Hadisə, Kriminal

Azərbaycanda məşhur banka qarşı qalmaqallı iddia

17 Aprel 2014 12:37
0 Şərh     Baxış: 2 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda evləri banka girov qoyulan və kreditləri ödəyə bilmədikləri üçün daşınmaz əmlaklarına sahiblik hüquqlarını itirən vətəndaşları aldadan şəxslərin məhkəmə prosesi davam edir.

Milli.Az bir müddət əvvəl məzlum insanları müflis edən dəstə ilə bağlı məlumat vermişdi. "Yüzbaşılı-2 kredit ittifaqı" MMC-nin əməkdaşları olan Ağdam rayon sakinləri Cəbrayıl İsmayılovCahangir Əhmədov 15 nəfərə yaxın kimsəsiz, heç bir köməyi olmayan imkansız şəxsləri sərfəli kredit verəcəkləri ilə aldadaraq hamısının evlərini girov götürüblər. Sonra isə həmin mənzilləri başqa banklarda girov qoyaraq özlərinə kredit götürərək pulları mənimsəyib və aradan çıxıblar. Həmin banklar isə evləri girovda olan vətəndaşların mülkünü məhkəmə yolu ilə əlindən alıb. Peşəkar qrup şəklində fəaliyyət göstərən dəstənin əsas şikarları isə məzlum, ailə başçısı olmayan, imkansız insanlardır. Dəstə üzvləri ümumilikdə 383150 manat pul ələ keçiriblər.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) və 184.3.2-ci (aldatma və ya etibardan sui-istifadə etməklə külli miqdarda əmlak əldə etmə) maddələri ilə ittiham olunublar və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.İsmayılov 12, C.Əhmədov isə 11 il 6 ay müddətinə azdlıqdan məhrum ediliblər.

Lakin iş bununla bitməyib, insanların həmin işbazlar tərəfindən "Expressbank" ASC-də girov qoyduqları ev əllərindən alınır. Həmin zərərçəkmiş şəxslərdən ikisi - İbrahimov Müğdət Əlövsət oğluİbrahimli Vüsal Müğdət oğlu "Expressbank" ASC-yə qarşı Nərimanov Rayon Məhkəməsində "İpoteka müqaviləsini etibarsız hesab edilməsinə" dair iddia qaldırıb.

İddiaçıların nümayəndəsi Səbuhi Axundov Milli.Az-a açıqlamasında bildirdi ki, aprelin 11-də hakim Vusal Qurbanovun sədrliyi ilə iddia ərizəsinə baxılıb. İddia tərəfinin nümayəndəsinin iş üzrə etibardan sui-istifadə etməklə dələduzluq etməkdə təqsirli bilinərək məhkum edilmiş, hazırkı mübahisələndirilən müqavilənin tərəfi kimi çıxış etmiş və imzalamış C.Əhmədovun müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmasına dair vəsatəti məhkəmə tərəfindən təmin olunub. C.Əhmədov hazırda cəzasını 6 saylı cəzaçəkmə müəssisəsində çəkir və onun iştirakının təmini üçün məhkəmə işi aprelin 23-ə təyin olunub.

Nümayəndə qeyd etdi ki, bu şəxslərin əməlləri səbəbindən hazırda 10-dan çox ailə evini itirmək təhlükəsindədir: "Bütün işlər məhkəmədədir. Bank vətəndaşların evlərini satdırır. Dustaq Cahangir mənə dəfələrlə zəng edərək əlində bankla bağlı tutarlı faktları olduğunu və məhkəmədə danışmağı üçün şərait yaradılmasını istəyirdi. Onun bankla bağlı məhkəməyə deyəcəkləri var. Cahangir iddia edir ki, bankla əlbir işləyiblər".

"Exspressbank" ASC-nin hüquq şöbəsindən Milli.Az-a bildirildi ki, bu məsələ ilə bağlı banka yazılı şəkildə müraciət edilməlidir: "Məhkəmə məsələsinə isə münasibət bildirmək ixtiyarımız yoxdur. Nə suallar yaranarsa, məhkəmədən dəqiqləşdirilməlidir".

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.