtlar dostum, gənc aktyor Nicat Əlizadənin təşəbbüsü ilə Pərviz müəllimin teatrında məşq edirdim. Sonralar Akademik Milli Dram Teatrında studiya yaradıldı. Orada bir çox müəllim və sənətkarların dərsləri keçirilirdi. Onda vaxtımı heç cür uyğunlaşdıra bilmədim, amma artıq vaxtdır, məncə. Əslində, bunu çoxdan arzulayırdım, amma öz arzumdan qorxurdum.

- Niyə qorxurdunuz?

- Canlı ünsiyyətdən, bəlkə də canlı tamaşaçıdan. Onları aldada bilməməkdən qorxurdum. Amma indi artıq alışmışam. Qorxulu heç nə yoxdur (gülür).

Cavidan Abdullayev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.