Mədəniyyət

Məşhur azərbaycanlı alimin ömür yolu

14 Noyabr 2012 19:15
0 Şərh     Baxış: 1 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qayğıkeş insanlar həmişə qəlblərdə özlərinə dərin yer tapıb yaddaşlarda əbədi qalırlar. Baytarlıq mikrobiologiyası tarixində misilsiz xidmətləri, yeri və mövqeyi olan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, baytarlıq elmləri doktoru, professor, görkəmli mikrobioloq, epizootoloq, mahir pedaqoq, dövlət xadimi Məmmədtağı Qasım oğlu Qəniyev məhz belə şəxsiyyətlərdən idi.

Azərbaycanda baytarlıq mikrobiologiyasının inkişafı, tədrisi bu alimin adı ilə bağlıdır. O, məşğul olduğu elm sahəsinin həm tarixi, həm də cari məsələləri ilə maraqlanır və onların tədqiqinə nail olmağa çalışırdı.

M.Qəniyev 1907-ci ildə Şamaxı şəhərində kiçik tacir ailəsində dünyaya göz açmışdır. İbtidai təhsilini orada aldıqdan sonra 1920-ci ildə Bakıdakı S.Orconikidze adına hərbi hazırlıq məktəbinə daxil olmuşdur. 1926-cı ildə hərbi məktəbi bitirdikdən sonra Zaqafqaziya hərbi dairəsinə, oradan isə Leninqrad (Sankt-Peterburq) dairə məktəbinə göndərilmişdir. 1927-ci ildə Leninqrad dairə Hərbi Tibb Komissiyasının qərarı ilə səhhətinə görə hərbi təhsildən azad edilmişdir.

Bakıya qayıdan Məmmədtağı Qəniyev M.Ə.Sabir adına məktəbə daxil olub təhsilini davam etdirməklə yanaşı, Bakı Türk Satirik Fəhlə Teatrında müdir köməkçisi vəzifəsində çalışır.

M.Qəniyev gənc yaşlarından heyvanat aləmi ilə maraqlanır, bu sahəyə meyil göstərirdi. Elə o vaxtlar öyrənir ki, Yerevanda Zaqafqaziya Baytarlıq-Zootexnik İnstitutu var. 1928-ci ildə həmin institutun Baytarlıq fakültəsinə daxil olur.

Tələbəlik illərində Qəniyev elmi-tədqiqat işlərinə böyük maraq göstərir və professor A.A.Germanın rəhbərlik etdiyi tələbə dərnəyinin işlərində  fəal iştirak edir. Burada "İribuynuzlu heyvanlardan alınmış bağırsaq çöplərinin variabilliyinin öyrənilməsi" mövzusunda elmi-tədqiqat işini yerinə yetirir.

Həmin dövrdə Zaqafqaziyada iribuynuzlu heyvanların taunu tüğyan edirdi. Xəstəliyə qarşı mübarizə üçün dəstələr, qruplar yaradılırdı. M.Qəniyev də 1929-cu ildə bu təhlükəli infeksiyaya qarşı mübarizə aparan dəstənin tərkibində idi. Yeri gəlmişkən, 1929-1932-ci illərdə M.Qəniyev Baytarlıq-Zootexnik İnstitutunda təhsil aldığı dövrdə İrəvan Pedaqoji Texnikumunda da dərs deməyə başlayır.

Ali məktəbi bitirdikdən sonra elmi şura gənc mütəxəssisin qabiliyyətini nəzərə alaraq onu Mikrobiologiya kafedrasında aspirant saxlayırlar. Həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun rəhbərliyi M.Qəniyevi baytarlıq fakültəsinin Mikrobiologiya kafedrasına daimi işə - asistent vəzifəsinə dəvət edir.

1930-cu ildə yaradılan Azərbaycan Baytarlıq-Zootexnik İnstitutunda elmi kadrlara böyük ehtiyac vardı. Mikrobiologiya və epizootologiya kafedrasının möhkəmləndirilməsində M.Qəniyevin böyük rolu oldu. O, tələbələri həmin kafedranın praktiki materialları ilə tanış edir, mühazirələr oxuyur və Zaqafqaziya Zoobaytarlıq İnstitutu və onun direktoru, baytarlıq işinin böyük təşkilatçısı, mərhum professor V.Massino ilə əlaqə saxlayırdı. Onun köməyi ilə bu kafedra üçün lazımi avadanlıqlar alındı. Həmin dövrdə Azərbaycan dilində dərslik və dərs vəsaitləri də yox idi. M.Qəniyev onların nəşrində, tərtibində fəal iştirak etdi və 1933-cü ildə ilk dəfə  "Mikrobiologiyanın əsasları" adlı dərslik çapdan çıxdı. Sonra M.Qəniyev  Azərbaycan dilində mikrobiologiya terminologiyasını yaratdı.

Həmin dövrdə Gəncə şəhərinin və ətraf rayonların içməli su ilə təmin  edilməsi vacib məsələlərdən biri idi. 1934-cü ildə Gəncə şəhərini və ətraf rayonları içməli su ilə təmin etmək üçün kəhrizlərin və digər su mənbələrinin sanitar vəziyyətini yaxşılaşdırmaq məqsədilə Dövlət Komissiyası yaradıldı. M.Qəniyev komissiyanın sədr müavini oldu.

