Hadisə, Kriminal

Fərahim İlqaroğlunu kim döydürə bilər? - YENİLƏNİB - VİDEO - FOTO

25 Aprel 2014 17:11
13 Şərh     Baxış: 4 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:11

"Yeni Müsavat" qəzetinin sui-qəsdə məruz qalmış reportyoru Fərahim İlqaroğlu həkim ekspertizasından keçib. İstintaqa ilkin ifadə verən jurnalist digər prosedurları da keçəndən sonra redaksiyaya gəlib. F.İlqaroğlunun musavat.com-a verdiyi məlumata görə, həkimlər onda yüngül dərəcəli kəllə-beyin silkələnməsi, bədəninin müxtəlif nahiyələrində qançırlar, bir dişinin sınmasını, dodağının partlamasını, sifətinin sol almacıq sümüyünün zədələnməsini müəyyən ediblər. Jurnalist sabah bir daha ekspertizadan keçiriləcək.

F.İlqaroğlu qəzetin redaksiyasında başına gələnləri danışıb, bir sıra suallara cavab verib. Heç kimdən şübhələnmədiyini, həyatda isə şəxsi düşməninin olmadığını söyləyən jurnalist baş verən hadisəyə görə şok yaşadığını da etiraf edib: "Həmin binaya təzə köçmüşəm. Kirayənşinəm. Valideynlərim və bacımla birlikdə qalırıq o evdə. Səhər durub işə gəlməyə hazırlaşırdım. Avtomobili təzə işə salmışdım. Bu səbəbdən də maşınıma qoydurduğum video-registrator işləyirdi. Sonra da artıq hər kəsin izlədiyi hadisə baş verdi... Qəzetlərə şok vəziyyətində verdiyim açıqlamalarda məni bıçaqla vurmaq istədiyini demişəm. Hələ də mənə elə gəlir ki, o, məni bıçaqlamaq istəyib ən sonlarda. Lakin videoda onun əlində bıçaq görünmür... Görünür, şok vəziyyətdə təəssüratım fərqli olub".

Jurnalist dedi ki, gözləmədiyi ilk zərbə onu "noqdaun" durumuna salıb, tarazlığını pozub. Bundan dərhal sonra isə sui-qəsdçi cüdo fəndi işlədərək, jurnalisti yerə yıxıb. Ardınca da sifətinə və baş nahiyəsinə təpiklə zərbələr endirib: "Bu səbəbdən də heç bir müqavimət göstərə bilmədim". Jurnalist iddia edir ki, videodakı ikinci "kapşon"lu şəxs də cinayətin ortağıdır: "Məni vuran şəxs komandanı həmin qara paltarlıdan aldı. Döyülmə işinə də həmin adam son verdi. Sonra bir yerdə oradan uzaqlaşdılar".

Jurnalist hadisənin təfsilatları ilə bağlı "Yeni Müsavat"ın müxbirlərinin suallarına da cavab verib. Daha sonra hadisə yerinin sxemini çəkmək üçün istintaqla birgə evinə yola düşüb.

"Yeni Müsavat"ın baş redaktoru cinayət işi ilə bağlı daxili işlər nazirliyi ilə bir neçə dəfə əlaqə saxlayıb. Eyni zamanda, daxili işlər naziri Ramil Usubova prosedur qaydasında rəsmi müraciət edib. Nazirlikdən əminliklə bildirilib ki, bu iş açılacaq və təqsirkarlar müəyyənləşdirilib, cəzalandırılacaq.

Baş verən hadisə ilə bağlı siyasi partiyalardan, deputatlardan və Mətbuat Şurasından "Yeni Müsavat"a "keçmiş olsun" mesajları göndərilib, zənglər edilib.


Qəzetin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, Fərahim reportyordur, bir qayda olaraq hadisələrdən yazır: "Onun son vaxtlar ən çox yazdığı yazılar Xətai rayonu barədə olub. O, bu rayonda baş verən bir sıra hadisələrə dair reportajlar hazırlayıb, rayonun rəhbəri Razim Məmmədovu hiddətləndirə biləcək təfərrüatlardan bəhs edib, onun adını başlığa çıxaran məqalələr dərc etdirib. İndi redaksiya bu hadisənin baş verməsində R.Məmmədovu və ya Xətai rayonunun rəhbərliyindən kimisə ittiham etmək fikrində deyil, əlimizdə əsaslar yoxdur.

Sadəcə, "itiyi itənin gümanı min yerə getdiyi" kimi, bizim də gümanımız ilk olaraq Xətaiyə gedir. Burada açar fiqur cinayəti törədən o papaqlı şəxsdir, o tapılarsa, tutularsa, bütün məsələlərə aydınlıq gələcək. Yox, həmin adamı tapmaq, tutmaq mümkün olmayacaqsa və bu işin üstü açılmayacaqsa, o zaman bizim versiayalarımız da siyasi çalar alacaq".

---------
12:35


"Yeni Müsavat" qəzetinin reportyoru Fərahim İlqaroğlu aprelin 25-i səhər saat 10:30 radələrində gözlənilməz hücuma məruz qalıb


Jurnalist "Musavat.com"a bildirib ki, yaşadığı evin blokundan çıxarkən (jurnalist Nizami rayonunda, redaksiyaya yaxın binaların birində yaşayır) tanımadığı bir şəxs ona qəflətən hücum edib:

"Blokdan çıxan kimi bir nəfər tanımadığım şəxs məni çağırdı. Dayandım. "Burada yaşayırsan?" deyə soruşdu. Təsdiq etdim. Qəflətən boğazımdan yapışıb digər əli ilə vurmağa başladı. Eyni anda məni bloka doğru itələdi. Bir neçə zərbədən sonra əlini cibinə atdı. Bıçaq çıxartdı. Anladım ki, məni vuracaq. Çırpındım, əlindən çıxdım. Bu anda qonşu evindən çıxdı. Qışqırdı ki, nə edirsən, həmin adam dərhal qaçdı".

Jurnalist əlavə edib ki, hücuma məruz qalmasının səbəbini bilmir, basqınçını isə tanımır.

Hadisə nəticəsində jurnalist üzündən zədələr alıb, dişi sınıb, dodağı partlayıb. Məsələ ilə bağlı polisə məlumat verilib.

Milli.Az

-----------
14:40

Videonu izləmək üçün şəklə klikləyin.



---------
12:35

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.