Hadisə, Kriminal

Azərbaycanda balıq satanın dəhşətli qətli

5 İyun 2014 12:10
0 Şərh     Baxış: 1 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Məmmədov 32 yaşlı həmyerlisi Samir İbrahimovu bıçaqlayaraq öldürüb

Hadisə ötən il aprelin 15-də baş verib.

Sərxoş vəziyyətdə olan Ramin Məmmədov balıq satan Samir İbrahimovdan nisyə balıq istəyib. Samir nisyə alverdən imtina edib. Bundan xoşlanmayan Ramin Məmmədov nalayiq sözlər işlədərək onunla dalaşıb. Kəllə ilə Samir İbrahimovun sifətinə zərbə endirib.

Hadisədən 10-15 dəqiqə sonra aralarındakı mübahisəni sona çatdırmaq məqsədi ilə onlar birlikdə Samir İbrahimovun "VAZ-2102" markalı avtomaşını ilə Xaçmaz şəhəri, Əhməd Cavad küçəsinə gediblər. Orada avtomaşından düşərək yumruq-təpik davasına çıxıblar.

Balıq satanı niyə öldürdülər?

Ramin Samirin bədəninin müxtəlif nahiyələrinə əl-ayaq zərbələri vuraraq ona xəsarət yetirib. Hadisə yerində olan Samirin atası Nadirşah İbrahimov və Coşqun Cəbrayılov onları ayırmağa, dalaşanları sakitləşdirməyə çalışıblar.

Bu dəfə Samir maşından götürdüyü ağac parçası ilə Ramini söyə-söyə, onun sol qoluna zərbə endirib. Zərbənin gücündən ağac parçası asfalt yola dəyərək qırılıb. Bu zaman müvazinətini saxlaya bilməyib yerə yıxıldıqda Ramin Məmmədov ona təpiklə bir neçə zərbə endirib.

Samir İbrahimov ayağa qalxaraq oradan uzaqlaşmaq istəyib. Bu vaxt Ramin Məmmədov Samirə çataraq ona atası Nadirşahın gözləri qarşısında çoxsaylı bıçaq zərbəsi vurub. Samir İbrahimov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Üç maddəli ittiham

Ramin Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham edilib və cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mirzə Xankişiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Ramin Məmmədov deyib ki, aprelin 15-də, saat 17.00-da pivəxanaya gedib, orada yemək yeyib, pivə içib: "Həmin gün saat 20.00-da küçəyə çıxarkən yolun kənarında "VAZ-2102" markalı avtomaşının arxa qapısının yuxarı açılaraq altına ağac qoyulduğunu və içərisində, balıqlar olduğunu, avtomaşının yanında isə Coşqun Cəbrayılovla Samir İbrahimovun dayandığını gördüm. Coşqundan balıqların yiyəsini soruşdum.

Coşqun "mənimdir" desə də, Samir balıqların Coşqunun yox, özünün olduğunu bildirdi. Coşqundan: "Maşındakı balıqlardan bir-ikisini alıb yeyə bilərikmi?" deyə soruşdum. Coşqun: "Bu nə söhbətdir, problem yoxdur, alaram", deyə cavab verdi. Bunu eşidən Samir avtomaşının arxasından iki kiçik balıq seçərək sellofan torbaya qoyaraq, yerdəki tərəzinin üstündə çəkdi. Coşquna: "Balığı sən aldın, əziyyətini də mən çəkərəm", dedim. Tərəzinin üstündəki sellofan torbanı götürərək pivəxanaya getdik.

Pivəxanada işləyən Namiqdən balıqları təmizləyib bişirməyi xahiş elədim. Namiq balığı götürmək istəyəndə Samir arxadan özünü çatdırdı və tez əlini uzadaraq sellofan torbanı dartdı. O, torbanı dartaraq nalayiq sözlər işlətdi. Torba cırıldı və balıqlar yerə düşdü. Coşqundan: "Demədin ki, balıq mənlikdir, bu nə deyir?", soruşdum. Samirdən də söyüşü saxlamağı tələb etdim.

