Mədəniyyət

Heydər Əliyev Mərkəzində dünya şöhrətli müğənni Alessandro Safinanın konserti olub - FOTO

22 Fevral 2014 09:02
Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fevralın 21-də İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi, tenor Alessandro Safina Heydər Əliyev Mərkəzində solo-konsert proqramı ilə çıxış edib.

Trend-in məlumatına görə, məşhur ifaçını Belarus Respublikası Prezident Orkestrinin bədii rəhbəri Viktor Babarıkinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
A.Safina çıxışında bildirib: "Təşəkkür edirəm! Çox təəssüf ki, sizin gözəl dilinizdə danışmıram. Buna görə də ingilis dilində bir neçə kəlmə... Məni bu gözəl ölkənizə dəvət etdiyinizə görə sadəcə "çox sağ olun!" demək istəyirəm. Sizin paytaxtınız çox gözəldir. Və mən bütün bacarığımı göstərməyə çalışıram. Ümid edirəm ki, mən Azərbaycanda sonuncu dəfə olmayacam".

A.Safina iki saatlıq konsert proqramında azərbaycanlı pərəstişkarlarına "Incanto", "Memories", "Luna", "Besame Mucho", "La Nave Va", "Al Di La" və digər məşhur mahnılarını təqdim edib. Dünya şöhrətli tenorun konserti tamaşaçıların sürəkli alqışları ilə başa çatıb.

Özünəməxsus səsi və ifa tərzi ilə seçilən, mahnıları və musiqi albomları şöhrət qazanan italiyalı tenor A.Safina 1963-cü il oktyabrın 14-də Siena şəhərində anadan olub. Erkən yaşlarından musiqini öyrənməyə başlayan A.Safina 17 yaşında Florensiyada konservatoriyaya daxil olub və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa etməyə başlayıb.

1989-cu ildə o, ilk dəfə Mantova şəhərində "Concorso Lirico Internazionale" müsabiqəsində mükafat qazanıb və bu, ifaçının parlaq karyerasının başlanğıcı olub.

Müğənni dünyanın ən məşhur konsert salonlarında - Mantovadakı "Teatro Bibiena"da, Londondakı "Barbican Hall"-da və digərlərində çıxış edib. Alessandro Safinanın opera yaradıcılığı ilə yanaşı, Sara Braytman, Elton Con, Xose Karreras və digər məşhurlarla birgə çıxışları da şöhrət qazanıb.
A.Safina klassik və populyar musiqi janrlarını birləşdirməklə sənətdə "opera roku" adlandırılan yeni üslub yaradıb.

O, 1999-cu ildə özündə opera, soul və müzikl elementlərini cəmləşdirən "Insieme a Te" albomunu buraxdırıb. "Luna" sinqlının yer aldığı diski isə dünyada milyonların qəlbini fəth edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.