Alim 1934-1936-cı illərdə Gəncə şəhəri və onun ətraf rayonlarının su mənbələrinin mikrobioloji və kimyəvi tərkibini hərtərəfli öyrənməyə başlayır. Topladığı materiallar əsasında 1936-cı ildə "Kirovabad şəhəri və onun ətraf rayonlarının su təminatının sanitar vəziyyəti" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Həmin illərdə M.Qəniyev Tbilisidə Zaqafqaziya Universitetində dərs deyir, AzKTİ-də işləməklə kənd təsərrüfatı heyvanları və quşlarının xəstəlikləri, onlarla mübarizə haqqında mühazirələr oxuyur. M.Qəniyev  Kirovabad Baytarlıq Texnikumunda direktor müavini vəzifəsində çalışır. O, Baytarlıq Texnikumunun Zaqatala şəhərindən Gəncəyə köçürülməsinə və texnikumda milli kadrların hazırlanmasına böyük əmək sərf edir.

1938-ci ildə M.Qəniyevə mikrobiologiya ixtisası üzrə dosent elmi adı verilir, AzKTİ-də kafedra müdiri təyin olunur və 1959-cu ilə qədər həmin kafedraya rəhbərlik edir. Bu dövrdə alimin ümumi və baytarlıq mikrobiologiyasının bəzi məsələlərini işıqlandıran ikinci "Mikrobiologiya kursu" dərsliyi çapdan çıxır.

Bundan sonra M.Qəniyev Azərbaycanda iribuynuzlu heyvanların və camışların pasterelyozunu araşdırır. Aparılan tədqiqat işlərinin nəticələri alimə əsas verir ki, xəstəliyin yayılmasında ərazinin coğrafi şəraitinin böyük rol oynadığı haqqında fikir söyləsin. Belə ki, Zaqafqaziyada iribuynuzlu heyvanlarda və camışlarda pasterelyozun yayılmasının səbəbi torpaqda və durğun sututarlarda törədicilərin olmasıdır. M.Qəniyev həmçinin müəyyən etmişdir ki, pasterelyozun törədiciləri meyvədə, torpaqda, suda və digər materiallarda öz yoluxdurma qabiliyyətini 4 aya qədər saxlayır.

O dövrdə bu xəstəliyə qarşı aktiv immunizasiya üçün çoxlu işlər aparılmışdır. Lakin seçilən metodlar, həmin infeksiyanın bəzi epizootoloji faktorları nəzərə alınmadığından həmişə müvəffəqiyyətli olmurdu. Xəstəliyə qarşı elə vaksin yaratmaq lazım idi ki, bu, heyvanlarda uzunmüddətli immunitet yaratsın və xəstələnməsin. Bu məqsədlə alim müxtəlif metodlarla bir neçə vaksin hazırlayır və onların immunobioloji xüsusiyyətlərinin öyrənilməsi sınağı zamanı yarımmaye formal vaksin müsbət nəticələr verir və 1949-cu ildə bu vaksin bioloji sənayeyə kütləvi istehsal üçün əsas yaradır.

M.Qəniyev əldə etdiyi müvəffəqiyyətlərlə kifayətlənməyərək tələbələri ilə birgə göstərilən vaksini bir qədər də təkmilləşdirir. Nəticədə heyvan orqanizmində yaradılan immunitetin müddətini uzatmağa və onun dozasını aşağı salmağa nail olur. 1956-cı ildə həmin vaksin SSRİ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rəsmi preparat kimi təsdiq olunur və tətbiqinə başlanılır.

Pasterelyoz probleminin öyrənilməsi ilə M.Qəniyev və onun tələbələri 30 il məşğul olmuşlar. Alim bununla bağlı 2 monoqrafiya çap etdirmişdir. 1944-cü ildə M.Qəniyev "Azərbaycan SSR-in iribuynuzlu heyvanlarının və camışlarının pasterelyozu" mövzusunda Moskvadakı Ümumittifaq Eksperimental Baytarlıq İnstitutunda doktorluq dissertasiyası müdafiə edir.

Pasterelyoz əleyhinə vaksinin müvəffəqiyyətli tətbiqinə görə Ümumittifaq Kənd Təsərrüfatı sərgisində 1956-cı ildə "Kiçik qızıl" və gümüş medallara layiq görülür. M.Qəniyev Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Texniki Şurasının üzvü seçilir.

Müharibənin birinci ili o, baş baytar həkimi kimi praktik sahədə böyük işlər görür. 1941-ci ilin sonunda atçılıq sovxozlarının infeksion anemiyaya görə vəziyyətini öyrənmək və onların sağaldılması planını hazırlamaq üzrə Zaqafqaziya hərbi dairəsinin üzvü seçilir.