Coşqun Samirə balığın pulunu sonra özü verəcəyini söyləsə də, möhkəm əsəbləşmiş Samir balığın birini yerdən götürdü, ikincisini isə yerdən qaldırıb Samirə verdi. Samir pivəxanadan çıxaraq öz avtomaşınına tərəf getdi".

"İki balığa görə küçədə niyə söydüyünü soruşdum"

Ramin Məmmədovun sözlərinə görə, pivəxanadan çıxaraq Samirdən söyüşü kəsməyi tələb edib: "Lakin Samir yenə söyüş söyməkdə davam etdi. Buna görə mübahisəmiz düşdü. Samir əli ilə sol çiynimə toxunduqda əsəbləşdim. "Maşınını da götür, çıx get buradan" dedim. Həmin vaxt araya qonşuluqda yaşayan Telman və başqaları girdilər. Qonşu Rəşad Quliyev isə məni sakitləşdirərək pivəxanaya apardı.

Həmin vaxt yolda Samir yenə məni söydü. Namiqdən soruşdum ki, qardaşın niyə belə edir? Namiq isə "o, belə adamdır" deyə cavab verdi. Əsəbləşərək pivəxanadan çölə çıxdım. Samirin artıq öz avtomaşınının sükanı arxasında oturduğunu gördüm. Samirdən niyə iki balığa görə küçədə belə söyüşlər söydüyünü soruşdum".

"Yolun kənarındakı kiçik arxa düşdük"

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, Samir yaxşı edib söydüyünü deyərək söhbəti kənarda "çürütməyi" təklif edib: "Bu vaxt arxa sağ tərəfdəki qapını Coşqun açdı və özünü içəri salaraq hər ikimizə dalaşmaq lazım olmadığını dedi. Əvvəlcə mən, sonra isə Samir Coşquna avtomaşından düşməyi, söhbət edəcəyimizi desək də, Coşqun avtomaşından düşmədi.

Samir isə avtomaşını sürətlə küçə ilə üzü aşağı sürdü, polis məntəqəsinin yanından sola döndərdi və ara yolla bir qədər getdikdən sonra Əhməd Cavad küçəsinə çıxardı. Burada Samirin atası Nadirşah qarşıda araba ilə yolun kənarında dayanmışdı.

Əhməd Cavad küçəsinə daxil olandan az sonra Samir avtomaşını saxlayaraq sol əli ilə mənə yumruq atdı. Yumruq üzümün sol tərəfinə yüngül dəydi. Qapıdan düşmək istəyən Samirə mən də yumruq atdım. Daha sonra maşından düşdük və maşının qarşısında dalaşmağa başladıq. Bir-birimizdən tutaraq yolun kənarındakı kiçik arxın içərisinə düşdük".

Ramin Məmmədov deyib ki, arxın içindən cəld tərpənərək Samiri çevirib, üstünə çıxıb, daha bir yumruq vurub, sonra isə Coşqun onu arxadan tutub: "Coşqun məni dartaraq Samirdən ayırdı. Ayağa qalxdım ki, bununla söhbət qurtarsın. Samirə dedim ki, atasının yanında dalaşmaq lazım deyil, sonra görüşüb söhbət edərik. Samir sakitləşmədi. Atası Nadirşah isə yolun ortasında söyüş söydü, oğlunu niyə vurduğumu soruşdu. Ona Samirin məndən əl çəkmədiyini desəm də, Nadirşah və oğlu Samir yenə söyüş söydülər. Həmin vaxt yanımızda dayanmış avtomaşından düşən təxminən 30 yaşlı tanımadığı oğlan dəfələrlə "qardaş, lənət şeytana deyin, dalaşmayın", söyləyib dava-dalaşı yatırmaq istədi".

"Pis söyüş söyəndə bıçağı çıxardım"

Ramin Məmmədovun ifadəsinə görə, həmin vaxt Samir öz maşınından bilək yoğunluğunda ağac götürərək üstünə gəlib: "Ağacla başıma vurmaq istədi. Sol qolumu yuxarı qaldırdım, ağac əvvəl qoluma, sonra isə yerə dəyib sındı. Bu vaxt Samir büdrədi. Ağrıdan iki addım arxaya çəkildiyimdən Samir mənə: "Sənin var-yoxunu belə-belə edim" deyərək pis söyüşlər söydü. O, ağacın əlindəki hissəsini başıma tərəf atdı. Samir yenidən ağacla məni vurmaq istədi.

