Kriminal

"Beynəlxalq Bank" işi ilə bağlı daha bir məhkəmə başladı

17 İyun 2017 14:45
0 Şərh     Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Qaradağ" filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.  Təqsirləndirilən E.Hüseynov elan olunan ittiham üzrə özünü təqsirli bilib. 

Sonra prosesdə zərərçəkmiş şəxslər ifadə verərək, onlardan xəbərsiz adlarına kredit götürüldüyünü deyiblər. 

Proses iyunun 21-də davam etdiriləcək. 

İttihama görə, E. Hüseynov qulluq mövqeyindən istifadə edərək, 5 yanvar 2012-ci ildən 28 avqust 2015-ci ilədək "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Qaradağ" filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərə müraciət edərək, işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyərək, onlara yalandan vəd verib. O, Məmmədova Səmra Orxan qızının kredit qovluğundakı sənədlərdə sonuncunun imzasını oxşadıb icra etməklə 3 min manat, Hüseynova Qumru Orxan qızı, Əzizov Azan Mahir oğlu, Qaçayev Aydın Qaçay oğlu, Qəhrəmanov Elçin Rəşid oğlu, Cavani Mehdi Hicran oğlunun hər birinin adına eyni qaydada 3 min manat kredit rəsmiləşdirərək, götürüb. Eyni qaydada zərərçəkmiş Elduz Rzayevin adına 10 min manat, Qəzənfər İsgəndərovun adına isə 7 min manat kredit götürərək, dələduzluq edib. 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.