1943-cü ildə isə M.Qəniyev AzETBİ-yə direktor təyin edilir və onun təşəbbüsü ilə Kürdəmirdə institutun köməkçi eksperimental təsərrüfatı yaradılır. 1950-ci ildə alimin baytarlıq mikrobiologiyası üzrə üçüncü dərsliyi çapdan çıxır. O, Azərbaycanda Kənd Təsərrüfatı heyvanlarının dabaq və listeriozunun öyrənilməsi istiqamətində böyük elmi-tədqiqat işləri aparmışdır. Dabaq xəstəliyinin müxtəlif məsələlərinə və onlarla mübarizə tədbirlərinə aid 10-a qədər elmi iş alimin qələmindən çıxmışdır. O, 1965-ci ildən ömrünün sonuna qədər Nazirlər Sovetinin kənd təsərrüfatı heyvanlarının dabaq xəstəliyi ilə mübarizə üzrə fövqəladə komissiyasının üzvü olmuşdur.

M.Qəniyev professor Ə.Ənnağıyevlə birlikdə listerioz əleyhinə vaksin təklif etmişdi. Bu vaksin 1962-ci ildə keçmiş SSRİ-nin bir çox vilayətlərində tətbiq olunmuşdur.

M.Qəniyevin yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuş, 36 elmlər namizədi və doktoru hazırlamışdır.

1958-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Akademiyası təşkil olunur. Bu akademiyaya seçilən həqiqi üzvlərdən biri də M.Qəniyev idi. Sonralar o, akademiyanın Rəyasət Heyətinin üzvü seçilir, heyvandarlıq və baytarlıq şöbəsinin akademik katibi işləyir. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası ləğv edildikdən sonra M.Qəniyev Azərbaycan EA-nın həqiqi və EA-nın kənd təsərrüfatı elmləri bölməsinin büro üzvü seçilir.

Baytarlıq elminin inkişafında və yüksək ixtisaslı kadrların  hazırlanmasında xidmətləri yüksək qiymətləndirilərək "Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı" ordenləri, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində "Fədakar əməyə görə" və "Qafqazın müdafiəsinə görə" medalları ilə təltif edilmişdir. 1958-ci ildə ona Azərbaycan SSR əməkdar elm xadimi adı verilmişdir.

Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru, akademik M.Musayevin xatirələrindən:

 - Gəncə şəhərində Kənd Təsərrüfatı İnstitutunda onun çox məzmunlu mühazirələrini dinləmişəm. O dövrdə M.Qəniyev V.Lamski, R.Səttarzadə, K.Səfərov və başqaları ilə dostluq  edərdi. Onun mənzili və ailəsi Bakıda idi. Həftədə bir neçə günlüyə Gəncəyə gələrdi, dərslərini deyib Bakıya qayıdardı. Mən 1949-cu ildə Moskvadan Bakıya qayıtdıqdan sonra bir neçə dəfə məni evinə dəvət etmiş, baytarlıq, o cümlədən mikrobiologiya elmlərinin Azərbaycanda inkişafı haqqında maraqlı söhbətlərimiz olmuşdu.

Sonralar AMEA-nın iclaslarında, elmi konfrans və simpoziumlarda tez-tez görüşərdik. Ömrünün axır illərində Məmmədtağı müəllim doğulduğu Şamaxıda yaşayırdı. Vəsiyyətinə görə Şamaxıda dəfn edildi.

Akademikin oğlu Akif Qəniyevin dediklərindən:

- Evimizdə atamın kabinetində məşhur fransız mikrobioloqu Lui Pasterin şəkli asılmışdı. Atam hələ gənclik illərindən onun əsərlərini tapıb oxumuş, elmini yüksək qiymətləndirmiş və öz müəllimi hesab etmişdir. Məhz bunun nəticəsidir ki, ən məşhur kəşfini Lui Pasterin şərəfinə "Pasterelyoz" qoymuşdur. Fransa Mikrobioloqlar Cəmiyyətinin təsis etdiyi Lui Paster fəxri medalına layiq görülən atam onu qiymətli mükafat kimi dəyərləndirirdi.

AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov isə öz müəllimini belə xatırlayır:

- Akademik M.Qəniyev xalqımızın ötən yüzillikdə yetişdirdiyi nadir şəxsiyyətlərdən, görkəmli alimlərdən biri idi. Yadımdadır, ötən əsrin 50-ci illərində Məmmədtağı müəllim Gəncəyə, dərs dediyi instituta gələndə başqa dərslərimiz kəsilərdi. Onun dərsləri hər birimiz üçün əsl həyat məktəbi idi. Biz bu böyük insandan dəqiqliyi, məsuliyyəti, prinsipiallığı, vətən sevgisini, başqasının dərdinə şərik olmağı öyrənirdik. Böyük qrup  idik. Akademik Qəniyev auditoriyada olanda qəribə sükut olardı. Bu, böyük alimə, şəxsiyyətə, tərbiyəçiyə olan hörmət və ehtiramdan irəli gəlirdi.

Görkəmli mikrobioloq, dünya şöhrətli alim, akademik M.Qəniyevin  tələbələri unudulmaz müəllimlərinin işini bu gün də davam etdirir, elmi müəssisələrdə, təsərrüfatlarda çalışır, onu daim ehtiramla yad edirlər.

"Azərbaycan"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.