Artıq bərk əsəbləşmişdim və özümü qorumaq üçün cibimdəki bıçağı çıxardım. "Adamın var-yoxunu belə edərlər" deyərək bıçağın tiyəsi ilə Samirin qarın nahiyəsinə tərəf zərbə atdım. Samir əlində ağac bir qədər aşağı əyildiyindən bıçaq onu ürək tərəfdən tutdu. Sonra sol əlimlə Samirin çiynindən tutaraq bıçaqla, xatırladığıma görə, kürəyinə də bir zərbə vurdum. Bundan sonra Samir ani olaraq dayandı və 3-4 addım ataraq yolda yıxıldı. Vəziyyəti belə görüb hadisə yerindən qaçdım".

"Oğlumu vurma!"

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Nadirşah İbrahimov deyib ki, oğlu Samir aprelin 15-də balıq satmaq üçün evdən çıxıb: "Saat 20:30 radələrində zibil atarkən küçəmizdə oğlum Samirin maşının sürətlə gəldiyini gördüm. Maşın təxminən 7-8 metr məndən aralı, yolun sol kənarında dayandı. Qarşı sol tərəfdən, sükan arxasından oğlum Samir, yanından Ramin Məmmədov, arxa oturacaqdan isə qonşu küçədə yaşayan Coşqun Cəbrayılov yerə düşdülər. İlk olaraq oğlum Samir və Ramin avtomaşının qarşısına keçərək bir-birini yumruq və təpiklə vurub dalaşmağa başladılar.

Uzaqdan Raminə: "Oğlumu vurma! Oğlumu niyə vurursan?!" deyib qışqırdım. Həmin vaxt Ramin oğlumu yenə də vurdu və yolun kənarındakı arxın içərisinə saldı. Özümü onlara çatdırdım. Coşqunla birlikdə Ramindən tutaraq arxaya dartdıq, onu oğlumdan araladıq.

Oğlum maşının arxa yük yerindən bir ağac götürdü və Ramini vurmaq istədi. Ancaq Ramin zərbədən yayındığına görə ağac yerə dəyib qırıldı. Samir müvazinətini saxlaya bilməyərək yerə yıxıldı. Bunu görən Ramin yenə oğlumu təpiklə vurmağa başladı. Həmin vaxt oğlum ayağa qalxaraq evimizə tərəf qaçmağa başladı.
Bu zaman Ramin cibindən bıçaq çıxararaq Samirin arxasınca qaçdı və bıçaqla oğlumun bədəninə bir neçə zərbə endirdi. Oğlumun bədənindən qan axmağa başladı. Bunu görən Ramin əlində bıçaq Xaçmaz şəhərinin mərkəzi istiqamətinə tərəf qaçdı. Arvadım Vəkiləyə, gəlinim İlhaməyə xəbər elədim ki, Samir bıçaqlanıb və yolda ölür. Həmin vaxt artıq oğlum hadisə yerində keçinmişdi".

13 il cəza


Məhkəmənin hökmü ilə Ramin Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən dövlət ittihamçısı apelyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini və Ramil Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.

Prokuror protestini belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi təqsirləndirilənin şəxsiyyətini, yəni əvvəllər Rusiya Federasiyasının ərazisində dəfələrlə məhkum olunmasını, habelə törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almayıb. Prokuror qeyd edib ki, məhkəmə əsassız olaraq təqsirləndirilən şəxsin törətdiyi əməldən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edib.

Hökmdən müdafiə tərəfi də apelyasiya şikayəti verib. Ramin Məmmədovun vəkili şikayətində müdafiə etdiyi şəxsin ittiham olunduğu maddələrin dəyişdirilməsini istəyib. Vəkil Ramin Məmmədova qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasından ən aşağı həddə cəza təyin edilməsini xahiş edib.

Hər iki şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin şikayəti təmin edilməyib.

Teleqraf.com
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.