Hadisə, Kriminal

Lənkəranda baş vermiş qətlin qaranlıq tərəfləri - VİDEO

29 Oktyabr 2013 14:28
0 Şərh     Baxış: 2 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir neçə gün bundan əvvəl Lənkəranda dəhşətli qətl hadisəsi barədə məlumat vermişdik. Mərhumun valideynlərinin Cənub TV-yə ərizə ilə müraciətindən sonra əməkdaşımız hadisə yerində olub. Qətlin dəqiq baş vermə səbəbləri hələ də ictimaiyyətə açıqlanmasa da, mərhumum valideynləri bəzi məsələlərə aydınlıq gətiriblər. Onlar övladlarının qətlində şübhəli bilinən şəxs və ya şəxslərə ən ağır cəzanın verilməsini istəyirlər.

Kadrlardan gördüyünüz kimi qətl hadisəsi 5 gün əvvəl məhz bu yerdə, təqribən gecə saat 3 radələrində baş verib. Lənkəran rayonunun "Ləvəngi" dairəsi adlanan ərazidə Lənkəran şəhər sakini, 22 yaşlı Əmrah Məmmədzadə həmyerlisi 19 yaşlı Elvin Vəlizadəyə bıçaqla ağır bədən xəsarətləri yetirib. Əlini həmyerlisinin qanına boyayan Əmrah cinayəti törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Yaralı isə dərhal Lənkəran Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Amma  həkimlər səy göstərsələr də, Elvini həyata qaytara bilməyiblər.

Hadisəni törədən Əmrah Məmmədzadə ertəsi gün yaxalanaraq, hüquq mühafizə orqanlarına təhvil verilib. Onlar arasında yaranan mübahisənin isə şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir.

Elvinin atası deyir ki, oğlu ilə Əmrah arasında əvvəllər heç bir ədavət olmayıb. Elvinin anası övladının yaralanması barədə yoldaşına gələn telefon zəngindən sonra bilib. O vaxta kimi isə valideyinlər adəti üzrə Elvinin evə gəlməsini gözləyirdilər. Mərhumun qonşusu da Elvinin hər kəsin hörmətini saxlayan bir övlad olduğunu bildirdi. Belə bir hadisənin baş verdiyinə inanmadıqlarını qeyd etdi.

İndi valideynlərin bir istəyi var: övladlarının qətlində şübhəli bilinənlər cəzalarını ən ağır şəkildə almalıdırlar.

Qeyd edək ki, faktla bağlı Lənkəran Rayon Prokurorluğunda artıq cinayət işi açılıb və araşdırmalar davam etdirilir.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.